Qərarlar

14.07.23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

14 iyul 2023-cü il                                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Gəncə Apellyasiya Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ: 

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi zamanı sosial şəbəkələrdən fərdi rabitə vasitəsi kimi istifadə edilməsi hallarında əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.4-cü maddəsi ilə tövsif edilməsinin, eləcə də internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakının təşviqinin həmin Məcəllənin 236-cı maddəsində nəzərdə tutulan narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə cinayətinin tərkibini və ya Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə hazırlığı, yaxud da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaratmasının müəyyən edilməsi üçün həmin maddələrin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Baş Prokurorluqda aparılmış təhlillər zamanı müəyyən edilmişdir ki, son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı istintaqı aparılan cinayət işləri üzrə şəxslər tərəfindən “Whatsapp”, “İnstagram”, “Facebook”, “Zoom”, “Skype” və digər sosial şəbəkələrdən, internet informasiya ehtiyatlarından istifadə edilməklə narkotik vasitələrin və psixotrop maddələrin çoxsaylı şəxslərə satışının və əlçatanlığının təmin edilməsi, onların reklamının təşkil edilməsi, istifadəsinin həvəsləndirilməsi və bu kimi digər əməllərin törədilməsi, bəzən isə yalnız narkotik vasitələrin və ya psixotrop maddələrin bir-birinə çatdırılması üçün fərdi rabitə vasitəsi kimi istifadə edilməsi hallarına tez-tez rast gəlinir.

Lakin təcrübədə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar sosial şəbəkələrdən yalnız fərdi rabitə vasitəsi kimi istifadə edilməsi zamanı əməlin Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratması və ya qeyd olunan vasitələrdən istifadə edilməklə qeyri-müəyyən şəxslərə ünvanlanmış narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların yayımlanması, onların reklamının təşkil edilməsi və bu kimi hallarda əməlin Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulan – narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə cinayətinin tərkibini yaratması ilə bağlı fərqli yanaşmaların olması bir sıra hallarda şəxslərin əsassız olaraq daha ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalarına, bəzən isə cinayət məsuliyyətindən kənarda qalmalarına səbəb ola bilər.

Sorğuda qeyd olunur ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi zamanı sosial şəbəkələrdən məhz fərdi rabitə vasitəsi kimi istifadə edilməsi halını da ehtiva etməsi məsələsi mübahisəlidir.

Belə ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasında bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir. Yəni maddənin dispozisiyasında istifadə edilən “internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya şəbəkələri” ifadələri “o cümlədən” bağlayıcısı ilə “kütləvi informasiya vasitələri” ifadəsi ilə əlaqələndirilmişdir.

Sorğuverənin qənaətinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədilməsi dedikdə, qanunverici orqan Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsi zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin həyata keçirilməsinin asanlaşdırılması üçün bununla əlaqədar məlumatların qeyri-məhdud sayda şəxslərə çatdırılması, onların çoxsaylı şəxslərə əlçatanlığının təmin edilməsi və digər bu kimi məqsədlər ilə internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməsini nəzərdə tutur.

Sorğuda həmçinin qeyd olunur ki, narkotik vasitələrin və ya  psixotrop maddələrin istehlakına təhrik etmə cinayət əməlinin cəhətləri, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə (onlardan istifadə qaydaları, təsiri, habelə onlardan istifadə ilə bağlı mahnıların bəstələnməsi və ya yayılması və s.) narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakının təşviqi zamanı əməldə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə hazırlığın, yoxsa həmin Məcəllənin 236.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin olması ilə bağlı fikir ayrılıqları vardır. Habelə təcrübədə qeyd olunan hallarda əməlin İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə səbəb olması da istisna edilmir.

Göstərilənlərə əsasən, Prokurorluq hüquq tətbiqetmə təcrübəsində mövcud qeyri-müəyyənliyin aradan qaldırılması və vahid təcrübənin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək qərarına gəlmişdir.

Qeyd edilməlidir ki, hazırkı sorğu Konstitusiya Məhkəməsinə verildikdən sonra 17 fevral 2023-cü il tarixli 807-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilmişdir.

Bu dəyişiklik “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun (bundan sonra – “Media haqqında” Qanun) icrası ilə əlaqədar həyata keçirilmişdir. Həmin Qanunun 78.6-cı maddəsinə müvafiq olaraq, bu Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq, qanunda dəqiq və aydın göstərilməlidir. Eyni zamanda, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərarı). 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının Korbely Macarıstana qarşı iş üzrə 2008-ci il 19 sentyabr tarixli Qərarında (§70) göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən, yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunması qadağan edilir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir.

Eyni zamanda Avropa Məhkəməsinin Böyük Palatası Del Rio Prada İspaniyaya qarşı iş üzrə 2013-cü il 21 oktyabr tarixli Qərarında (§92-93) qeyd etmişdir ki, hüquq normasının istənilən hüquq sahəsində, o cümlədən cinayət hüququnda nə qədər aydın şəkildə tərtib olunmasına baxmayaraq, məhkəmə təfsiri elementi qaçılmazdır. Lakin ağlabatan şəkildə öngörülə bilən məhkəmənin təfsirinin olmaması təqsirləndirilən şəxsin Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Əks təqdirdə həmin müddəanın məqsəd və vəzifələri (heç kim özbaşına cinayət təqibinə, məhkum edilməyə və ya cəzaya məruz qalmamalıdır) yerinə yetirilməmiş olur.

Sorğuda qaldırılan birinci məsələ Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasında əks olunmuş əməlin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi zamanı internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən, yəni nəticə etibarilə sosial şəbəkələrdən fərdi rabitə vasitəsi kimi istifadə olunması hallarını da ehtiva edib-etməməsi məsələsidir.

Bununla bağlı, ilk növbədə, qeyd etmək lazımdır ki, sosial şəbəkələrin mahiyyətinə aid olan əsas xüsusiyyətlərindən biri onların eyni vaxtda qeyri-məhdud sayda insanla əlaqənin yaradılmasına imkan yaratmasından, onların koməkliyi ilə qeyri-məhdud sayda insanın istənilən məlumatı əldə etməsi və qeyri-məhdud sayda insanlar arasında yayılmasından ibarətdir. Lakin bu, sosial şəbəkələrdən fərdi ünsiyyət vasitəsi kimi istifadə imkanını da istisna etmir. Bu zaman sosial şəbəkələrdən fərdi rabitə vasitəsi kimi istifadə olunması dedikdə, məsələn cinayət əməlini törədən şəxslərin həmin şəbəkə vasitəsilə fərdi qaydada bir-biri ilə əlaqəsinin təmin edilməsi halları başa düşülməlidir. Sosial şəbəkələrdən bu cür istifadə halları iki şəxsin təkbətək ünsiyyəti üçün mobil və ya kabel telefon rabitəsindən istifadəsi halları ilə mahiyyət etibarı ilə eynidir.

Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin məhz mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi halları kriminallaşdırılır. Cinayət Məcəlləsinin müvafiq maddəsində yer alan “media” anlayışının tərifi “Media haqqında” Qanunun 1.1.2-ci maddəsində verilmişdir. Həmin Qanuna uyğun olaraq, media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir.  Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən isə kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır.

Beləliklə, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin dispozisiyasının konstruksiyasında əsas yer məhz kütləvilik əlamətinə verilir. Burada qanunvericinin başlıca məqsədi Cinayət Məcəlləsinin 234.2, 234.3, 234.3-1-ci maddələrində göstərilən əməllərin kütləvi auditoriyaya, qeyri-müəyyən sayda insanlara münasibətdə törədilməsinin, yəni narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların qeyri-müəyyən sayda şəxslərə təqdimatı vasitəsilə satışının kriminallaşdırılmasından ibarətdir. Qanunverici, narkotik vasitələrin və ya psixotrop maddələrin satışına dair təkliflərin internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə qeyri-məhdud şəxslər dairəsinə ünvanlanmasına, həmin məlumatların çoxlu sayda şəxslər üçün əlçatan olmasına, bununla da narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərin (istehsalçıların, satıcıların, ticarət vasitəçilərinin, istehlakçıların və s.), mütəşəkkil cinayətkar birliklərin sayının hədsiz genişlənməsinə şərait yaratdığı üçün Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsindəki əməllərin daha böyük ictimai təhlükə kəsb etdiyini nəzərə alaraq həmin əməllərə görə daha ağır cinayət məsuliyyətini də müəyyən etmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən fərdi rabitə vasitəsi kimi istifadə etməklə, yəni sosial şəbəkələrdən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü  maddələrinə əsasən tövsif olunmalıdır.

Bununla belə, sosial şəbəkələrin yuxarıda göstərilən əsas xüsusiyyəti nəzərə alınaraq qeyd olunmalıdır ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi zamanı həmin şəbəkələrdən istifadə kütləvilik əlamətini ehtiva etdiyi halda Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaranır.

Burada bir daha qeyd olunmalıdır ki, qanunverici məsuliyyətə cəlb etmənin şərtlərini elə konkret şəkildə təsbit etməlidir ki, cinayət tərkibinin əlamətləri maddənin birbaşa məzmunundan və ya məhkəmə təfsiri vasitəsi ilə müəyyən edilə bilinsin. Qanunda əks olunan mətnin məzmunu mümkün məhkəmə təfsirinin son hədlərini müəyyənləşdirir.

Bu mənada Konstitusiya Məhkəməsinin Plenumu məsələyə dair xarici ölkələrin konstitusiya mühakimə orqanlarının mövqelərini diqqətəlayiq hesab edir. Belə ki, Almaniya Federal Konstitusiya Məhkəməsinin Birinci Senatı 1995-ci il 10 yanvar tarixli Qərarında əməlin cinayət hesab olunmasını və ona müvafiq cəzanın təyin edilməsini qanunvericinin müstəsna səlahiyyətləri kimi tanıyaraq və məhkəmələrin həmin səlahiyyətlərə müdaxiləsini yolverilməz hesab edərək, eyni zamanda onu da vurğulamışdı ki, cinayət qanununun hərfi mənasından kənara çıxan təfsiri nəticəsində məhkum olunmuş şəxs bəraət almalıdır. Bu, ilk baxışdan cinayət qanunu ilə cəzalana biləcəyi kimi görünən, lakin əslində həmin qanunun şamil olunmadığı ayrı-ayrı konkret hallara da aiddir. Belə vəziyyətdə boşluğun doldurulması məsələsi qanunvericinin özü tərəfindən həll edilməlidir.

Sorğuda həmçinin sosial şəbəkələrdən istifadə edilməklə qeyri-müəyyən şəxslərə ünvanlanmış  narkotik vasitələrin və psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların ayrı-ayrı şəxslər tərəfindən yayımlanması, onların reklamının təşkil edilməsi və bu kimi hallarda əməldə Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulan – narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə cinayət tərkibinin və ya Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə hazırlığın yaxud İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan – reklam haqqında qanunvericiliyin pozulması inzibati xəta tərkibinin olması ilə bağlı fərqli yanaşmaların mövcud olduğu bildirilir.

Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhətini təşkil edən elementlərdən biri məhz mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Bu cinayət əməlinin törədilməsində məqsəd narkotik vasitələri və psixotrop maddələri mümkün qədər çox insana satmaqla bundan maddi gəlir əldə etməkdir.

Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların satış məqsədi olmadan sadəcə yayımlanması isə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini əks etdirmədiyinə görə bu əməl Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə hazırlıq kimi qiymətləndirilə bilməz.

Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti isə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə hərəkətində ifadə olunur.

Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən birbaşa qəsd formasında, zərərçəkmiş şəxsi narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməyə təhrik etmə məqsədilə törədilir. Belə ki, təqsirkar bu hərəkətlərin zərərçəkmiş şəxsin sağlamlığına zərər vura biləcəyini dərk edir, onun narkotik aludəçisi ola biləcəyini qabaqcadan görür və bunu arzu edir. Burada məqsəd (narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməyə təhrik etmə) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməlin törədilməsində belə məqsəd olmazsa, bu, Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmaz.

İşin konstitusiya icraatı qaydasında araşdırılması zamanı müxtəlif mütəxəssis rəylərindən müəyyən olunmuşdur ki, məhkəmə təcrübəsində təhrik konkret şəxsə qarşı yönəlmiş hərəkət kimi qəbul olunur.

Təhrik etmənin bu cür qəbul olunması həmçinin onunla bağlıdır ki, hüquq ədəbiyyatında narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə təhrikçiliyin xüsusi forması kimi dəyərləndirilir, yəni başqa şəxsə bu və ya digər formada edilən təsir onu cinayət və ya digər hüquqazidd hərəkəti etməyə qətiyyətləndirir.

Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə şəxsi bu maddələri istehlak etmək üçün dilə tutma, təklif etmə, məsləhət vermə, bu maddələri qəbul etdikdən sonra yaranan hislər barədə həvəs və arzu yaratmada ifadə olunur və bu cür təhrik etmə ümumi insan kütləsinə deyil, konkret şəxsə və ya şəxslərə ünvanlanmalıdır. Əks yanaşma, yəni, təhrik olunanın fərdiləşdirilməməsi cinayət qanununun genişləndirici təfsirinə gətirib çıxarardı ki, bu da qanunçuluq prinsipi ilə uzlaşmır.

Bir sıra ölkələrin məhkəmə təcrübəsinə nəzər yetirdikdə həmin məsələyə münasibətdə eyni yanaşmanın mövcud olduğu müəyyən edilmişdir (məsələn, Qazaxıstan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının və prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı işlər üzrə qanunvericiliyin tətbiqi haqqında” 1998-ci il 14 may tarixli 3 nömrəli normativ qərarı və "Narkotik vasitələr, psixotrop, güclü təsir göstərən və zəhərli maddələrlə əlaqəli cinayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Rusiya Federasiyası Ali Məhkəməsi Plenumunun 2006-cı il 15 iyun tarixli 14 nömrəli  qərarı).

Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, sosial şəbəkələrdə  narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını tərifləyən videoçarxlar qeyri-müəyyən insan kütləsinə ünvanlandığından, həmin əməl Cinayət Məcəlləsinin 236-cı maddəsində nəzərdə tutmuş cinayət tərkibini yaratmır.

O da göstərilməlidir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə   əsasən, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.2-ci maddəsinə müvafiq olaraq, şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır.

Sadalanan normalardan da aydın olur ki, reklam qeyri-müəyyən insan kütləsinə ünvanlanmış məlumatdır.

İnternet informasiya ehtiyatlarından və ya informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakının təşviqi (onlardan istifadə qaydaları, təsiri, habelə onlardan istifadə ilə bağlı mahnıların bəstələnməsi və yayılması və s.) zamanı əməldə inzibati xəta tərkibinin olub-olmaması ilə əlaqədar qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti qismində yalnız vəzifəli şəxslər və hüquqi şəxslər çıxış etdiyindən, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların fiziki şəxslər tərəfindən yayımlanması inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə də səbəb olmayacaqdır.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 28 oktyabr tarixli Qərarı ilə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasına uyğun olaraq hər bir tərəf, özünün konstitusiya müddəalarını və öz hüquq sisteminin əsas prinsiplərini nəzərə almaqla, qəsdən törədildiyi hallarda, istənilən vasitələrlə başqalarını bu maddədə nəzərdə tutulmuş hüquqpozmaların törədilməsinə, yaxud narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz istifadəsinə açıq (publik) təhrik etmə, yaxud vadar etmə hərəkətlərinin öz qanunvericiliyinə müvafiq olaraq cinayət kimi tanınması üçün tələb oluna biləcək tədbirlər görür.

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının 1993/42 saylı Qətnaməsinə əsasən hazırlanan həmin Konvensiyanın şərhinə uyğun olaraq, yuxarıda adı çəkilən hüquqi müddəa narkotiklərdən istifadəni tərifləyən və narkotik mədəniyyətini təbliğ edən jurnal və film materialları ilə bağlı narahatlıqlardan qaynaqlanır. Vaxtilə Konvensiya hazırlanıb qəbul edilərkən narkotik vasitələrdən sui-istifadənin reklamı və təşviqi üçün elektron media vasitələrinin, xüsusən də internetin istifadəsi halları məlum olmasa da, hazırda reklam və təşviqat zamanı bu cür vasitələrdən istifadə Konvensiyanın müvafiq maddəsində yer almış “istənilən vasitələrlə” sözləri ilə əhatə olunur.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiya norma və prinsiplərinin tələblərinə riayət edilməklə Cinayət Məcəlləsində narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi məqsədəmüvafiqdir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinin kriminallaşdırılmasının konstitusion əsaslarının mövcudluğu da istisna olunmamalıdır.

Belə ki, ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya (147-ci maddənin I  hissəsi), o cümlədən, cinayət hüququ sahəsində də dövlətlə fərd arasındakı münasibətlərin əsas prinsiplərini təsbit edir. Məhz həmin prinsiplərə uyğun olaraq, dövlət, geniş yayılması səbəbindən konstitusiya dəyərlərinə əhəmiyyətli zərər vuran və qarşısı digər hüquqi vasitələrlə alına bilinməyən ictimai təhlükəli əməllərə görə cinayət məsuliyyətini müəyyən etmək səlahiyyətinə malikdir.    

Bu baxımdan narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik vasitələrin qanunsuz istehlakı hallarının son illər geniş yayıldığını nəzərə alaraq, əhalinin sağlamlığının, o cümlədən gənc nəslin fiziki və mənəvi sağlamlığının qorunması məqsədilə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaradan bir əməl kimi narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinin kriminallaşdırılmasının mümkünlüyü Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə uyğun olaraq qanunverici tərəfindən nəzərdən keçirilə bilər.  

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır;

Konstitusiyanın norma və prinsiplərini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasının (3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasının) tələblərinə riayət edilməklə,  narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.        Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.

2.        Azərbaycan Respublikası Konstitusiyasının norma və prinsiplərini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasının (3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasının) tələblərinə riayət edilməklə, narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3.        Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.        Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                           Fərhad Abdullayev

 

 

 





 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

14 iyul 2023-cü il  tarixli Qərarından hakim İ.Nəcəfovun (“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 64-cü maddəsinə əsasən)

 

Xüsusi rəyi

 

14 iyul 2023-cü il                                                                               Bakı şəhəri

 

Konstitusiya Məhkəməsinin Plenum qərarına hörmətlə yanaşaraq, qərardakı bəzi mühakimələrə öz mövqeyimi bildirməyi vacib sayıram.

Plenum qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra -Cinayət Məcəlləsi) 234.4.4.-cü maddəsində əks olunmuş dispozisiyanın konstruksiyasında əsas yer məhz kütləvilik əlamətinə verilir. Burada qanunvericinin başlıca məqsədi Cinayət Məcəlləsinin 234.1-ci, 234.2-ci, 234.3-cü, 234.3-1-ci maddələrində göstərilən əməllərin kütləvi auditoriyaya, qeyri-müəyyən sayda insanlara münasibətdə törədilməsinin, yəni narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumatların qeyi-müəyyən sayda şəxslərə təqdimatı vasitəsilə satışının kriminallaşdırılmasından ibarətdir. Qanunverici, narkotik vasitələrin və ya psixotrop maddələrin alınmasına dair təkliflərin internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə qeyri-məhdud şəxslər dairəsinə ünvanlanmasına, həmin məlumatların  çoxlu sayda şəxslər üçün əlçatımlı olmasına, bununla da narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərin (istehsalçıların, satıcıların, ticarət vasitəçilərinin, istehlakçıların və s.), mütəşəkkil cinayətkar birliklərin sayının hədsiz genişlənməsinə şərait yaratdığı üçün Cinayət Məcəlləsinin 234.4-cü maddəsindəki əməllərin daha böyük ictimai təhlükə kəsb etdiyini nəzərə alaraq həmin əməllərə görə daha ağır cinayət məsuliyyətini də müəyyən etmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən fərdi rabitə vasitəsi kimi istifadə etməklə, yəni sosial şəbəkələrdən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi CM-nin 234.4.4-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 234.2-ci, 234.3, 234.3-1, 234.4.1, 234.4.2., 234.4.3-cü maddələrinə əsasən tövsif olunmalıdır”.

Plenumun bu hüquqi mövqeyini kifayət qədər düzgün hesab etmirəm.

Əvvəla qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin şərh edilməsi məqsədi ilə həmin maddədə qeyd olunan anlayışların əlaqəli şəkildə izahına diqqət yetirilməsi zəruri olsa da, Plenum Qərarında bunu edilməmiş, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (bundan sonra - Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu ) 90.1-90.2-ci maddələrinin tələbi pozulmuşdur.

Həmin maddələrin tələbinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayatma orqanı və ya Azərbaycan Respublikası Konsitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konsitusiya məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər nomalar ilə funksional və başqa əlaqələri müəyyən edilir.

Cinayət Məcəlləsinin 234.2-ci maddəsi  satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı, 234.3-cü maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşımanı, 234.3-1-ci maddəsi yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmanı, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətməni cinayət tərkibi kimi müəyyən etmişdir.

Nəzərə alınmalıdır ki, yuxarıdakı maddələrdə göstərilən cinayət əməlləri formal tərkibli olmaqla yanaşı, həm də alternativ tərkiblidir. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlər qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir.

Alternativ əlamətli cinayət tərkiblərinin əsas xüsusiyyəti isə ondan ibarətdir ki, belə cinayətlərinin başa çatmış hesab edilməsi üçün müvafiq maddələrdə təsbit olunmuş alternativ hərəkətlərdən (hərəkətsizliklərdən) birinin törədilməsi kifayətdir.

Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi isə həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsini cinayət məsuliyyətini ağırlaşdıran tərkib kimi müəyyən etmişdir.

Hesab edirik ki, Cinayət Məcəlləsinn 234.4.4-cü maddəsində “o cümlədən” bağlayıcısından istifadə olunması həmin maddədə qeyd olunan vasitələrdən  birinin digərini ehtiva etməsi anlamına gəlmir. Belə ki, həmin maddədə göstərilən anlayışların hər birinə qanunvericilikdə izah verilmişdir.

Media haqqında Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən “media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir”. 

Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən  “kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır”.

Qeyd olunan Qanunun 1.1.7-ci maddəsinə əsasən  onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan mediadır.

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 9-cu abzasına görə internet informasiya ehtiyatı dedikdə internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı başa düşülür.

Telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra – Telekommunikasiya haqqında Qanun) 1.0.2-ci maddəsi ilə telekommunikasiya şəbəkəsinin analayışı verilmişdir. Göstərilən maddəyə müvafiq olaraq telekommunikasiya şəbəkəsi - telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusudur. Həmin Qanunun 1.0.1-ci maddəsinə görə isə telekommunikasiya - elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsidir.

Telekommunikasiya haqqında Qanunun 23-cü maddəsi ilə telekommunikasiya xidmətinin növləri müəyyən edilmişdir. Həmin maddəyə əsasən telefon (məftilli), sellülar (mobil),  internet xidməti də telekommunikasiya xidmətinin növlərinə aid edilmişdir.

Həmin Qanuna əsasən telefon (məftilli) xidməti - hərəkətsiz (stasionar) son avadanlıqdan istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir. Sellülar (mobil) xidmət - istifadəçinin son avadanlığı telekommunikasiya şəbəkəsinin bütün son nöqtələri çərçivəsində sərbəst hərəkət edərək mobil stansiyanın məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyaları tətbiq etməklə göstərilən telekommunikasiya xidmətidir (Telekommunikasiya haqqında Qanunun 24 və 25-ci maddələri).

Qeyd olunan Qanunun 29-cu maddəsində verilmiş anlayışa uyğun olaraq internet telekommunikasiya xidməti - beynəlxalq standartlarla müəyyən olunan İnternet protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya xidmətidir.

         Beləliklə, qanunverici Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində telekommunikasiya xidmətinin hər hansı növünü fərqləndirmədən və istisna etmədən ümumilikdə informasiya-telekommunikasiya şəbəkələrindən istifadəni məsuliyyəti ağırlaşdıran hal kimi müəyyənləşdirmişdir.

Göstərilən anlayışların funksional əlaqəsindən göründüyü kimi “Whatsapp”, “İnstagram”, “Facebook”, “Zoom” və digər sosial şəbəkələrdən  fərdi rabitə vasitəsi kimi istifadə etməklə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxs telekommunikasiya xidmətindən yararlanmış və istifadə etmiş olur.

İnternet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən mediada, xüsusilə də onlayn mediada istifadə edilməsi mümkün olsa da, onlar daha geniş anlayışdır və mediadan fərqli olaraq özündə kütləviliklə yanaşı, həm də fərdiliyi əhatə edir.

Konstitusiya Məhkəməsinin Plenumu nəzərə almamışdır ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində göstərilən əməllərin internet informasiya ehtiyatları və ya informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilməsi üçün daha ağır cinayət məsuliyyətinin müəyyən edilməsində məqsəd təkcə həmin vasitələrin kütləvi xarakteri, geniş kütlə üçün əlçatan olması deyil. Həmçinin əməlin gizliliyinə - cinayətkarın şəxsiyyətinin gizli saxlanılmasına və onun ifşa edilməsinin çətinləşdirilməsinə şərait yaratmasıdır.

İnformasiya texnologiyalarının təqdim etdiyi imkanlar cinayətkarın şəxsiyyətini gizli saxlamaqla narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsini onun üçün daha təhlükəsiz olan təmassız üsulla həyata keçirməsini mümkün edir.

Mediadan istifadə edilməklə törədilən cinayətlərlə müqayisədə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməkə törədilən cinayətlərdə cinayətkarın şəxsiyyətini müəyyən etmək çətin və kifayət qədər müddət tələb edən prosesdir.

Qeyd olunan amillər həmin vasitələrdən istifadə edilməklə törədilən cinayət əməllərinin ictimai təhlükəliliyinin daha yüksək olmasına dəlalət edir. Məhz bu səbəbdən qanunverici hər hansı məhdudiyyət qoymadan, yəni hər hansı sosial şəbəkənin fərdi rabitə vasitəsi kimi və ya kütləvi vasitə kimi istifadəsindən asılı olmayaraq internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadəyə görə məsuliyyəti ağırlaşdırmışdır.

Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 90.4-cü maddəsinin tələblərinə əsasən genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir.

Hazırda şərh olunması xahiş olunan Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin isə mətni ilə mənası arasında hər hansı fərq mövcud deyil.

Həmin maddənin məhdudlaşdırıcı şərh edilməsi Cinayət Məcəlləsinin 2.1-ci maddəsi ilə müəyyən edilən Cinayət Məcəlləsinin sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarət olan vəzifələrinin icrasına mane ola bilər.

Yuxarıda qeyd edilənlərə əsasən belə hesab edirik ki, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi məhdudlaşdırıcı şərh edilməməli, sosial şəbəkələrin fərdi rabitə vasitəsi kimi istifadə edilib-edilməməsindən asılı olmayaraq əməllərin internet informasiya ehtiyatları və ya informasiya-telekomunikasiya şəbəkələri vasitəsilə törədilməsinin Cinayət Məcəlləsinin 234.4-cü maddəsində göstərilən cinayət tərkibini yaratdığı nəzərə alınmalıdır.

Narkotik vasitələrin və psixotrop maddələrin istehlakını tərifləyən videoçarxların yayımlanması ilə bağlı cinayət məsuliyyətinə gəldikdə isə hesab edirik ki, konkret olaraq materiallarla tanış olmadan əməlin cinayət tərkibini yaradıb-yaratmaması, yaratdığı halda narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə tərkibinin və ya başqa bir tərkibi yaratması ilə bağlı mövqe bildirmək mümkün deyil. Cinayət işinin hallarına müvafiq olaraq cinayət əməlinin tövsifi istintaq orqanlarının vəzifəsidir.

Bununla yanaşı qanunverici orqan cəmiyyət üçün ictimai təhlükə yaratdığına görə qeyri-qanuni əməlləri cinayət əməli kimi tanıyıb, onların törədilməsinə görə məsuliyyət təyin edir.