AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə
əlaqəli şəkildə şərh edilməsinə dair
14 iyul 2023-cü il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı
subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş Prokurorluğu və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Gəncə Apellyasiya
Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru,
hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının
Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə
müraciət edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsi zamanı sosial şəbəkələrdən fərdi rabitə vasitəsi kimi istifadə
edilməsi hallarında əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan
sonra – Cinayət Məcəlləsi) 234.4.4-cü maddəsi ilə tövsif edilməsinin, eləcə də
internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya
şəbəkələrindən istifadə etməklə narkotik vasitələrin və ya psixotrop maddələrin
istehlakının təşviqinin həmin Məcəllənin 236-cı maddəsində nəzərdə tutulan
narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə
cinayətinin tərkibini və ya Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə
tutulan cinayət əməlinə hazırlığı, yaxud da Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 428.10-cu
maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaratmasının müəyyən
edilməsi üçün həmin maddələrin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki, Baş Prokurorluqda aparılmış təhlillər zamanı müəyyən
edilmişdir ki, son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə bağlı istintaqı aparılan cinayət işləri üzrə şəxslər
tərəfindən “Whatsapp”, “İnstagram”, “Facebook”, “Zoom”, “Skype” və digər sosial
şəbəkələrdən, internet informasiya ehtiyatlarından istifadə edilməklə narkotik
vasitələrin və psixotrop maddələrin çoxsaylı şəxslərə satışının və əlçatanlığının
təmin edilməsi, onların reklamının təşkil edilməsi, istifadəsinin
həvəsləndirilməsi və bu kimi digər əməllərin törədilməsi, bəzən isə yalnız narkotik
vasitələrin və ya psixotrop maddələrin bir-birinə çatdırılması üçün fərdi
rabitə vasitəsi kimi istifadə edilməsi hallarına tez-tez rast gəlinir.
Lakin təcrübədə narkotik
vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar sosial
şəbəkələrdən yalnız fərdi rabitə vasitəsi kimi istifadə edilməsi zamanı əməlin
Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini
yaratması və ya qeyd olunan vasitələrdən istifadə edilməklə qeyri-müəyyən
şəxslərə ünvanlanmış narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını
tərifləyən videoçarxların yayımlanması, onların reklamının təşkil edilməsi və
bu kimi hallarda əməlin Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulan
– narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə
cinayətinin tərkibini yaratması ilə bağlı fərqli yanaşmaların olması bir sıra
hallarda şəxslərin əsassız olaraq daha ağır cinayət əməlini törətməkdə təqsirli
bilinərək məsuliyyətə cəlb olunmalarına, bəzən isə cinayət məsuliyyətindən
kənarda qalmalarına səbəb ola bilər.
Sorğuda qeyd olunur ki,
Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan
əməlin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi
zamanı sosial şəbəkələrdən məhz fərdi rabitə vasitəsi kimi istifadə edilməsi
halını da ehtiva etməsi məsələsi mübahisəlidir.
Belə ki, Cinayət
Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasında bu Məcəllənin 234.2, 234.3
və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin kütləvi informasiya
vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya
informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə
görə cinayət məsuliyyəti müəyyən edilir. Yəni maddənin dispozisiyasında
istifadə edilən “internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya
şəbəkələri” ifadələri “o cümlədən” bağlayıcısı ilə “kütləvi informasiya
vasitələri” ifadəsi ilə əlaqələndirilmişdir.
Sorğuverənin qənaətinə görə,
narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin internet
informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə
edilməklə törədilməsi dedikdə, qanunverici orqan Cinayət Məcəlləsinin 234.2,
234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi zamanı
narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin həyata
keçirilməsinin asanlaşdırılması üçün bununla əlaqədar məlumatların qeyri-məhdud
sayda şəxslərə çatdırılması, onların çoxsaylı şəxslərə əlçatanlığının təmin
edilməsi və digər bu kimi məqsədlər ilə internet informasiya ehtiyatlarından və
ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməsini nəzərdə
tutur.
Sorğuda həmçinin qeyd
olunur ki, narkotik vasitələrin və ya
psixotrop maddələrin istehlakına təhrik etmə cinayət əməlinin cəhətləri,
internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən
istifadə etməklə (onlardan istifadə qaydaları, təsiri, habelə onlardan istifadə
ilə bağlı mahnıların bəstələnməsi və ya yayılması və s.) narkotik vasitələrin
və ya psixotrop maddələrin istehlakının təşviqi zamanı əməldə Cinayət
Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə hazırlığın,
yoxsa həmin Məcəllənin 236.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin
olması ilə bağlı fikir ayrılıqları vardır. Habelə təcrübədə qeyd olunan
hallarda əməlin İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında
qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə səbəb olması da
istisna edilmir.
Göstərilənlərə əsasən,
Prokurorluq hüquq tətbiqetmə təcrübəsində mövcud qeyri-müəyyənliyin aradan
qaldırılması və vahid təcrübənin formalaşdırılması məqsədi ilə Konstitusiya
Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına gəlmişdir.
Qeyd edilməlidir ki, hazırkı
sorğu Konstitusiya Məhkəməsinə verildikdən sonra 17 fevral 2023-cü il tarixli 807-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu ilə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində “kütləvi informasiya
vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilmişdir.
Bu dəyişiklik “Media
haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli
471-VIQ nömrəli Qanununun (bundan sonra –
“Media haqqında” Qanun) icrası ilə əlaqədar həyata keçirilmişdir. Həmin Qanunun
78.6-cı maddəsinə müvafiq olaraq, bu Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri
haqqında” Azərbaycan
Respublikasının Qanunu ləğv edilmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Məsuliyyətin yaranması
hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı
hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin
yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq, qanunda dəqiq
və aydın göstərilməlidir. Eyni zamanda, cinayət qanunvericiliyi sahəsində
hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci
maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın
71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini
ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı
(nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət
qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət
qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü
maddəsinin şərh edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərarı).
Eyni zamanda Avropa Məhkəməsinin Böyük Palatası Del
Rio Prada İspaniyaya qarşı iş üzrə 2013-cü il 21 oktyabr tarixli Qərarında (§92-93)
qeyd etmişdir ki, hüquq normasının istənilən hüquq sahəsində, o cümlədən
cinayət hüququnda nə qədər aydın şəkildə tərtib olunmasına baxmayaraq, məhkəmə
təfsiri elementi qaçılmazdır. Lakin ağlabatan şəkildə öngörülə bilən məhkəmənin
təfsirinin olmaması təqsirləndirilən şəxsin Konvensiyanın 7-ci maddəsində
nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Əks təqdirdə
həmin müddəanın məqsəd və vəzifələri (heç kim özbaşına cinayət təqibinə, məhkum
edilməyə və ya cəzaya məruz qalmamalıdır) yerinə yetirilməmiş olur.
Sorğuda qaldırılan birinci
məsələ Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasında əks olunmuş
əməlin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi
zamanı internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya
şəbəkələrindən, yəni nəticə etibarilə sosial şəbəkələrdən fərdi rabitə vasitəsi
kimi istifadə olunması hallarını da ehtiva edib-etməməsi məsələsidir.
Bununla bağlı, ilk növbədə,
qeyd etmək lazımdır ki, sosial şəbəkələrin mahiyyətinə aid olan əsas
xüsusiyyətlərindən biri onların eyni vaxtda qeyri-məhdud sayda insanla əlaqənin
yaradılmasına imkan yaratmasından, onların koməkliyi ilə qeyri-məhdud sayda
insanın istənilən məlumatı əldə etməsi və qeyri-məhdud sayda insanlar arasında
yayılmasından ibarətdir. Lakin bu, sosial şəbəkələrdən fərdi ünsiyyət vasitəsi
kimi istifadə imkanını da istisna etmir. Bu zaman sosial şəbəkələrdən fərdi
rabitə vasitəsi kimi istifadə olunması dedikdə, məsələn cinayət əməlini törədən
şəxslərin həmin şəbəkə vasitəsilə fərdi qaydada bir-biri ilə əlaqəsinin təmin
edilməsi halları başa düşülməlidir. Sosial şəbəkələrdən bu cür istifadə halları
iki şəxsin təkbətək ünsiyyəti üçün mobil və ya kabel telefon rabitəsindən
istifadəsi halları ilə mahiyyət etibarı ilə eynidir.
Cinayət Məcəlləsinin 234.4.4-cü
maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə
tutulmuş əməllərin məhz mediadan, o cümlədən internet informasiya
ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə
etməklə törədilməsi halları kriminallaşdırılır. Cinayət Məcəlləsinin müvafiq
maddəsində yer alan “media” anlayışının tərifi “Media haqqında” Qanunun
1.1.2-ci maddəsində verilmişdir. Həmin Qanuna uyğun olaraq, media – kütləvi
informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya)
yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə
onlar vasitəsilə formalaşan informasiya mühitidir. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən isə
kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan
Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə
çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya)
yayımlanan məlumatlardır.
Beləliklə, Cinayət
Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasının konstruksiyasında əsas yer
məhz kütləvilik əlamətinə verilir. Burada qanunvericinin başlıca məqsədi
Cinayət Məcəlləsinin 234.2, 234.3, 234.3-1-ci maddələrində göstərilən əməllərin
kütləvi auditoriyaya, qeyri-müəyyən sayda insanlara münasibətdə törədilməsinin,
yəni narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə
bağlı məlumatların qeyri-müəyyən sayda şəxslərə təqdimatı vasitəsilə satışının
kriminallaşdırılmasından ibarətdir. Qanunverici, narkotik vasitələrin və ya
psixotrop maddələrin satışına dair təkliflərin internet informasiya ehtiyatları
və ya informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə qeyri-məhdud şəxslər
dairəsinə ünvanlanmasına, həmin məlumatların çoxlu sayda şəxslər üçün əlçatan
olmasına, bununla da narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz
dövriyyəsində iştirak edən şəxslərin (istehsalçıların, satıcıların, ticarət
vasitəçilərinin, istehlakçıların və s.), mütəşəkkil cinayətkar birliklərin
sayının hədsiz genişlənməsinə şərait yaratdığı üçün Cinayət Məcəlləsinin 234.4.4-cü
maddəsindəki əməllərin daha böyük ictimai təhlükə kəsb etdiyini nəzərə alaraq
həmin əməllərə görə daha ağır cinayət məsuliyyətini də müəyyən etmişdir.
Yuxarıda qeyd olunanları
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, narkotik
vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz
dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya
informasiya-telekommunikasiya şəbəkələrindən fərdi rabitə vasitəsi kimi
istifadə etməklə, yəni sosial şəbəkələrdən yalnız satıcı ilə alıcı arasındakı
fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi Cinayət Məcəlləsinin 234.4.4-cü
maddəsi ilə deyil, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 234.2,
234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələrinə əsasən tövsif olunmalıdır.
Bununla belə, sosial
şəbəkələrin yuxarıda göstərilən əsas xüsusiyyəti nəzərə alınaraq qeyd
olunmalıdır ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi
ilə qanunsuz dövriyyəsi zamanı həmin şəbəkələrdən istifadə kütləvilik əlamətini ehtiva etdiyi halda
Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi
yaranır.
Burada bir daha qeyd olunmalıdır
ki, qanunverici məsuliyyətə cəlb etmənin şərtlərini elə konkret şəkildə təsbit
etməlidir ki, cinayət tərkibinin əlamətləri maddənin birbaşa məzmunundan və ya məhkəmə
təfsiri vasitəsi ilə müəyyən edilə bilinsin. Qanunda əks olunan mətnin məzmunu
mümkün məhkəmə təfsirinin son hədlərini müəyyənləşdirir.
Bu mənada Konstitusiya
Məhkəməsinin Plenumu məsələyə dair xarici ölkələrin konstitusiya mühakimə
orqanlarının mövqelərini diqqətəlayiq hesab edir. Belə ki, Almaniya Federal
Konstitusiya Məhkəməsinin Birinci Senatı 1995-ci il 10 yanvar tarixli Qərarında
əməlin cinayət hesab olunmasını və ona müvafiq cəzanın təyin edilməsini
qanunvericinin müstəsna səlahiyyətləri kimi tanıyaraq və məhkəmələrin həmin
səlahiyyətlərə müdaxiləsini yolverilməz hesab edərək, eyni zamanda onu da
vurğulamışdı ki, cinayət qanununun hərfi mənasından kənara çıxan təfsiri
nəticəsində məhkum olunmuş şəxs bəraət almalıdır. Bu, ilk baxışdan cinayət
qanunu ilə cəzalana biləcəyi kimi görünən, lakin əslində həmin qanunun şamil
olunmadığı ayrı-ayrı konkret hallara da aiddir. Belə vəziyyətdə boşluğun
doldurulması məsələsi qanunvericinin özü tərəfindən həll edilməlidir.
Sorğuda həmçinin sosial
şəbəkələrdən istifadə edilməklə qeyri-müəyyən şəxslərə ünvanlanmış narkotik vasitələrin
və psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların ayrı-ayrı şəxslər
tərəfindən yayımlanması, onların reklamının təşkil edilməsi və bu kimi
hallarda əməldə Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulan –
narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə cinayət
tərkibinin və ya Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş
cinayət əməlinə hazırlığın yaxud İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində
nəzərdə tutulan – reklam haqqında qanunvericiliyin pozulması inzibati xəta
tərkibinin olması ilə bağlı fərqli yanaşmaların mövcud olduğu bildirilir.
Cinayət Məcəlləsinin
234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhətini
təşkil edən elementlərdən biri məhz mediadan, o cümlədən internet informasiya
ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə
etməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma,
göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
satmada ifadə olunur. Bu cinayət əməlinin törədilməsində məqsəd narkotik
vasitələri və psixotrop maddələri mümkün qədər çox insana satmaqla bundan maddi
gəlir əldə etməkdir.
Narkotik vasitələrin və ya psixotrop
maddələrin istehlakını tərifləyən videoçarxların satış məqsədi olmadan sadəcə yayımlanması
isə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət
tərkibinin əlamətlərini əks etdirmədiyinə görə bu əməl Cinayət Məcəlləsinin
234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə hazırlıq kimi
qiymətləndirilə bilməz.
Cinayət Məcəlləsinin 236-cı
maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti isə narkotik
vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə hərəkətində
ifadə olunur.
Cinayət Məcəlləsinin 236-cı
maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsd
formasında, zərərçəkmiş şəxsi narkotik vasitədən və ya psixotrop maddədən
istifadə etməyə təhrik etmə məqsədilə törədilir. Belə ki, təqsirkar bu
hərəkətlərin zərərçəkmiş şəxsin sağlamlığına zərər vura biləcəyini dərk edir,
onun narkotik aludəçisi ola biləcəyini qabaqcadan görür və bunu arzu edir.
Burada məqsəd (narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməyə
təhrik etmə) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməlin
törədilməsində belə məqsəd olmazsa, bu, Cinayət Məcəlləsinin 236-cı maddəsində
nəzərdə tutulmuş cinayət tərkibini yaratmaz.
İşin konstitusiya icraatı
qaydasında araşdırılması zamanı müxtəlif mütəxəssis rəylərindən müəyyən
olunmuşdur ki, məhkəmə təcrübəsində təhrik konkret şəxsə qarşı yönəlmiş hərəkət
kimi qəbul olunur.
Təhrik etmənin bu cür qəbul
olunması həmçinin onunla bağlıdır ki, hüquq ədəbiyyatında narkotik vasitələrin
və ya psixotrop maddələrin istehlakına təhrik etmə təhrikçiliyin xüsusi forması
kimi dəyərləndirilir, yəni başqa şəxsə bu və ya digər formada edilən təsir onu
cinayət və ya digər hüquqazidd hərəkəti etməyə qətiyyətləndirir.
Cinayət Məcəlləsinin
32.4-cü maddəsinə əsasən, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər
üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin
istehlakına təhrik etmə şəxsi bu maddələri istehlak etmək üçün dilə tutma,
təklif etmə, məsləhət vermə, bu maddələri qəbul etdikdən sonra yaranan hislər
barədə həvəs və arzu yaratmada ifadə olunur və bu cür təhrik etmə ümumi insan
kütləsinə deyil, konkret şəxsə və ya şəxslərə ünvanlanmalıdır. Əks yanaşma,
yəni, təhrik olunanın fərdiləşdirilməməsi cinayət qanununun genişləndirici
təfsirinə gətirib çıxarardı ki, bu da qanunçuluq prinsipi ilə uzlaşmır.
Bir sıra ölkələrin məhkəmə
təcrübəsinə nəzər yetirdikdə həmin məsələyə münasibətdə eyni yanaşmanın mövcud
olduğu müəyyən edilmişdir (məsələn, Qazaxıstan
Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin,
onların analoqlarının və prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı işlər
üzrə qanunvericiliyin tətbiqi haqqında” 1998-ci il 14 may tarixli 3 nömrəli
normativ qərarı və "Narkotik vasitələr, psixotrop, güclü təsir
göstərən və zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər üzrə məhkəmə
təcrübəsi haqqında" Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun 2006-cı
il 15 iyun tarixli 14 nömrəli qərarı).
Göstərilənlərə əsasən qeyd
olunmalıdır ki, sosial şəbəkələrdə
narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını tərifləyən
videoçarxlar qeyri-müəyyən insan kütləsinə ünvanlandığından, həmin əməl Cinayət
Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutmuş cinayət tərkibini yaratmır.
O da göstərilməlidir ki,
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən,
reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və
üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını
formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını
stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.
Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 408.2-ci maddəsinə müvafiq olaraq, şəxslərin qeyri-müəyyən
dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda
göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır.
Sadalanan normalardan da
aydın olur ki, reklam qeyri-müəyyən insan kütləsinə ünvanlanmış məlumatdır.
İnternet informasiya
ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən istifadə
etməklə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakının təşviqi (onlardan
istifadə qaydaları, təsiri, habelə onlardan istifadə ilə bağlı mahnıların
bəstələnməsi və yayılması və s.) zamanı əməldə inzibati
xəta tərkibinin olub-olmaması ilə əlaqədar qeyd olunmalıdır ki, İnzibati
Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə
tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta
tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya
hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
İnzibati Xətalar
Məcəlləsinin 428.10-cu (Reklam haqqında
qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanın
subyekti qismində yalnız vəzifəli şəxslər və hüquqi şəxslər çıxış etdiyindən, narkotik
vasitələrin və ya psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların fiziki şəxslər
tərəfindən yayımlanması inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş inzibati
məsuliyyətə də səbəb olmayacaqdır.
Bununla yanaşı Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası Milli
Məclisinin 1992-ci il 28 oktyabr tarixli Qərarı ilə qoşulduğu Birləşmiş
Millətlər Təşkilatının 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasının 3-cü
maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasına uyğun olaraq hər bir tərəf,
özünün konstitusiya müddəalarını və öz hüquq sisteminin əsas prinsiplərini
nəzərə almaqla, qəsdən törədildiyi hallarda, istənilən vasitələrlə başqalarını
bu maddədə nəzərdə tutulmuş hüquqpozmaların törədilməsinə, yaxud narkotik
vasitələrin və ya psixotrop maddələrin qanunsuz istifadəsinə açıq (publik)
təhrik etmə, yaxud vadar etmə hərəkətlərinin öz qanunvericiliyinə müvafiq
olaraq cinayət kimi tanınması üçün tələb oluna biləcək tədbirlər görür.
Birləşmiş Millətlər
Təşkilatının İqtisadi və Sosial Şurasının 1993/42 saylı Qətnaməsinə əsasən
hazırlanan həmin Konvensiyanın şərhinə uyğun olaraq, yuxarıda adı çəkilən
hüquqi müddəa narkotiklərdən istifadəni tərifləyən və narkotik mədəniyyətini
təbliğ edən jurnal və film materialları ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Vaxtilə Konvensiya hazırlanıb qəbul edilərkən narkotik vasitələrdən
sui-istifadənin reklamı və təşviqi üçün elektron media vasitələrinin, xüsusən
də internetin istifadəsi halları məlum olmasa da, hazırda reklam və təşviqat
zamanı bu cür vasitələrdən istifadə Konvensiyanın müvafiq maddəsində yer almış
“istənilən vasitələrlə” sözləri ilə əhatə olunur.
Odur ki, Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiya norma və prinsiplərinin
tələblərinə riayət edilməklə Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop
maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi
məqsədəmüvafiqdir.
Konstitusiya Məhkəməsinin
Plenumu həmçinin qeyd edir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin
təşviqinin kriminallaşdırılmasının konstitusion əsaslarının mövcudluğu da
istisna olunmamalıdır.
Belə ki, ən yüksək hüquqi
qüvvəyə malik olan Konstitusiya (147-ci maddənin I hissəsi), o cümlədən, cinayət hüququ
sahəsində də dövlətlə fərd arasındakı münasibətlərin əsas prinsiplərini təsbit
edir. Məhz həmin prinsiplərə uyğun olaraq, dövlət, geniş yayılması səbəbindən
konstitusiya dəyərlərinə əhəmiyyətli zərər vuran və qarşısı digər hüquqi
vasitələrlə alına bilinməyən ictimai təhlükəli əməllərə görə cinayət
məsuliyyətini müəyyən etmək səlahiyyətinə malikdir.
Bu baxımdan narkotik
vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik
vasitələrin qanunsuz istehlakı hallarının son illər geniş yayıldığını nəzərə
alaraq, əhalinin sağlamlığının, o cümlədən gənc nəslin fiziki və mənəvi
sağlamlığının qorunması məqsədilə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə
şərait yaradan bir əməl kimi narkotik vasitələrin və ya psixotrop maddələrin
təşviqinin kriminallaşdırılmasının mümkünlüyü Konstitusiyanın 94-cü maddəsinin
I hissəsinin 17-ci bəndinə uyğun olaraq qanunverici tərəfindən nəzərdən
keçirilə bilər.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən irəli gələn
cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri
baxımından Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq,
narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının
qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və
ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı
arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini
ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil,
işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1,
234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini
yaradır;
- Konstitusiyanın norma və prinsiplərini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasının (3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasının) tələblərinə riayət edilməklə, narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən
irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi
prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop
maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı
əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya
şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi
istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin
maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq
həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü
maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.
2. Azərbaycan Respublikası Konstitusiyasının norma və
prinsiplərini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci
il tarixli Konvensiyasının (3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin
(iii) abzasının) tələblərinə riayət edilməklə, narkotik vasitələrin və ya psixotrop
maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin,
habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı
maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə
dair
14 iyul 2023-cü il tarixli Qərarından hakim
İ.Nəcəfovun (“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 64-cü maddəsinə əsasən)
Xüsusi rəyi
14 iyul 2023-cü
il
Bakı şəhəri
Konstitusiya Məhkəməsinin
Plenum qərarına hörmətlə yanaşaraq, qərardakı bəzi mühakimələrə öz mövqeyimi
bildirməyi vacib sayıram.
Plenum qərarında
qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan
sonra -Cinayət Məcəlləsi) 234.4.4.-cü maddəsində əks olunmuş dispozisiyanın
konstruksiyasında əsas yer məhz kütləvilik əlamətinə verilir. Burada
qanunvericinin başlıca məqsədi Cinayət Məcəlləsinin 234.1-ci, 234.2-ci,
234.3-cü, 234.3-1-ci maddələrində göstərilən əməllərin kütləvi auditoriyaya,
qeyri-müəyyən sayda insanlara münasibətdə törədilməsinin, yəni narkotik vasitələrin
və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların qeyi-müəyyən
sayda şəxslərə təqdimatı vasitəsilə satışının kriminallaşdırılmasından ibarətdir.
Qanunverici, narkotik vasitələrin və ya psixotrop maddələrin alınmasına dair təkliflərin
internet informasiya ehtiyatları və ya
informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə qeyri-məhdud şəxslər
dairəsinə ünvanlanmasına, həmin məlumatların
çoxlu sayda şəxslər üçün əlçatımlı olmasına, bununla da narkotik vasitələrin,
psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərin
(istehsalçıların, satıcıların, ticarət vasitəçilərinin, istehlakçıların və s.),
mütəşəkkil cinayətkar birliklərin sayının hədsiz genişlənməsinə şərait
yaratdığı üçün Cinayət Məcəlləsinin 234.4-cü maddəsindəki əməllərin daha böyük
ictimai təhlükə kəsb etdiyini nəzərə alaraq həmin əməllərə görə daha ağır cinayət
məsuliyyətini də müəyyən etmişdir.
Yuxarıda qeyd
olunanları nəzərə alaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya
onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet
informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən
fərdi rabitə vasitəsi kimi istifadə etməklə, yəni sosial şəbəkələrdən yalnız
satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi
CM-nin 234.4.4-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin
234.2-ci, 234.3, 234.3-1, 234.4.1, 234.4.2., 234.4.3-cü maddələrinə əsasən
tövsif olunmalıdır”.
Plenumun bu hüquqi
mövqeyini kifayət qədər düzgün hesab etmirəm.
Əvvəla qeyd edilməlidir
ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin şərh edilməsi məqsədi ilə həmin
maddədə qeyd olunan anlayışların əlaqəli şəkildə izahına diqqət yetirilməsi zəruri
olsa da, Plenum Qərarında bunu edilməmiş, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun (bundan sonra -
Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu ) 90.1-90.2-ci maddələrinin
tələbi pozulmuşdur.
Həmin maddələrin tələbinə
əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə
tətbiqi təcrübəsində ziddiyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş
normayatma orqanı və ya Azərbaycan Respublikası Konsitusiyasının 130-cu maddəsinin
IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konsitusiya məhkəməsi
müvafiq normaları rəsmi şərh edir. Normativ hüquqi akt şərh edildikdə onun
normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə
yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən
digər nomalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.
Cinayət Məcəlləsinin
234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal
etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri satmanı, 234.3-cü maddəsi narkotik vasitələrin və ya
psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi
ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli
miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşımanı, 234.3-1-ci maddəsi
yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya
psixotrop maddələri satmanı, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində
nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə
müəssisələrində yaxud həbs yerlərində törətməni cinayət tərkibi kimi müəyyən
etmişdir.
Nəzərə alınmalıdır ki,
yuxarıdakı maddələrdə göstərilən cinayət əməlləri formal tərkibli olmaqla
yanaşı, həm də alternativ tərkiblidir. Formal quruluşa malik olan tərkiblərdə
cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən
(hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlər qanunla qadağan edilən
hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir.
Alternativ əlamətli cinayət
tərkiblərinin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, belə cinayətlərinin başa
çatmış hesab edilməsi üçün müvafiq maddələrdə təsbit olunmuş alternativ
hərəkətlərdən (hərəkətsizliklərdən) birinin törədilməsi kifayətdir.
Cinayət Məcəlləsinin
234.4.4-cü maddəsi isə həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində
nəzərdə tutulmuş əməllərin mediadan, o cümlədən internet informasiya
ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə
törədilməsini cinayət məsuliyyətini ağırlaşdıran tərkib kimi müəyyən etmişdir.
Hesab edirik ki,
Cinayət Məcəlləsinn 234.4.4-cü maddəsində “o cümlədən” bağlayıcısından istifadə
olunması həmin maddədə qeyd olunan vasitələrdən
birinin digərini ehtiva etməsi anlamına gəlmir. Belə ki, həmin maddədə
göstərilən anlayışların hər birinə qanunvericilikdə izah verilmişdir.
Media haqqında Azərbaycan
Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən “media – kütləvi
informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya)
yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə
onlar vasitəsilə formalaşan informasiya mühitidir”.
Həmin Qanunun
1.1.1-ci maddəsinə əsasən “kütləvi
informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan
Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə
çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya)
yayımlanan məlumatlardır”.
Qeyd olunan
Qanunun 1.1.7-ci maddəsinə əsasən onlayn
media – audiovizual media və çap mediası istisna olmaqla, mətn,
audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi
informasiyanı veb-saytda yayımlayan mediadır.
İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsinin 9-cu abzasına görə internet
informasiya ehtiyatı dedikdə
internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan,
müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər
işarələnməyə malik olan informasiya ehtiyatı başa düşülür.
Telekommunikasiya
haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra – Telekommunikasiya
haqqında Qanun) 1.0.2-ci maddəsi ilə telekommunikasiya şəbəkəsinin analayışı
verilmişdir. Göstərilən maddəyə müvafiq olaraq telekommunikasiya şəbəkəsi -
telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə
birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusudur. Həmin Qanunun
1.0.1-ci maddəsinə görə isə telekommunikasiya - elektrik və ya elektromaqnit
rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər
hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsidir.
Telekommunikasiya
haqqında Qanunun 23-cü maddəsi ilə telekommunikasiya xidmətinin növləri müəyyən
edilmişdir. Həmin maddəyə əsasən telefon (məftilli), sellülar (mobil),
internet xidməti də telekommunikasiya xidmətinin növlərinə aid
edilmişdir.
Həmin Qanuna əsasən
telefon (məftilli) xidməti - hərəkətsiz (stasionar) son avadanlıqdan istifadə
etməklə göstərilən telekommunikasiya xidmətidir. Sellülar (mobil)
xidmət - istifadəçinin son avadanlığı telekommunikasiya şəbəkəsinin bütün son
nöqtələri çərçivəsində sərbəst hərəkət edərək mobil stansiyanın məxsusiləşdirmə
kodunu saxlamaqla radiotexnologiyaları tətbiq etməklə göstərilən
telekommunikasiya xidmətidir (Telekommunikasiya haqqında Qanunun 24 və 25-ci
maddələri).
Qeyd olunan
Qanunun 29-cu maddəsində verilmiş anlayışa uyğun olaraq internet
telekommunikasiya xidməti - beynəlxalq standartlarla müəyyən olunan İnternet
protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya
xidmətidir.
Beləliklə,
qanunverici Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində telekommunikasiya xidmətinin
hər hansı növünü fərqləndirmədən və istisna etmədən ümumilikdə
informasiya-telekommunikasiya şəbəkələrindən istifadəni məsuliyyəti
ağırlaşdıran hal kimi müəyyənləşdirmişdir.
Göstərilən
anlayışların funksional əlaqəsindən göründüyü kimi “Whatsapp”, “İnstagram”,
“Facebook”, “Zoom” və digər sosial şəbəkələrdən
fərdi rabitə vasitəsi kimi istifadə etməklə narkotik vasitələrin və
psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxs
telekommunikasiya xidmətindən yararlanmış və istifadə etmiş olur.
İnternet
informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən
mediada, xüsusilə də onlayn mediada istifadə edilməsi mümkün olsa da, onlar
daha geniş anlayışdır və mediadan fərqli olaraq özündə kütləviliklə yanaşı, həm
də fərdiliyi əhatə edir.
Konstitusiya Məhkəməsinin
Plenumu nəzərə almamışdır ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində göstərilən
əməllərin internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya
şəbəkələri vasitəsilə törədilməsi üçün daha ağır cinayət məsuliyyətinin müəyyən
edilməsində məqsəd təkcə həmin vasitələrin kütləvi xarakteri, geniş kütlə üçün əlçatan
olması deyil. Həmçinin əməlin gizliliyinə - cinayətkarın şəxsiyyətinin
gizli saxlanılmasına və onun ifşa edilməsinin çətinləşdirilməsinə şərait
yaratmasıdır.
İnformasiya
texnologiyalarının təqdim etdiyi imkanlar cinayətkarın şəxsiyyətini gizli
saxlamaqla narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsini
onun üçün daha təhlükəsiz olan təmassız üsulla həyata keçirməsini mümkün edir.
Mediadan istifadə
edilməklə törədilən cinayətlərlə müqayisədə internet informasiya
ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməkə
törədilən cinayətlərdə cinayətkarın şəxsiyyətini müəyyən etmək çətin və kifayət
qədər müddət tələb edən prosesdir.
Qeyd olunan amillər
həmin vasitələrdən istifadə edilməklə törədilən cinayət əməllərinin ictimai təhlükəliliyinin
daha yüksək olmasına dəlalət edir. Məhz bu səbəbdən qanunverici hər hansı məhdudiyyət
qoymadan, yəni hər hansı sosial şəbəkənin fərdi rabitə vasitəsi kimi və ya kütləvi
vasitə kimi istifadəsindən asılı olmayaraq internet informasiya ehtiyatlarından
və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadəyə görə məsuliyyəti
ağırlaşdırmışdır.
Normativ hüquqi
aktlar haqqında Konstitusiya Qanununun 90.4-cü maddəsinin tələblərinə əsasən
genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və
mənası arasında açıq-aşkar fərq olanda yol verilir.
Hazırda şərh
olunması xahiş olunan Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin isə mətni ilə
mənası arasında hər hansı fərq mövcud deyil.
Həmin maddənin məhdudlaşdırıcı
şərh edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən Cinayət Məcəlləsinin
sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq
və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi,
ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən
qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarət olan vəzifələrinin
icrasına mane ola bilər.
Yuxarıda
qeyd edilənlərə əsasən belə hesab edirik ki, Cinayət Məcəlləsinin 234.4.4-cü
maddəsi məhdudlaşdırıcı şərh edilməməli, sosial şəbəkələrin fərdi rabitə vasitəsi
kimi istifadə edilib-edilməməsindən asılı olmayaraq əməllərin internet
informasiya ehtiyatları və ya informasiya-telekomunikasiya şəbəkələri vasitəsilə
törədilməsinin Cinayət Məcəlləsinin 234.4-cü maddəsində göstərilən cinayət tərkibini
yaratdığı nəzərə alınmalıdır.
Narkotik
vasitələrin və psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların
yayımlanması ilə bağlı cinayət məsuliyyətinə gəldikdə isə hesab edirik ki,
konkret olaraq materiallarla tanış olmadan əməlin cinayət tərkibini
yaradıb-yaratmaması, yaratdığı halda narkotik
vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə tərkibinin və ya
başqa bir tərkibi yaratması ilə bağlı mövqe bildirmək mümkün deyil. Cinayət
işinin hallarına müvafiq olaraq cinayət əməlinin tövsifi istintaq orqanlarının
vəzifəsidir.
Bununla
yanaşı qanunverici orqan cəmiyyət üçün ictimai təhlükə yaratdığına görə qeyri-qanuni
əməlləri cinayət əməli kimi tanıyıb, onların törədilməsinə görə məsuliyyət təyin
edir.