AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
"Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair
10 iyul 2023-cü
il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa
Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya
Məhkəməsinin
müraciəti əsasında "Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 81.1 və 81.3-cü maddələrinin Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan
Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Vəkillər Kollegiyası,
Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Banklar
Assosiasiyasının mütəxəssis mülahizələrini,
ekspert Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ
kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Banklar haqqında” Qanun) 81.1 və 81.3-cü maddələrinin və Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan
sonra – İnzibati Prosessual Məcəllə) 131 və 132-ci maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) ilə “Bank Standard” Kommersiya Bankı Qapalı Səhmdar
Cəmiyyəti (bundan sonra – “Bank Standard” KB
QSC)
arasında 22 may 2014-cü il və 25 sentyabr 2014-cü il tarixli kredit müqavilələri
bağlanmışdır.
Həmin kredit müqavilələri üzrə öhdəliklərin
icrasının təminatı olaraq “Azərtəkrarqarametal” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Azərtəkrarqarametal” ASC) məxsus müəssisə 3 iyul 2015-ci il tarixli
ipoteka müqaviləsinə əsasən Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. Həmçinin
22 may 2014-cü il və 25 sentyabr 2014-cü il tarixli girov müqavilələrinə əsasən
“Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Baku Steel
Company” MMC)
məxsus 843 113 ədəd sənədsiz adlı səhm Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
4 oktyabr 2016-cı il tarixli qərarı ilə “Bank Standard” KB
QSC müflis elan
edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin
edilmişdir.
Kredit
müqavilələri üzrə öhdəlik pozulduğundan Mərkəzi Bank ləğvetmədə olan borclu bankın
- “Bank Standard” KB QSC-nin kreditoru kimi qeydə
alınmış tələblərinin təminatı olaraq tutmanın ipoteka ilə yüklü edilmiş, “Azərtəkrarqarametal”
ASC və “Baku Steel Company” MMC-yə məxsus əmlaka yönəldilməsi məqsədilə, ləğv
edilmiş bankın iflası prosesinə nəzarəti həyata keçirən apellyasiya
instansiyası məhkəməsinə işə birinci instansiya qaydasında baxılması üçün iddia
ərizəsi vermişdir.
İşə
baxarkən apellyasiya instansiyası məhkəməsi bu xarakterli tələblərə məhkəmələr
tərəfindən mülki (iddia icraatı) icraat qaydasında və ya “Banklar haqqında”
Qanuna əsasən ləğvetmə prosesi çərçivəsində baxılmalı olması ilə bağlı fikir
ayrılığının olduğunu müəyyən etmişdir.
Müraciətdə
qeyd olunmuşdur ki, əvvəllər müvafiq işlərə mülki
(iddia) icraatı qaydasında baxılırdısa, hazırda kassasiya instansiyası məhkəməsinin
mövqeyinə görə belə tələblərə “Banklar haqqında” Qanuna
əsasən ləğvetmə prosesi çərçivəsində baxılmalıdır. Belə ki, qanunvericilik ləğvetmə prosesində olan banka qarşı tələbin ipoteka
predmetinə yönəldilməsi ilə bağlı xüsusi prosedur müəyyən etmişdir ki, bu da həmin
işlərə mülki icraat qaydasında baxılmasını istisna edir.
Bakı Apellyasiya Məhkəməsi qanunvericilik
normalarının tətbiqi ilə bağlı mövcud qeyri-müəyyənliyin aradan qaldırılması və
vahid təcrübənin formalaşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət
olunması qənaətinə gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib
hesab edir.
Öhdəliklərin
icrasının əsas təmini üsullarından olan girov və ipoteka hüququnun anlayışı Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269-cu maddəsində
verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində
ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan
qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
“İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında”
Qanun) 1.0.6-cı maddəsinə əsasən, girov və ipoteka hüququ girov (ipoteka)
saxlayanın girov (ipoteka) predmetinə tutmanın yönəldilməsi hüququdur. İpoteka
müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək
məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət
hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka
saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü
edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat
almaq hüququ əldə edir.
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5,
460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü
il 19 aprel tarixli Qərarında vurğulanmışdır ki, ipoteka hüququ məhdud əşya
hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə
üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski
reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə
ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi
imkanını tanıyır.
Bu
isə onu ifadə edir ki, əsas öhdəlik pozulduğu təqdirdə, kreditor ipoteka
(girov) saxlayan olaraq ipoteka (girov) predmetini satdıraraq əldə edilmiş vəsait
hesabına borcun qarşılanmasını tələb etməkdə haqlıdır.
Nəzərə
alınmalıdır ki, ipoteka (girov) müqaviləsi ilə yalnız əsas müqavilə üzrə
borclunun deyil, əsas öhdəliyin tərəfi olmayan üçüncü şəxslərin də mülkiyyətində
olan əmlakın əsas öhdəliyin icrasının təmin edilməsi məqsədilə yüklü edilməsi mümkündür. Mülki Məcəllənin 271.2-ci maddəsinə
əsasən, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər.
Qeyd
edilməlidir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında” Qanun) 33.1-ci maddəsinə əsasən, pul siyasətinin həyata
keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi
həyata keçirilir. Yenidən maliyyələşdirmə kreditləri dövlət qiymətli kağızları,
dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici
valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin
olunmalıdır.
Göstərilən
normaların məzmunundan aydın olur ki, Mərkəzi Bank mütləq olaraq müxtəlif
aktivlərin, o cümlədən üçüncü şəxslərə məxsus əmlakın ipoteka (girov) ilə yüklü
edilməsi hesabına icrasını təminat altına almaq şərtilə, kredit müqavilələrini
bağlamaqla kredit təşkilatlarının yenidən maliyyələşdirilməsini həyata keçirmək
səlahiyyətindədir.
Sorğuda
qaldırılan məsələ də məhz bu kimi hallarda kredit müqaviləsi üzrə borclu kredit
təşkilatı (hazırkı iş üzrə - “Bank Standard” KB QSC) müflis elan edilərsə, Mərkəzi
Bankın üçüncü şəxslərə məxsus olan ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi
ilə bağlı tələbinin hansı icraat qaydasında (prosessual qaydada) baxılmalı
olması ilə bağlıdır.
Bununla
əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, bank sisteminin stabil və
təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili
idarə edilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri,
qaydaları və normaları “Banklar haqqında” Qanunla müəyyən edilmişdir.
Həmin Qanunun 61-ci maddəsində
bankın ləğvi əsaslarından biri olaraq müflis elan edilməsi halında iflas
proseduruna başlanılmasının əsasları müəyyən edilmişdir. Bu əsaslar bankın
maliyyə (kapital) çatışmazlığının olması, habelə maliyyə öhdəliklərini icra edə
bilməməsi ilə bağlıdır.
“Banklar haqqında” Qanunun 68-ci
maddəsinə görə, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin
olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və
banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması
haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas
proseduruna başlanılır.
Həmin Qanunun 72-ci maddəsində
nəzərdə tutulmuşdur ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə
mindiyi andan:
- banka qarşı məhkəmə icraatı
prosesində olan bütün iddialar dayandırılır;
- bank barəsində digər məhkəmə
icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə
tutulan iflas proseduru çərçivəsində irəli sürülür və s.
Maddədən göründüyü kimi, müflis
elan edilməsi ilə məhz həmin banka qarşı məhkəmə icraatı prosesində olan bütün
iddialar dayandırılır, bank barəsində
məhkəmə
icraatına başlanılmır və banka qarşı bütün tələblər iflas proseduru
çərçivəsində irəli sürülür.
“Banklar
haqqında" Qanunun 71-ci maddəsinə uyğun olaraq, bankın müflis elan edilməsi
halında ləğvedici funksiyasını Əmanətlərin
Sığortalanması Fondu həyata keçirir.
Konstitusiya
Məhkəməsi Plenumunun “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və
261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin
178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan
Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh
edilməsinə dair” 2017 ci il 13 iyun tarixli
Qərarında qeyd olunmuşdur ki, müflis
elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı
tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual
qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz
“Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri
çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu
prosedur çərçivəsində müəyyən edilmişdir.
“Banklar haqqında” Qanunun 76-82-ci
və 87-ci maddələri ilə bankın kreditorlarının tələblərinin qeydə alınması,
tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə
tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi
proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı
məhkəmələrdə olan işlər üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 261.0.1-ci maddəsinə
uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi
üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah
olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə
mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci
maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu
xüsusi olaraq qeyd edir ki, “Banklar haqqında” Qanunun 81-ci maddəsi ilə kreditorların banka
qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı
olan bütün aktivlərin realizə qaydası tənzimlənir. Həmin
normaya əsasən, aşağıdakı
hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı
və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən
açıq hərracda satılır:
- qısa
müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər
aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici
tərəfindən satılmasına yol verilir;
- bankın
borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli
kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında
saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata
keçirildiyi bazarlarda satılmasına yol verilir;
-
Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə
satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə
minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.
Ləğvedici
bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivləri açıq hərracda qənaətbəxş
qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin
təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər. Bu
Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan
sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.
“Banklar
haqqında" Qanunun 81.4-cü maddəsinə müvafiq olaraq, təminatlı
kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən
vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş
məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş
növbəliliklə ödənilir.
Lakin,
ləğv prosesində olan bankın öhdəlikləri üzrə üçüncü şəxslər tərəfindən ipoteka
(girov) qoyulmuş əmlakın realizə edilməsi yuxarıda göstərilən qaydadan fərqləndirilməlidir. Qeyd edilməlidir ki, “Banklar haqqında” Qanunun məhz yuxarıda məzmunu
açıqlanan normalarına, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən
2017-ci il 13 iyun tarixli Qərarına istinadən yanlış olaraq hazırda müraciətdə
göstərilən müvafiq işlərə mülki (iddia) icraat qaydasında deyil, iflas
proseduru çərçivəsində baxılmalı olduğu qənaətinə gəlinir. Halbuki nəzərə
alınmalıdır ki, həmin işlər üzrə ipoteka (girov)
predmetləri müflis elan edilərək iflas proseduruna başlanmış kredit təşkilatlarına
məxsus əmlak deyil, üçüncü şəxslərə məxsus əmlak olduğundan, borclu banka
deyil, üçüncü
şəxslərə məxsus ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi ilə bağlı tələblərə
iflas proseduru çərçivəsində baxılması yolverilməzdir.
Qanunverici
ləğv prosesində olan bankın öhdəlikləri üzrə girovda (ipotekada) olan, məhz həmin
banka məxsus aktivlərin və bankın tələblərinin təminatı olan, üzərində həmin
bankın ipoteka (girov) hüququ olan aktivlərin bankın ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsini
müəyyən edərək, satışının həyata keçirilməsini də
sonuncuya həvalə etmişdir.
Burada xüsusilə nəzərə almaq
lazımdır ki, ləğv prosesində olan bankın üzərində
hər hansı əşya hüququ (mülkiyyət və ya məhdud əşya hüququ) olmayan, üçüncü şəxslərə
məxsus əmlakın (ipoteka və ya girov predmetinin) iflas prosesinə başlanılmış
bankın qanuni təmsilçisi olan Əmanətlərin Sığortalanması Fondunun sərəncamına
verilməsi və realizəsi səlahiyyətinin sonuncuya məxsus olması kimi dəyərləndirilməsi
həmin normaların hüquqi məqsəd və təyinatından kənar olmaqla, üçüncü şəxslərin
hüquq və mənafelərinin pozulmasına səbəb olar.
Girov
və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini
icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya
ipoteka ilə yüklü edilmiş əşyanın satdırılmasını tələb edərək əldə olunmuş vəsait
hesabına pozulmuş mənafeyini təmin etsin. Bu halda ipoteka (girov) predmetinin
realizəsi qaydası Mülki Məcəllənin 296-cı və “İpoteka haqqında” Qanunun
36-39-cu maddələri ilə tənzimlənir.
Mülki Məcəllənin 317.1-ci maddəsinə görə də, yalnız
ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də həmin Məcəllənin
319.1-ci maddəsinə əsasən, əgər borclu
icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə
yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti
açıq hərracdan satmaq hüququna malikdir. Odur ki, borclu bank tərəfindən öhdəlik
pozulduğu halda, kreditor olaraq Mərkəzi Bank mənafeyinin təmin olunması üçün
üçüncü şəxslərə məxsus ipoteka predmetinə məcburi qaydada (zərurət olduğu
halda) tutmanın yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər və belə tələblər
üzrə işlərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və
qaydalar üzrə baxılmalıdır.
Konstitusiya
Məhkəməsinin Plenumu 2017-ci il 13 iyun tarixli Qərarında onu da göstərmişdir
ki, iflas prosesində olan bankın hüquqi
şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli
sürdüyü) iddialar (məsələn, müqavilələrin tam və ya qismən etibarsızlığı, dəyişdirilməsi,
hesablanmış borcun əsassız hesab edilməsi və s. tələblər) üzrə məhkəmə
icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin
254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə
mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
Konstitusiya Məhkəməsi
Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin
şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2022-ci il
17 yanvar Qərardadında da qeyd edilmişdir ki, ləğvetmə prosesində olan banklara
qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər (məsələn ipoteka
(girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi
və s.) irəli sürüldüyü təqdirdə, bu cür tələblərə (ləğvedicinin müflis elan
olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmaqla və
qanunvericiliklə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata
keçirmək və müvafiq vəzifələri daşımaq sərhədlərində) Mülki Prosessual Məcəllənin
254-cü maddəsinin müddəaları çərçivəsində yanaşılması düzgün olmazdı.
Konstitusiya
Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 131
və 132-ci maddələrində xüsusi kateqoriya işlərə birinci instansiya qaydasında
apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuşdur.
Həmin
Məcəllənin 131-ci maddəsinə əsasən, “Banklar haqqında” Qanuna müvafiq olaraq
bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi
ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması,
bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi
və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı
maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə
apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
İnzibati
Prosessual Məcəllənin 132-ci maddəsində isə bankın sağlamlaşdırılması,
rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin
edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak
payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri
alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət
orqanının ərizələrinə apellyasiya instansiyası məhkəmələri tərəfindən
baxılması məsələsi tənzimlənmişdir.
Lakin
müraciətdə qaldırılan hallarda Mərkəzi Bank
İnzibati Prosessual Məcəllənin 131 və 132-ci maddələrində qeyd olunan
maliyyə bazarlarına nəzarət orqanı kimi deyil, ləğvetmədə olan bankın kreditoru
kimi çıxış edərək qeydə alınmış tələblərinin təminatı olaraq ipoteka (girov)
qoyulmuş üçüncü şəxslərə məxsus əmlaka tutmanın yönəldilməsini tələb edir. Bu
halda Mərkəzi Bankın verdiyi iddia ərizəsi onun maliyyə bazarlarına nəzarət edən
orqan kimi həyata keçirdiyi fəaliyyətlə bağlı deyildir.
Eləcə
də “Banklar haqqında” Qanunun 81.1 və 81.3-cü maddələrində nəzərdə tutulan
normalar İnzibati Prosessual Məcəllənin 131 və 132-ci
maddələrinin təsir dairəsinə düşmür. Belə
ki, İnzibati Prosessual Məcəllənin göstərilən maddələrində nəzərdə tutulan tənzimləmə
mahiyyətcə maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlarla
bağlı mübahisələrə, habelə maliyyə bazarlarına nəzarət orqanının bankın öhdəlikləri
üzrə ödənişlərə moratorium tətbiq edilməsi, lisenziyası ləğv edilmiş bankın məcburi
ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi, bankın iflas proseduruna
başlanması və bu proses çərçivəsində digər məsələlərin həlli və s. nəzarət tədbirləri
ilə bağlı verdiyi ərizələrə baxılması ilə bağlıdır.
Bununla
yanaşı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hazırkı Qərar qüvvəyə
mindikdən sonra Mərkəzi Bank Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən
müvafiq iddia ilə bağlı icraatına xitam verilmiş işlər üzrə mülki və ya
kommersiya icraatı çərçivəsində yenidən iddia qaldırmaqda haqlıdır.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
“Banklar haqqında” Qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin
təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə
qaydası tənzimlənir.
“Banklar haqqında” Qanunun 81-ci, habelə İnzibati
Prosessual Məcəllənin 131 və 132-ci maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit
öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə
tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil,
mülki (iddia) icraat qaydasında baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsi ilə kreditorların banka qarşı
təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir.
“Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, habelə Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 131 və 132-ci maddələrinin hüquqi
mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit
öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə
tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki
(iddia) icraat qaydasında baxılmalıdır.
2. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
3. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev