Decisions

10.07.23 "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü mad. Azərbaycan Respublikası İPM-in 131 və 132-ci mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

10 iyul 2023-cü il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Banklar Assosiasiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq  fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Banklar haqqında” Qanun)  81.1 və 81.3-cü maddələrinin və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 131 və 132-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra Mərkəzi Bank) ilə “Bank Standard” Kommersiya Bankı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – “Bank Standard” KB QSC arasında 22 may 2014-cü il və 25 sentyabr 2014-cü il tarixli kredit müqavilələri bağlanmışdır.

Həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq “Azərtəkrarqarametal” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “Azərtəkrarqarametal” ASC) məxsus müəssisə 3 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. Həmçinin 22 may 2014-cü il və 25 sentyabr 2014-cü il tarixli girov müqavilələrinə əsasən “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “Baku Steel Company” MMC) məxsus 843 113 ədəd sənədsiz adlı səhm Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə “Bank Standard” KB QSC  müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.

Kredit müqavilələri üzrə öhdəlik pozulduğundan Mərkəzi Bank ləğvetmədə olan borclu bankın - “Bank Standard” KB QSC-nin kreditoru kimi qeydə alınmış tələblərinin təminatı olaraq tutmanın ipoteka ilə yüklü edilmiş, “Azərtəkrarqarametal” ASC və “Baku Steel Company” MMC-yə məxsus əmlaka yönəldilməsi məqsədilə, ləğv edilmiş bankın iflası prosesinə nəzarəti həyata keçirən apellyasiya instansiyası məhkəməsinə işə birinci instansiya qaydasında baxılması üçün iddia ərizəsi vermişdir.

İşə baxarkən apellyasiya instansiyası məhkəməsi bu xarakterli tələblərə məhkəmələr tərəfindən mülki (iddia icraatı) icraat qaydasında və ya “Banklar haqqında” Qanuna əsasən ləğvetmə prosesi çərçivəsində baxılmalı olması ilə bağlı fikir ayrılığının olduğunu müəyyən etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, əvvəllər müvafiq işlərə mülki (iddia) icraatı qaydasında baxılırdısa, hazırda kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə tələblərə “Banklar haqqında” Qanuna əsasən ləğvetmə prosesi çərçivəsində baxılmalıdır. Belə ki, qanunvericilik ləğvetmə prosesində olan banka qarşı tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı xüsusi prosedur müəyyən etmişdir ki, bu da həmin işlərə mülki icraat qaydasında baxılmasını istisna edir.

Bakı Apellyasiya Məhkəməsi qanunvericilik normalarının tətbiqi ilə bağlı mövcud qeyri-müəyyənliyin aradan qaldırılması və vahid təcrübənin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət olunması qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Öhdəliklərin icrasının əsas təmini üsullarından olan girov və  ipoteka hüququnun anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269-cu maddəsində verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka) saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 19 aprel tarixli Qərarında vurğulanmışdır ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır.

Bu isə onu ifadə edir ki, əsas öhdəlik pozulduğu təqdirdə, kreditor ipoteka (girov) saxlayan olaraq ipoteka (girov) predmetini satdıraraq əldə edilmiş vəsait hesabına borcun qarşılanmasını tələb etməkdə haqlıdır.

Nəzərə alınmalıdır ki, ipoteka (girov) müqaviləsi ilə yalnız əsas müqavilə üzrə borclunun deyil, əsas öhdəliyin tərəfi olmayan üçüncü şəxslərin də mülkiyyətində olan əmlakın əsas öhdəliyin icrasının təmin edilməsi məqsədilə yüklü edilməsi  mümkündür. Mülki Məcəllənin 271.2-ci maddəsinə əsasən, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər.

Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanun) 33.1-ci maddəsinə əsasən, pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Yenidən maliyyələşdirmə kreditləri dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır.

Göstərilən normaların məzmunundan aydın olur ki, Mərkəzi Bank mütləq olaraq müxtəlif aktivlərin, o cümlədən üçüncü şəxslərə məxsus əmlakın ipoteka (girov) ilə yüklü edilməsi hesabına icrasını təminat altına almaq şərtilə, kredit müqavilələrini bağlamaqla kredit təşkilatlarının yenidən maliyyələşdirilməsini həyata keçirmək səlahiyyətindədir.

Sorğuda qaldırılan məsələ də məhz bu kimi hallarda kredit müqaviləsi üzrə borclu kredit təşkilatı (hazırkı iş üzrə - “Bank Standard” KB QSC) müflis elan edilərsə, Mərkəzi Bankın üçüncü şəxslərə məxsus olan  ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə bağlı tələbinin hansı icraat qaydasında (prosessual qaydada) baxılmalı olması ilə bağlıdır.

Bununla əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Qanunla müəyyən edilmişdir.

Həmin Qanunun 61-ci maddəsində bankın ləğvi əsaslarından biri olaraq müflis elan edilməsi halında iflas proseduruna başlanılmasının əsasları müəyyən edilmişdir. Bu əsaslar bankın maliyyə (kapital) çatışmazlığının olması, habelə maliyyə öhdəliklərini icra edə bilməməsi ilə bağlıdır.

“Banklar haqqında” Qanunun 68-ci maddəsinə görə, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.

Həmin Qanunun 72-ci maddəsində nəzərdə tutulmuşdur ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan:

- banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;

- bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür və s.

Maddədən göründüyü kimi, müflis elan edilməsi ilə məhz həmin banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər iflas proseduru çərçivəsində irəli sürülür.

“Banklar haqqında" Qanunun 71-ci maddəsinə uyğun olaraq, bankın müflis elan edilməsi halında ləğvedici  funksiyasını Əmanətlərin Sığortalanması Fondu həyata keçirir.

Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar  haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2017 ci il 13 iyun tarixli Qərarında qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir.

“Banklar haqqında” Qanunun 76-82-ci və 87-ci maddələri ilə bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, “Banklar haqqında” Qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlərin realizə qaydası tənzimlənir. Həmin normaya əsasən, aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır:

- qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir;

-  bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir;

- Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.

 Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivləri açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.  Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.

“Banklar haqqında" Qanunun 81.4-cü maddəsinə müvafiq olaraq, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir.

Lakin, ləğv prosesində olan bankın öhdəlikləri üzrə üçüncü şəxslər tərəfindən ipoteka (girov) qoyulmuş əmlakın realizə edilməsi yuxarıda göstərilən qaydadan fərqləndirilməlidir. Qeyd edilməlidir ki, “Banklar haqqında” Qanunun məhz yuxarıda məzmunu açıqlanan normalarına, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2017-ci il 13 iyun tarixli Qərarına istinadən yanlış olaraq hazırda müraciətdə göstərilən müvafiq işlərə mülki (iddia) icraat qaydasında deyil, iflas proseduru çərçivəsində baxılmalı olduğu qənaətinə gəlinir. Halbuki nəzərə alınmalıdır ki, həmin işlər üzrə ipoteka (girov) predmetləri müflis elan edilərək iflas proseduruna başlanmış kredit təşkilatlarına məxsus əmlak deyil, üçüncü şəxslərə məxsus əmlak olduğundan, borclu banka deyil, üçüncü şəxslərə məxsus ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi ilə bağlı tələblərə iflas proseduru çərçivəsində baxılması yolverilməzdir.

Qanunverici ləğv prosesində olan bankın öhdəlikləri üzrə girovda (ipotekada) olan, məhz həmin banka məxsus aktivlərin və bankın tələblərinin təminatı olan, üzərində həmin bankın ipoteka (girov) hüququ olan aktivlərin bankın ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsini müəyyən edərək, satışının həyata keçirilməsini də sonuncuya həvalə etmişdir.

Burada xüsusilə nəzərə almaq lazımdır ki, ləğv prosesində olan bankın üzərində hər hansı əşya hüququ (mülkiyyət və ya məhdud əşya hüququ) olmayan, üçüncü şəxslərə məxsus əmlakın (ipoteka və ya girov predmetinin) iflas prosesinə başlanılmış bankın qanuni təmsilçisi olan Əmanətlərin Sığortalanması Fondunun sərəncamına verilməsi və realizəsi səlahiyyətinin sonuncuya məxsus olması kimi dəyərləndirilməsi həmin normaların hüquqi məqsəd və təyinatından kənar olmaqla, üçüncü şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olar.

Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın satdırılmasını tələb edərək əldə olunmuş vəsait hesabına pozulmuş mənafeyini təmin etsin. Bu halda ipoteka (girov) predmetinin realizəsi qaydası Mülki Məcəllənin 296-cı və “İpoteka haqqında” Qanunun 36-39-cu maddələri ilə tənzimlənir.

Mülki Məcəllənin 317.1-ci maddəsinə görə də, yalnız ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən,  əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Odur ki, borclu bank tərəfindən öhdəlik pozulduğu halda, kreditor olaraq Mərkəzi Bank mənafeyinin təmin olunması üçün üçüncü şəxslərə məxsus ipoteka predmetinə məcburi qaydada (zərurət olduğu halda) tutmanın yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər və belə tələblər üzrə işlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə baxılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu 2017-ci il 13 iyun tarixli Qərarında onu da göstərmişdir ki,  iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar (məsələn, müqavilələrin tam və ya qismən etibarsızlığı, dəyişdirilməsi, hesablanmış borcun əsassız hesab edilməsi və s. tələblər) üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2022-ci il 17 yanvar Qərardadında da qeyd edilmişdir ki, ləğvetmə prosesində olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürüldüyü təqdirdə, bu cür tələblərə (ləğvedicinin müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmaqla və qanunvericiliklə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirmək və müvafiq vəzifələri daşımaq sərhədlərində) Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin müddəaları çərçivəsində yanaşılması düzgün olmazdı.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 131 və 132-ci maddələrində xüsusi kateqoriya işlərə birinci instansiya qaydasında apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuşdur.

Həmin Məcəllənin 131-ci maddəsinə əsasən, “Banklar haqqında” Qanuna müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

İnzibati Prosessual Məcəllənin 132-ci maddəsində isə bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması məsələsi tənzimlənmişdir.

Lakin müraciətdə qaldırılan hallarda Mərkəzi Bank  İnzibati Prosessual Məcəllənin 131 və 132-ci maddələrində qeyd olunan maliyyə bazarlarına nəzarət orqanı kimi deyil, ləğvetmədə olan bankın kreditoru kimi çıxış edərək qeydə alınmış tələblərinin təminatı olaraq ipoteka (girov) qoyulmuş üçüncü şəxslərə məxsus əmlaka tutmanın yönəldilməsini tələb edir. Bu halda Mərkəzi Bankın verdiyi iddia ərizəsi onun maliyyə bazarlarına nəzarət edən orqan kimi həyata keçirdiyi fəaliyyətlə bağlı deyildir.

Eləcə də “Banklar haqqında” Qanunun 81.1 və 81.3-cü maddələrində nəzərdə tutulan normalar İnzibati Prosessual Məcəllənin 131 və 132-ci maddələrinin təsir dairəsinə  düşmür. Belə ki, İnzibati Prosessual Məcəllənin göstərilən maddələrində nəzərdə tutulan tənzimləmə mahiyyətcə maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlarla bağlı mübahisələrə, habelə maliyyə bazarlarına nəzarət orqanının bankın öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi, lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi, bankın iflas proseduruna başlanması və bu proses çərçivəsində digər məsələlərin həlli və s. nəzarət tədbirləri ilə bağlı verdiyi ərizələrə baxılması ilə bağlıdır.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı Qərar qüvvəyə mindikdən sonra Mərkəzi Bank Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən müvafiq iddia ilə bağlı icraatına xitam verilmiş işlər üzrə mülki və ya kommersiya icraatı çərçivəsində yenidən iddia qaldırmaqda haqlıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

“Banklar haqqında” Qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir.

“Banklar haqqında” Qanunun 81-ci, habelə İnzibati Prosessual Məcəllənin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

1.  “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

    

 

Sədr                                                                                             Fərhad Abdullayev