Decisions

09.01.23 Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

9 yanvar 2023-cü il                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin sədri N.Quliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Z.Şirinovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 72-ci maddəsinin “Qeyd” hissəsinin 2 və 3-cü bəndlərinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə R.Musayev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Hökmə əsasən, R.Musayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı R.Mustafayevin etibarından sui-istifadə edib onun 3 000 manat məbləğdə pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı R.Hüseynovla qabaqcadan əlbir olan bir qrup şəxs halında A.Paşayevin etibarından sui-istifadə edib onun 10 000 manat məbləğində pulunu alaraq, qabaqcadan aralarında olan razılığa əsasən həmin pulun 5 000 manatını R.Hüseynova verərək, qalan 5 000 manatını isə özü ələ keçirərək zərərçəkmiş şəxs A.Paşayevə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

R.Musayev  apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin hökmünün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, R.Musayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə almış olduğu 10 000 manat məbləğdə pulun özünə düşən pay hissəsini, yəni 5 000 manatı zərərçəkmiş şəxsə ödəmiş, qrupun digər üzvü olan R.Hüseynov isə öz payına düşən 5 000 manat ziyanı ödəməmişdir.

Cinayət işinə apellyasiya qaydasında baxılması üzrə məhkəmə iclasının gedişində müdafiə tərəfi R.Musayevin ümumilikdə hazırkı cinayət işi üzrə onun payına düşən ziyanın, yəni 8 000 manatın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək onun cinayət məsuliyyətindən azad olunması haqqında qərarın çıxarılmasını xahiş etmişdir.

Müraciətdə bununla bağlı qeyd edilmişdir ki, R.Musayev tərəfindən hər iki epizod üzrə onun payına düşən ziyanın, yəni 8 000 manatın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmiş olsa da, cinayət nəticəsində vurulmuş ümumi ziyanın (yəni 13 000 manatın) iyirmi beş faizi miqdarında ödəniş dövlət büdcəsinə tam şəkildə ödənilmədiyi halda şəxsin məsuliyyətdən azad edilməsinin mümkünlüyü barədə təcrübədə qeyri-müəyyənlik mövcuddur.

Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Göstərilənlərə əsasən müraciətedən hüquq tətbiqetmə təcrübəsindəki qeyri-müəyyənliyin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.  

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Cinayət Məcəlləsinin vəzifələrindən bəhs edən 2-ci maddəsinə görə,  Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Bu vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.

Cinayət qanununun əsas institutlarından biri olan cinayət məsuliyyətindən azad etmə Məcəllənin 11-ci fəslində müəyyən edilmişdir.

Cinayət qanununun vəzifələrinin yerinə yetirilməsi baxımından dairəsi konkret göstərilmiş və ya müəyyən kateqoriya cinayətlər üzrə şəxsin cinayət törətdikdən sonrakı davranışına müvafiq olaraq qanunvericilikdə onun məsuliyyətdən azad edilməsi imkanı nəzərdə tutulmuşdur. Cinayət  Məcəlləsinin 72–73-2-ci maddələrində şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünü nəzərdə tutan və belə azadetmənin şərti kimi şəxsin cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmişlə barışmasını və müvafiq olaraq dövlət büdcəsinə ödəniş etməsini müəyyən edən hüquqi tənzimetmə cinayət məsuliyyətinin və cəzanın diferensiallaşdırılması, onların islahedici təsirinin gücləndirilməsi, yeni cinayətlərin törədilməsinin qarşısının alınması, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi və son nəticədə şəxsiyyətin, cəmiyyət və dövlətin cinayətkar qəsdlərdən qorunması kimi konstitusiya əhəmiyyətli məqsədlərə nail olmağa yönəlmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cinayət məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilmiş, o cümlədən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalmasıdır. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq, hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə  nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir.

Qərarda həmçinin qeyd olunmuşdur ki, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsi, həm də dəymiş mənəvi zərərin əvəzi olaraq müəyyən kompensasiyanın ödənilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir.

Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.

Eyni zamanda “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı göstərmişdir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir:

·        barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən;

·        təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış;

·        təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır.

Göstərilən şərtlərin hamısı mövcud olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər.

Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2017-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 11-ci fəslinə mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan 73-1-ci maddə əlavə edilmişdir.

 Belə ki, Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, 73-1.2-ci maddəsinə görə isə həmin Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

Məcəllənin 73-1.3-cü maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.5-ci maddəsinin tələbinə görə, Cinayət Məcəlləsinin 72–73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur.

Göründüyü kimi, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələri müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1. 189-1.2-1, 178.3, 178.4, 179.3, 179.4-cü maddələrində göstərilən cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi şərtlərini təsbit edirsə, Məcəllənin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndi həmin cinayətlər iştirakçılıqla törədildiyi halda bu şərtlərin nə cür tətbiq edilməli olduğunu nəzərdə tutur.

Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər iştirakçılıqla törədildiyi halda hər bir iştirakçı vurulmuş ziyanı və dövlət büdcəsinə ödənişi Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq müəyyən edilən pay üzrə tamamilə ödəməlidir.

Bu o deməkdir ki, iştirakçılıqla törədilən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərərçəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərərçəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür.

Həmçinin Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində cinayət məsuliyyətindən azad etmənin şərtləri qismində müəyyən edilmiş hallar onu göstərir ki, cinayət məsuliyyətindən azad etmə fərdi qaydada, ictimai-təhlükəli əməli törətmiş hər bir şəxsin cinayət prosesində nümayiş etdirdiyi davranışdan asılı olaraq tətbiq edilən, Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, 73-1.2 və 73-1.3-cü maddələrinə uyğun müsbət davranış göstərən (yəni müəyyən edilmiş pay üzrə ziyanı və ziyanın müvafiq faizi miqdarında dövlət büdcəsinə ödənişi etməklə zərərçəkmiş şəxslə barışıq əldə edən) təqsirləndirilən şəxsi belə davranış göstərməyən təqsirləndirilən şəxslərdən fərqləndirməyə xidmət edən güzəşt institutu kimi nəzərdə tutulmuşdur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 73–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda zərərçəkmiş şəxslə barışmış, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq müəyyən olunmuş pay üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi, həmin Məcəllənin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş halda isə vurulmuş ziyana müvafiq payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarın 40-cı bəndinə görə, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir.

Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən iştirakçılıqla törədilən cinayət əməllərinin vurduğu ziyana görə birgə məsuliyyət daşıyan bir qrup şəxs tərəfindən törədilən cinayətlərə dair işlərdə, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin bütün tələbləri yerinə yetirilmişsə, zərərin ödənilməsi və digər ödənişlər onlardan ən azı biri tərəfindən tam şəkildə yerinə yetirildiyi halda da cinayət prosesini həyata keçirən orqan cinayətin bütün iştirakçılarına qarşı cinayət təqibinə son qoya bilər.

Cinayət məsuliyyətindən azad etmənin cinayət təqibi orqanı və ya məhkəmənin mülahizəsinə əsasən həyata keçirildiyi hallarda, şəxsin məsuliyyətdən azad olunması məsələsi həll edilərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı ödəməsi ilə yanaşı, iş üzrə əhəmiyyət kəsb edən digər hallar, o cümlədən təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər, cinayətin törədilmə şəraiti və s. nəzərə alınaraq obyektiv və əsaslandırılmış qərar qəbul edilməlidir. 

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-  Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir;

-  Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

1.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış,  habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilə bilər.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                        Fərhad Abdullayev