Decisions

11.10.23 Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

11 oktyabr 2023-cü il                                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ: 

 

Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 18.5, 18.6, 43.3-1 və 54.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, “İNVİTRO” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “İNVİTRO” MMC) məxsus Qax şəhərində yerləşən “İNVİTRO” özəl tibb müəssisəsinin lisenziyasız fəaliyyət göstərməsi barədə Qax Rayon Prokurorluğunda toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğu (bundan sonra – Baş Prokurorluq) tərəfindən araşdırma aparılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinə göndərilmiş, sonuncunun 15 mart 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, “İNVİTRO” MMC-nin vəzifəli şəxslərinin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün materiallar Baş Prokurorluğa qaytarılmışdır.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “İNVİTRO” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və iş üzrə materiallar Şəki Rayon Məhkəməsinə göndərilmişdir.

Müraciətdə göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanmış inzibati xətaların dairəsinə aid olmayan, digər inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında prokuror tərəfindən qəbul edilmiş qərarın baxılması üçün birbaşa məhkəməyə göndərilməsinin mümkünlüyü ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmalar mövcud olduğundan, Konstitusiya Məhkəməsinə müraciət edilməsinə zərurət yaranmışdır.

Belə ki, məhkəmənin hazırkı müraciətinə səbəb olmuş analoji işlər üzrə qəbul etdiyi qərarlar bir qayda olaraq yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilərək protokol tərtib edilməsi üçün müvafiq səlahiyyətli orqana göndərilməsi məqsədilə məhkəməyə və ya prokurorluğa qaytarılır. Məhkəmə tərəfindən qəbul edilmiş qərarların yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsinin əsası isə ondan ibarətdir ki, prokuror tərəfindən qəbul edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar birbaşa məhkəməyə deyil, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta tərkibinin təsbit olunduğu müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti olan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərilməli və məhz həmin orqanın (vəzifəli şəxsin) tərtib etdiyi protokol baxılması üçün məhkəməyə göndərilməlidir.

Müraciətedən isə hesab edir ki, hüquqi şəxslərə inzibati tənbeh tətbiq edilməsi səlahiyyəti yalnız məhkəmələrə aid olduğundan və prokuror tərəfindən qəbul edilən inzibati xətalar haqqında iş üzrə icraatın başlanması haqqında qərar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tövsif olunan əməllərə dair işlərə baxmaq səlahiyyəti olan müvafiq orqanın protokolunu əvəz etdiyindən, prokuror tərəfindən qəbul edilmiş qərarın müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi qanunauyğun deyil. Belə ki, yuxarı instansiya məhkəmələri tərəfindən analoji qərarların ləğv edilərək məhz müvafiq inzibati xətaya baxılması səlahiyyəti olan orqan tərəfindən protokol tərtib edilməsi üçün qaytarılması inzibati xəta törətmiş şəxslərin müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməsinə səbəb olur.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin I və X hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Konstitusiyanın bu tələbi qanunçuluq prinsipinin təzahürü olmaqla, həmin tələbin yerinə yetirilməsi, öz növbəsində, dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə, hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir.

Hüququn aliliyi prinsipinə əsaslanan qanunçuluq prinsipi, digər məsələlərlə yanaşı, dövlət orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq, bu hüdudlar və müddətlər çərçivəsində hərəkət etmək vəzifəsini də nəzərdə tutur. Buna müvafiq olaraq, qanunla müəyyən edilmiş səlahiyyətverici əsas olmadan dövlət orqanı tərəfindən edilən hər hansı bir hərəkət qeyri-legitim sayılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 23 fevral tarixli Qərarı).

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.2-ci maddəsinə əsasən, normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin həlli üçün Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrini rəhbər tutmaqla, şərh edilməsi xahiş olunan maddələr ilə yanaşı, İnzibati Xətalar Məcəlləsinin prokurorun inzibati xəta haqqında iş üzrə icraatda statusunu və səlahiyyətlərini tənzimləyən digər müddəalarının da nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir.

İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin hədlərini müəyyənləşdirən 54-cü maddəsinə müvafiq olaraq, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Konstitusiyanın və qanunların tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir.

Bu normanın müddəaları Konstitusiyanın Azərbaycan Respublikası Prokurorluğunun qanunda nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etdiyini müəyyən edən 133-cü maddəsindən irəli gəlir.

Nəzarət funksiyası ilə yanaşı, prokurorun inzibati xətalar haqqında işlər üzrə icraatda həyata keçirdiyi funksiyalarından biri də inzibati təqiblə bağlıdır. Həmin funksiyanın hüquqi əsasını “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən edən 4-cü maddəsi, eləcə də İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsi təşkil edir.

Məcəllənin 54.2-ci maddəsi ilə konkret inzibati xəta növlərinin siyahısı göstərilməklə, prokurorun həmin inzibati xətalar üzrə icraatın başlanması haqqında qərar qəbul etmək səlahiyyəti müəyyən edilmişdir. Bu maddədə o da qeyd edilmişdir ki, prokuror Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir.

Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xəta növləri üzrə icraatı başlamaq hüququ müstəsna olaraq prokurora aid edilsə də, qanunvericiliklə onun bu səlahiyyəti həmin inzibati xətalarla məhdudlaşdırılmamış, İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, prokurora digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması imkanı tanınmışdır.

Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasının prosessual qaydaları İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə görə prokuror həmin Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir.

İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar həmin Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir (İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsi).

İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi halı istisna olmaqla, bir qayda olaraq inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsi).

Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi ilə inzibati xəta haqqında protokolda göstərilməli olan məlumatlar müəyyən edilmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici prokuror tərəfindən qəbul edilən inzibati xətalar haqqında iş üzrə icraatın başlanması haqqında qərarda protokolda əks olunmalı olan eyni məlumatların göstərilməsini təsbit etməklə, bu sənədləri mahiyyət etibarı ilə eyni prosessual sənədlər olaraq tanımışdır.

O da göstərilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən,  inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.

İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir.

İnzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda isə İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və İnzibati Xətalar Məcəlləsinin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş  inzibati xətalar üzrə inzibati araşdırma aparılır.

İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad İnzibati Xətalar Məcəlləsinin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir (İnzibati Xətalar Məcəlləsinin 102.1 və 102.2-ci maddələri).

İnzibati Xətalar Məcəlləsinin 102.6-cı maddəsinə müvafiq olaraq, inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir.

Göründüyü kimi, istər vəzifəli şəxsin qərardadı, istərsə də prokurorun qərarı əsasında başlanmış inzibati araşdırma başa çatdıqda və inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsaslar müəyyən edilmədikdə, həmin şəxslər tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin istisnasız tələbi kimi təsbit olunmuşdur.

Beləliklə, prokuror inzibati araşdırma aparılmadıqda inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı, inzibati araşdırma aparıldıqda isə inzibati xəta haqqında protokol tərtib etməklə (inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edildiyi hal istisna olmaqla) həmin protokolu  qanunvericiliklə müəyyənləşdirilmiş aidiyyət qaydalarına uyğun olaraq baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə göndərməlidir.

O da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir (İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsi).

Məcəllənin 18.6-cı maddəsinə əsasən, həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) hüquqi şəxsin onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilməli olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.

Prokurorun İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş səbəblər və kifayət qədər əsaslar olduqda İnzibati Xətalar Məcəlləsinin istənilən maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlamaq və bu barədə qərar qəbul etmək, həmin Məcəllənin 103-cü maddəsinə müvafiq olaraq sözügedən qərarı hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərmək səlahiyyətinin mövcudluğunu, habelə Məcəllənin 18.5-ci maddəsinin tələbini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar olduqda, onun barəsində inzibati xəta haqqında iş üzrə icraatı başlamış prokuror qəbul etdiyi qərarı baxılması üçün məhkəməyə göndərməkdə haqlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, prokuror tərəfindən qəbul edilən və özündə inzibati xəta haqqında protokolda əks etdirilməli olan bütün məlumatları ehtiva edən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təkrarən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti olan orqana (vəzifəli şəxsə) göndərilməsi icraatda həddən artıq formallığa səbəb olmaqla, “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin pozulması ilə nəticələnə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”  2016-cı il 12 iyul tarixli Qərar).

Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı zəruri hesab edir ki, inzibati xətalar haqqında iş üzrə icraatda həddən artıq formallığa yol verilməsi nəticəsində icraatın uzadılması inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə nəticələnə bilər ki, belə hallar inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına, inzibati tənbehin isə məqsədlərinə nail olunmasına maneə yaranmasına gətirib çıxarar.

İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, bu müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi).

Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarı).

Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və məhkəmələr inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasının təmin edilməsi məqsədilə müvafiq prosessual hərəkətləri qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində icra etməli, İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsindən irəli gələrək prokuror isə öz səlahiyyətləri çərçivəsində prosessual müddətlərin pozulmasının qarşısının alınması ilə bağlı vaxtında və lazımi tədbirləri həyata keçirməlidir.

Prosessual müddətlərə riayət edilməsinin inzibati xətalar qanunverciliyinin vəzifələrinin icrasında mühüm əhəmiyyətini nəzərə alaraq, qanunverici inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli vəzifəli şəxs tərəfindən müddətlərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən etmişdir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və baxılması üçün işin aidiyyəti üzrə göndərilməsi ilə bağlı prosessual qaydalar prosessual səmərəlilik və qənaət tələblərinə cavab verməklə, məhkəmə icraatının səmərəli olmasına xidmət etməlidir.

Məhz belə yanaşma inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, inzibati tənbehin tətbiqi ilə bağlı qanunla müəyyən olunmuş müddətlərə riayət olunmasına və son nəticədə inzibati xətalar qanunvericiliyinin qanunçuluğun möhkəmləndirilməsi, inzibati xətaların qarşısının alınması və digər vəzifələrinin icrasının təmin  edilməsinə şərait yaratmış olar.

 Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

QƏRARA  ALDI: 

 

1.     Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır.

2.     Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.     Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.     Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                              Fərhad Abdullayev