Decisions

24.07.23. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair

 

         

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair

 

 

24 iyul 2023-cü il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Gəncə Şəhər Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis  mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının professoru, hüquq elmləri doktoru M.Dəmirçiyevanın və Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Gəncə Şəhər Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 332.1-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci maddəsi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 33.1 və 33.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.  

Müraciətdən görünür ki, 2 noyabr 2022-ci il tarixində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs nəqliyyat vasitəsində olmadan və etibarnaməsiz avtomobilin idarə edilməsinə görə A.Səfərov barəsində Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru tərəfindən protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə cərimə olunmuşdur.

A.Səfərov həmin qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət vermişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi birgə nikah dövründə əldə olunmuş avtomobilin arvadı G.Səfərovanın adına qeydiyyata alındığını bildirməklə nikah haqqında şəhadətnaməni Yol Patrul Xidmətinin inspektoruna təqdim etmiş, lakin bu sənəd onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinin qarşısını ala bilməmişdir.

Göstərilənlərə əsasən, A.Səfərov  Ailə Məcəlləsinin 33.1-ci və Mülki Məcəllənin 225-ci maddələrinə istinad edərək məhkəmədən qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir.

İşə baxılarkən müəyyən olunmuşdur ki, müvafiq qanunvericilik normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsində müxtəlif yanaşmalar mövcuddur.

Yanaşmalardan birinə görə, nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir.

Digər yanaşmaya əsasən isə ər-arvadın Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə müvafiq olaraq nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin birgə mülkiyyətçiləri olması etibarnamənin tələb edilməsini istisna edir və müraciətə səbəb olan halda İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yol hərəkəti haqqında” Qanun) 37-ci maddələrinə istinad edərək əlavə olaraq etibarnamənin tələb edilməsi  Ailə  və Mülki Məcəllələrinin qeyd olunan maddələri ilə uzlaşmır.

Belə ki, ər-arvaddan birinin adına nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti olması prezumpsiyası mövcuddur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə isə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

Müraciətedən hesab edir ki, sadalanan normalarda ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun qarşılıqlı razılıq əsasında həyata keçirilməsi müəyyən edilmiş, həmin razılığın forması ilə bağlı isə qanunvericilikdə hər hansı tələb irəli sürülməmişdir (Ailə Məcəlləsinin 33.4-cü maddəsindəki hal istisna edilməklə).

Müraciətedənin qənaətinə görə, qanunverici rəsmi reyestrdə qeydə alınmalı daşınar əmlaka yalnız sərəncam verildikdə razılığın xüsusi formasını nəzərdə tutmuşdur. Belə əmlaka sahiblik və istifadə hüququnun həyata keçirilməsi zamanı isə digər tərəfin razılığının olmasını ehtimal etməyi qadağan edən norma mövcud deyildir.

Bundan başqa, Yol Patrul Xidməti əməkdaşının nəqliyyat vasitəsini saxlayarkən sürücü nikah haqqında şəhadətnaməni təqdim etdikdən sonra həmin daşınar əmlakın nikah dövründə əldə edildiyini gördüyü halda, həmin nəqliyyat vasitəsinin ər-arvadın birgə qazancı hesabına əldə olunmadığını və ya onların arasında başqa şərtlərlə  nikah müqaviləsinin olduğunu, yaxud ər-arvad arasında razılıq olmadığını ehtimal edərək sürücünü inzibati məsuliyyətə cəlb etməsi İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd edilən təqsirsizlik prezumpsiyası prinsipi ilə uzlaşmır.

Gəncə Şəhər Məhkəməsi qeyd edilən mübahisəli məqamlara aydınlıq gətirilməsi, vahid hüquq tətbiqetmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.

İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.

Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Məcəllənin 12-ci maddəsində inzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi ifadə olunmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:  inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi).

Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin  baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər.

İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə məsuliyyət müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd edilən maddədə nəzərdə tutulmuş əməlin subyektinin müəyyən edilməsi üçün, ilk növbədə, həmin maddədə öz əksini tapmış “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” anlayışının kimləri ehtiva etməsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Konstitusiya ilə təsbit edilmiş hər kəsin təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi, mülkiyyət hüququnun  qorunması məqsədi ilə qanunverici yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrinin istismarının, yol hərəkətinin xüsusi qaydalarını təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 19 may tarixli Qərarı).

“Yol hərəkəti haqqında” Qanunun 2-ci maddəsi ilə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsasları və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqları və vəzifələri müəyyən edilir.

Qanunun nəqliyyat vasitələrinin dövlət qeydiyyatını tənzimləyən 27-ci maddəsində göstərilmişdir ki, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.

Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi haqqında məlumatları təsdiq edən vahid sənəddir.

Həmin Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir.

Fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə göstərilmişdir.

Ümumi mülkiyyət hüququ ilə bağlı qeyd edilməlidir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1-213.3-cü maddələri).

Qanunverici ər-arvadın mülkiyyətinin iki hüquqi rejimini - ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyətini müəyyən etmişdir. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri kimi müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsi göstərilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Göstərilənlər nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün onların ümumi mülkiyyət hüququ haqqında şəhadətnamənin sürücünün yanında olmasını tələb edir.

Nəzərə alınmalıdır ki, sözügedən sənədin əldə edilməsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələri ilə tənzimlənir. 

Qanunvericiliyin tələbinə görə, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.

Ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir.

Sadalanan maddələrin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq, həmin Məcəllənin 96.1.1, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.

“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndinə  əsasən isə ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur.

Eyni zamanda, mülki qanunvericilikdə əks olunmuş etibarnamə inistutu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib bilir.

Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etməyərək bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.

Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (Mülki Məcəllənin 362.1 və 362.2-ci maddələri).

Mülki Məcəllənin 359.3-cü maddəsinə uyğun olaraq, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün  etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır;

- İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin  etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin  etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

   

 

 

Sədr                                                                                             Fərhad Abdullayev