AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri
baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6,
43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
11
oktyabr 2023-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən
məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin
I və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı
subyektlər Şəki Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan
Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət
edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra
– İnzibati Xətalar Məcəlləsi) 18.5, 18.6, 43.3-1 və 54.2-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, “İNVİTRO” Məhdud Məsuliyyətli
Cəmiyyətinə (bundan sonra – “İNVİTRO” MMC) məxsus Qax şəhərində yerləşən
“İNVİTRO” özəl tibb müəssisəsinin lisenziyasız fəaliyyət göstərməsi barədə Qax
Rayon Prokurorluğunda toplanmış materiallar Azərbaycan Respublikasının Baş
Prokurorluğu (bundan sonra – Baş Prokurorluq) tərəfindən araşdırma aparılması
üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq
və təhqiqat idarəsinə göndərilmiş, sonuncunun 15 mart 2023-cü il tarixli qərarı
ilə cinayət işinin başlanması rədd edilmiş, “İNVİTRO” MMC-nin vəzifəli
şəxslərinin İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati
məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün materiallar Baş
Prokurorluğa qaytarılmışdır.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar
idarəsi tərəfindən “İNVİTRO” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci
maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar
qəbul edilmiş və iş üzrə materiallar Şəki Rayon Məhkəməsinə göndərilmişdir.
Müraciətdə göstərilmişdir ki, İnzibati Xətalar
Məcəlləsinin 54.2-ci maddəsində sadalanmış inzibati xətaların dairəsinə aid
olmayan, digər inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında
prokuror tərəfindən qəbul edilmiş qərarın baxılması üçün birbaşa məhkəməyə
göndərilməsinin mümkünlüyü ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmalar
mövcud olduğundan, Konstitusiya Məhkəməsinə müraciət edilməsinə zərurət
yaranmışdır.
Belə ki, məhkəmənin hazırkı müraciətinə səbəb olmuş
analoji işlər üzrə qəbul etdiyi qərarlar bir qayda olaraq yuxarı instansiya
məhkəmələri tərəfindən ləğv edilərək protokol tərtib edilməsi üçün müvafiq
səlahiyyətli orqana göndərilməsi məqsədilə məhkəməyə və ya prokurorluğa
qaytarılır. Məhkəmə tərəfindən qəbul edilmiş qərarların yuxarı instansiya
məhkəmələri tərəfindən ləğv edilməsinin əsası isə ondan ibarətdir ki, prokuror
tərəfindən qəbul edilən inzibati xəta haqqında iş üzrə icraatın başlanması
haqqında qərar birbaşa məhkəməyə deyil, İnzibati Xətalar Məcəlləsinin inzibati
xəta tərkibinin təsbit olunduğu müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti
olan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərilməli və məhz həmin
orqanın (vəzifəli şəxsin) tərtib etdiyi protokol baxılması üçün məhkəməyə
göndərilməlidir.
Müraciətedən isə hesab edir ki, hüquqi
şəxslərə inzibati tənbeh tətbiq edilməsi səlahiyyəti yalnız məhkəmələrə
aid olduğundan və prokuror tərəfindən qəbul edilən inzibati
xətalar haqqında iş üzrə icraatın başlanması haqqında qərar İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tövsif olunan əməllərə dair işlərə
baxmaq səlahiyyəti olan müvafiq orqanın protokolunu əvəz etdiyindən,
prokuror tərəfindən qəbul edilmiş qərarın müvafiq səlahiyyətli orqana (vəzifəli
şəxsə) göndərilməsi qanunauyğun deyil. Belə ki, yuxarı instansiya məhkəmələri
tərəfindən analoji qərarların ləğv edilərək məhz müvafiq inzibati xətaya
baxılması səlahiyyəti olan orqan tərəfindən protokol tərtib edilməsi üçün
qaytarılması inzibati xəta törətmiş şəxslərin müddətin keçməsi ilə
bağlı inzibati məsuliyyətdən azad edilməsinə səbəb olur.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar
aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 71-ci maddəsinin I və X hissələrinə görə, Konstitusiyada
təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və
qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş
qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.
Konstitusiyanın bu tələbi qanunçuluq prinsipinin
təzahürü olmaqla, həmin tələbin yerinə yetirilməsi, öz növbəsində, dövlət
orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara
məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə, hər kəsin
hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir.
Hüququn aliliyi prinsipinə əsaslanan qanunçuluq
prinsipi, digər məsələlərlə yanaşı, dövlət orqanlarının qanunla müəyyən edilmiş
səlahiyyətlərinə uyğun olaraq, bu hüdudlar və müddətlər çərçivəsində hərəkət
etmək vəzifəsini də nəzərdə tutur. Buna müvafiq olaraq, qanunla müəyyən edilmiş
səlahiyyətverici əsas olmadan dövlət orqanı tərəfindən edilən hər hansı bir
hərəkət qeyri-legitim sayılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci
maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci
il 23 fevral tarixli Qərarı).
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 90.2-ci maddəsinə əsasən, normativ hüquqi
akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir,
onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün
müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa
əlaqələri müəyyən edilir.
Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə qaldırılan məsələnin həlli üçün Konstitusiyanın 71-ci
maddəsinin I və X hissələrini rəhbər tutmaqla, şərh edilməsi xahiş olunan
maddələr ilə yanaşı, İnzibati Xətalar Məcəlləsinin prokurorun inzibati xəta
haqqında iş üzrə icraatda statusunu və səlahiyyətlərini tənzimləyən digər
müddəalarının da nəzərdən keçirilməsini məqsədəuyğun hesab edir.
İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar
haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin hədlərini
müəyyənləşdirən 54-cü maddəsinə müvafiq olaraq, prokuror inzibati xətalar
haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq
üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın
aparılmasında Konstitusiyanın və qanunların tətbiqinə və icrasına prokuror
nəzarətini həyata keçirir.
Bu normanın müddəaları Konstitusiyanın Azərbaycan
Respublikası Prokurorluğunun qanunda nəzərdə tutulmuş qaydada və hallarda
qanunların icra və tətbiq olunmasına nəzarət etdiyini müəyyən edən 133-cü
maddəsindən irəli gəlir.
Nəzarət funksiyası ilə yanaşı, prokurorun inzibati
xətalar haqqında işlər üzrə icraatda həyata keçirdiyi funksiyalarından biri də
inzibati təqiblə bağlıdır. Həmin funksiyanın hüquqi əsasını “Prokurorluq
haqqında” Azərbaycan Respublikası Qanununun prokurorluğun fəaliyyət
istiqamətlərini müəyyən edən 4-cü maddəsi, eləcə də İnzibati Xətalar
Məcəlləsinin 54.2-ci maddəsi təşkil edir.
Məcəllənin 54.2-ci maddəsi ilə konkret inzibati xəta
növlərinin siyahısı göstərilməklə, prokurorun həmin inzibati xətalar üzrə
icraatın başlanması haqqında qərar qəbul etmək səlahiyyəti müəyyən edilmişdir.
Bu maddədə o da qeyd edilmişdir ki, prokuror
Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında
işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir.
Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci
maddəsində sadalanan inzibati xəta növləri üzrə icraatı başlamaq hüququ
müstəsna olaraq prokurora aid edilsə də, qanunvericiliklə onun bu səlahiyyəti
həmin inzibati xətalarla məhdudlaşdırılmamış, İnzibati Xətalar Məcəlləsinin
99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci
maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, prokurora digər inzibati
xətalar haqqında işlər üzrə də icraatın başlanması imkanı tanınmışdır.
Prokuror tərəfindən inzibati xətalar haqqında işlər
üzrə icraatın başlanmasının prosessual qaydaları İnzibati Xətalar Məcəlləsi ilə
tənzimlənmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə görə
prokuror həmin Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan
məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə
icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin
başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir.
Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir.
İnzibati xətalar haqqında işlər üzrə icraatın
başlanması haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində
olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan
hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması
haqqında qərar həmin Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə
baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir
(İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsi).
İnzibati xətalar qanunvericiliyinin tələbinə görə,
prokuror tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında
qərar qəbul edilməsi halı istisna olmaqla, bir qayda olaraq inzibati xətanın
törədilməsi haqqında protokol tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin
100.1-ci maddəsi).
Nəzərə
alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsi ilə inzibati xəta
haqqında protokolda göstərilməli olan məlumatlar müəyyən edilmişdir. Bu
baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici prokuror
tərəfindən qəbul edilən inzibati xətalar haqqında iş üzrə icraatın başlanması
haqqında qərarda protokolda əks olunmalı olan eyni məlumatların göstərilməsini
təsbit etməklə, bu sənədləri mahiyyət etibarı ilə eyni prosessual sənədlər
olaraq tanımışdır.
O da göstərilməlidir ki,
İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən, inzibati xəta
haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın
başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə
tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48
saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
İnzibati həbs nəzərdə tutan
inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə
icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində
nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra
baxılması üçün hakimə göndərilir.
İnzibati xəta aşkar
edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər
prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda isə İnzibati
Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf
mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları,
hərbi xidmət əleyhinə və İnzibati Xətalar Məcəlləsinin
227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci
və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə
inzibati araşdırma aparılır.
İnzibati xəta haqqında iş
üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad
İnzibati Xətalar Məcəlləsinin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq
inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında
işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir.
Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati
araşdırma aparılması haqqında qərar qəbul edir (İnzibati Xətalar Məcəlləsinin
102.1 və 102.2-ci maddələri).
İnzibati Xətalar
Məcəlləsinin 102.6-cı maddəsinə müvafiq olaraq, inzibati araşdırma başa
çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta
haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir.
Göründüyü kimi, istər
vəzifəli şəxsin qərardadı, istərsə də prokurorun qərarı əsasında başlanmış
inzibati araşdırma başa çatdıqda və inzibati xəta haqqında işin icraatına xitam
verilməsi üçün əsaslar müəyyən edilmədikdə, həmin şəxslər tərəfindən inzibati
xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin istisnasız tələbi
kimi təsbit olunmuşdur.
Beləliklə, prokuror
inzibati araşdırma aparılmadıqda inzibati xəta haqqında iş üzrə icraatın
başlanması haqqında qərarı, inzibati araşdırma aparıldıqda isə inzibati xəta
haqqında protokol tərtib etməklə (inzibati xəta haqqında işin icraatına xitam
verilməsi barədə qərar qəbul edildiyi hal istisna olmaqla) həmin
protokolu qanunvericiliklə müəyyənləşdirilmiş aidiyyət qaydalarına uyğun olaraq
baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə
göndərməlidir.
O da nəzərə alınmalıdır
ki, İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində
inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir (İnzibati Xətalar
Məcəlləsinin 18.5-ci maddəsi).
Məcəllənin 18.6-cı
maddəsinə əsasən, həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal
istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) hüquqi
şəxsin onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından
qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan
vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi
nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilməli olması qənaətinə
gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.
Prokurorun İnzibati Xətalar Məcəlləsinin 54.2-ci
maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş səbəblər və kifayət qədər
əsaslar olduqda İnzibati Xətalar Məcəlləsinin istənilən maddəsi üzrə inzibati
xəta haqqında iş üzrə icraat başlamaq və bu barədə qərar qəbul etmək, həmin
Məcəllənin 103-cü maddəsinə müvafiq olaraq sözügedən qərarı hakimə və ya
səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərmək səlahiyyətinin mövcudluğunu,
habelə Məcəllənin 18.5-ci maddəsinin tələbini nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, hüquqi şəxsin inzibati məsuliyyətə
cəlb edilməsi üçün əsaslar olduqda, onun barəsində inzibati xəta haqqında iş
üzrə icraatı başlamış prokuror qəbul etdiyi qərarı baxılması üçün məhkəməyə
göndərməkdə haqlıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, prokuror tərəfindən qəbul edilən və özündə inzibati xəta
haqqında protokolda əks etdirilməli olan bütün məlumatları ehtiva edən inzibati
xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın təkrarən İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə işlərə baxmaq səlahiyyəti olan orqana
(vəzifəli şəxsə) göndərilməsi icraatda həddən artıq formallığa səbəb olmaqla,
“prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərinin
pozulması ilə nəticələnə bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, prosessual qənaət prinsipi
məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual
institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq
tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə
yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci
maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul
tarixli Qərar).
Konstitusiya Məhkəməsinin
Plenumu onu da vurğulamağı zəruri hesab edir ki, inzibati xətalar haqqında iş
üzrə icraatda həddən artıq formallığa yol verilməsi nəticəsində icraatın
uzadılması inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə nəticələnə
bilər ki, belə hallar inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına,
inzibati tənbehin isə məqsədlərinə nail olunmasına maneə yaranmasına gətirib
çıxarar.
İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir
müddətdir ki, bu müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati
tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi
inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən,
başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati
Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi).
Bu cür müddətləri nəzərdə tutarkən və onların
hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci
maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının
hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın
gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının
təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta
törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati
tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdür
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh
edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarı).
Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və məhkəmələr
inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasının təmin edilməsi
məqsədilə müvafiq prosessual hərəkətləri qanunvericiliklə müəyyən edilmiş
müddətlər çərçivəsində icra etməli, İnzibati Xətalar Məcəlləsinin 54.1-ci
maddəsindən irəli gələrək prokuror isə öz səlahiyyətləri çərçivəsində
prosessual müddətlərin pozulmasının qarşısının alınması ilə bağlı vaxtında və
lazımi tədbirləri həyata keçirməlidir.
Prosessual müddətlərə riayət edilməsinin inzibati
xətalar qanunverciliyinin vəzifələrinin icrasında mühüm əhəmiyyətini nəzərə
alaraq, qanunverici inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli
vəzifəli şəxs tərəfindən müddətlərin pozulmasına görə İnzibati Xətalar
Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati məsuliyyət müəyyən etmişdir.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, prokuror tərəfindən
inzibati xəta haqqında iş üzrə icraatın başlanması və baxılması üçün işin
aidiyyəti üzrə göndərilməsi ilə bağlı prosessual qaydalar prosessual
səmərəlilik və qənaət tələblərinə cavab verməklə, məhkəmə icraatının səmərəli
olmasına xidmət etməlidir.
Məhz belə yanaşma inzibati xəta
haqqında işin əsassız olaraq uzanmamasına, inzibati tənbehin tətbiqi ilə bağlı
qanunla müəyyən olunmuş müddətlərə riayət olunmasına və son nəticədə inzibati
xətalar qanunvericiliyinin qanunçuluğun möhkəmləndirilməsi, inzibati xətaların
qarşısının alınması və digər vəzifələrinin icrasının təmin edilməsinə
şərait yaratmış olar.
Qeyd
olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
- Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinin
hüquqi mahiyyətindən irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci
maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar
haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin
qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5
və 103-cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinin hüquqi
mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı,
digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar
qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb
edilməsi üçün bu Məcəllənin 18.5 və 103-cü maddələrinə əsasən məhkəməyə
göndərməkdə haqlıdır.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev