AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair
6 oktyabr 2023-cü il
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Ceyhun
Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
(məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında E.Axundovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin
şikayətini, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülahizəsini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il
tarixli hökmü ilə Yiğitdöl Hikmət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, həmin
Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 5 il 6 ay müddətinə
azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir.
Həmin hökmlə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti
1181-ci məhəllə 32 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının
qeyri-yaşayış sahələrinin Q.İbrahimovun sahibliyinə və istifadəsinə təhvil
verilməsi qərara alınmışdır.
Cinayət işi üzrə şahid E.Axundovun həmin hökmdən
apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatəti Bakı
Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə təmin
edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının
26 iyun 2021-ci il tarixli qərarı ilə E.Axundovun apellyasiya şikayəti təmin
edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən
saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət Kollegiyası) 12 noyabr
2021-ci il tarixli qərarı ilə E.Axundovun kassasiya şikayəti təmin edilməmiş,
apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla
əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 386.1 və 383-cü maddələrində
cinayət prosesində şahidin apellyasiya şikayəti vermək hüququ nəzərdə
tutulmamışdır.
E.Axundov Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət
edərək Ali Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra –
Konstitusiya) uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Ərizəçi hesab edir ki, kassasiya instansiyası
məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 2.1, 2.2, 10.1 və 12.3-cü
maddələrinin tələblərinin nəzərə alınmaması, həmçinin həmin Məcəllənin 386.1 və
383-cü maddələrinin hərfi mənada tətbiq edilməsi onun Konstitusiyanın 26-cı
maddəsinin I hissəsindən və 60-cı maddəsinin I hissəsindən irəli gələn hüquq və
azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılması ilə nəticələnmişdir.
Şikayətdə o da göstərilmişdir ki, Ali Məhkəmənin Mülki
Kollegiyasının 2 iyul 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə
mübahisəli obyektlər üzərində ilk olaraq E.Axundovun mülkiyyət hüquqları
tanındığı halda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli
hökmü ilə həmin qeyri-yaşayış sahələrinin Q.İbrahimovun sahibliyinə və
istifadəsinə təhvil verilməsi nəticəsində onun Konstitusiyanın 29-cu maddəsində
təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur.
Ərizəçi şikayətində həmçinin bildirmişdir ki, Ali
Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərarının
qüvvəyə minməsindən sonra pozulmuş əmlak hüquqlarının bərpa edilməsi üçün
mövcud qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual vasitələrdən istifadə
etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə uyğun olaraq
Ali Məhkəməyə müraciət etmiş, lakin Ali Məhkəmənin 6 dekabr 2022-ci il tarixli
qərarı ilə məsələ digər əsaslar üzrə araşdırılıb qiymətləndirilərək təqdimatın
verilməsindən imtina olunmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu birinci instansiya
məhkəməsinin hökmü ilə hüquq və qanuni maraqlarına toxunulduğunu iddia edən
E.Axundovun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş
məhkəmə müdafiəsi təminatından kənar qaldığını və bunun, ilk növbədə,
qanunvericilikdə müvafiq tənzimetmənin olmamasından irəli gəldiyini nəzərə
alaraq, mövcud vəziyyətdə Ali Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr
2021-ci il tarixli Qərarının Konstitusiyanın 60-cı maddəsinin tərkib hissəsi
olan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından
Konstitusiyaya uyğunluğunun yoxlanılmasını mümkün hesab edir.
Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə görə, hər
kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və
azadlıqlarını müdafiə etmək hüququ vardır.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq
olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə
müdafiəsinə təminat verilir.
Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən,
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını
gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra
bilməz.
Qeyd olunmalıdır ki, Əsas Qanunda demokratik dövlətin
təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının
təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir (Konstitusiyanın 25, 28,
32, 33, 60, 61, 63, 65, 66, 67, 125 və 127-ci maddələri). Cinayət prosesi
iştirakçılarının hüquqları da Konstitusiyada təsbit edilmiş əsas prinsiplərdən,
həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən cinayət
mühakimə icraatının prinsiplərindən irəli gəlir. Həmin prinsiplər öz aralarında
ayrılmaz əlaqədədir və cinayət icraatının məqsədlərinə nail olmaq üçün eyni
zəruri olan hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar.
Məhkəmə müdafiəsi hüququ
əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni
zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq
yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və
azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli
müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.
Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə
araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra
beynəlxalq-hüquqi aktlarda, o cümlədən İnsan hüquqları haqqında Ümumi
Bəyannamənin 7, 8, 10-cu maddələrində, “Mülki və siyasi hüquqlar haqqında”
Beynəlxalq Paktın 14-cü maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində
öz əksini tapmışdır.
Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik
olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci
bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya
ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış
müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və
açıq araşdırılması hüququna malikdir.
Beləliklə, hüquq və azadlıqların inzibati və məhkəmə
təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli
araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə
aktlarından qanunvericiliklə müəyyən
edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət
vermək hüququnu ehtiva edir.
Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan
məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada
məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və
kassasiya instansiyalarında həyata keçirilməsini nəzərdə tutur. Hər hansı
məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli
gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və
qanunlarında öz əksini tapır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair”
2011-ci il 20 may, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul, “Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə,
60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə
uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral tarixli Qərarları).
O da xüsusilə
qeyd edilməlidir ki, qanunla müəyyən olunmuş qaydada cinayət prosesi
iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunulan hərəkətlərdən və
qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr
müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki
vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də
nəzərə almalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair”
2009-cu il 5 avqust tarixli Qərarı).
Məhkəməyə müraciət etmək hüququnun əsassız
məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada
müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət
etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr
tarixli Qərarı).
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü
maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust
tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, şikayət hər bir
şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına
alınmış, bir tərəfdən hüquqların pozulmasına dövlətin müvafiq orqanlarının diqqətini
cəlb etmək, digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək
imkanıdır. Məhz buna görə də digər müraciət növlərindən fərqli olaraq şikayətin
əsasında pozulmuş hüququn bərpası barədə müraciət dayanır.
O da nəzərə alınmalıdır ki, birinci instansiya
məhkəməsinin qərarına (hökmünə) apellyasiya qaydasında yenidən baxılması
məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi çıxış edir.
Bu növ icraatda məhkəməyədək və ya birinci
instansiya məhkəməsində icraat zamanı işin hallarının hərtərəfli və tam
araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymət
verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin
edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq
aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya
məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv
edərək yeni hökm qəbul etsin. Bununla da maddi və prosessual hüquq normalarının
düzgün tətbiq edilməməsi nəticəsində buraxılmış məhkəmə səhvləri düzəldilmiş
olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli
Qərarı).
Şikayətdən və işin materiallarından göründüyü kimi,
apellyasiya və kassasiya instansiyaları məhkəmələri E.Axundovun şikayətini rədd
edərkən onun cinayət işi üzrə icraatda məhz şahid kimi iştirak etməsinə və
şahidin birinci instansiya məhkəməsinin hökmündən şikayət vermək hüququnun
olmamasına istinad etmişlər.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu, ilk
növbədə, qeyd etməyi vacib hesab edir ki, E.Axundovun şikayətini rədd edən
apellyasiya və kassasiya instansiyası məhkəmələri onun iş üzrə şahid qismində həyata
keçirmiş olduğu prosessual funksiyanın icrası ilə bağlı şikayət etmədiyini,
birinci instansiya məhkəməsinin hökmü ilə ərizəçinin hüquq və qanuni
maraqlarına toxunulduğunun iddia edildiyini nəzərə almamışlar.
Cinayət prosesində iştirak edən digər şəxs olaraq
şahidin hüquqi vəziyyəti isə Cinayət-Prosessual Məcəlləsinin 95-ci maddəsi ilə
müəyyən edilmişdir. Həmin maddə Məcəllənin “Cinayət prosesində iştirak edən
digər şəxslər” adlanan X fəslinə daxil edilmişdir. Qeyd edilən maddədə şahidin
cinayət prosesini həyata keçirən vəzifəli şəxslərin qərarlarından və ya
hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ birbaşa göstərilməsə
də, Məcəllənin 95.6.12-ci maddəsində onun bu Məcəllədə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək hüququ müəyyən edilmişdir.
Nəzərə alınmalıdır ki, cinayət prosesində iştirak edən
digər şəxslər kateqoriyasına şahidlə yanaşı, hal şahidi, mütəxəssis, ekspert,
məhkəmə iclas katibi və tərcüməçi aiddir (Cinayət-Prosessual Məcəlləsinin
7.0.29-cu maddəsi). Bu şəxslər Cinayət-Prosessual Məcəlləsinin 7.0.18-ci
maddəsi ilə dairəsi müəyyən edilən cinayət prosesinin iştirakçıları hesab
edilmirlər. Cinayət prosesinin iştirakçıları dedikdə, məhz ittiham və müdafiə
tərəflərini təmsil edən təhqiqatçı, müstəntiq, prokuror, habelə zərərçəkmiş
şəxs, şübhəli və ya təqsirləndirilən şəxs və digərləri nəzərdə tutulur.
Məlum olduğu kimi, apellyasiya icraatı qaydasında
məhkəmə qərarlarına yenidən baxılması yalnız apellyasiya şikayətinin və ya
apellyasiya protestinin olduğu halda mümkündür və belə şikayətlə müraciət etmək
hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsi
ilə müəyyən edilmişdir. Qanunverici apellyasiya şikayəti vermək hüququ olan
şəxsləri yalnız cinayət prosesinin tərəfləri, yəni cinayət prosesinin iştirakçıları
ilə məhdudlaşdırmışdır ki, bu da birinci instansiya məhkəməsinin hökmü ilə
hüquq və qanuni maraqlarına toxunulmuş cinayət prosesində iştirak edən digər
şəxslərin (şahidin) pozulmuş hüquqlarının müdafiəsi imkanından kənar qalması
ilə nəticələnir.
Konstitusiya Məhkəməsi Plenumunun S.Xəlilov və
Ə.İbrahimovun şikayəti üzrə 2016-cı il 13 iyul tarixli Qərarında qeyd
edilmişdir ki, konstitusiya hüquqlarının həyata keçirilməsinin təmin edilməsi
üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ziyan vurulmuş
prosessual statusa malik şəxslərin, o cümlədən zərər çəkmiş şəxsin yalnız
formal prosessual vəziyyəti deyil, həm də onun faktiki vəziyyəti nəzərə
alınmalıdır. Belə yanaşma, məhkəmələrdən işin tam və hərtərəfli həll edilməsi
üçün bütün halların araşdırılmasını, o cümlədən hər hansı proses iştirakçısının
baxılan cinayət işi üzrə statusu ilə bağlı irəli sürdüyü dəlillərinə dair
əsaslandırılmış qərar qəbul edilməsini tələb edir.
Cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və
məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunulan şəxsin
statusunun səciyyəvi əlamətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu
qeyd etmişdir ki, belə şəxslər məhkəmədə baxılan iş üzrə tərəf qismində cəlb
edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə onların hüquq və qanuni
maraqlarına toxunulması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində
maddi və prosessual marağının olması ilə xarakterizə olunurlar (K.Maraevin
şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə
görə, cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmə qərarı ilə
hüquq və azadlıqları pozulan yaxud üzərinə əlavə öhdəliklər qoyulan şəxs
pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidirlər (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin
183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair”
2022-ci il 24 fevral tarixli Qərar).
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu
Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə istinadən də hesab etmişdir
ki, məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxsin apellyasiya şikayəti vermək
hüququnun təmin edilməsi, həmin şəxsin hüquqlarının və qanunla qorunan
maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.
Qeyd edilən maddəyə əsasən, cinayət prosesi gedişində
hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla
qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu bir daha qeyd edir ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktı cinayət
prosesində iştirak edən digər şəxs olaraq şahidin hüquq və qanuni maraqlarına toxunduğu halda, həmin aktdan
şikayət vermək hüququnun normativ qaydada müəyyən edilməməsi səbəbindən, belə
şikayətə yol verilməməsi məhkəmə baxışının ədalətli hesab edilməsini istisna
edir. Belə ki, həmin şəxslər bu zaman pozulmuş hüquqlarının bərpası üçün
təsirli vasitələrə təmin edilməmiş olurlar.
Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki
Qərarlarında cinayət prosesi üzrə qəbul edilmiş məhkəmə aktı ilə hüquq və
qanuni maraqlarına toxunulmuş şəxslərin məhkəmə müdafiəsi hüququnun təmin
edilməsi baxımından həmin aktı mübahisələndirmək imkanının tanınması ilə bağlı
müvafiq dəyişikliklərin edilməsi üçün qanunverici orqana tövsiyələr etmişdir.
Əks yanaşma məhkəmə
müdafiəsi hüququ ilə bağlı konstitusiya prinsiplərinin, cinayət-prosessual
qanunvericiliyinin bir sıra prinsiplərinin, eləcə də Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına
gətirib çıxara bilər.
Təsadüfi deyildir ki, İnsan Hüquqları üzrə Avropa
Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) öz presedent hüququnda dəfələrlə
qeyd edib ki, Konvensiyanın 6-cı maddəsi milli səviyyədə Konvensiya ilə təsbit
edilmiş maddi hüquq və azadlıqların həyata keçirilməsinin hüquqi müdafiəsinin
əlçatanlığını təmin edir və milli hüquq sistemində təmin olunmasının
formasından asılı olmayaraq hüquq müdafiə vasitələri səmərəli olmalı, yəni
ehtimal olunan pozuntunun qarşısını almalı və ya ona son qoymalıdır, habelə
artıq yol verilmiş pozuntuya görə adekvat kompensasiya verilməlidir (Kudla
Polşaya qarşı iş üzrə 2000-ci il 26 oktyabr, Klyaxin Rusiyaya
qarşı iş üzrə 2004-cü il 30 noyabr tarixli
Qərarlar).
Cinayət prosesi üzrə qəbul
edilmiş məhkəmə aktı hüquq və qanuni maraqlarına toxunduğu halda digər
şəxslərin həmin aktdan şikayət vermək hüququ bir sıra ölkələrin müvafiq
qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Rusiya Federasiyası Ali
Məhkəməsi Plenumunun 27 noyabr 2012-ci il tarixli 26 nömrəli "Rusiya
Federasiyası Cinayət-Prosessual Məcəlləsinin apellyasiya instansiyası
məhkəməsində icraatı tənzimləyən normalarının tətbiqi haqqında" Qərarının
2-ci bəndinə əsasən, məhkəmələrə izah olunmuşdur ki, Cinayət-Prosessual
Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin, 127-ci maddəsinin 1-ci
hissəsinin, 389.1-ci maddəsinin, 389.2-ci maddəsinin 1-ci hissəsinin,
401-ci maddəsinin 1-ci hissəsinin, 444-cü maddəsinin, 463-cü maddəsinin
9-cu hissəsinin müddəaları nəzərə alınmaqla, cinayət işi üzrə cinayət
prosesinin bütün iştirakçılarının, o cümlədən digər şəxslərin yalnız onların
hüquqlarına və qanuni mənafelərinə toxunduğu hissədə qəbul edilmiş məhkəmə
qərarlarından şikayət vermək hüququ vardır.
Beləliklə, məhkəmə aktlarına yenidən baxılmasının
mümkünlüyünü tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsi hazırkı
redaksiyada mübahisələndirilən məhkəmə aktı cinayət prosesində iştirak edən
digər şəxslərin, o cümlədən şahidlərin hüquq və qanuni maraqlarına toxunduğu
halda, ədalət prinsipi əsasında təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun
səmərəli həyata keçirilməsini təmin etmir.
Avropa Məhkəməsinin Puaro (Poirot) Fransaya
qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında qeyd edilmişdir
ki, prosessual normaları həddən artıq formal şəkildə tətbiq etməklə apellyasiya
şikayətinin qəbul edilməməsi ərizəçinin məhkəməyə müraciət etmək hüququna
qeyri-mütənasibdir.
Avropa Məhkəməsi Eşinqdeyn (Ashıngdane)
Birləşmiş Krallığa qarşı iş üzrə 1985-ci il 28 may tarixli Qərarında
öz əvvəlki hüquqi mövqelərinə istinad edərək göstərmişdi ki, məhkəməyə müraciət
etmək hüququ qeyd-şərtsiz deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki
müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb
edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq
müxtəlif vaxtlarda və müxtəlif yerlərdə fərqli ola bilər. Bununla belə, tətbiq
edilən məhdudiyyətlər əlçatanlıqla bağlı hüququn mahiyyətini pozacaq qədər
məhdudlaşdırılmamalı və azaldılmamalıdır. Bundan əlavə, əgər o qanuni məqsəd
güdmürsə və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan
nisbət yoxdursa, həmin məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə
uyğun gəlməyəcək.
Qeyd olunmalıdır ki, 2019-cu il 3 aprel tarixli
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Fərmanında müasir dövrün tələblərinə cavab verən,
cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini
sürətləndirmək məqsədilə gücləndirilməli olan tədbirlər sırasında məhkəməyə
müraciət imkanlarının daha da genişləndirilməsi və məhkəmə icraatının
effektivliyinin yüksəldilməli olduğu göstərilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin
təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış
vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da
ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı
digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq
konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə
tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər
tutulmasına imkan yaratmalıdır.
Qeyd olunmalıdır ki, cinayət prosesində iştirak
edən, birinci instansiya məhkəməsi tərəfindən
çıxarılmış hökm və ya qərar ilə maraqlarına toxunulan şəxslərin
apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq, məhkəməyə
müraciət etməsi üçün müddətlərin axımının müəyyən edilməsi məhkəmə müdafiəsi
hüququnun səmərəli həyata keçirilməsinin təmin edilməsi baxımından zəruridir.
Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 384-cü
maddəsində müəyyən edilən apellyasiya şikayətinin verilmə müddətlərinin
başlanğıcının müəyyənləşdirilməsi də həlledici əhəmiyyət kəsb edir.
Şəxs bir qayda olaraq hüquq pozuntusunun baş verdiyi
vaxtdan öz hüququnun pozulmasını bilir və yaxud bilməlidir. Bu səbəbdən
Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsində müəyyən edilən müddətlərin
başlanğıcı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar
ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər
şəxslərin (şahidin) öz hüquqlarının pozulmasını bildiyi və yaxud bilməli olduğu
gün ilə əlaqələndirilməlidir.
Nəzərə alınmalıdır ki, qanunvericilikdə
boşluq müvafiq normanın mövcud olmamasını nəzərdə tutmaqla son nəticədə Əsas
Qanunda təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi
üçün məhdudiyyət yarada bilər. Bu boşluq mahiyyətcə qeyri-konstitusion norma
ilə eyni hüquqi nəticəyə malikdir və onun aradan qaldırılması ümumi qaydada
qanunvericinin funksiyasına (səlahiyyətinə) aid olsa da, həmçinin konstitusiya
məhkəmə icraatı vasitəsi ilə aradan qaldırıla bilər.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət-Prosessual Məcəlləsinin 383-cü
maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya
qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən
digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə
tutulmaması Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə və 60-cı
maddəsinin I hissəsinə uyğun olmayan hesab edilməlidir.
Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan
hüquqi mövqelər nəzərə alınmaqla, Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü
maddələrində birinci instansiya məhkəməsi
tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına
toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya
şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün
müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq
dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə olunmalıdır;
- Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə, 60-cı
maddəsinin I hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks
olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll
edilənədək birinci instansiya məhkəməsi
tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına
toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya
şikayəti vermək hüququ təmin edilməlidir;
- E.Axundovun apellyasiya şikayətinin
verilməsinin mümkünlüyünə dair iş üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 12
noyabr 2021-ci il tarixli qərarı Konstitusiyanın 26-cı maddəsinin I
hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun bu
Qərarının təsviri-əsaslandırıcı hissəsində istinad olunan əvvəlki hüquqi
mövqelərinə və Cinayət-Prosessual Məcəlləsinin 2.1, 2.2, 10.1, 12.3 və
416.1.20-ci maddələrinə uyğun olmayan hesab edilməli və işə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının
cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən
baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 34, 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər
tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci
instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni
maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin)
apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan
Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə və 60-cı maddəsinin
I hissəsinə uyğun olmayan hesab edilsin.
Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan
hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən
çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət
prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək
hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin
axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin
həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
2. Azərbaycan
Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I
hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi
mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək
birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq
və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin
(şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilsin.
3. E.Axundovun
apellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il
tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I
hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində istinad
olunan əvvəlki hüquqi mövqelərinə və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 2.1, 2.2, 10.1, 12.3 və 416.1.20-ci maddələrinə uyğun olmayan
hesab edilsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yenidən baxılsın.
4. Qərar
dərc olunduğu gündən qüvvəyə minir.
5. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
6. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad
Abdullayev