Qərarlar

06.10.23 E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair  

 

 

 6 oktyabr 2023-cü il                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan  Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında E.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülahizəsini  və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ: 

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə Yiğitdöl Hikmət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir.

Həmin hökmlə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllə 32 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin Q.İbrahimovun sahibliyinə və istifadəsinə təhvil verilməsi qərara alınmışdır.

Cinayət işi üzrə şahid E.Axundovun həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyun 2021-ci il tarixli qərarı ilə E.Axundovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət Kollegiyası) 12 noyabr 2021-ci il tarixli qərarı ilə E.Axundovun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 386.1 və 383-cü maddələrində cinayət prosesində şahidin apellyasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır.

E.Axundov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi hesab edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 2.1, 2.2, 10.1 və 12.3-cü maddələrinin tələblərinin nəzərə alınmaması, həmçinin həmin Məcəllənin 386.1 və 383-cü maddələrinin hərfi mənada tətbiq edilməsi onun Konstitusiyanın 26-cı maddəsinin I hissəsindən və 60-cı maddəsinin I hissəsindən irəli gələn hüquq və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılması ilə nəticələnmişdir.

Şikayətdə o da göstərilmişdir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2 iyul 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə mübahisəli obyektlər üzərində ilk olaraq E.Axundovun mülkiyyət hüquqları tanındığı halda, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə həmin qeyri-yaşayış sahələrinin Q.İbrahimovun sahibliyinə və istifadəsinə təhvil verilməsi nəticəsində onun Konstitusiyanın 29-cu maddəsində təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur.

Ərizəçi şikayətində həmçinin bildirmişdir ki, Ali Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərarının  qüvvəyə minməsindən sonra pozulmuş əmlak hüquqlarının bərpa edilməsi üçün mövcud qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual vasitələrdən istifadə etmək məqsədilə Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə uyğun olaraq Ali Məhkəməyə müraciət etmiş, lakin Ali Məhkəmənin 6 dekabr 2022-ci il tarixli qərarı ilə məsələ digər əsaslar üzrə araşdırılıb qiymətləndirilərək təqdimatın verilməsindən imtina olunmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu birinci instansiya məhkəməsinin hökmü ilə hüquq və qanuni maraqlarına toxunulduğunu iddia edən E.Axundovun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatından  kənar qaldığını və bunun, ilk növbədə, qanunvericilikdə müvafiq tənzimetmənin olmamasından irəli gəldiyini nəzərə alaraq, mövcud vəziyyətdə Ali Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli Qərarının Konstitusiyanın 60-cı maddəsinin tərkib hissəsi olan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından Konstitusiyaya uyğunluğunun yoxlanılmasını mümkün hesab edir.

Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Qeyd olunmalıdır ki, Əsas Qanunda demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir (Konstitusiyanın 25, 28, 32, 33, 60, 61, 63, 65, 66, 67, 125 və 127-ci maddələri). Cinayət prosesi iştirakçılarının hüquqları da Konstitusiyada təsbit edilmiş əsas prinsiplərdən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən cinayət mühakimə icraatının prinsiplərindən irəli gəlir. Həmin prinsiplər öz aralarında ayrılmaz əlaqədədir və cinayət icraatının məqsədlərinə nail olmaq üçün eyni zəruri olan hüquqi başlanğıcların vahid məcmusunu formalaşdırırlar.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən  ədalət mühakiməsini də nəzərdə tutur.

Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində öz əksini tapmışdır.

Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Beləliklə, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir.

Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə  müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini  nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may,  “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il 25 fevral tarixli Qərarları).

O da xüsusilə qeyd edilməlidir ki, qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunulan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr  müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli Qərarı).

Məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5  avqust  tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, şikayət hər bir şəxs, o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış, bir tərəfdən hüquqların pozulmasına dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək,  digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Məhz buna görə də digər müraciət növlərindən fərqli olaraq şikayətin əsasında pozulmuş hüququn bərpası barədə müraciət dayanır.

O da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qərarına (hökmünə) apellyasiya qaydasında yenidən baxılması məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi çıxış edir.

Bu növ icraatda  məhkəməyədək və ya birinci instansiya məhkəməsində icraat zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymət verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində buraxılmış məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarı).

Şikayətdən və işin materiallarından göründüyü kimi, apellyasiya və kassasiya instansiyaları məhkəmələri E.Axundovun şikayətini rədd edərkən onun cinayət işi üzrə icraatda məhz şahid kimi iştirak etməsinə və şahidin birinci instansiya məhkəməsinin hökmündən şikayət vermək hüququnun olmamasına istinad etmişlər.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, qeyd etməyi vacib hesab edir ki, E.Axundovun şikayətini rədd edən apellyasiya və kassasiya instansiyası məhkəmələri onun iş üzrə şahid qismində həyata keçirmiş olduğu prosessual funksiyanın icrası ilə bağlı şikayət etmədiyini, birinci instansiya məhkəməsinin hökmü ilə ərizəçinin hüquq və qanuni maraqlarına toxunulduğunun iddia edildiyini nəzərə almamışlar.

Cinayət prosesində iştirak edən digər şəxs olaraq şahidin hüquqi vəziyyəti isə Cinayət-Prosessual Məcəlləsinin 95-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddə Məcəllənin “Cinayət prosesində iştirak edən digər şəxslər” adlanan X fəslinə daxil edilmişdir. Qeyd edilən maddədə şahidin cinayət prosesini həyata keçirən vəzifəli şəxslərin qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququ birbaşa göstərilməsə də, Məcəllənin 95.6.12-ci maddəsində onun bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək  hüququ müəyyən edilmişdir.

Nəzərə alınmalıdır ki, cinayət prosesində iştirak edən digər şəxslər kateqoriyasına şahidlə yanaşı, hal şahidi, mütəxəssis, ekspert, məhkəmə iclas katibi və tərcüməçi aiddir (Cinayət-Prosessual Məcəlləsinin 7.0.29-cu maddəsi). Bu şəxslər Cinayət-Prosessual Məcəlləsinin 7.0.18-ci maddəsi ilə dairəsi müəyyən edilən cinayət prosesinin iştirakçıları hesab edilmirlər. Cinayət prosesinin iştirakçıları dedikdə, məhz ittiham və müdafiə tərəflərini təmsil edən təhqiqatçı, müstəntiq, prokuror, habelə zərərçəkmiş şəxs, şübhəli və ya təqsirləndirilən şəxs və digərləri nəzərdə tutulur.

Məlum olduğu kimi, apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin olduğu halda mümkündür və belə şikayətlə müraciət etmək hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsi ilə müəyyən edilmişdir. Qanunverici apellyasiya şikayəti vermək hüququ olan şəxsləri yalnız cinayət prosesinin tərəfləri, yəni cinayət prosesinin iştirakçıları ilə məhdudlaşdırmışdır ki, bu da birinci instansiya məhkəməsinin hökmü ilə hüquq və qanuni maraqlarına toxunulmuş cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) pozulmuş hüquqlarının müdafiəsi imkanından kənar qalması ilə nəticələnir.

Konstitusiya Məhkəməsi Plenumunun S.Xəlilov və Ə.İbrahimovun şikayəti üzrə 2016-cı il 13 iyul tarixli Qərarında qeyd edilmişdir ki, konstitusiya hüquqlarının həyata keçirilməsinin təmin edilməsi üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ziyan vurulmuş prosessual statusa malik şəxslərin, o cümlədən zərər çəkmiş şəxsin yalnız formal prosessual vəziyyəti deyil, həm də onun faktiki vəziyyəti nəzərə alınmalıdır. Belə yanaşma, məhkəmələrdən işin tam və hərtərəfli həll edilməsi üçün bütün halların araşdırılmasını, o cümlədən hər hansı proses iştirakçısının baxılan cinayət işi üzrə statusu ilə bağlı irəli sürdüyü dəlillərinə dair əsaslandırılmış qərar qəbul edilməsini tələb edir.

Cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunulan şəxsin statusunun səciyyəvi əlamətləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, belə şəxslər məhkəmədə baxılan iş üzrə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarı ilə onların hüquq və qanuni maraqlarına toxunulması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual marağının olması ilə xarakterizə olunurlar (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar).

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, cinayət prosesinin iştirakçısı (tərəfi) olmayan və məhkəmə qərarı ilə hüquq və azadlıqları pozulan yaxud üzərinə əlavə öhdəliklər qoyulan şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidirlər (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərar).

Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə istinadən də hesab etmişdir ki, məhkəmə hökmü ilə maraqlarına toxunulan şəxsin apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi, həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.

Qeyd edilən maddəyə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktı cinayət prosesində iştirak edən digər şəxs olaraq şahidin hüquq və qanuni maraqlarına toxunduğu halda, həmin aktdan şikayət vermək hüququnun normativ qaydada müəyyən edilməməsi səbəbindən, belə şikayətə yol verilməməsi məhkəmə baxışının ədalətli hesab edilməsini istisna edir. Belə ki, həmin şəxslər bu zaman pozulmuş hüquqlarının bərpası üçün təsirli vasitələrə təmin edilməmiş olurlar.

Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki Qərarlarında cinayət prosesi üzrə qəbul edilmiş məhkəmə aktı ilə hüquq və qanuni maraqlarına toxunulmuş şəxslərin məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından həmin aktı mübahisələndirmək imkanının tanınması ilə bağlı müvafiq dəyişikliklərin edilməsi üçün qanunverici orqana tövsiyələr etmişdir.

Əks yanaşma məhkəmə müdafiəsi hüququ ilə bağlı konstitusiya prinsiplərinin, cinayət-prosessual qanunvericiliyinin bir sıra prinsiplərinin, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

Təsadüfi deyildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) öz presedent hüququnda dəfələrlə qeyd edib ki, Konvensiyanın 6-cı maddəsi milli səviyyədə Konvensiya ilə təsbit edilmiş maddi hüquq və azadlıqların həyata keçirilməsinin hüquqi müdafiəsinin əlçatanlığını təmin edir və milli hüquq sistemində təmin olunmasının formasından asılı olmayaraq hüquq müdafiə vasitələri səmərəli olmalı, yəni ehtimal olunan pozuntunun qarşısını almalı və ya ona son qoymalıdır, habelə artıq yol verilmiş pozuntuya görə adekvat kompensasiya verilməlidir (Kudla Polşaya qarşı iş üzrə 2000-ci il 26 oktyabr, Klyaxin Rusiyaya qarşı iş üzrə 2004-cü il 30 noyabr tarixli Qərarlar).

Cinayət prosesi üzrə qəbul edilmiş məhkəmə aktı  hüquq və qanuni maraqlarına toxunduğu halda digər şəxslərin həmin aktdan şikayət vermək hüququ bir sıra ölkələrin müvafiq qanunvericiliyində də nəzərdə tutulmuşdur. Məsələn, Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun 27 noyabr 2012-ci il tarixli 26 nömrəli "Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatı tənzimləyən normalarının tətbiqi haqqında" Qərarının 2-ci bəndinə əsasən, məhkəmələrə izah olunmuşdur ki, Cinayət-Prosessual Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin,  127-ci maddəsinin 1-ci hissəsinin, 389.1-ci maddəsinin,  389.2-ci maddəsinin 1-ci hissəsinin, 401-ci maddəsinin 1-ci hissəsinin, 444-cü maddəsinin, 463-cü maddəsinin 9-cu hissəsinin müddəaları nəzərə alınmaqla, cinayət işi üzrə cinayət prosesinin bütün iştirakçılarının, o cümlədən digər şəxslərin yalnız onların hüquqlarına və qanuni mənafelərinə toxunduğu hissədə qəbul edilmiş məhkəmə qərarlarından şikayət vermək hüququ vardır.

Beləliklə, məhkəmə aktlarına yenidən baxılmasının mümkünlüyünü tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsi hazırkı redaksiyada mübahisələndirilən məhkəmə aktı cinayət prosesində iştirak edən digər şəxslərin, o cümlədən şahidlərin hüquq və qanuni maraqlarına toxunduğu halda, ədalət prinsipi əsasında təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsini təmin etmir.

Avropa Məhkəməsinin Puaro (Poirot) Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, prosessual normaları həddən artıq formal şəkildə tətbiq etməklə apellyasiya şikayətinin qəbul edilməməsi ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasibdir.

Avropa Məhkəməsi Eşinqdeyn (Ashıngdane) Birləşmiş Krallığa qarşı iş üzrə 1985-ci il 28 may tarixli Qərarında öz əvvəlki hüquqi mövqelərinə istinad edərək göstərmişdi ki, məhkəməyə müraciət etmək hüququ qeyd-şərtsiz deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə fərqli ola bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər əlçatanlıqla bağlı hüququn mahiyyətini pozacaq qədər məhdudlaşdırılmamalı və azaldılmamalıdır. Bundan əlavə, əgər o qanuni məqsəd güdmürsə və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan nisbət yoxdursa, həmin məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun gəlməyəcək.

Qeyd olunmalıdır ki, 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə gücləndirilməli olan tədbirlər sırasında məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi və məhkəmə icraatının effektivliyinin yüksəldilməli olduğu göstərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

Qeyd olunmalıdır ki, cinayət prosesində iştirak edən, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə maraqlarına toxunulan şəxslərin apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq,  məhkəməyə müraciət etməsi üçün müddətlərin axımının müəyyən edilməsi məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsinin təmin edilməsi baxımından zəruridir.

Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsində müəyyən edilən apellyasiya şikayətinin verilmə müddətlərinin başlanğıcının müəyyənləşdirilməsi də həlledici əhəmiyyət kəsb edir.

Şəxs bir qayda olaraq hüquq pozuntusunun baş verdiyi vaxtdan öz hüququnun pozulmasını bilir və yaxud bilməlidir. Bu səbəbdən Cinayət-Prosessual Məcəlləsinin 384-cü maddəsində müəyyən edilən müddətlərin başlanğıcı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) öz hüquqlarının pozulmasını bildiyi və yaxud bilməli olduğu gün ilə əlaqələndirilməlidir.

Nəzərə alınmalıdır ki, qanunvericilikdə boşluq müvafiq normanın mövcud olmamasını nəzərdə tutmaqla son nəticədə Əsas Qanunda təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün məhdudiyyət yarada bilər. Bu boşluq mahiyyətcə qeyri-konstitusion norma ilə eyni hüquqi nəticəyə malikdir və onun aradan qaldırılması ümumi qaydada qanunvericinin funksiyasına (səlahiyyətinə) aid olsa da, həmçinin konstitusiya məhkəmə icraatı vasitəsi ilə aradan qaldırıla bilər.

 Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə uyğun olmayan hesab edilməlidir.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır;

- Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək  birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilməlidir;

- E.Axundovun  apellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 12 noyabr  2021-ci il tarixli qərarı Konstitusiyanın 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində istinad olunan əvvəlki hüquqi mövqelərinə və Cinayət-Prosessual Məcəlləsinin 2.1, 2.2, 10.1, 12.3 və 416.1.20-ci maddələrinə uyğun olmayan hesab edilməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34, 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

  

QƏRARA  ALDI: 

 

1.               Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun nəzərdə tutulmaması Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə uyğun olmayan hesab edilsin.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 383 və 384-cü maddələrində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququnun və müvafiq olaraq məhkəməyə müraciət edilməsi üçün müddətlərin axımının hesablanması qaydalarının müəyyən edilməsinə dair müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

2.               Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək  birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərar ilə hüquq və qanuni maraqlarına toxunulan cinayət prosesində iştirak edən digər şəxslərin (şahidin) apellyasiya şikayəti vermək hüququ təmin edilsin.

3.               E.Axundovun  apellyasiya şikayətinin verilməsinin mümkünlüyünə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində istinad olunan əvvəlki hüquqi mövqelərinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.1, 2.2, 10.1, 12.3 və 416.1.20-ci maddələrinə uyğun olmayan hesab edilsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

4.               Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5.               Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.               Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

   

Sədr                                                                                           Fərhad Abdullayev