Decisions

03.03.23 AR CPM-in 158.1 və 159.1-ci maddələrinin həmin Məcəllənin 159.3, 159.3-1, 159.7, 448.1.1, 448.1.2 və 448.1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair QƏRARDAD

  

 

  AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

 

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ

 

Q Ə R A R D A D I

 

 

Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair

 

 

3 mart 2023-cü                                                                  Bakı şəhəri

 

   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Rafael Qvaladze (sədrlik edən və məruzəçi-hakim),  Humay Əfəndiyeva, Ceyhun Qaracayev və  İsa Nəcəfovdan ibarət tərkibdə,

F.Əhmədovun katibliyi ilə,

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq,            

  

 

MÜƏYYƏN  ETDİ: 

 

 

   Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.1 və 159.1-ci maddələrinin həmin Məcəllənin 159.3, 159.3-1, 159.7, 448.1.1, 448.1.2 və 448.1.3-cü maddələri ilə əlaqəli  şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli qərarı ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqsirləndirilən şəxs D.Gəncalıyev barəsində həbsdə saxlanılma müddətinin 8 mart 2023-cü il tarixinədək  uzadılmasına dair təqdimatı geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdimat səlahiyyəti olmayan şəxs, yəni Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən verilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında ağır cinayətlər üzrə 3  aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər və  D.Gəncalıyevin  həbsdə saxlama müddəti artıq 3 ay həddində uzadılmışdır.  Belə ki, təqsirləndirilən şəxs barəsində  qətimkan tədbiri qismində  həbs ilkin olaraq 2 ay həddində müəyyən edilmiş, sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs üç dəfə olmaqla 4 ay uzadılmış, ümumilikdə müddət  6 ay olmuşdur.

Bu səbəbdən Cinayət-Prosessual Məcəlləsinin  159.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin 8 fevral 2023-cü il tarixindən sonra həbsdə saxlanması müddətinin uzadılmasına dair təqdimatla  yalnız yuxarı prokuror müraciət edə bilər.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror apellyasiya protesti verərək birinci instansiya məhkəməsinin 6 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, D.Gəncalıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin 1 ay, yəni 8 fevral 2023-cü il tarixindən 8 mart 2023-cü il tarixinədək uzadılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Prokurorun qənaətinə görə, qanunvericiliyin tələblərinə əsasən məhkəmə təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərar qəbul etməli idi. Lakin məhkəmə bu qərarlardan heç birini qəbul etməmiş, təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasına dair təqdimat və ona əlavə olunmuş sənədlərin geri qaytarılması haqqında qərar qəbul etmişdir.

Eyni zamanda protestdə göstərilmişdir ki, birinci instansiya məhkəməsinə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin Cinayət-Prosessual Məcəlləsinin 159.7-ci maddəsində göstərilən müddətə, yəni həbsdə saxlanılmanın 7-ci ayına kimi uzadılması üçün müraciət edilmiş və bu da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun səlahiyyəti çərçivəsində olmuşdur.

Protest əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, təcrübədə cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılmanın müddətinin müəyyən edilməsi və uzadılması ilə bağlı fikir ayrılıqları mövcuddur.

Müraciətedən hesab edir ki, qeyri-müəyyənlik ilk növbədə  həbsdə saxlama müddətinin vəsatətdə (təqdimatda) təklif olunan müddətdən daha az müəyyən edildiyi halda (vəsatətin (təqdimatın) qismən təmin edildiyi zaman) həbsdə saxlama müddətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən hansı müddətə uzadılmasını təklif etmək səlahiyyətinin olması ilə  bağlıdır.

Digər sual yaradan məsələ məhkəmənin ümumiyyətlə həbsdə saxlama müddətini vəsatətdə (təqdimatda) təklif olunan müddətdən daha az müddətə müəyyən etmək, həmçinin vəsatəti (təqdimatı) geri qaytarmaq kimi qərar qəbul etmək səlahiyyətinin olub-olmamasıdır.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 448.1.3-cü maddəsinə əsasən, məhkəmə iclasının nəticələri üzrə hakim təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, yaxud bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərarlardan birini qəbul edir.

Müraciətedənin qənaətinə görə, məhkəmə nəzarətinin həyata keçirilməsinə dair müddəalarda hakimin vəsatətin təmin edilməsi və ya rədd edilməsi barədə qərarlardan birini qəbul etmək səlahiyyəti nəzərdə tutulmuş, vəsatətin (təqdimatın) qismən təmin edilməsi və ya vəsatətin (təqdimatın) geri qaytarılması barədə qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır.

Göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Palatası müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

 Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar  tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Qərarlarda hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır.         

Lakin nəzərə alınmalıdır ki, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaratma fəaliyyətinin subyekti, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı hazırlayan, o cümlədən onların müddəalarının mətnini dəyişən və ya əlavə normaları daxil edən orqan və ya normayaratma təşəbbüsünün subyekti deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Bundan əlavə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə görə, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya verilən məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan normalara əlavə və dəyişiklik etmir və edə bilməz.

Müraciətdə qaldırılan məsələ ilə bağlı göstərilməlidir ki, Konstitusiyanın 28-ci maddəsinə əsasən hər kəsin azadlıq huququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Göründüyü kimi, azadlıq hüququnun məhdudlaşdırılmasına yalnız qanuni əsaslar mövcud olduqda və bir qayda olaraq, məhkəmənin qərarı əsasında yol verilir. Bu, həmçinin beynəlxalq müqavilələrinin tələblərindən irəli gəlir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici azadlıq və şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasının hüquqi qaydasını və əsaslarını  müəyyən etməklə, dövlətin ədalət mühakiməsi yolu ilə cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərlərinin mühafizə edilməsi və hər bir şəxsin azadlıq hüququnun təmin edilməsi arasında yarana biləcək kolliziyaları həll etmiş olur.

Bu mənada ilk növbədə qeyd olunmalıdır ki, qətimkan tədbiri qismində tətbiq edilən həbs öz sərtliyinə, səbəb olduğu məhrumiyyətlərin həcminə və ciddiliyinə görə təqsirləndirilən şəxsin Konstitusiyanın 28 və 32-ci maddələrində təsbit edilmiş azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Buna görə də, cinayət prosesini həyata keçirən orqanlar həbs qətimkan tədbirini seçərkən, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquqi prosedura riayət etməklə yanaşı, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasının zəruriliyini də əsaslandırmalıdırlar (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair”  2011-ci il 10 oktyabr tarixli Qərar).

Cinayət-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər.

Qətimkan tədbirlərinin anlayışı, tətbiqi əsasları, qaydası və müddətləri  bu Məcəllənin 154-175-ci maddələrində öz əksini tapmışdır.

Qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir (Məcəllənin 154.1-ci maddəsi).

Məcəllənin 158.1, 159.1, 159.2 və 159.8-ci maddələrinin əlaqəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki,  158.1-ci maddə əməlin  xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ilkin həbsdə saxlanılma  müddətlərini, 159.1-ci maddə işin mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddətinin 158.1-ci maddədə müəyyən edilmiş müddətlərdən artıq olan müddətə uzadılmasını, 159.2-ci maddə  işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar 159.1-ci maddə ilə yol verilən həbsdə saxlanılma müddətlərinin uzadılmasını, 159.8-ci maddə isə toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda 159.2-ci maddə ilə yol verilən həbsdə saxlanılma müddətinin son həddindən artıq olan müddətə həbsdə saxlama müddətinin uzadılması hallarını tənzimləyir.

Təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması təklifi ilə məhkəməyə müraciət etməyin hansı prokurorun səlahiyyətinə aid olması ilə bağlı aşağıdakılar qeyd edilməlidir:

təqsirləndirilən şəxsi Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsində göstərilən ilkin həbsdə saxlama müddətindən (məsələn, ağır cinayətlər üzrə 4 aydan) artıq müddətə həbsdə saxlamaq zərurəti olduğu təqdirdə, həbsdə saxlama müddətinin uzadılması haqqında təqdimatla məhkəməyə Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror;

təqsirləndirilən şəxsi Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsində müəyyən edilmiş müddətdən artıq müddətdə həbsdə saxlamaq zərurəti yarandıqda həbsdə saxlama müddətinin uzadılması haqqında təqdimatla məhkəməyə Cinayət-Prosessual Məcəlləsinin 159.3-1-ci maddəsində göstərildiyi kimi Azərbaycan Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru, Bakı şəhər prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorun müavini;

 təqsirləndirilən şəxsi Cinayət-Prosessual Məcəlləsinin 158.1, 159.1, 159.2-ci maddələri ilə ehtiva olunan (Cinayət-Prosessual Məcəlləsinin 159.7.3-cü maddəsində birbaşa göstərilən) müddətin son həddindən (10 aydan) artıq müddətdə həbsdə saxlamaq zərurətindən irəli gəlirsə həbsdə saxlama müddətinin uzadılması haqqında təqdimatla məhkəməyə Cinayət-Prosessual Məcəlləsinin 159.8-1-ci maddəsində göstərildiyi kimi Azərbaycan Respublikasının Baş prokuroru və ya onun birinci müavini müraciət etməlidirlər.

Qanunverici tərəfindən məhkəməyə təqdimatla müraciət etmək səlahiyyətinin müvafiq prokurorlar arasında məhz bu şəkildə bölüşdürülməsi, ondan irəli gəlir ki, şəxsin həbsdə saxlanılma müddəti artdıqca onun davam etməsinə bəraət qazandıran, zərurət yaradan ciddi əsaslar olmalı və belə əsasların olub-olmaması müvafiq prosedurlar çərçivəsində yoxlanılmalıdır.

Qeyd edilməlidir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun həbs müddətinin uzadılması haqqında təqdimatla məhkəməyə neçə dəfə müraciət etmək səlahiyyətinin olması həlledici amil deyil. Zəruri olan odur ki, qanunvericiliyə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin hansı müddətədək həbsdə saxlanılması üçün məhkəməyə müraciət etmək səlahiyyətinə malikdir.

Konstitusiya Məhkəməsinin Palatası Cinayət-Prosessual Məcəlləsinin müvafiq normalarının məzmunundan çıxış edərək qeyd edir ki, məhkəməyə ağır cinayət (müraciətə səbəb olan iş üzrə şəxsin təqsirləndirildiyi cinayətin ağır cinayət olması nəzərə alınaraq) törətməkdə təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılması haqqında təqdimatlar,  neçə dəfə verilməsindən asılı olmayaraq aşağıdakı qaydada verilir:

həbsin 7 aylıq müddət çərçivəsində olması şərtilə  ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror;

7 aydan artıq, lakin 10 aylıq həbsdə olma müddəti daxilində uzadılması barədə təqdimat Cinayət-Prosessual Məcəlləsinin 159.3-1-ci maddəsində göstərilən prokurorlar;

10 aydan artıq, lakin 13 aylıq həbsdə olma müddəti daxilində uzadılması ilə bağlı təqdimat isə Cinayət-Prosessual Məcəlləsinin 159.8-1-ci maddəsində göstərilən Baş prokuror və ya onun birinci müavini tərəfindən verilir.

Lakin o da nəzərə alınmalıdır ki, bu halda  təqdimatlarda cinayət-prosessual qanunla müəyyən edilmiş həbsdə saxlanılmanın yol verilən uzadılma müddətindən artıq müddətə həbs müddətinin uzadılması barədə məsələ qaldırılmamalıdır.

Məsələn, Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsində ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin 3 ayadək müddətə uzadılması nəzərdə tutulduğu üçün, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da hər bir təqdimatında (hər dəfə) yalnız həmin 3 ayadək olan müddət hüdudlarında həbsdə saxlanılma müddətinin uzadılması haqqında məsələ qaldıra bilər.

Konstitusiya Məhkəməsinin Palatası onu da qeyd etməyi vacib bilir ki, məhkəmə tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun ilkin həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatında istənilən müddətdən daha az müddətə həbs müddətinin müəyyən edildiyi halda da yuxarıda qeyd olunan qayda  tətbiq edilməlidir. 

Belə ki, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin təqdimatda istənilən 4 ay müddətindən daha az müddətə seçilməsi cinayət-prosessual qanunun həbsin ilkin müddətinə (Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsi), həbsin uzadılmasına (Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsi), uzatma barədə vəsatət və təqdimatların verilməsinə dair qaydaları ləğv etmir.

 Həbs qətimkan tədbirinin təqdimatda və  Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsində göstərilən müddətdən az müddətə seçilməsi onu göstərir ki, təqdimata baxılan vaxtda (müstəsna olaraq həmin an üçün) məhkəməyə təqdim edilən materiallar həbsin 4 aydan daha az müddətə müəyyən edilməsi üçün əsas vermişdir.

Lakin məhkəmə tərəfindən həbs müddətinin 4 aydan az müddətə təyin edilməsi istintaqın gedişatında, həbsin müddətinin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun səlahiyyətinə aid edilmiş 7 aylıq müddət daxilində uzadılması üçün əsasların yaranmasını heç də istisna etmir.

Buna görə də müstəntiqin həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti (ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı) qismən təmin olunduğu halda, həbs müddətinin uzadılması haqqında vəsatətin (təqdimatın) müstəsna olaraq Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsində müəyyən edilmiş müddət üçün verilə bilməsinə dair yanaşmalar əsaslı sayıla bilməz.

Belə nəticə ondan irəli gəlir ki, Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsi ayrılıqda deyil, həbs ilə bağlı digər normalarla əlaqələndirilməklə tətbiq edilir.

İlkin həbs Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsində göstərilən müddətdən az müddətə müəyyən edildikdə, Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsinin düzgün təfsir olunması üçün onun mütləq şəkildə digər normalarla əlaqələndirilməsi, ibtidai araşdırmanın vəzifələrinin, məhkəmə nəzarətinin təyinatının, prokurorun operativ nəzarəti ilə məhkəmə  nəzarətinin fərqli cəhətlərinin nəzərdən keçirilməsi mütləqdir. 

Göstərilənlərə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti (prokurorun təqdimatı) qismən təmin edildiyi və ilkin həbs Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsində göstərilən müddətlərin ən son həddindən daha az müddətə müəyyən olunduğu hallarda, müstəntiq (prokuror) həbs müddətinin (ağır cinayətə münasibətdə) Cinayət-Prosessual Məcəlləsinin 158.1 və 159.1-ci maddələrinin ehtiva etdikləri 7 aylıq həbsdə saxlama müddəti daxilində, lakin hər bir vəsatətdə (təqdimatda) 3 ay həddində uzadılması barədə məhkəməyə müraciət edə bilərlər.

Əks yanaşma, ilkin həbsin Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsində müəyyən edilmiş maksimum müddət üçün seçilməsi barədə müraciətlərin sayının artması ilə nəticələnə bilər.

Konstitusiya Məhkəməsinin Palatası səlahiyyəti olmayan prokuror tərəfindən həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat verilməsi və bu halda məhkəmə tərəfindən təqdimat və əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qeyd etməyi zəruri bilir ki, bu halda məsələyə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 447.3, 447.5-447.7-ci maddələrinin tələbləri baxımından mümkünsüz olduğundan, həmin Məcəllənin 448.1.3-cü maddəsində göstərilən qərarlardan (həsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərar) hər hansı birinin qəbul edilməsi də  istisna olunur.

Lakin, sadalanan normalarda birbaşa nəzərdə tutulmasa da, səlahiyyəti olmayan prokuror tərəfindən verilmiş təqdimatın (onunla müşayiət olunan vəsatətə) baxılmadan geri qaytarılması cinayət-prosessual qanunvericiliyinin əsas prinsipləri baxımından oxşar vəziyyətlərdə müvafiq prosessual müraciətlərin (məsələn, apellyasiya və yaxud kassasiya şikayətlərinin) baxılmamış saxlanılmasını nəzərdə tutan müddəalarına cavab verən yanaşma kimi qiymətləndirilə bilər.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına zərurət yoxdur.       

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 33, 60, 62.1 və 68.1 və 69.2-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası 

 

 

QƏRARA  ALDI:

 

1.   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.

2.   Bakı Apellyasiya Məhkəməsinin müraciətinin yuxarıda göstərilən əsaslara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilsin.

3.   Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə  göndərilsin.

4.   Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

 

Sədrlik edən                                                                                 Rafael Qvaladze