Decisions

09.10.23 AR Konstitusiyasının 26 və 61-ci maddələri baxımından AR CPM-nin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının əlaqəli şəkildə şərh edilməsinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə  şərh edilməsinə dair

 

 

 9 oktyabr 2023-cü il                                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi  kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru R.Rüstəmovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ: 

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda qeyd edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsində qanunverici imperativ qaydada cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün tədbirlərin görülməsini müəyyən etmişdir.

Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 19.6-cı maddəsi ilə cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsinin bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməməsi təsbit edilmişdir.

Sorğuverənin qənaətinə görə, təcrübədə şübhəli və ya təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin edilməsi sahəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi və bu məsələləri tənzimləyən normaların fərqli qaydada tətbiq edilməsi halları baş verir.

 Belə ki, bəzi hallarda təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, müdafiəçi ittiham üzrə cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsi və ya yüngülləşdirici halların yekun ittihamda nəzərə alınması məqsədilə cinayət təqibi orqanlarına vəsatətlər təqdim edir. Həmin vəsatətlər əsasında icra edilən müvafiq istintaq və digər prosessual hərəkətlər onunla izah olunur ki, şübhəli və ya təqsirləndirilən şəxslər  Cinayət-Prosessual Məcəlləsinin 19.4.4 və 92.12-ci maddələrində göstərilən “şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq” hüquqlarını həyata keçirir və həmin müdafiəçidən imtina etmir.

Cinayət mühakimə icraatının sonrakı mərhələlərində isə məhkəmələr tərəfindən bəzən müdafiəçinin göstərilən prosessual hərəkətləri Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsində sadalanan qadağan edilmiş hallarla əlaqələndirilərək və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir.

Belə ki, həmin maddəyə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına yol verildikdə çıxarılır.

Sorğuda göstərilib ki, Cinayət-Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır. Həmin hallar Məcəllənin 114.1.1 -114.1.5-ci maddələrində sadalanmışdır.

 Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsində isə müdafiəçiyə münasibətdə müəyyən qadağalar təsbit edilmişdir. Sorğuverən həmin qadağaların müdafiəçinin cinayət prosesindən kənarlaşdırılması üçün əsas qismində çıxış edib-etməməsi ilə bağlı hüquq tətbiqetmə təcrübəsindəki qeyri-müəyyənliyin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu verilməsi qənaətinə gəlmişdir.

Prokurorluq Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulmuş “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəasının aşağıdakı hüquqi məsələlər üzrə həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir:

-  müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallara hansı halların aid edilməsini (ona etiraz edilməli olan hallarla yanaşı, müdafiəçiyə qadağan olunmuş hərəkətləri  də əhatə edib-etməməsi), eyni zamanda təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsinə dair müraciət etməsinin belə halların sırasına aid olub-olmaması;

-  təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsinə dair müraciət etmiş müdafiəçinin kənarlaşdırılmasına dair müdafiə olunan şəxsin müvafiq vəsatəti və ya razılığı olmadığı halda, həmin müdafiəçinin icraatın sonrakı mərhələsində iştirakının müdafiə hüququnun kobud pozuntusu hesab edilib-edilməməsi.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Konstitusiyanın 61-ci maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

Konstitusiyanın 61-ci maddəsinin III hissəsi ilə təsbit edilmiş hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ, şəxsin müdafiəçini seçmək hüququnu da ehtiva edir. 

Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

Müdafiəçinin köməyindən istifadə etmək hüququ beynəlxalq-hüquqi aktlarla da fundamental hüquqlar sırasında tanınır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü hissəsinin b və d bəndlərinə əsasən, hər bir şəxsin ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən bərabərlik əsasında öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya öz seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququ vardır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.

Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə əsasən,  cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq hüquqlarını təmin etməlidir.

 “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında isə qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək hüququnun təmin olunması məqsədi ilə qəbul edilir.

Vurğulanmalıdır ki, müdafiəçinin şübhəli və ya təqsirləndirilən şəxsin özü tərəfindən sərbəst seçilməsi hüquqi yardımın səmərəliliyini artırmaqla yanaşı, ümumiyyətlə məhkəmə müdafiəsinin keyfiyyətinə  təsir göstərir. Belə ki, etibar etdiyi və birlikdə müdafiə strategiyasını razılaşdırdığı müdafiəçi tərəfindən təmsil olunma şübhəli və ya təqsirləndirilən şəxsin qanuni maraqlarına xidmət etmiş olur. 

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, vəkil və onun müdafiə etdiyi şəxs arasındakı münasibətlər etibar və anlaşılmaya əsaslanmalıdır (Şaxnovski Rusiyaya qarşı iş üzrə 2010-cu il 2 noyabr tarixli Qərar, §102).

Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, özünün seçdiyi vəkil tərəfindən müdafiə olunmaq hüququ mütləq hüquq deyil. Belə ki, müdafiəçi yardımının publik-hüquqi təbiətindən irəli gələrək, şübhəli və ya təqsirləndirilən şəxslərin konkret müdafiəçini seçmək hüququ ədalət mühakiməsinin maraqları naminə, tez, ədalətli və keyfiyyətli məhkəmə müdafiəsinin həyata keçirilməsi məqsədilə məhdudlaşdırıla bilər.

Bu mövqe Avropa Məhkəməsinin hüquqi mövqeləri ilə də uzlaşır. Belə ki, şəxsin özü tərəfindən seçdiyi müdafiəçi vasitəsi ilə təmsil olunma hüququ mütləq hüquq deyil və “ədalət mühakiməsinin maraqları naminə” ciddi və yetərli əsaslar olduğu halda məhdudlaşdırıla bilər (Dvorski Xorvatiyaya qarşı iş üzrə 2015-ci il 20 oktyabr tarixli, §§ 78-79; Martin Estoniyaya qarşı iş üzrə 2013-cü il 30 may tarixli, §90 Qərarlar). Belə əsaslar olmadan, müdafiəçini sərbəst seçmək hüququnun məhdudlaşdırılması Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin (c) yarımbəndinin pozuntusu hesab oluna bilər.

Şübhəli və ya təqsirləndirilən şəxsin özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq hüququnu məhdudlaşdıran hallar Cinayət-Prosessual Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. 

Cinayət-Prosessual Məcəlləsinin müdafiəçiyə və nümayəndəyə etiraz qaydalarını tənzimləyən 114.1-ci maddəsinə əsasən, müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:

- cinayət prosesində iştirak edən və ya əvvəllər iştirak etmiş hakimlə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması;

- cinayət təqibi üzrə icraatda hakim, prokuror, müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi;

- hakim, prokuror, müstəntiq və ya təhqiqatçı vəzifələrini tutması (təqsirləndirilən, şübhəli şəxsin və ya cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi qismində iştirak etməsi hallarından başqa);

- qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi;

- qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə olmaq hüququnun olmaması (Cinayət-Prosessual Məcəlləsinin 114.1.1-114.1.5-ci maddələri).

Məcəllənin 114.2-ci maddəsində həmin Məcəllənin 114.1-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda müdafiəçinin, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsinin özü-özünə etiraz etməli olduğu təsbit olunmuşdur.

Müdafiəçiyə, habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsinə etiraz məsələsi cinayət prosesini həyata keçirən orqan tərəfindən həll edilir (Cinayət-Prosessual Məcəlləsinin 114.3-cü maddəsi).

Xüsusilə qeyd edilməlidir ki, Məcəllənin 114.1-ci maddəsində göstərilən əsaslardan biri mövcud olduğu və müdafiəçinin özü-özünə etiraz etmədiyi halda, müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxs, dövlət ittihamçısı və ya xüsusi ittihamçı, habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən etiraz edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 107.3.2-ci maddəsi).

Həmçinin, Məcəllənin 107.5-ci maddəsində müəyyən olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqan da öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə, öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır.

Sorğuda qaldırılan müdafiəçiyə qadağan olunmuş hərəkətlərin onun cinayət prosesində iştirakını istisna edən hallara aid edilib-edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici Cinayət-Prosessual Məcəlləsinin 114.1-ci maddəsində müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları məhdud şəkildə müəyyən etməklə,  bu halları müdafiəçiyə qadağan edilmiş hərəkətlərdən fərqləndirmişdir. Bu maddədə  göstərilən halların hamısı öz hüquqi təbiətinə görə bütövlükdə ədalət mühakiməsinin, cinayət mühakimə icraatının obyektivliyinin, qərəzsizliyinin və ədalətliliyinin təmin edilməsinə yönəlmişdir.

 Məcəllənin 92.10-cu maddəsi ilə nəzərdə tutulan müdafiəçiyə qadağan olunan hərəkətlər isə birbaşa şəxsin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi məqsədilə onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinin təmin olunmasına və müdafiəçinin müvafiq davranış qaydalarının tələblərinə riayət etməməsi nəticəsində müdafiə olunan şəxsin mənafeyinə zərər vuran hərəkətlərin aradan qaldırılmasına yönəlmişdir.

Nəzərə alınmalıdır ki, qanunverici məhz müdafiə olunanın mənafeyi baxımından məsələyə yanaşaraq müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, onların cinayət prosesindən kənarlaşdırılmasını yalnız müdafiə olunanın, yaxud təmsil edilən şəxsin vəsatəti əsasında mümkün hesab etmişdir.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, müdafiə olunan, yaxud təmsil etdiyi şəxsin vəsatəti əsasında müdafiəçi və ya nümayəndə cinayət prosesindən kənarlaşdırılmalıdır.

Məcəllənin həmin maddəsi ilə müəyyən edilmiş müdafiəçinin kənarlaşdırılma əsasının qanunverici tərəfindən həmin Məcəllənin 114.1-ci maddəsindəki müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halların siyahısına daxil edilməməsi təsadüfi deyildir və məhz bu iki institutun yuxarıda qeyd olunan fərqli hüquqi təbiətindən irəli gəlir.

Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsi ilə müdafiəçiyə qadağan edilmiş hərəkətlər də məhz müdafiə olunan şəxsin mənafeyinin pozulmasına səbəb ola biləcəyindən, belə hərəkətlərə yol vermiş  müdafiəçinin icraatdan kənarlaşdırılması məsələsi həmin Məcəllənin 114.4-cü maddəsinə uyğun olaraq həll edilməlidir.

Cinayət prosesini həyata keçirən orqanlara, xüsusilə də ittiham tərəfinə bu hüququn (qadağan olunmuş hərəkətlərə yol verildiyi halda müdafiəçinin prosesdən kənarlaşdırılması) verilməsi isə çəkişmə prinsipinin pozulmasına səbəb ola bilər.

Cinayət Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsi ilə müdafiəçiyə qadağan edilmiş hərəkətlərin onun cinayət prosesində iştirakını istisna edən hal kimi qiymətləndirilməsi müdafiəçinin hər bir hərəkətinin cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsin mənafeyinə uyğun olub-olmaması baxımından müzakirə edilməsi və qiymətləndirilməsi imkanını yaratmaqla, bu orqanlara müdafiəçini prosesdən kənarlaşdırmağa geniş diskresion səlahiyyət yaradar. 

Eyni zamanda o da qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 322.1.17-ci maddəsinə uyğun olaraq,  məhkəmə iclasında sədrlik edən cinayət prosesinin iştirakçılarına bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları izah edir və müdafiəçiyə etiraz etmək barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır.

Beləliklə, istinad edilən norma da birmənalı şəkildə müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halların məhz Cinayət-Prosessual Məcəlləsinin 114-cü maddəsi ilə  nəzərdə tutulmasını təsbit edir.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, ittiham üzrə cinayət əməlinin daha yüngül maddəyə tövsif edilməsi və ya yüngülləşdirici halların yekun ittihamda nəzərə alınmasına dair vəsatət verən müdafiəçinin icraatın sonrakı mərhələsində iştirakının mümkünlüyü ilə  bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu məsələ müdafiə olunan şəxs tərəfindən dəyərləndirilməli və yalnız onun vəsatəti əsasında Cinayət-Prosessual Məcəlləsinin 114.4-cü maddəsi tətbiq edilməlidir.

Hüquqi yardım göstərilən şəxs, müdafiəçinin fərqli mövqeyini öz marağına və mənafeyinə zidd hesab etmirsə və onun prosesdən kənarlaşdırılması barədə vəsatət vermirsə, müdafiəçinin prosesin sonrakı mərhələlərində iştirakı Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirilə bilməz.

Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar).

Odur ki, Konstitusiyanın 61-ci maddəsinin I hissəsində təsbit olunan yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ dövlətin bu sahədəki pozitiv öhdəliklərinin icrasının təmin edilməsi üçün cinayət prosesinin iştirakçıları arasındakı müvafiq münasibətlərə müdaxiləsini istisna etmir. Müdaxilənin əsaslı olması isə fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə şərtləndirilmişdir.

Məhz müdafiə hüququ sahəsindəki pozitiv öhdəliklərin təmin edilməsi məqsədi ilə qanunverici Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsində cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlərin görülməsini imperativ qaydada nəzərdə tutmuşdur.

 Avropa Məhkəməsinin müdafiə olunmaq və hüquqi yardım almaq hüquqları ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, vəkillik peşəsinin müstəqilliyi nəzərə alınaraq, müdafiənin həyata keçirilməsi başlıca olaraq təqsirləndirilən şəxs və onun müdafiəçisi arasında olan məsələdir (Czekalla Portuqaliyaya qarşı iş üzrə 2002-ci il 10 oktyabr tarixli Qərar, §60.) Razılığa gələn Dövlətlərdən isə müdaxilə etmək yalnız hüquqi təmsilçiliyin səmərəsiz olduğunun “açıq-aşkar” göründüyü və ya bu məsələ onların diqqətinə çatdırıldığı hallarda tələb olunur (İmbrioscia İsveçrəyə qarşı iş üzrə 1993-cü il 24 noyabr tarixli § 41; Daud Portuqaliyaya qarşı iş üzrə 1998-ci il 21 aprel tarixli §38 Qərarlar). Dövlətin məsuliyyəti o halda yarana bilər ki, müdafiəçi təqsirləndirilən şəxsi müdafiə etmir (Artico İtaliyaya qarşı iş üzrə 1980-ci il 13 may tarixli Qərar, §§33 və 36) və ya onun tərəfindən mühüm prosessual tələblərə əməl edilmirsə və bu yanlış müdafiə taktikası və ya sadəcə arqumentasiya qüsuru deyildirsə (Czekalla Portuqaliyaya qarşı iş üzrə 2002-ci il 10 oktyabr tarixli Qərar, §§ 65 və 71).

Avropa Məhkəməsi Vasenin Rusiyaya qarşı iş üzrə 2016-cı il 21 iyun tarixli Qərarında bir daha vurğulamışdır ki, dövlət müdafiəçinin yol verdiyi səhvlərə görə məsuliyyət daşımır... dövlət keyfiyyətsiz hüquqi yardımın göstərilməsinə vaxtında reaksiya verib müvafiq tədbirlər görmüşdürsə, məsələn başqa müdafiəçi təyin etmişdirsə məsuliyyət daşımır. Konvensiya hüquqların nəzəri deyil, praktiki müdafiəsini tələb etdiyindən, dövlət tərəfindən lazımi reaksiyanın verilməməsi onun məsuliyyətinə səbəb ola bilər, belə ki, müdafiəçinin təyin edilməsi özü-özlüyündə göstərilən hüquqi yardımın keyfiyyətinə zəmanət vermir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 61-ci maddəsi ilə təsbit edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və Konvensiyanın 6-cı maddəsindən irəli gələn dövlətin üzərinə düşən pozitiv öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə, müdafiə olunan şəxsin mövqeyi ilə müdafiəçinin mövqeyi uzlaşmadıqda, bu hal, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən dərhal müdafiə olunan şəxsin diqqətinə çatdırılmalı və ona həmin müdafiəçidən imtina etmək hüququ izah edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 26 və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı nəticələrə gəlir:

- Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsinin “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəası, yalnız həmin Məcəllənin 114.1-ci maddəsində göstərilən müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları nəzərdə tutur və bu Məcəllənin 92.10-cu maddəsində sadalanan müdafiəçiyə qadağan olunmuş hərəkətləri ehtiva etmir;

- təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsinə dair müraciətinə müdafiə olunan şəxsin etirazı olmadığı halda, müdafiəçinin icraatın sonrakı mərhələsində iştirak etməsi Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu hesab edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsinin “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəası, yalnız həmin Məcəllənin 114.1-ci maddəsində göstərilən müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları nəzərdə tutur və bu Məcəllənin 92.10-cu maddəsində sadalanan müdafiəçiyə qadağan olunmuş hərəkətləri ehtiva etmir.

2. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsinə dair müraciətinə müdafiə olunan şəxsin etirazı olmadığı halda, müdafiəçinin icraatın sonrakı mərhələsində iştirak etməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu hesab edilə bilməz.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

Sədr                                                                                                     Fərhad Abdullayev