AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı
maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan
Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri
ilə əlaqəli şəkildə şərh edilməsinə dair
7 iyul
2023-cü
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin
Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı
subyektlər Gəncə Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri,
professor, hüquq elmləri doktoru F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət
edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra –
Cinayət Məcəlləsi) 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci
fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra
– Cinayət-Prosessual Məcəlləsi) 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Qazax Rayon Məhkəməsinin 29
aprel 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı
ilə Ş.Yusibovun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə
dair cinayət işi üzrə icraata aliment ödənişi ilə bağlı qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsinin tam icra edilməsinə görə xitam verilmiş və o, cinayət
məsuliyyətindən azad edilmişdir.
Cinayət işinin müəyyən edilmiş hallarına əsasən,
əvvəllər də Qazax Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərarı ilə
Ş.Yusibovun Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair
cinayət işinin icraatına həmin Məcəllənin 306-cı maddəsinin “Qeyd” hissəsinə
əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsi hazırkı cinayət işi üzrə
Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tətbiq
edilməməli olduğu qənaətinə gəlmişdir.
Həmin qərardan dövlət ittihamçısı tərəfindən
apellyasiya protesti verilərək Ş.Yusibovun Cinayət Məcəlləsinin 306.1-ci
maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi
barədə qərarın ləğv edilməsi xahiş olunmuşdur.
Dövlət ittihamçısı apellyasiya protestini onunla
əsaslandırmışdır ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində
nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etmə həmin Məcəllənin 73.3-cü
maddəsinin təsiri altına düşdüyünə və təqsirləndirilən şəxs göstərilən maddə
ilə artıq bir dəfə cinayət məsuliyyətindən azad edildiyinə görə, onun eyni
müddəaya əsaslanıb təkrar cinayət məsuliyyətindən azad edilməsi Cinayət
Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin pozulmasına səbəb
olur.
Müraciətedən hesab edir ki, Cinayət Məcəlləsinin
Xüsusi hissəsində ayrı-ayrı maddələrin “Qeyd” hissələrində nəzərdə tutulmuş
cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqi zamanı, bu institutun
maddi və prosessual əsası, hansı qaydada tətbiq edilməsi, həmçinin eyni
şəxsə bir neçə dəfə tətbiqinin mümkünlüyü ilə bağlı məhkəmə təcrübəsində fərqli
yanaşmalar mövcuddur ki, bu da Konstitusiya Məhkəməsinə müraciət edilməsini zəruri
edir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar
aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinin
tələbləri baxımından Azərbaycan Respublikasının Milli Məclisi qanunların qəbul
edilməsi yolu ilə cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi,
onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi ilə bağlı ümumi qaydalar
müəyyənləşdirir.
O, eyni zamanda müəyyən hərəkətlərə görə cavab tədbiri
kimi hansı dövlət-məcburiyyət tədbirlərindən istifadə edilməsini və hansı
hallarda onların tətbiqindən imtinanın mümkünlüyünü də müəyyən edə bilər.
Bununla əlaqədar olaraq, qanunverici cinayət və cinayət-prosessual
qanunvericiliklərində müəyyən kateqoriyadan olan şəxslər barəsində cinayət
təqibindən imtina edilməsinə və onların cinayət işlərinə xitam verilməsinə
imkan verən əsasları müəyyən etmək hüququna malikdir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin
və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair”
2022-ci il 14 iyul tarixli Qərarı).
Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə
məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş
yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından
mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər
dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da
ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında,
cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu
oynayır.
Cinayət məsuliyyətindən azad etmə isə təqsirləndirilən
şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə
məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi
aktında ifadə edilmiş qərardır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci
bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı
müddəasının şərh edilməsinə dair” 2022-ci il 28 dekabr tarixli Qərarı).
Cinayət məsuliyyətindən azad etmə halları Cinayət
Məcəlləsinin 11-ci fəsli (72-75-ci maddələri) ilə yanaşı, həmin Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində də nəzərdə
tutulmuşdur.
Həmçinin Cinayət Məcəlləsinin 72.2 və 73.2-ci
maddələrində həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə
məsuliyyətdən azad etməyə dair tələblər müəyyənləşdirilmişdir.
Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, (səmimi
peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə) böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda,
cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş
ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət
məsuliyyətindən azad edilə bilər. Başqa növ cinayət törətmiş şəxs, bu
Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş
hallarda cinayət məsuliyyətindən azad edilir (Cinayət Məcəlləsinin 72.2-ci
maddəsi).
Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad
etmənin əhəmiyyəti ondan ibarətdir ki, şəxsin ictimai təhlükəlilik dərəcəsi
aşağı olan, yəni böyük ictimai təhlükə törətməyən cinayət törətdikdən sonra
icra etdiyi davranışlar onun ictimai təhlükəliliyini itirməsi qənaətinə gəlməyə
imkan verərsə, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə zərurət də
aradan qalxmış olur. Cinayət Məcəlləsinin 72.2-ci maddəsi isə həmin Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrinə göndəriş edərək,
ictimai təhlükəlilik dərəcəsinə görə digər kateqoriyadan olan cinayət əməlləri
ilə bağlı məsuliyyətdən azad edilməni tənzimləyir.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı zəruri
hesab edir ki, qanunverici hər bir cinayət əməlinin xarakterini nəzərə almaqla,
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində
həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən birini və ya bir
neçəsini cinayət məsuliyyətindən azad edilmə üçün əsas kimi müəyyənləşdirmişdir.
Cinayət Məcəlləsinin müvafiq normalarının təhlilindən
aydın olur ki, həmin Məcəllənin 72.1-ci maddəsində qeyd olunan müəyyən şərtlər
– məsələn, Cinayət Məcəlləsinin 192-2 və 312-ci maddələrinin “Qeyd”
hissələrində cinayət əməlini törətmiş şəxsin müvafiq dövlət orqanına könüllü
məlumat verməsi, 234 və 240-cı maddələrinin “Qeyd” hissələrində cinayətlərin
açılmasında və ya qarşısının alınmasında, həmin əməlləri törətmiş şəxslərin
aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal
iştirakı şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal kimi əks
olunmuşdur.
Cinayət Məcəlləsinin 73-cü maddəsi isə zərərçəkmiş
şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmənin şərtlərini nəzərdə
tutur. Məcəllənin 73.1-ci maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə
törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş
ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət
məsuliyyətindən azad edilə bilər. Başqa növ cinayət törətmiş şəxs, bu
Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş
hallarda cinayət məsuliyyətindən azad edilir (Cinayət Məcəlləsinin 73.3-cü
maddəsi).
Konstitusiya Məhkəməsi Plenumunun zərərçəkmiş şəxslə
barışmaqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair hüquqi mövqeyinə
əsasən, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq,
cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş
şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına
hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini
daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr
istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa
etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa
olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət
təqibinin aparılmasında israrlı olmamalıdır (“Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25
iyul tarixli Qərar).
Cinayət Məcəlləsinin 73.3-cü maddəsi Cinayət
Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində bilavasitə
göstərilmiş hallarda ictimai təhlükəlilik dərəcəsinə görə digər kateqoriyadan
olan cinayət əməlləri ilə bağlı məsuliyyətdən azad edilməni nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi
zəruri hesab edir ki, həm səmimi peşmanlıq, həm də zərərçəkmiş şəxslə
barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etməni, bir qayda olaraq,
böyük ictimai təhlükə törətməyən cinayət əməlləri ilə bağlı müəyyən edən
qanunvericiyə görə, ictimai təhlükəliliyi yüksək olmayan həmin əməlləri törətmiş
şəxslər tərəfindən müvafiq maddələrdə nəzərdə tutulmuş şərtlərin yerinə
yetirildiyi halda zərərçəkmiş şəxsin hüquqları təmin, sosial ədalət isə bərpa
oluna bilir ki, bu zaman şəxsi məsuliyyətə cəlb etmədən də cinayət
qanunvericiliyinin qarşısında duran vəzifələrin icrasına nail olmaq mümkün
olur. Bu normaların tətbiqi vasitəsi ilə konstitusiya əhəmiyyətinə malik olan
ədalətlilik və humanizm prinsipləri həyata keçirilir.
Həmçinin göstərilməlidir ki, Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin müəyyən maddələrinin Qeyd hissələrində cinayət
məsuliyyətindən azad edilmə üçün əsas olan və həmin Məcəllənin 72.1 və 73.1-ci
maddələrində nəzərdə tutulmayan, tamamilə fərqli şərtlər də təsbit olunmuşdur
(məsələn, Cinayət Məcəlləsinin 192-2-ci və 312-ci maddələrinin “Qeyd”
hissələrinə əsasən, şəxsin müvafiq əməlləri ona qarşı tətbiq edilən hədə-qorxu
nəticəsində etməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasdır).
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 35.1-ci maddəsinə əsasən, normativ
hüquqi aktların (onların struktur elementlərinin) ayrıca struktur elementləri
kimi onlara dair sətiraltı qeydlər ola bilər. Sətiraltı qeydlərdən, izahlardan
və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi aktın (onun struktur elementlərinin)
mətninə yerləşdirilə bilmədikdə istifadə edilir.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı zəruri
hesab edir ki, hər hansı normativ hüquqi aktda, o cümlədən Cinayət
Məcəlləsinin müvafiq maddələrində təsbit olunan Qeyd hissələri həmin maddələrin
ayrılmaz tərkib hissəsini təşkil edir. Müvafiq Qeyd hissələrində öz əksini
tapmış və cinayət məsuliyyətindən azad etmə ilə bağlı münasibətləri tənzimləyən
normaların Cinayət Məcəlləsinin Ümumi hissəsində deyil, məhz Xüsusi
hissəsindəki maddələrdə təsbit edilməsi ondan irəli gəlir ki, Qeyd hissələrində
göstərilən məsuliyyətdən azad etmənin əsasları, şərtləri, müəyyən olunma
məqsədi bir-birindən tamamilə fərqlənir. Onlar hər hansı kateqoriyadan
olan cinayət əməllərinə ümumilikdə şamil oluna bilmir və hər bir cinayət
əməlinin xarakterinə uyğun olaraq həmin cinayət əməlini nəzərdə tutan normanın
Qeyd hissəsində onun tərkib hissəsi kimi təsbit olunur.
Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin Xüsusi
hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində istər Cinayət Məcəlləsinin
72.1 və 73.1-ci maddələrində göstərilən şərtləri, istərsə də tamamilə
fərqli şərtləri məsuliyyətdən azad etmə üçün əsas kimi təsbit edən qanunverici,
hər bir cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən, cinayət
məsuliyyətindən azad edilməyə əsas verən hərəkətlərin icrası nəticəsində əldə
olunacaq nəticələrin əhəmiyyətindən asılı olaraq belə normaları müəyyən etməkdə
fərqli məqsədlərdən çıxış etmişdir. Bu hallarda məsuliyyətdən azad edilmə heç
də həmişə yalnız cinayət törətmiş şəxsin ictimai təhlükəliliyini itirdiyinə
görə deyil, həmçinin cinayətlərin törədilməsinin və ya onun mənfi nəticələrinin
baş verməsinin qarşısının alınması, daha əhəmiyyətli ictimai münasibətlərin
mühafizəsi və cinayət qanunvericiliyinin qarşısında duran digər vəzifələrdən
irəli gəlir.
O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 72.1
və 73.1-ci maddələri dispozitiv norma kimi müəyyən edilməklə, qeyd olunan
maddələrə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət
məsuliyyətindən azad etmə hüquq tətbiqedicinin qiymətləndirilməsinə
buraxılmışdır. Buna baxmayaraq, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq
maddələrinin Qeyd hissələrində ictimai təhlükəlilik dərəcəsi daha yüksək olan
cinayətlərə görə məsuliyyətdən azad edilmənin imperativ qaydada
müəyyənləşdirilməsi də, belə normaların qəbul edilməsində qanunvericinin fərqli
məqsədlər güddüyünün göstəricisidir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrində təsbit
olunan cinayət məsuliyyətindən azad etmə halları fərqli əsaslardan irəli
gəldiyindən və həmin normalar fərqli məqsədlərə xidmət etdiyindən,
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri üzrə cinayət
məsuliyyətindən azad etmənin maddi əsası kimi məhz həmin maddələrin Qeyd hissələri
çıxış edir.
Müraciətdə göstərilən Cinayət Məcəlləsinin 306-cı
maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Məcəllənin
306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə
qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra
etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli
kimi, eyni əməllərin vəzifəli şəxs tərəfindən törədilməsi isə məsuliyyəti
ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir.
Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin
306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs
qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya
əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə
cinayət məsuliyyətindən azad edilir.
Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət
mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin,
habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan
ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra
edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını,
təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s.
qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin
icrasına maneə yaradır.
Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsi
qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etməyən şəxsləri həmin cinayətə görə
hökm qanuni qüvvəyə minənədək tam şəkildə icra etməyə sövq edir. Məhkəmə
aktlarının icrası isə hüquqi və fiziki şəxslərin pozulmuş hüquqlarının bərpa
olunması, ədalət mühakiməsinin vəzifələrinin təmin edilməsi ilə nəticələnməklə
yanaşı, ədalət mühakiməsi ilə bağlı ictimai münasibətlərin qorunmasına şərait yaradır.
Qanunverici həmin stimullaşdırıcı norma vasitəsilə ədalət mühakiməsi sahəsində
ictimai münasibətlərə qəsd edən hərəkətlərin sona çatdırılmasına nail olmaq
məqsədi daşıyır.
Şəxsin Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”
hissəsinə müvafiq olaraq cinayət məsuliyyətindən təkrarən azad edilməsinin
mümkünlüyü məsələsi ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 72-ci
maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində nəzərdə tutulan məsuliyyətdən yalnız
bir dəfə azad edilmə ilə bağlı məhdudiyyət həmin Məcəllənin Xüsusi hissəsinin
ayrı-ayrı maddələrinin “Qeyd” hissələri əsasında məsuliyyətdən azad edilməyə
deyil, bilavasitə Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələri ilə
məsuliyyətdən azad edilmə hallarına şamil edilir.
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normalarının
əlaqəli təhlilindən aydın olur ki, hər bir cinayət əməli nəticəsində
zərər çəkən ictimai münasibətlərin dairəsini, həmin əməllə bağlı cinayət
məsuliyyətindən azad edilmənin tətbiqinin cinayət qanunvericiliyinin vəzifələrinin
icrasındakı rolunu və digər halları nəzərə almaqla qanunverici, şəxsin
eyni bir cinayət əməli üzrə təkrarən məsuliyyətdən azad edilməsinin
mümkünlüyünə dair məhdudiyyəti məhz ayrı-ayrı maddələrin Qeyd hissələri
vasitəsilə birbaşa olaraq müəyyən etmişdir. Cinayət Məcəlləsinin Xüsusi
hissəsinin iki – 162-1 və 244-1-ci maddələrinin “Qeyd” hissələrində şəxsin
cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsinin mümkünlüyü təsbit
edilmişdir.
Qeyd olunanlara əsasən Cinayət Məcəlləsinin 306-cı
maddəsində göstərilən əməllə bağlı məsuliyyətdən azad edilmə üçün bilavasitə
əsas həmin maddənin Qeyd hissəsi olduğundan və orada təkrarən məsuliyyətdən
azad edilmənin mümkünlüyünə dair hər hansı məhdudiyyət nəzərdə tutulmadığından,
şəxsin həmin əmələ görə təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna
edilmir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə
qaldırılan Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən
cinayət məsuliyyətindən azad etmənin prosessual əsası məsələsi ilə bağlı
vurğulamağı vacib hesab edir ki, Cinayət-Prosessual Məcəlləsində cinayət
təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan
verən hallar təsbit olunmuşdur (Cinayət-Prosessual Məcəlləsinin 39 və 40-cı
maddələri).
Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü
maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün
Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən
edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına
əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin
43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11,
40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı
gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə
məhkəmə qərarı çıxarılır.
Göründüyü kimi, qanunverici imperativ qayda
müəyyənləşdirməklə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş halları şəxs barəsində cinayət təqibinin başlanılmamasına və
ya başlanmış cinayət təqibinə xitam verilməsinə əsas verən hal kimi
göstərməklə, bunu müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya məhkəmənin
vəzifəsi olaraq təsbit etmişdir.
Qeyd edilməlidir ki, hamının qanun və məhkəmə
qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız
cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid
anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi
baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə
prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik,
qanunun aliliyi prinsiplərini pozmuş olar (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 21 oktyabr tarixli
Qərarı).
Hüquq tətbiqedici tərəfindən mübahisə doğurmayan
qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması
isə hüquqi müəyyənlik prinsipinə xələl gətirməklə insan və vətəndaş hüquq və
azadlıqlarının pozulması ilə nəticələnə bilər.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş
cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən
cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir;
- Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit
olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində
göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət
təqibinə Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən
xitam verilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət
əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət
məsuliyyətindən azad edilməsi istisna edilmir.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət
əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri
yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə
əsasən xitam verilməlidir.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev