AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə
şərh olunmasına dair
24 iyul 2023-cü il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Gəncə Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini,
maraqlı subyektlər Gəncə Şəhər Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İqtisadi qanunvericilik şöbəsinin mülahizələrini, Azərbaycan
Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
mütəxəssis mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının
professoru, hüquq elmləri doktoru M.Dəmirçiyevanın və Konstitusiya hüququ
kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəylərini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Gəncə Şəhər Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan
sonra – İnzibati Xətalar Məcəlləsi) 332.1-ci maddəsinin Azərbaycan Respublikası
Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci maddəsi və Azərbaycan
Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 32.1, 33.1 və
33.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, 2 noyabr 2022-ci il
tarixində nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs nəqliyyat vasitəsində
olmadan və etibarnaməsiz avtomobilin idarə edilməsinə görə A.Səfərov barəsində
Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin
inspektoru tərəfindən protokol tərtib edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin
332.1-ci maddəsi ilə cərimə olunmuşdur.
A.Səfərov həmin qərardan Gəncə Şəhər Məhkəməsinə
şikayət vermişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə
etdiyi birgə nikah dövründə əldə olunmuş avtomobilin arvadı G.Səfərovanın adına
qeydiyyata alındığını bildirməklə nikah haqqında şəhadətnaməni Yol Patrul Xidmətinin
inspektoruna təqdim etmiş, lakin bu sənəd onun barəsində inzibati xəta haqqında
protokolun tərtib edilməsinin qarşısını ala bilməmişdir.
Göstərilənlərə əsasən, A.Səfərov Ailə Məcəlləsinin 33.1-ci və Mülki Məcəllənin
225-ci maddələrinə istinad edərək məhkəmədən qeyd olunan qərarın ləğv edilməsini
xahiş etmişdir.
İşə baxılarkən müəyyən olunmuşdur ki, müvafiq
qanunvericilik normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsində müxtəlif
yanaşmalar mövcuddur.
Yanaşmalardan birinə görə, nəqliyyat vasitəsini
etibarnaməsiz idarə edən şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə
inzibati məsuliyyətə cəlb edilməlidir.
Digər yanaşmaya əsasən isə ər-arvadın Mülki Məcəllənin
225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə müvafiq olaraq nikah dövründə
əldə etdikləri nəqliyyat vasitəsinin birgə mülkiyyətçiləri olması etibarnamənin
tələb edilməsini istisna edir və müraciətə səbəb olan halda İnzibati Xətalar Məcəlləsinin
332.1-ci və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra – “Yol hərəkəti haqqında” Qanun) 37-ci maddələrinə istinad edərək əlavə
olaraq etibarnamənin tələb edilməsi Ailə və Mülki Məcəllələrinin qeyd olunan maddələri
ilə uzlaşmır.
Belə ki, ər-arvaddan birinin adına nikah dövründə
əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti olması prezumpsiyası
mövcuddur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində
ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın
ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı
razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.2-ci maddəsinə görə isə
ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində
sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o,
digərinin razılığı ilə hərəkət edir.
Müraciətedən hesab edir ki, sadalanan
normalarda ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam
hüququnun qarşılıqlı razılıq əsasında həyata keçirilməsi müəyyən edilmiş, həmin
razılığın forması ilə bağlı isə qanunvericilikdə hər hansı tələb irəli sürülməmişdir
(Ailə Məcəlləsinin 33.4-cü maddəsindəki hal istisna edilməklə).
Müraciətedənin qənaətinə görə, qanunverici rəsmi
reyestrdə qeydə alınmalı daşınar əmlaka yalnız sərəncam verildikdə razılığın
xüsusi formasını nəzərdə tutmuşdur. Belə əmlaka sahiblik və istifadə hüququnun
həyata keçirilməsi zamanı isə digər tərəfin razılığının olmasını ehtimal etməyi
qadağan edən norma mövcud deyildir.
Bundan başqa, Yol Patrul Xidməti əməkdaşının
nəqliyyat vasitəsini saxlayarkən sürücü nikah haqqında şəhadətnaməni təqdim
etdikdən sonra həmin daşınar əmlakın nikah dövründə əldə edildiyini gördüyü
halda, həmin nəqliyyat vasitəsinin ər-arvadın birgə qazancı hesabına əldə
olunmadığını və ya onların arasında başqa şərtlərlə nikah müqaviləsinin olduğunu, yaxud ər-arvad
arasında razılıq olmadığını ehtimal edərək sürücünü inzibati məsuliyyətə cəlb
etməsi İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd edilən təqsirsizlik
prezumpsiyası prinsipi ilə uzlaşmır.
Gəncə Şəhər Məhkəməsi qeyd edilən mübahisəli
məqamlara aydınlıq gətirilməsi, vahid hüquq tətbiqetmə təcrübəsinin
formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına
gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə
bağlı aşağıdakıları qeyd edir.
İnzibati xətalar qanunvericiliyinin vəzifələri
insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin
sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin
iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,
idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların
qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).
İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə
görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi,
qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik
və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq
olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq
edilir.
İnzibati xəta törətmiş şəxs haqqında tətbiq
edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi
hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun
olmalıdır (İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi).
İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən,
yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli
hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli
(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
Məcəllənin 12-ci maddəsində inzibati xəta bu
Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli
sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb
olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi ifadə olunmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi
vacib hesab edir ki, inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və
ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin
əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə
təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə
inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir.
Belə ki, İnzibati Xətalar
Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta
tərkibi olmadığı halda inzibati xətalar haqqında işlər üzrə icraat
başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
Bu mövqenin məntiqi davamı olaraq
qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən
edilməlidir: inzibati xəta hadisəsi;
inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati
məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində
vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə
icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar,
habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar
Məcəlləsinin 75-ci maddəsi).
Qeyd olunan normaya əməl edilməməsi təqsirli
olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən
kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar
qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına
hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik
prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin
pozulmasına səbəb ola bilər.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd edilən maddədə nəzərdə tutulmuş əməlin subyektinin müəyyən edilməsi üçün, ilk növbədə, həmin
maddədə öz əksini tapmış “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs”
anlayışının kimləri ehtiva etməsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb
edir.
Konstitusiya ilə təsbit edilmiş hər kəsin təhlükəsiz
və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi, mülkiyyət
hüququnun qorunması məqsədi ilə
qanunverici yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrinin istismarının,
yol hərəkətinin xüsusi qaydalarını təsbit etmişdir (Konstitusiya Məhkəməsi
Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci
maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri
ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 19 may tarixli Qərarı).
“Yol hərəkəti haqqında” Qanunun 2-ci maddəsi
ilə yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini
təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə
bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə
və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması
və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin
hüquqi əsasları və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının
hüquqları və vəzifələri müəyyən edilir.
Qanunun nəqliyyat vasitələrinin dövlət
qeydiyyatını tənzimləyən 27-ci maddəsində göstərilmişdir ki, qeydiyyat üzrə
daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin
dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.
Nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin
qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun
hüdudlarından kənarda yol hərəkətində olan nəqliyyat vasitəsi və onun sahibi
haqqında məlumatları təsdiq edən vahid sənəddir.
Həmin Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər
müəyyən edilmişdir.
Fərdi nəqliyyat vasitəsinin
sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında
sürücünün icarə və ya digər əşya hüquqlarına dair
müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş
qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət
hüququna dair şəhadətnamə göstərilmişdir.
Ümumi mülkiyyət hüququ ilə
bağlı qeyd edilməlidir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara
ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda
mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya
belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət
yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir
(Mülki Məcəllənin 213.1-213.3-cü maddələri).
Qanunverici ər-arvadın
mülkiyyətinin iki hüquqi rejimini - ər-arvadın ümumi birgə mülkiyyəti və
onların hər birinin şəxsi mülkiyyətini müəyyən etmişdir. Ər-arvadın ümumi birgə
mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi
halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri kimi
müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsi göstərilməlidir.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri
baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il
23 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, nikaha daxil
olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya
vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın
hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət
əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah
zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin
istifadəsində olubsa, ona məxsusdur.
Göstərilənlər nəqliyyat vasitəsinin
ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün onların ümumi
mülkiyyət hüququ haqqında şəhadətnamənin sürücünün yanında olmasını tələb edir.
Nəzərə alınmalıdır ki,
sözügedən sənədin əldə edilməsi “Notariat haqqında” Azərbaycan Respublikası
Qanununun 61 və 62-ci maddələri ilə tənzimlənir.
Qanunvericiliyin tələbinə
görə, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya
hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət
hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm
nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.
Ər-arvadın nikah dövründə
əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə
olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə
ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu
sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın
bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah
münasibətlərinin olmasını təsdiqləyir.
Sadalanan maddələrin
əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar
Məcəlləsinin 332-ci maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq, həmin Məcəllənin
96.1.1, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud
etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında
nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.
“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin
I hissəsinin 1-ci bəndinə əsasən isə ər-arvadın
nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı
halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur.
Eyni zamanda, mülki qanunvericilikdə əks
olunmuş etibarnamə inistutu ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakıları qeyd etməyi vacib bilir.
Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə
bağlanmasını istisna etməyərək bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.
Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd
təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə,
qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının
aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd
təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və
onlara xitam verir.
Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik
üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd
bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər
(Mülki Məcəllənin 362.1 və 362.2-ci maddələri).
Mülki Məcəllənin 359.3-cü maddəsinə uyğun
olaraq, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında
investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu
şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının
realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil
olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud
qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı
münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar
əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə
edilməsi üçün etibarnamənin olması ilə
bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının
təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat
vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün
etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır;
- İnzibati Xətalar Məcəlləsinin
və “Yol hərəkəti haqqında” Qanunun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək,
nəqliyyat vasitəsinə
sahiblik hüququ olan şəxsin nəqliyyat
vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın
ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin
Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları
qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində
olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın
ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin
Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi
dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev