AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin
73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
9 yanvar 2023-cü
il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael
Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı
prosedur qaydasında keçirilən məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci
maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və
73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin
məruzəsini, maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin
sədri N.Quliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi
Z.Şirinovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və
insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şəki Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60 və 71-ci maddələri
baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət
Məcəlləsi) 72-ci maddəsinin “Qeyd” hissəsinin 2 və 3-cü bəndlərinin həmin
Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh
olunmasını xahiş etmişdir.
Müraciətdən görünür
ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli hökmü ilə
R.Musayev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində
nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 11 ay 27 gün
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Hökmə əsasən, R.Musayev etibardan
sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə
tanışı R.Mustafayevin etibarından sui-istifadə edib onun 3 000 manat məbləğdə
pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq
etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu
ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı R.Hüseynovla qabaqcadan
əlbir olan bir qrup şəxs halında A.Paşayevin etibarından sui-istifadə edib onun
10 000 manat məbləğində pulunu alaraq, qabaqcadan aralarında olan razılığa
əsasən həmin pulun 5 000 manatını R.Hüseynova verərək, qalan 5 000 manatını isə
özü ələ keçirərək zərərçəkmiş şəxs A.Paşayevə xeyli miqdarda maddi ziyan
vurmaqla dələduzluq etmişdir.
R.Musayev apellyasiya
şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin hökmünün dəyişdirilməsini və ona
təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası
məhkəməsində cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, R.Musayev etibardan
sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə
almış olduğu 10 000 manat məbləğdə pulun özünə düşən pay hissəsini, yəni 5 000
manatı zərərçəkmiş şəxsə ödəmiş, qrupun digər üzvü olan R.Hüseynov isə öz
payına düşən 5 000 manat ziyanı ödəməmişdir.
Cinayət işinə apellyasiya qaydasında
baxılması üzrə məhkəmə iclasının gedişində müdafiə tərəfi R.Musayevin
ümumilikdə hazırkı cinayət işi üzrə onun payına düşən ziyanın, yəni 8 000
manatın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək
onun cinayət məsuliyyətindən azad olunması haqqında qərarın çıxarılmasını xahiş
etmişdir.
Müraciətdə bununla bağlı qeyd
edilmişdir ki, R.Musayev tərəfindən hər iki epizod üzrə onun payına düşən
ziyanın, yəni 8 000 manatın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş
edilmiş olsa da, cinayət nəticəsində vurulmuş ümumi ziyanın (yəni 13 000
manatın) iyirmi beş faizi miqdarında ödəniş dövlət büdcəsinə tam şəkildə
ödənilmədiyi halda şəxsin məsuliyyətdən azad edilməsinin mümkünlüyü barədə
təcrübədə qeyri-müəyyənlik mövcuddur.
Cinayət Məcəlləsinin 73-1.2-ci
maddəsinin tələbinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci
maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə
barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş
ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət
məsuliyyətindən azad edilir.
Göstərilənlərə əsasən
müraciətedən hüquq tətbiqetmə
təcrübəsindəki qeyri-müəyyənliyin aradan qaldırılması, vahid istintaq və
məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının
eyni qaydada tətbiqinin və bununla da hüquqi müəyyənlik prinsipinin təmin
edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edilməsinin zəruriliyi
qənaətinə gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.
Cinayət
Məcəlləsinin vəzifələrindən bəhs edən 2-ci maddəsinə görə, Məcəllənin
vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və
vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai
qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının
konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin
qarşısını almaqdan ibarətdir.
Bu vəzifələri həyata keçirmək üçün
Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini,
şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan
əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən
cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli
tədbirləri müəyyən edir.
Cinayət qanununun əsas
institutlarından biri olan cinayət məsuliyyətindən azad etmə Məcəllənin 11-ci
fəslində müəyyən edilmişdir.
Cinayət qanununun vəzifələrinin
yerinə yetirilməsi baxımından dairəsi konkret göstərilmiş və ya müəyyən
kateqoriya cinayətlər üzrə şəxsin cinayət törətdikdən sonrakı davranışına
müvafiq olaraq qanunvericilikdə onun məsuliyyətdən azad edilməsi imkanı nəzərdə
tutulmuşdur. Cinayət Məcəlləsinin 72–73-2-ci maddələrində
şəxsin cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünü nəzərdə tutan və
belə azadetmənin şərti kimi şəxsin cinayət nəticəsində dəymiş ziyanı ödəməsini,
zərərçəkmişlə barışmasını və müvafiq olaraq dövlət büdcəsinə ödəniş etməsini
müəyyən edən hüquqi tənzimetmə cinayət məsuliyyətinin və cəzanın
diferensiallaşdırılması, onların islahedici təsirinin gücləndirilməsi, yeni
cinayətlərin törədilməsinin qarşısının alınması, cəza siyasətinin
humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ
cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi və
son nəticədə şəxsiyyətin, cəmiyyət və dövlətin cinayətkar qəsdlərdən qorunması
kimi konstitusiya əhəmiyyətli məqsədlərə nail olmağa yönəlmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun
bir sıra qərarlarında cinayət
məsuliyyətindən azad etmənin əsasları ilə bağlı izahlar verilmiş, o
cümlədən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25
iyul tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət
məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi
qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan
ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi
culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə
tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad
edilə bilər.
Müasir cinayət ədalət mühakiməsi
sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm
məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması,
bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin
sayının azalmasıdır. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə
müxtəlif prosedurlarının olmasına baxmayaraq, hüquqi mahiyyəti hər yerdə eyni
qalır – prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallarda
cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilir.
Qərarda həmçinin qeyd olunmuşdur
ki, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş
şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin
əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun
dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsi, həm də dəymiş mənəvi
zərərin əvəzi olaraq müəyyən kompensasiyanın ödənilməsi nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci
maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət
məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir.
Həmin maddələrdə nəzərdə tutulmuş
zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin
cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni
maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu
qeyd olunan Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin
73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət
əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona
dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün
şərtsiz əsasdır.
Eyni zamanda “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci
maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə
tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad
etmə institutu ilə bağlı göstərmişdir ki, Cinayət Məcəlləsinin 73-cü
maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən
etmişdir:
· barəsində
cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən;
· təqsirləndirilən
şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış;
· təqsirləndirilən
şəxs zərərçəkmişlə barışmış olmalıdır.
Göstərilən şərtlərin hamısı mövcud
olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər.
Qeyd olunmalıdır ki, “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2017-ci il
20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin
11-ci fəslinə mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən
azad etməni nəzərdə tutan 73-1-ci maddə əlavə edilmişdir.
Belə ki,
Məcəllənin 73-1.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.1, 179.1,
185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş
əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş
ziyanı tamamilə ödədikdə, 73-1.2-ci maddəsinə görə isə həmin Məcəllənin 178.2,
179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri)
törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs,
cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət
büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
Məcəllənin 73-1.3-cü maddəsinə
müvafiq olaraq, Cinayət Məcəlləsinin 178.3, 178.4, 179.3 və 179.4-cü
maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə
barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş
ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət
məsuliyyətindən azad edilə bilər.
Cinayət Məcəlləsinin 72-ci
maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə, həmin Məcəllənin
72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla
törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2,
73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş
cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki
iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında
belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun
təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir.
Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 40.5-ci maddəsinin tələbinə görə, Cinayət
Məcəlləsinin 72–73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri
iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd”
hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət
büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi
məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla
razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll
olunur.
Göründüyü kimi, Cinayət Məcəlləsinin
73-1.2 və 73-1.3-cü maddələri müvafiq olaraq Cinayət Məcəlləsinin 178.2, 179.2,
186.2.1. 189-1.2-1, 178.3, 178.4, 179.3, 179.4-cü maddələrində göstərilən
cinayətləri törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi şərtlərini
təsbit edirsə, Məcəllənin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndi
həmin cinayətlər iştirakçılıqla törədildiyi halda bu şərtlərin nə cür tətbiq
edilməli olduğunu nəzərdə tutur.
Qeyd olunan normaların təhlili onu
deməyə əsas verir ki, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində
göstərilən cinayətlər iştirakçılıqla törədildiyi halda hər bir iştirakçı
vurulmuş ziyanı və dövlət büdcəsinə ödənişi Cinayət Məcəlləsinin 72-ci
maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq müəyyən edilən
pay üzrə tamamilə ödəməlidir.
Bu o deməkdir ki, iştirakçılıqla
törədilən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən
cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq
iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə,
məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən
məbləğin zərərçəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi
ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir
iştirakçısının üzərinə zərərçəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz
onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür.
Həmçinin Cinayət Məcəlləsinin 73-1.2
və 73-1.3-cü maddələrində cinayət məsuliyyətindən azad etmənin şərtləri
qismində müəyyən edilmiş hallar onu göstərir ki, cinayət məsuliyyətindən azad
etmə fərdi qaydada, ictimai-təhlükəli əməli törətmiş hər bir şəxsin cinayət
prosesində nümayiş etdirdiyi davranışdan asılı olaraq tətbiq edilən, Məcəllənin
72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, 73-1.2 və 73-1.3-cü maddələrinə
uyğun müsbət davranış göstərən (yəni müəyyən edilmiş pay üzrə ziyanı və ziyanın
müvafiq faizi miqdarında dövlət büdcəsinə ödənişi etməklə zərərçəkmiş şəxslə
barışıq əldə edən) təqsirləndirilən şəxsi belə davranış göstərməyən
təqsirləndirilən şəxslərdən fərqləndirməyə xidmət edən güzəşt institutu kimi
nəzərdə tutulmuşdur.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 73–73-2-ci
maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda
zərərçəkmiş şəxslə barışmış, cinayətin iştirakçılarının hər birinin
cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən,
cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş
zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq müəyyən olunmuş pay
üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən Cinayət
Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində
vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi, həmin
Məcəllənin 73-1.3-cü maddəsində nəzərdə tutulmuş halda isə vurulmuş ziyana
müvafiq payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş
şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
Oxşar yanaşma Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə
məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında da öz əksini
tapmışdır. Həmin Qərarın 40-cı bəndinə görə, dələduzluq cinayəti
iştirakçılıqla törədildiyi hallarda ziyan və büdcəyə ödənişlər Cinayət
Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq
cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki
iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında
belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun
təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq
surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə
görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət
Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir
iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar
mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində
olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində
meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən
etməlidir.
Cinayət Məcəlləsinin 73-1-ci
maddəsində göstərilən iştirakçılıqla törədilən cinayət əməllərinin vurduğu
ziyana görə birgə məsuliyyət daşıyan bir qrup şəxs tərəfindən törədilən
cinayətlərə dair işlərdə, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin bütün
tələbləri yerinə yetirilmişsə, zərərin ödənilməsi və digər ödənişlər onlardan
ən azı biri tərəfindən tam şəkildə yerinə yetirildiyi halda da cinayət
prosesini həyata keçirən orqan cinayətin bütün iştirakçılarına
qarşı cinayət təqibinə son qoya bilər.
Cinayət məsuliyyətindən azad etmənin
cinayət təqibi orqanı və ya məhkəmənin mülahizəsinə əsasən həyata keçirildiyi
hallarda, şəxsin məsuliyyətdən azad olunması məsələsi həll edilərkən
təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı
ödəməsi ilə yanaşı, iş üzrə əhəmiyyət kəsb edən digər hallar, o cümlədən
təqsirkarın şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər, cinayətin törədilmə şəraiti
və s. nəzərə alınaraq obyektiv və əsaslandırılmış qərar qəbul
edilməlidir.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsinin
73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla
törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də
qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində
vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini
zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi
beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət
məsuliyyətindən azad edilir;
- Cinayət Məcəlləsinin 73-1.3-cü
maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla
törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də
qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində
vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini
zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın əlli
faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət
məsuliyyətindən azad edilə bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə
tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla
törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində
faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən
edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi
ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə
tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş
faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət
məsuliyyətindən azad edilir.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsində nəzərdə
tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla
törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin
törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də
qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində
vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini
zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın əlli
faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət
məsuliyyətindən azad edilə bilər.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının
rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev