AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN
RESPUBLİKASI
KONSTİTUSİYA
MƏHKƏMƏSİ PALATASININ
Q
Ə R A R D A D I
Bakı
Apellyasiya Məhkəməsinin müraciətinə dair
3
mart 2023-cü
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Palatası hakimlər Rafael Qvaladze (sədrlik edən və məruzəçi-hakim),
Humay Əfəndiyeva, Ceyhun Qaracayev və
İsa Nəcəfovdan ibarət tərkibdə,
F.Əhmədovun katibliyi ilə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 7.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin müraciətinə
baxaraq,
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.1 və 159.1-ci maddələrinin həmin
Məcəllənin 159.3, 159.3-1, 159.7, 448.1.1, 448.1.2 və 448.1.3-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsini xahiş
etmişdir.
Müraciətdən görünür ki, Bakı şəhəri Nəsimi
Rayon Məhkəməsinin 6 fevral 2023-cü il tarixli qərarı ilə ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqsirləndirilən şəxs D.Gəncalıyev
barəsində həbsdə saxlanılma müddətinin 8 mart 2023-cü il tarixinədək uzadılmasına dair təqdimatı geri
qaytarılmışdır.
Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır
ki, təqdimat səlahiyyəti olmayan şəxs, yəni Bakı şəhəri Nəsimi rayon prokuroru
tərəfindən verilmişdir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsinə
əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə
saxlanılması müddəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun təqdimatı əsasında ağır cinayətlər üzrə 3 aydan artıq olmayan müddətə məhkəmə tərəfindən
uzadıla bilər və D.Gəncalıyevin həbsdə saxlama müddəti artıq 3 ay həddində
uzadılmışdır. Belə ki, təqsirləndirilən
şəxs barəsində qətimkan tədbiri qismində həbs
ilkin olaraq 2 ay həddində müəyyən edilmiş, sonra ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs üç dəfə
olmaqla 4 ay uzadılmış, ümumilikdə müddət
6 ay olmuşdur.
Bu səbəbdən Cinayət-Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin
8 fevral 2023-cü il tarixindən sonra həbsdə saxlanması müddətinin uzadılmasına
dair təqdimatla yalnız yuxarı prokuror
müraciət edə bilər.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror apellyasiya protesti verərək birinci instansiya məhkəməsinin 6
fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, D.Gəncalıyev
barəsində seçilmiş həbs qətimkan tədbirinin 1 ay, yəni 8 fevral 2023-cü il
tarixindən 8 mart 2023-cü il tarixinədək uzadılması barədə qərar qəbul edilməsini
xahiş etmişdir.
Prokurorun qənaətinə görə, qanunvericiliyin tələblərinə
əsasən məhkəmə təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin
uzadılması və ya bundan imtina barədə qərar qəbul etməli idi. Lakin məhkəmə bu
qərarlardan heç birini qəbul etməmiş, təqsirləndirilən şəxsin həbsdə saxlanılma
müddətinin uzadılmasına dair təqdimat və ona əlavə olunmuş sənədlərin geri
qaytarılması haqqında qərar qəbul etmişdir.
Eyni zamanda protestdə göstərilmişdir ki,
birinci instansiya məhkəməsinə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin
Cinayət-Prosessual Məcəlləsinin 159.7-ci maddəsində göstərilən müddətə, yəni həbsdə
saxlanılmanın 7-ci ayına kimi uzadılması üçün müraciət edilmiş və bu da ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun səlahiyyəti çərçivəsində
olmuşdur.
Protest əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi
müəyyən etmişdir ki, təcrübədə cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə
saxlanılmanın müddətinin müəyyən edilməsi və uzadılması ilə bağlı fikir
ayrılıqları mövcuddur.
Müraciətedən hesab edir ki, qeyri-müəyyənlik
ilk növbədə həbsdə saxlama müddətinin vəsatətdə
(təqdimatda) təklif olunan müddətdən daha az müəyyən edildiyi halda (vəsatətin
(təqdimatın) qismən təmin edildiyi zaman) həbsdə saxlama müddətinin ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən hansı müddətə
uzadılmasını təklif etmək səlahiyyətinin olması ilə bağlıdır.
Digər sual yaradan məsələ məhkəmənin ümumiyyətlə
həbsdə saxlama müddətini vəsatətdə (təqdimatda) təklif olunan müddətdən daha az
müddətə müəyyən etmək, həmçinin vəsatəti (təqdimatı) geri qaytarmaq kimi qərar
qəbul etmək səlahiyyətinin olub-olmamasıdır.
Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 448.1.3-cü
maddəsinə əsasən, məhkəmə iclasının nəticələri üzrə hakim təqsirləndirilən şəxs
barəsində həbs qətimkan tədbirinin seçilməsi, yaxud bundan imtina barədə, habelə
həbsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərarlardan
birini qəbul edir.
Müraciətedənin qənaətinə görə, məhkəmə nəzarətinin
həyata keçirilməsinə dair müddəalarda hakimin vəsatətin təmin edilməsi və ya rədd
edilməsi barədə qərarlardan birini qəbul etmək səlahiyyəti nəzərdə tutulmuş, vəsatətin
(təqdimatın) qismən təmin edilməsi və ya vəsatətin (təqdimatın) geri
qaytarılması barədə qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır.
Göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün
Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin Palatası müraciətlə
bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə əsasən,
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr
insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan
Respublikası Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya
Məhkəməsinə müraciət edə bilərlər.
Konstitusiya Məhkəməsi Plenumunun
Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında ifadə
olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən birmənalı tətbiqi
məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir.
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri
bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən
insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Qərarlarda
hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi,
hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini
tapmışdır.
Lakin nəzərə alınmalıdır ki, Konstitusiyanın
7-ci maddəsində təsbit olunmuş hakimiyyətin bölünməsi prinsipinə görə
Konstitusiya Məhkəməsi normayaratma fəaliyyətinin subyekti, yəni hər hansı
hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı hazırlayan, o
cümlədən onların müddəalarının mətnini dəyişən və ya əlavə normaları daxil edən
orqan və ya normayaratma təşəbbüsünün subyekti deyil, səlahiyyətli subyektlərin
sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və
məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul
olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya
ədalət mühakiməsi orqanıdır.
Bundan əlavə “Normativ hüquqi aktlar haqqında”
Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə görə, normativ
hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində
ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya
Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi
müvafiq normaları rəsmi şərh edir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikasının cinayət- prosessual qanunvericiliyində əks olunan uzanan və
davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında
qeyd olunur ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya
verilən məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri
aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan
normalara əlavə və dəyişiklik etmir və edə bilməz.
Müraciətdə qaldırılan məsələ ilə bağlı göstərilməlidir
ki, Konstitusiyanın 28-ci maddəsinə əsasən hər kəsin azadlıq huququ vardır.
Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya
azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Göründüyü kimi, azadlıq hüququnun məhdudlaşdırılmasına
yalnız qanuni əsaslar mövcud olduqda və bir qayda olaraq, məhkəmənin qərarı əsasında
yol verilir. Bu, həmçinin beynəlxalq müqavilələrinin tələblərindən irəli gəlir.
Konstitusiya Məhkəməsi Plenumunun
formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici azadlıq və şəxsi toxunulmazlıq
hüququnun məhdudlaşdırılmasının hüquqi qaydasını və əsaslarını müəyyən etməklə, dövlətin ədalət mühakiməsi
yolu ilə cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərlərinin mühafizə edilməsi və hər
bir şəxsin azadlıq hüququnun təmin edilməsi arasında yarana biləcək
kolliziyaları həll etmiş olur.
Bu mənada ilk növbədə qeyd olunmalıdır ki, qətimkan
tədbiri qismində tətbiq edilən həbs öz sərtliyinə, səbəb olduğu məhrumiyyətlərin
həcminə və ciddiliyinə görə təqsirləndirilən şəxsin Konstitusiyanın 28 və 32-ci
maddələrində təsbit edilmiş azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının məhdudlaşdırılmasına
səbəb olur. Buna görə də, cinayət prosesini həyata keçirən orqanlar həbs qətimkan
tədbirini seçərkən, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquqi
prosedura riayət etməklə yanaşı, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid
olunmasının zəruriliyini də əsaslandırmalıdırlar (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi
müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair” 2011-ci il 10 oktyabr tarixli Qərar).
Cinayət-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə
uyğun olaraq hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və
hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla
bilər.
Qətimkan tədbirlərinin anlayışı, tətbiqi əsasları,
qaydası və müddətləri bu Məcəllənin
154-175-ci maddələrində öz əksini tapmışdır.
Qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli
və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və
hökmün icrasını təmin etmək məqsədi ilə və bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə
tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir
(Məcəllənin 154.1-ci maddəsi).
Məcəllənin 158.1, 159.1, 159.2 və
159.8-ci maddələrinin əlaqəli təhlili belə nəticəyə gəlməyə imkan verir ki, 158.1-ci maddə əməlin xarakterindən və
ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ilkin həbsdə saxlanılma müddətlərini, 159.1-ci maddə işin mürəkkəbliyi
ilə əlaqədar həbsdə saxlanılma müddətinin 158.1-ci maddədə müəyyən edilmiş müddətlərdən
artıq olan müddətə uzadılmasını, 159.2-ci maddə işin müstəsna dərəcədə mürəkkəbliyi
ilə əlaqədar 159.1-ci maddə ilə yol verilən həbsdə saxlanılma müddətlərinin uzadılmasını, 159.8-ci maddə isə toplanmış
materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının
çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna
hallarda 159.2-ci maddə ilə yol verilən həbsdə saxlanılma müddətinin son həddindən
artıq olan müddətə həbsdə saxlama müddətinin uzadılması hallarını tənzimləyir.
Təqsirləndirilən
şəxsin həbsdə saxlanılma müddətinin uzadılması təklifi ilə məhkəməyə müraciət
etməyin hansı prokurorun səlahiyyətinə aid olması ilə bağlı aşağıdakılar qeyd
edilməlidir:
təqsirləndirilən
şəxsi Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci
maddəsində göstərilən ilkin həbsdə saxlama müddətindən (məsələn,
ağır cinayətlər üzrə 4 aydan) artıq müddətə həbsdə saxlamaq zərurəti olduğu təqdirdə,
həbsdə saxlama müddətinin uzadılması haqqında təqdimatla məhkəməyə Cinayət-Prosessual
Məcəlləsinin 159.1-ci maddəsinə uyğun
olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror;
təqsirləndirilən
şəxsi Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsində müəyyən edilmiş müddətdən
artıq müddətdə həbsdə saxlamaq zərurəti yarandıqda həbsdə saxlama müddətinin
uzadılması haqqında təqdimatla məhkəməyə Cinayət-Prosessual Məcəlləsinin 159.3-1-ci maddəsində göstərildiyi kimi Azərbaycan
Respublikasının Hərbi prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru,
Bakı şəhər prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorun müavini;
təqsirləndirilən şəxsi Cinayət-Prosessual Məcəlləsinin 158.1, 159.1,
159.2-ci maddələri ilə ehtiva olunan (Cinayət-Prosessual Məcəlləsinin 159.7.3-cü maddəsində
birbaşa göstərilən) müddətin son həddindən (10 aydan) artıq müddətdə həbsdə
saxlamaq zərurətindən irəli gəlirsə həbsdə saxlama müddətinin uzadılması haqqında
təqdimatla məhkəməyə Cinayət-Prosessual Məcəlləsinin 159.8-1-ci maddəsində
göstərildiyi kimi Azərbaycan Respublikasının Baş prokuroru və ya onun birinci
müavini müraciət etməlidirlər.
Qanunverici tərəfindən məhkəməyə təqdimatla müraciət etmək səlahiyyətinin
müvafiq prokurorlar arasında məhz bu şəkildə bölüşdürülməsi, ondan irəli gəlir
ki, şəxsin həbsdə saxlanılma müddəti artdıqca onun davam etməsinə bəraət
qazandıran, zərurət yaradan ciddi əsaslar olmalı və belə əsasların
olub-olmaması müvafiq prosedurlar çərçivəsində yoxlanılmalıdır.
Qeyd edilməlidir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun həbs müddətinin uzadılması haqqında təqdimatla məhkəməyə neçə
dəfə müraciət etmək səlahiyyətinin olması həlledici amil deyil. Zəruri olan odur
ki, qanunvericiliyə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror təqsirləndirilən şəxsin hansı müddətədək həbsdə saxlanılması
üçün məhkəməyə müraciət etmək səlahiyyətinə malikdir.
Konstitusiya Məhkəməsinin Palatası Cinayət-Prosessual Məcəlləsinin
müvafiq normalarının məzmunundan çıxış edərək qeyd edir ki, məhkəməyə ağır
cinayət (müraciətə səbəb olan iş üzrə şəxsin təqsirləndirildiyi cinayətin ağır
cinayət olması nəzərə alınaraq) törətməkdə təqsirləndirilən şəxs barəsində həbsdə
saxlama müddətinin uzadılması haqqında təqdimatlar, neçə dəfə verilməsindən asılı olmayaraq
aşağıdakı qaydada verilir:
həbsin 7 aylıq müddət çərçivəsində olması şərtilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokuror;
7 aydan artıq, lakin 10 aylıq həbsdə olma müddəti daxilində uzadılması
barədə təqdimat Cinayət-Prosessual Məcəlləsinin 159.3-1-ci maddəsində göstərilən prokurorlar;
10 aydan artıq, lakin 13 aylıq həbsdə olma müddəti daxilində uzadılması
ilə bağlı təqdimat isə Cinayət-Prosessual Məcəlləsinin
159.8-1-ci maddəsində göstərilən Baş
prokuror və ya onun birinci müavini tərəfindən verilir.
Lakin o da nəzərə alınmalıdır ki, bu halda təqdimatlarda cinayət-prosessual qanunla müəyyən
edilmiş həbsdə saxlanılmanın yol verilən uzadılma müddətindən artıq müddətə həbs
müddətinin uzadılması barədə məsələ qaldırılmamalıdır.
Məsələn, Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsində ağır cinayət törətməkdə təqsirləndirilən
şəxsin həbsdə saxlama müddətinin 3 ayadək müddətə uzadılması nəzərdə tutulduğu
üçün, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da hər
bir təqdimatında (hər dəfə) yalnız həmin 3 ayadək olan müddət hüdudlarında həbsdə
saxlanılma müddətinin uzadılması haqqında məsələ qaldıra bilər.
Konstitusiya Məhkəməsinin Palatası onu da qeyd etməyi vacib bilir ki, məhkəmə
tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
ilkin həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatında istənilən müddətdən
daha az müddətə həbs müddətinin müəyyən edildiyi halda da yuxarıda qeyd olunan
qayda tətbiq edilməlidir.
Belə ki, məhkəmə tərəfindən həbs qətimkan tədbirinin təqdimatda istənilən
4 ay müddətindən daha az müddətə seçilməsi cinayət-prosessual qanunun həbsin
ilkin müddətinə (Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsi), həbsin uzadılmasına (Cinayət-Prosessual
Məcəlləsinin 159.1-ci
maddəsi), uzatma barədə vəsatət və təqdimatların verilməsinə dair qaydaları ləğv
etmir.
Həbs qətimkan tədbirinin təqdimatda
və Cinayət-Prosessual Məcəlləsinin
158.1-ci
maddəsində göstərilən müddətdən az müddətə seçilməsi onu göstərir ki, təqdimata
baxılan vaxtda (müstəsna olaraq həmin an üçün) məhkəməyə təqdim edilən
materiallar həbsin 4 aydan daha az müddətə müəyyən edilməsi üçün əsas
vermişdir.
Lakin məhkəmə tərəfindən həbs müddətinin 4 aydan az müddətə təyin edilməsi
istintaqın gedişatında, həbsin müddətinin ibtidai istintaqa prosessual rəhbərliyi
həyata keçirən prokurorun səlahiyyətinə aid edilmiş 7 aylıq müddət daxilində
uzadılması üçün əsasların yaranmasını heç də istisna etmir.
Buna görə də müstəntiqin həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti
(ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı)
qismən təmin olunduğu halda, həbs müddətinin uzadılması haqqında vəsatətin (təqdimatın)
müstəsna olaraq Cinayət-Prosessual Məcəlləsinin 159.1-ci maddəsində müəyyən edilmiş müddət
üçün verilə bilməsinə dair yanaşmalar əsaslı sayıla bilməz.
Belə nəticə ondan irəli gəlir ki, Cinayət-Prosessual
Məcəlləsinin 159.1-ci
maddəsi ayrılıqda deyil, həbs ilə bağlı digər normalarla əlaqələndirilməklə tətbiq
edilir.
İlkin həbs Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsində
göstərilən müddətdən az müddətə müəyyən edildikdə, Cinayət-Prosessual Məcəlləsinin
159.1-ci
maddəsinin düzgün təfsir olunması üçün onun mütləq şəkildə digər normalarla əlaqələndirilməsi,
ibtidai araşdırmanın vəzifələrinin, məhkəmə nəzarətinin təyinatının, prokurorun
operativ nəzarəti ilə məhkəmə nəzarətinin
fərqli cəhətlərinin nəzərdən keçirilməsi mütləqdir.
Göstərilənlərə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin
vəsatəti (prokurorun təqdimatı) qismən təmin edildiyi və ilkin həbs Cinayət-Prosessual
Məcəlləsinin 158.1-ci
maddəsində göstərilən müddətlərin ən son həddindən daha az müddətə müəyyən
olunduğu hallarda, müstəntiq (prokuror) həbs müddətinin (ağır cinayətə münasibətdə)
Cinayət-Prosessual Məcəlləsinin 158.1 və 159.1-ci maddələrinin ehtiva etdikləri 7
aylıq həbsdə saxlama müddəti daxilində, lakin hər bir vəsatətdə (təqdimatda) 3
ay həddində uzadılması barədə məhkəməyə müraciət edə bilərlər.
Əks yanaşma, ilkin həbsin Cinayət-Prosessual Məcəlləsinin 158.1-ci maddəsində
müəyyən edilmiş maksimum müddət üçün seçilməsi barədə müraciətlərin sayının
artması ilə nəticələnə bilər.
Konstitusiya Məhkəməsinin Palatası səlahiyyəti olmayan prokuror tərəfindən
həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat verilməsi və bu halda məhkəmə
tərəfindən təqdimat və əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qeyd etməyi zəruri
bilir ki, bu halda məsələyə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin
447.3, 447.5-447.7-ci maddələrinin tələbləri baxımından mümkünsüz olduğundan, həmin
Məcəllənin 448.1.3-cü maddəsində göstərilən qərarlardan (həsdə saxlama müddətinin
uzadılması və ya bundan imtina barədə qərar) hər hansı birinin qəbul edilməsi də istisna olunur.
Lakin, sadalanan normalarda birbaşa nəzərdə
tutulmasa da, səlahiyyəti olmayan prokuror tərəfindən verilmiş təqdimatın (onunla
müşayiət olunan vəsatətə) baxılmadan geri qaytarılması cinayət-prosessual qanunvericiliyinin
əsas prinsipləri baxımından oxşar vəziyyətlərdə müvafiq prosessual müraciətlərin
(məsələn, apellyasiya və yaxud kassasiya şikayətlərinin) baxılmamış
saxlanılmasını nəzərdə tutan müddəalarına cavab verən yanaşma kimi qiymətləndirilə
bilər.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin
Palatası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində
qaldırılan hüquqi məsələlərin Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş
qaydada həll edilməsi mümkün olduğundan, müraciətin Konstitusiya Məhkəməsi
Plenumunun icraatına qəbul edilib baxılmasına zərurət
yoxdur.
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 7.1, 33, 60, 62.1 və 68.1 və 69.2-ci maddələrini rəhbər
tutaraq Konstitusiya Məhkəməsinin Palatası
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınsın.
2. Bakı
Apellyasiya Məhkəməsinin müraciətinin yuxarıda göstərilən əsaslara görə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından
imtina edilsin.
3. Qərardadın
surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədrlik edən Rafael Qvaladze