Decisions

07.07.23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

7 iyul 2023-cü il                                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Gəncə Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, professor, hüquq elmləri doktoru F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Qazax Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə Ş.Yusibovun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata aliment ödənişi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tam icra edilməsinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.

Cinayət işinin müəyyən edilmiş hallarına əsasən, əvvəllər də Qazax Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarı ilə Ş.Yusibovun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına həmin Məcəllənin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilmişdir.

Birinci instansiya məhkəməsi hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tətbiq edilməməli olduğu qənaətinə gəlmişdir.

Həmin qərardan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək Ş.Yusibovun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi xahiş olunmuşdur.

Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etmə həmin Məcəllənin 73.3-cü maddəsinin təsiri altına düşdüyünə və təqsirləndirilən şəxs göstərilən maddə ilə artıq bir dəfə cinayət məsuliyyətindən azad edildiyinə görə, onun eyni müddəaya əsaslanıb təkrar cinayət məsuliyyətindən azad edilməsi Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin pozulmasına səbəb olur.

Müraciətedən hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində ayrı-ayrı maddələrin “Qeyd” hissələrində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqi zamanı, bu institutun maddi və prosessual əsası, hansı qaydada tətbiq edilməsi, həmçinin  eyni şəxsə bir neçə dəfə tətbiqinin mümkünlüyü ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmalar mövcuddur ki, bu da Konstitusiya Məhkəməsinə müraciət edilməsini zəruri edir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinin tələbləri baxımından Azərbaycan Respublikasının Milli Məclisi qanunların qəbul edilməsi yolu ilə cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi ilə bağlı ümumi qaydalar müəyyənləşdirir.

O, eyni zamanda müəyyən hərəkətlərə görə cavab tədbiri kimi hansı dövlət-məcburiyyət tədbirlərindən istifadə edilməsini və hansı hallarda onların tətbiqindən imtinanın mümkünlüyünü də müəyyən edə bilər. Bununla əlaqədar olaraq, qanunverici cinayət və cinayət-prosessual qanunvericiliklərində müəyyən kateqoriyadan olan şəxslər barəsində cinayət təqibindən imtina edilməsinə və onların cinayət işlərinə xitam verilməsinə imkan verən əsasları müəyyən etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı).

Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.

Cinayət məsuliyyətindən azad etmə isə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 2022-ci il 28 dekabr tarixli Qərarı).

Cinayət məsuliyyətindən azad etmə halları Cinayət Məcəlləsinin 11-ci fəsli (72-75-ci maddələri) ilə yanaşı, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində də nəzərdə tutulmuşdur.

Həmçinin Cinayət Məcəlləsinin 72.2 və 73.2-ci maddələrində həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə məsuliyyətdən azad etməyə dair tələblər müəyyənləşdirilmişdir.

Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, (səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə) böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir (Cinayət Məcəlləsinin 72.2-ci maddəsi).

Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmənin əhəmiyyəti ondan ibarətdir ki, şəxsin ictimai təhlükəlilik dərəcəsi aşağı olan, yəni böyük ictimai təhlükə törətməyən cinayət törətdikdən sonra icra etdiyi davranışlar onun ictimai təhlükəliliyini itirməsi qənaətinə gəlməyə imkan verərsə, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə zərurət də aradan qalxmış olur. Cinayət Məcəlləsinin 72.2-ci maddəsi isə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrinə göndəriş edərək, ictimai təhlükəlilik dərəcəsinə görə digər kateqoriyadan olan cinayət əməlləri ilə bağlı məsuliyyətdən azad edilməni tənzimləyir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı zəruri hesab edir ki, qanunverici hər bir cinayət əməlinin xarakterini nəzərə almaqla, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən birini və ya bir neçəsini cinayət məsuliyyətindən azad edilmə üçün əsas kimi müəyyənləşdirmişdir.

Cinayət Məcəlləsinin müvafiq normalarının təhlilindən aydın olur ki, həmin Məcəllənin 72.1-ci maddəsində qeyd olunan müəyyən şərtlər – məsələn, Cinayət Məcəlləsinin 192-2 və 312-ci maddələrinin “Qeyd” hissələrində cinayət əməlini törətmiş şəxsin müvafiq dövlət orqanına könüllü məlumat verməsi, 234 və 240-cı maddələrinin “Qeyd” hissələrində cinayətlərin açılmasında və ya qarşısının alınmasında, həmin əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirakı şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal kimi əks olunmuşdur.

Cinayət Məcəlləsinin 73-cü maddəsi isə zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmənin şərtlərini nəzərdə tutur. Məcəllənin 73.1-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir (Cinayət Məcəlləsinin 73.3-cü maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair hüquqi mövqeyinə əsasən, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar).

Cinayət Məcəlləsinin 73.3-cü maddəsi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində bilavasitə göstərilmiş hallarda ictimai təhlükəlilik dərəcəsinə görə digər kateqoriyadan olan cinayət əməlləri ilə bağlı məsuliyyətdən azad edilməni nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, həm səmimi peşmanlıq, həm də zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etməni, bir qayda olaraq, böyük ictimai təhlükə törətməyən cinayət əməlləri ilə bağlı müəyyən edən qanunvericiyə görə, ictimai təhlükəliliyi yüksək olmayan həmin əməlləri törətmiş şəxslər tərəfindən müvafiq maddələrdə nəzərdə tutulmuş şərtlərin yerinə yetirildiyi halda zərərçəkmiş şəxsin hüquqları təmin, sosial ədalət isə bərpa oluna bilir ki, bu zaman şəxsi məsuliyyətə cəlb etmədən də cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin icrasına nail olmaq mümkün olur. Bu normaların tətbiqi vasitəsi ilə konstitusiya əhəmiyyətinə malik olan ədalətlilik və humanizm prinsipləri həyata keçirilir.

Həmçinin göstərilməlidir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müəyyən maddələrinin Qeyd hissələrində cinayət məsuliyyətindən azad edilmə üçün əsas olan və həmin Məcəllənin 72.1 və 73.1-ci maddələrində nəzərdə tutulmayan, tamamilə fərqli şərtlər də təsbit olunmuşdur (məsələn, Cinayət Məcəlləsinin 192-2-ci və 312-ci maddələrinin “Qeyd” hissələrinə əsasən, şəxsin müvafiq əməlləri ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasdır).

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun  35.1-ci maddəsinə əsasən, normativ hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur elementləri kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun struktur elementlərinin) mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı zəruri hesab edir ki, hər hansı normativ hüquqi aktda, o cümlədən Cinayət Məcəlləsinin müvafiq maddələrində təsbit olunan Qeyd hissələri həmin maddələrin ayrılmaz tərkib hissəsini təşkil edir. Müvafiq Qeyd hissələrində öz əksini tapmış və cinayət məsuliyyətindən azad etmə ilə bağlı münasibətləri tənzimləyən normaların Cinayət Məcəlləsinin Ümumi hissəsində deyil, məhz Xüsusi hissəsindəki maddələrdə təsbit edilməsi ondan irəli gəlir ki, Qeyd hissələrində göstərilən məsuliyyətdən azad etmənin əsasları, şərtləri, müəyyən olunma məqsədi bir-birindən tamamilə fərqlənir. Onlar  hər hansı kateqoriyadan olan cinayət əməllərinə ümumilikdə şamil oluna bilmir və hər bir cinayət əməlinin xarakterinə uyğun olaraq həmin cinayət əməlini nəzərdə tutan normanın Qeyd hissəsində onun tərkib hissəsi kimi təsbit olunur.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində istər Cinayət Məcəlləsinin 72.1 və 73.1-ci maddələrində göstərilən  şərtləri, istərsə də tamamilə fərqli şərtləri məsuliyyətdən azad etmə üçün əsas kimi təsbit edən qanunverici, hər bir cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən, cinayət məsuliyyətindən azad edilməyə əsas verən hərəkətlərin icrası nəticəsində əldə olunacaq nəticələrin əhəmiyyətindən asılı olaraq belə normaları müəyyən etməkdə fərqli məqsədlərdən çıxış etmişdir. Bu hallarda məsuliyyətdən azad edilmə heç də həmişə yalnız cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini itirdiyinə görə deyil, həmçinin cinayətlərin törədilməsinin və ya onun mənfi nəticələrinin baş verməsinin qarşısının alınması, daha əhəmiyyətli ictimai münasibətlərin mühafizəsi və cinayət qanunvericiliyinin qarşısında duran digər vəzifələrdən irəli gəlir.

O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 72.1 və 73.1-ci maddələri dispozitiv norma kimi müəyyən edilməklə, qeyd olunan maddələrə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə hüquq tətbiqedicinin qiymətləndirilməsinə buraxılmışdır. Buna baxmayaraq, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində ictimai təhlükəlilik dərəcəsi daha yüksək olan cinayətlərə görə məsuliyyətdən azad edilmənin imperativ qaydada müəyyənləşdirilməsi də, belə normaların qəbul edilməsində qanunvericinin fərqli məqsədlər güddüyünün göstəricisidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrində təsbit olunan cinayət məsuliyyətindən azad etmə halları fərqli əsaslardan irəli gəldiyindən  və həmin normalar fərqli məqsədlərə xidmət etdiyindən, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri üzrə cinayət məsuliyyətindən azad etmənin maddi əsası kimi məhz həmin maddələrin Qeyd hissələri çıxış edir.

Müraciətdə göstərilən Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Məcəllənin 306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi, eyni əməllərin vəzifəli şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir.

Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır.

Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməyən şəxsləri həmin cinayətə görə hökm qanuni qüvvəyə minənədək tam şəkildə icra etməyə sövq edir. Məhkəmə aktlarının icrası isə hüquqi və fiziki şəxslərin pozulmuş hüquqlarının bərpa olunması, ədalət mühakiməsinin vəzifələrinin təmin edilməsi ilə nəticələnməklə yanaşı, ədalət mühakiməsi ilə bağlı ictimai münasibətlərin qorunmasına şərait yaradır. Qanunverici həmin stimullaşdırıcı norma vasitəsilə ədalət mühakiməsi sahəsində ictimai münasibətlərə qəsd edən hərəkətlərin sona çatdırılmasına nail olmaq məqsədi daşıyır.

Şəxsin Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq cinayət məsuliyyətindən təkrarən azad edilməsinin mümkünlüyü məsələsi ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində nəzərdə tutulan məsuliyyətdən yalnız bir dəfə azad edilmə ilə bağlı məhdudiyyət həmin Məcəllənin Xüsusi hissəsinin ayrı-ayrı maddələrinin “Qeyd” hissələri əsasında məsuliyyətdən azad edilməyə deyil, bilavasitə Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələri ilə məsuliyyətdən azad edilmə hallarına şamil edilir.

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normalarının əlaqəli təhlilindən aydın olur ki,  hər bir cinayət əməli nəticəsində zərər çəkən ictimai münasibətlərin dairəsini, həmin əməllə bağlı cinayət məsuliyyətindən azad edilmənin tətbiqinin cinayət qanunvericiliyinin vəzifələrinin icrasındakı rolunu  və digər halları nəzərə almaqla qanunverici, şəxsin eyni bir cinayət əməli üzrə təkrarən məsuliyyətdən azad edilməsinin mümkünlüyünə dair məhdudiyyəti məhz ayrı-ayrı maddələrin Qeyd hissələri vasitəsilə birbaşa olaraq müəyyən etmişdir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin iki – 162-1 və 244-1-ci maddələrinin “Qeyd” hissələrində şəxsin cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsinin mümkünlüyü təsbit edilmişdir.

Qeyd olunanlara əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində göstərilən əməllə bağlı məsuliyyətdən azad edilmə üçün bilavasitə əsas həmin maddənin Qeyd hissəsi olduğundan və orada təkrarən məsuliyyətdən azad edilmənin mümkünlüyünə dair hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, şəxsin həmin əmələ görə təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad etmənin prosessual əsası məsələsi ilə bağlı vurğulamağı vacib hesab edir ki, Cinayət-Prosessual Məcəlləsində cinayət təqibini istisna edən  və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar təsbit olunmuşdur (Cinayət-Prosessual Məcəlləsinin 39 və 40-cı maddələri).

 Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.

Göründüyü kimi, qanunverici imperativ qayda müəyyənləşdirməklə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş halları şəxs barəsində cinayət təqibinin başlanılmamasına və ya başlanmış cinayət təqibinə xitam verilməsinə əsas verən hal kimi göstərməklə, bunu müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya məhkəmənin vəzifəsi olaraq təsbit etmişdir.

Qeyd edilməlidir ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli Qərarı).

Hüquq tətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması isə hüquqi müəyyənlik prinsipinə xələl gətirməklə insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə nəticələnə bilər.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

 Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir;

-  Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.               Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir.

2.               Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir.

3.               Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.               Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.               Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                                     Fərhad Abdullayev