AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci
maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət
prosesində iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6,
32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair
9
oktyabr 2023-cü
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev,
Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 26 və 61-ci maddələri baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsində nəzərdə
tutulan “müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar”
müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və 114-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı
subyektlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası
Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik
Təşəbbüsləri Mərkəzinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri
doktoru M.Qəfərovun və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru
R.Rüstəmovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra
– Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi)
92.16.3-cü maddəsində nəzərdə tutulan “müdafiəçinin cinayət prosesində
iştirakını istisna edən hallar” müddəasının həmin Məcəllənin 19.6, 32, 92.10 və
114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda qeyd edilir ki, Cinayət-Prosessual
Məcəlləsinin 19.1-ci maddəsində qanunverici imperativ qaydada cinayət
təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən zərər
çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım
almaq hüququnun təmin edilməsi üçün tədbirlərin görülməsini müəyyən etmişdir.
Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 19.6-cı
maddəsi ilə cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin
müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsinin bu şübhəli və ya
təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməməsi təsbit edilmişdir.
Sorğuverənin qənaətinə görə, təcrübədə şübhəli və ya
təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin edilməsi sahəsində
cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi və bu məsələləri
tənzimləyən normaların fərqli qaydada tətbiq edilməsi halları baş verir.
Belə ki, bəzi hallarda təqsirləndirilən şəxs ona
qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, müdafiəçi ittiham
üzrə cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsi və ya
yüngülləşdirici halların yekun ittihamda nəzərə alınması məqsədilə cinayət
təqibi orqanlarına vəsatətlər təqdim edir. Həmin vəsatətlər əsasında icra
edilən müvafiq istintaq və digər prosessual hərəkətlər onunla izah olunur ki,
şübhəli və ya təqsirləndirilən şəxslər Cinayət-Prosessual Məcəlləsinin
19.4.4 və 92.12-ci maddələrində göstərilən “şəxsən və ya özünün seçdiyi
müdafiəçi vasitəsi ilə müdafiə olunmaq” hüquqlarını həyata keçirir və
həmin müdafiəçidən imtina etmir.
Cinayət mühakimə icraatının sonrakı mərhələlərində isə
məhkəmələr tərəfindən bəzən müdafiəçinin göstərilən prosessual hərəkətləri
Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsində sadalanan qadağan edilmiş
hallarla əlaqələndirilərək və ya təqsirləndirilən şəxsin
müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, həmin Məcəllənin
303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş
icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul
edilir.
Belə ki, həmin maddəyə əsasən, cinayət işinin və ya
məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi
və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması
barədə qərar təqsirləndirilən
şəxsin müdafiə hüququnun kobud pozulmasına yol verildikdə çıxarılır.
Sorğuda göstərilib ki, Cinayət-Prosessual Məcəlləsinin
114.1-ci maddəsinə əsasən müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin
(xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və ya şahidin
nümayəndəsinə etiraz onun cinayət prosesində sonrakı iştirakını istisna edən
hallardan hər hansı biri olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır.
Həmin hallar Məcəllənin 114.1.1 -114.1.5-ci maddələrində sadalanmışdır.
Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu
maddəsində isə müdafiəçiyə münasibətdə müəyyən qadağalar təsbit edilmişdir.
Sorğuverən həmin qadağaların müdafiəçinin cinayət prosesindən kənarlaşdırılması
üçün əsas qismində çıxış edib-etməməsi ilə bağlı hüquq tətbiqetmə
təcrübəsindəki qeyri-müəyyənliyin aradan qaldırılması, vahid istintaq və
məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət və cinayət-prosessual
qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və bununla da hüquqi
müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu
verilməsi qənaətinə gəlmişdir.
Prokurorluq Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü
maddəsində nəzərdə tutulmuş “müdafiəçinin cinayət prosesində iştirakını istisna
edən hallar” müddəasının aşağıdakı hüquqi məsələlər üzrə həmin Məcəllənin 19.6,
32, 92.10 və 114-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş
etmişdir:
- təqsirləndirilən
şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə cinayət əməlinin daha yüngül
maddəyə tövsif edilməsinə dair müraciət etmiş müdafiəçinin kənarlaşdırılmasına
dair müdafiə olunan şəxsin müvafiq vəsatəti və ya razılığı olmadığı halda,
həmin müdafiəçinin icraatın sonrakı mərhələsində iştirakının müdafiə hüququnun
kobud pozuntusu hesab edilib-edilməməsi.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar
aşağıdakıların qeyd olunmasını vacib hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan
olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək
hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə
təminat verir.
Konstitusiyanın 61-ci maddəsinin I hissəsinə müvafiq
olaraq, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Konstitusiyanın 61-ci maddəsinin III hissəsi ilə
təsbit edilmiş hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən
tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan
müdafiəçinin köməyindən istifadə etmək hüququ, şəxsin müdafiəçini seçmək
hüququnu da ehtiva edir.
Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək
hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq
Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla
qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ,
azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin
edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi,
müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya
təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində
tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may
tarixli Qərarı).
Müdafiəçinin köməyindən istifadə etmək hüququ
beynəlxalq-hüquqi aktlarla da fundamental hüquqlar sırasında tanınır. “Mülki və
siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü hissəsinin b
və d bəndlərinə əsasən, hər bir şəxsin ona qarşı irəli sürülən istənilən
cinayət ittihamına baxılarkən bərabərlik əsasında öz müdafiəsinə hazırlaşmaq və
özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana
malik olmaq; öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya öz seçdiyi
müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə
xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən
halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə
kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik
olmaq hüququ vardır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3-cü
hissəsinin c bəndinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs
şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya
müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət
mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək
hüququna malikdir.
Cinayət-Prosessual Məcəlləsinin 19.4.4-cü maddəsinə
əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya
təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada
şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud
müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi
yardım almaq hüquqlarını təmin etməlidir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Azərbaycan Respublikası Qanununun preambulasında isə qeyd edilmişdir ki, bu
Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində,
ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin
müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək hüququnun
təmin olunması məqsədi ilə qəbul edilir.
Vurğulanmalıdır ki, müdafiəçinin şübhəli və ya
təqsirləndirilən şəxsin özü tərəfindən sərbəst seçilməsi hüquqi yardımın
səmərəliliyini artırmaqla yanaşı, ümumiyyətlə məhkəmə müdafiəsinin keyfiyyətinə
təsir göstərir. Belə ki, etibar etdiyi və birlikdə müdafiə strategiyasını
razılaşdırdığı müdafiəçi tərəfindən təmsil olunma şübhəli və ya
təqsirləndirilən şəxsin qanuni maraqlarına xidmət etmiş olur.
İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra
– Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, vəkil və onun
müdafiə etdiyi şəxs arasındakı münasibətlər etibar və anlaşılmaya
əsaslanmalıdır (Şaxnovski Rusiyaya qarşı iş üzrə 2010-cu il 2
noyabr tarixli Qərar, §102).
Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu qeyd
edir ki, özünün seçdiyi vəkil tərəfindən müdafiə olunmaq hüququ mütləq hüquq
deyil. Belə ki, müdafiəçi yardımının publik-hüquqi təbiətindən irəli
gələrək, şübhəli və ya təqsirləndirilən şəxslərin konkret müdafiəçini
seçmək hüququ ədalət mühakiməsinin maraqları naminə, tez, ədalətli və
keyfiyyətli məhkəmə müdafiəsinin həyata keçirilməsi məqsədilə məhdudlaşdırıla
bilər.
Bu mövqe Avropa Məhkəməsinin hüquqi mövqeləri ilə də
uzlaşır. Belə ki, şəxsin özü tərəfindən seçdiyi müdafiəçi vasitəsi ilə təmsil
olunma hüququ mütləq hüquq deyil və “ədalət mühakiməsinin maraqları naminə”
ciddi və yetərli əsaslar olduğu halda məhdudlaşdırıla bilər (Dvorski
Xorvatiyaya qarşı iş üzrə 2015-ci il 20 oktyabr tarixli, §§ 78-79; Martin
Estoniyaya qarşı iş üzrə 2013-cü il 30 may tarixli, §90 Qərarlar). Belə
əsaslar olmadan, müdafiəçini sərbəst seçmək hüququnun məhdudlaşdırılması
Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin (c) yarımbəndinin
pozuntusu hesab oluna bilər.
Şübhəli və ya təqsirləndirilən şəxsin özünün seçdiyi
müdafiəçi vasitəsilə müdafiə olunmaq hüququnu məhdudlaşdıran hallar
Cinayət-Prosessual Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir.
Cinayət-Prosessual Məcəlləsinin müdafiəçiyə və
nümayəndəyə etiraz qaydalarını tənzimləyən 114.1-ci maddəsinə əsasən,
müdafiəçiyə, həmçinin zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki
iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə etiraz onun cinayət
prosesində sonrakı iştirakını istisna edən aşağıdakı hallardan hər hansı biri
olduqda əsaslı sayılmalı və şərtsiz təmin olunmalıdır:
- cinayət prosesində iştirak edən və ya əvvəllər
iştirak etmiş hakimlə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə
iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması;
- cinayət təqibi üzrə icraatda hakim, prokuror,
müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi,
mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi;
- hakim, prokuror, müstəntiq və ya təhqiqatçı
vəzifələrini tutması (təqsirləndirilən, şübhəli şəxsin və ya cinayət prosesinin
fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud
mülki iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi
qismində iştirak etməsi hallarından başqa);
- qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və
ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı,
yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi
yardım göstərməsi;
- qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və
ya nümayəndə olmaq hüququnun olmaması (Cinayət-Prosessual
Məcəlləsinin 114.1.1-114.1.5-ci maddələri).
Məcəllənin 114.2-ci maddəsində həmin Məcəllənin
114.1-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda müdafiəçinin,
habelə zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının, mülki
cavabdehin və şahidin nümayəndəsinin özü-özünə etiraz etməli olduğu təsbit
olunmuşdur.
Müdafiəçiyə, habelə zərər çəkmiş şəxsin (xüsusi
ittihamçının), mülki iddiaçının, mülki cavabdehin və şahidin nümayəndəsinə
etiraz məsələsi cinayət prosesini həyata keçirən orqan tərəfindən həll edilir
(Cinayət-Prosessual Məcəlləsinin 114.3-cü maddəsi).
Xüsusilə qeyd edilməlidir ki, Məcəllənin 114.1-ci
maddəsində göstərilən əsaslardan biri mövcud olduğu və müdafiəçinin özü-özünə
etiraz etmədiyi halda, müdafiəçiyə şübhəli və ya təqsirləndirilən şəxs, dövlət
ittihamçısı və ya xüsusi ittihamçı, habelə zərər çəkmiş şəxs, mülki iddiaçı,
mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən
etiraz edilə bilər (Cinayət-Prosessual Məcəlləsinin 107.3.2-ci maddəsi).
Həmçinin, Məcəllənin 107.5-ci maddəsində müəyyən
olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqan da öz səlahiyyətləri
daxilində cinayət prosesinin gedişində müvafiq şəxsin cinayət prosesində
iştirakını istisna edən halları aşkar etdikdə, öz təşəbbüsü ilə onu cinayət
prosesindən kənarlaşdırmağa haqlıdır.
Sorğuda qaldırılan müdafiəçiyə qadağan olunmuş
hərəkətlərin onun cinayət prosesində iştirakını istisna edən hallara aid
edilib-edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, qanunverici Cinayət-Prosessual
Məcəlləsinin 114.1-ci maddəsində müdafiəçinin cinayət prosesində iştirakını
istisna edən halları məhdud şəkildə müəyyən etməklə, bu halları
müdafiəçiyə qadağan edilmiş hərəkətlərdən fərqləndirmişdir. Bu maddədə
göstərilən halların hamısı öz hüquqi təbiətinə görə bütövlükdə ədalət
mühakiməsinin, cinayət mühakimə icraatının obyektivliyinin,
qərəzsizliyinin və ədalətliliyinin təmin edilməsinə yönəlmişdir.
Məcəllənin 92.10-cu maddəsi ilə nəzərdə tutulan
müdafiəçiyə qadağan olunan hərəkətlər isə birbaşa şəxsin hüquqlarının və
qanunla qorunan mənafelərinin müdafiəsi məqsədilə onlara yüksək keyfiyyətli
hüquqi yardımın göstərilməsinin təmin olunmasına və müdafiəçinin
müvafiq davranış qaydalarının tələblərinə riayət etməməsi nəticəsində
müdafiə olunan şəxsin mənafeyinə zərər vuran hərəkətlərin aradan qaldırılmasına
yönəlmişdir.
Nəzərə alınmalıdır ki, qanunverici məhz müdafiə
olunanın mənafeyi baxımından məsələyə yanaşaraq müdafiəçi və ya nümayəndə
qismində təyin edilmiş şəxsin səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya
digər səbəblər olduqda, onların cinayət prosesindən kənarlaşdırılmasını yalnız
müdafiə olunanın, yaxud təmsil edilən şəxsin vəsatəti əsasında mümkün hesab
etmişdir.
Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 114.4-cü
maddəsinə əsasən, müdafiəçi və ya nümayəndə qismində təyin edilmiş şəxsin
səriştəsinə və ya vicdanlı olmasına şübhə və ya digər səbəblər olduqda, müdafiə
olunan, yaxud təmsil etdiyi şəxsin vəsatəti əsasında müdafiəçi və
ya nümayəndə cinayət prosesindən kənarlaşdırılmalıdır.
Məcəllənin həmin maddəsi ilə müəyyən edilmiş
müdafiəçinin kənarlaşdırılma əsasının qanunverici tərəfindən həmin Məcəllənin
114.1-ci maddəsindəki müdafiəçinin cinayət prosesində iştirakını istisna edən
halların siyahısına daxil edilməməsi təsadüfi deyildir və məhz bu iki
institutun yuxarıda qeyd olunan fərqli hüquqi təbiətindən irəli gəlir.
Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu
maddəsi ilə müdafiəçiyə qadağan edilmiş hərəkətlər də məhz müdafiə olunan
şəxsin mənafeyinin pozulmasına səbəb ola biləcəyindən, belə hərəkətlərə yol
vermiş müdafiəçinin icraatdan kənarlaşdırılması məsələsi həmin Məcəllənin
114.4-cü maddəsinə uyğun olaraq həll edilməlidir.
Cinayət prosesini həyata keçirən orqanlara, xüsusilə
də ittiham tərəfinə bu hüququn (qadağan olunmuş hərəkətlərə yol verildiyi halda
müdafiəçinin prosesdən kənarlaşdırılması) verilməsi isə çəkişmə prinsipinin
pozulmasına səbəb ola bilər.
Cinayət Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsi ilə
müdafiəçiyə qadağan edilmiş hərəkətlərin onun cinayət prosesində iştirakını istisna
edən hal kimi qiymətləndirilməsi müdafiəçinin hər bir hərəkətinin cinayət
prosesini həyata keçirən orqan tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsin
mənafeyinə uyğun olub-olmaması baxımından müzakirə edilməsi və
qiymətləndirilməsi imkanını yaratmaqla, bu orqanlara müdafiəçini prosesdən
kənarlaşdırmağa geniş diskresion səlahiyyət yaradar.
Eyni zamanda o da qeyd edilməlidir ki,
Cinayət-Prosessual Məcəlləsinin 322.1.17-ci maddəsinə uyğun olaraq,
məhkəmə iclasında sədrlik edən cinayət prosesinin iştirakçılarına bu
Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş müdafiəçinin cinayət prosesində
iştirakını istisna edən halları izah edir və müdafiəçiyə etiraz
etmək barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır.
Beləliklə, istinad edilən norma da birmənalı şəkildə
müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halların məhz
Cinayət-Prosessual Məcəlləsinin 114-cü maddəsi ilə nəzərdə tutulmasını
təsbit edir.
Hüquqi yardım göstərilən şəxs, müdafiəçinin fərqli
mövqeyini öz marağına və mənafeyinə zidd hesab etmirsə və onun prosesdən
kənarlaşdırılması barədə vəsatət vermirsə, müdafiəçinin prosesin sonrakı
mərhələlərində iştirakı Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə
nəzərdə tutulmuş müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirilə bilməz.
Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu bir
daha vurğulayır ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə
yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər
kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq
münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə
üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu
isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün
pozitiv tədbirlərin görülməsini tələb edir (“Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh
edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar).
Odur ki, Konstitusiyanın 61-ci maddəsinin I hissəsində
təsbit olunan yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ dövlətin bu
sahədəki pozitiv öhdəliklərinin icrasının təmin edilməsi üçün cinayət
prosesinin iştirakçıları arasındakı müvafiq münasibətlərə müdaxiləsini istisna
etmir. Müdaxilənin əsaslı olması isə fiziki və hüquqi şəxslərin hüquqlarının,
azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara
yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə şərtləndirilmişdir.
Məhz müdafiə hüququ sahəsindəki pozitiv öhdəliklərin
təmin edilməsi məqsədi ilə qanunverici Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci
maddəsində cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya
məhkəmə tərəfindən zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən
şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün
tədbirlərin görülməsini imperativ qaydada nəzərdə tutmuşdur.
Avropa Məhkəməsinin müdafiə olunmaq və hüquqi
yardım almaq hüquqları ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən,
vəkillik peşəsinin müstəqilliyi nəzərə alınaraq, müdafiənin həyata keçirilməsi
başlıca olaraq təqsirləndirilən şəxs və onun müdafiəçisi arasında olan
məsələdir (Czekalla Portuqaliyaya qarşı iş üzrə 2002-ci il 10
oktyabr tarixli Qərar, §60.) Razılığa gələn Dövlətlərdən isə müdaxilə etmək
yalnız hüquqi təmsilçiliyin səmərəsiz olduğunun “açıq-aşkar” göründüyü və ya bu
məsələ onların diqqətinə çatdırıldığı hallarda tələb olunur (İmbrioscia
İsveçrəyə qarşı iş üzrə 1993-cü il 24 noyabr tarixli § 41; Daud
Portuqaliyaya qarşı iş üzrə 1998-ci il 21 aprel tarixli §38 Qərarlar). Dövlətin
məsuliyyəti o halda yarana bilər ki, müdafiəçi təqsirləndirilən şəxsi müdafiə
etmir (Artico İtaliyaya qarşı iş üzrə 1980-ci il 13 may
tarixli Qərar, §§33 və 36) və ya onun tərəfindən mühüm prosessual tələblərə
əməl edilmirsə və bu yanlış müdafiə taktikası və ya sadəcə arqumentasiya qüsuru
deyildirsə (Czekalla Portuqaliyaya qarşı iş üzrə 2002-ci il 10
oktyabr tarixli Qərar, §§ 65 və 71).
Avropa Məhkəməsi Vasenin Rusiyaya qarşı iş
üzrə 2016-cı il 21 iyun tarixli Qərarında bir daha vurğulamışdır ki,
dövlət müdafiəçinin yol verdiyi səhvlərə görə məsuliyyət daşımır... dövlət
keyfiyyətsiz hüquqi yardımın göstərilməsinə vaxtında reaksiya verib müvafiq
tədbirlər görmüşdürsə, məsələn başqa müdafiəçi təyin etmişdirsə məsuliyyət
daşımır. Konvensiya hüquqların nəzəri deyil, praktiki müdafiəsini tələb
etdiyindən, dövlət tərəfindən lazımi reaksiyanın verilməməsi onun məsuliyyətinə
səbəb ola bilər, belə ki, müdafiəçinin təyin edilməsi özü-özlüyündə göstərilən
hüquqi yardımın keyfiyyətinə zəmanət vermir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Konstitusiyanın 61-ci maddəsi ilə təsbit edilmiş şübhəli
və ya təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun
təmin edilməsi və Konvensiyanın 6-cı maddəsindən irəli gələn dövlətin üzərinə
düşən pozitiv öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə, müdafiə olunan
şəxsin mövqeyi ilə müdafiəçinin mövqeyi uzlaşmadıqda, bu hal, cinayət prosesini
həyata keçirən orqanlar tərəfindən dərhal müdafiə olunan şəxsin diqqətinə
çatdırılmalı və ona həmin müdafiəçidən imtina etmək hüququ izah edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 26
və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı nəticələrə gəlir:
- Cinayət-Prosessual
Məcəlləsinin 92.16.3-cü maddəsinin “müdafiəçinin cinayət prosesində iştirakını
istisna edən hallar” müddəası, yalnız həmin Məcəllənin 114.1-ci maddəsində
göstərilən müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları
nəzərdə tutur və bu Məcəllənin 92.10-cu maddəsində sadalanan müdafiəçiyə
qadağan olunmuş hərəkətləri ehtiva etmir;
- təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi
ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddə ilə tövsif
edilməsinə dair müraciətinə müdafiə olunan şəxsin etirazı olmadığı halda,
müdafiəçinin icraatın sonrakı mərhələsində iştirak etməsi Cinayət-Prosessual
Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə hüququnun kobud
pozuntusu hesab edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsinin
“müdafiəçinin cinayət prosesində iştirakını istisna edən hallar” müddəası,
yalnız həmin Məcəllənin 114.1-ci maddəsində göstərilən müdafiəçinin
cinayət prosesində iştirakını istisna edən halları nəzərdə tutur və bu
Məcəllənin 92.10-cu maddəsində sadalanan müdafiəçiyə qadağan olunmuş
hərəkətləri ehtiva etmir.
2. Təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi
ittiham üzrə müdafiəçinin cinayət əməlinin daha yüngül maddə ilə tövsif edilməsinə
dair müraciətinə müdafiə olunan şəxsin etirazı olmadığı halda, müdafiəçinin
icraatın sonrakı mərhələsində iştirak etməsi Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş müdafiə
hüququnun kobud pozuntusu hesab edilə bilməz.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev