Decisions

14.12.22 Azərbaycan Respublikası MPM 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.34.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

14 dekabr 2022-ci il                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual  Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.34.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi N.Cəfərov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Mediasiya Şurası İdarə Heyətinin üzvü Ə.Nəbiyevin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru E.Əliyevin və həmin fakültənin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 155-ci maddəsinin həmin Məcəllənin 4.3–4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, mövcud məhkəmə təcrübəsinə görə məhkəməyə qədər nizamlama barədə qaydalar (pretenziya, mediasiya prosesində iştirak və s.)  qarşılıqlı iddia ərizəsinə də şamil olunur. Mülki Prosessual Məcəllənin 4.3‒4.6-cı maddələrində müəyyən edilmiş qaydalara (məhkəməyə qədər nizamlama qaydaları) əməl olunmadıqda, məhkəmələr qarşılıqlı iddia ərizəsini həmin Məcəllənin 152.1.6 və 152.1.6-1-ci maddələrinin göstərişlərinə istinad etməklə geri qaytarırlar.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən bu qaydaların tətbiqi ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığının olduğu müəyyən edilmişdir. Bəzi məhkəmələrin mövqeyinə görə, mülki prosessual qanunvericilikdə qarşılıqlı iddiaya münasibətdə istisna müəyyən edən norma olmadığından, həmin qaydalar bu qəbildən olan ərizələr üçün də keçərlidir.

Digər yanaşmaya görə, məhkəməyə qədər nizamlamanın məqsədi tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət etməkdən, yalnız tərəflərin razılığa gəlmədiyi təqdirdə məhkəmədə həmin mübahisələr üzrə işə baxılmasından ibarətdir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmənin icraatında artıq ilk iddia üzrə iş olduğundan bu məqsəd əhəmiyyətini itirir.

Göstərilənlərlə yanaşı, qarşılıqlı iddia üzrə məhkəməyə qədər nizamlama barədə qaydalara əməl edildiyi halda, cavabdeh həmin müdafiə vasitəsindən məhrum edilmiş olur. Belə ki, ilkin mediasiya sessiyasına sərf edilən müddətdə ilk iddianın mahiyyəti üzrə baxılması yekunlaşır və ya qarşılıqlı iddianın verilməsi üçün Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsində müəyyən edilmiş müddət bitir. Bu səbəbdən “qarşılıqlı iddia vermək hüququ” ilə “məhkəməyə qədər nizamlama vəzifəsi” toqquşduqda, mübahisələrin bir icraat daxilində tam həlli üçün hüquqa üstünlük verilməlidir.

Müraciətdə o da qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 55.2-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bu Məcəllənin 4.3–4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Bu normanın analogiya üzrə cavabdehin də qarşılıqlı iddia ərizəsinə tətbiq edilməsi istisna edilmir.

Sadalananlara əsasən Bakı Apellyasiya Məhkəməsi qarşılıqlı iddia üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Mediasiya haqqında” Qanun) ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakın tələb olunub-olunmaması ilə əlaqədar məsələyə aydınlıq gətirilməsi, bununla da vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan qanunvericilik normalarının eyni qaydada tətbiq edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya)  müvafiq olaraq hər kəsin ayrılmaz hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə pozulmuş hüquqların səmərəli bərpasına, məhkəmələr vasitəsilə qanuni mənafelərin qorunmasına təminat verilir.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmiş, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin I hissələri).

Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması göstərilmişdir.

Konstitusiyanın 127-ci, habelə Mülki Prosessual Məcəllənin 9.1-ci maddələrinə uyğun olaraq, məhkəmə icraatı tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əsasən həyata keçirilir.

İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8 və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu iddiaçı ilə yanaşı cavabdehin də bərabər hüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanlarının olması anlamına gəlir.

Oxşar müddəa Mülki Prosessual Məcəllədə də nəzərdə tutulmuşdur.  Məcəllənin 50.5-ci maddəsinə görə, tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.

Mülki prosessual qanunvericilikdə cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də Məcəllənin 155-ci maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququdur.

Qeyd edilməlidir ki, qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların qanunla müəyyən edilmiş xüsusi aidiyyət növündən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılması zərurəti Mülki Prosessual Məcəllənin 156-cı maddəsində təsbit edilmiş şərtlərdən də irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı).

Mülki Prosessual Məcəllənin 155 və 156-cı maddələri qarşılıqlı iddianın verilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi şərtlərini tənzimləyir.

Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.

Belə ki, həmin maddəyə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

 Mülki Prosessual Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.

Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsi).

 Həmin Məcəllənin 156.1-ci maddəsində hakim tərəfindən qarşılıqlı iddianın aşağıdakı hallarda  qəbul edilməsi müəyyən edilmişdir:

- qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;

- qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;

- qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

Qanunverici həmçinin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsasların mövcud olduğu təqdirdə, cavabdehə qarşılıqlı iddianın verilməsi hüququnu tanımışdır. Şərt kimi isə onun verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsi  və ya qanunla müəyyən edilmiş müddətdə qarşılıqlı iddianın təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığının əsaslandırılması müəyyən edilmişdir.

Mülki Prosessual Məcəllənin 156.1.1 və 156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməsi imperativ qaydada göstərilmişdir.

Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur.

Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı).

Qarşılıqlı iddianın ümumi qaydalar əsasında verilməsi tələbi ilə əlaqədar qeyd olunmalıdır ki, qarşılıqlı iddia ərizəsinin verildiyi zaman ilkin iddia ilə bağlı Mülki Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6 və 152.1.6-1-ci maddələrində müəyyən edilmiş şərtlərə (pretenziya, mediasiya prosesində iştirak və s.) riayət edilməsinin tələb olunması məhkəməyə qədər nizamlama institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir.

Belə ki, “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir.

Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.

Həmin Qanunun 3.2 və 28.1-ci maddələrinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı məhz məhkəməyə müraciət etməmişdən əvvəl tələb olunur.

Həmçinin Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.

Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələri).

Göründüyü kimi, qanunverici mediasiyanın iki – müqavilə və  qanun ilə müəyyən olunmuş mediasiya növlərini fərqləndirir.

“Mediasiya haqqında” Qanunun 5.3-cü maddəsinə müvafiq olaraq, mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28 və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər.

Qanunun 7.2-ci maddəsinə əsasən, mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır.

Beləliklə, mediasiya tərəflər arasında yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə, qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşımaqla, məhkəmələrin iş yükünü azaldaraq onların daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur.

Odur ki, tərəflər ilkin iddia ərizəsini məhkəməyə verməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisənin mediasiya yolu ilə həll edilməsinə cəhd göstərdiklərindən və heç bir nəticə əldə etməyərək ədalət mühakiməsi vasitəsi ilə münasibətlərinin tənzimlənməsi üsulunu seçdiklərindən, yenidən ilkin iddia ilə bağlı olan qarşılıqlı iddia üzrə də mediasiya tələbi formal xarakter daşımaqla, mediasıya institutunun hüquqi təyinatı və məqsədi ilə ziddiyyət təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və istəklərinə uyğun, qarşılıqlı kompromis əsasında həll edilməsi məqsədini daşıyır. Bu səbəbdən, ilk iddia üzrə mediasiya prosesinin keçirilməsi və barışığın əldə edilməməsi qarşılıqlı iddia üzrə yenidən mediasiyanın keçirilməsi zərurətini aradan qaldırır.

Tərəflər mediasiya prosesi çərçivəsində ilkin sessiyadan sonrakı mediasiya sessiyasında iştirak etmək istəmədikdə və ya sessiyalar davam etdirilsə də, barışıq əldə edilmədikdə, müvafiq olaraq “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayış və ya “mediasiya prosesinə xitam verilməsi barədə” protokol tərəflərə təqdim olunur. Yalnız bundan sonra tərəflər yaranmış mübahisənin həlli, hüquq və azadlıqlarının qorunması üçün məhkəmədə iddia qaldırır. Qarşılıqlı iddianın öz-özlüyündə müstəqil mövcud olmaması, yəni onun verilməsi üçün mütləq qaydada ilkin iddianın olması və ilkin iddianın verilməsi zamanı Mülki Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6, 152.1.6-1-ci maddələrinin tələblərinə əməl olunması qarşılıqlı iddianın verilməsi zamanı həmin tələblərə əməl edilməsini lüzumsuz edir.  

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq, cavabdehdən məhkəməyə qarşılıqlı iddia verməzdən əvvəl həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə müvafiq olaraq məhkəməyə qədər nizamlama qaydalarına riayət olunmasının tələb edilməsi qarşılıqlı iddianın hüquqi təbiətinə (müstəqil tələb olmayan qarşılıqlı iddianın ilkin iddia ilə birgə baxılması) zidd olmaqla yanaşı, prosessual qənaət prinsipinə, həmçinin mediasiya institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir.

Əlavə olaraq o da qeyd edilməlidir ki, “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinə görə, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər.

Bu baxımdan qarşılıqlı iddia üzrə Mülki Prosessual Məcəllənin 4.3–4.6-cı maddələrinin tələblərinə əməl olunması şərti həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsinə gətirib çıxarmaqla prosessual müdafiə vasitəsi olan qarşılıqlı iddia institutundan istifadə imkanını mümkünsüz edə bilər.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki,  mülki prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük verir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını  özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsi).

Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Belə ki, məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmadığı halda, zəruri hesab edilir. Mülki  Prosessual  Məcəllənin 14.3-1 və 52.4-cü maddələrinin mənasına görə, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır.

Bu zaman “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda məhkəmə  iş üzrə icraatı dayandırmalıdır. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mübahisə mediasiya vasitəsilə həll edilmədikdə məhkəmə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (Mülki Prosessual Məcəllənin  254.1.7, 191.2-1 və 191.4-cü maddələri).

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 6567 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.34.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                      Fərhad Abdullayev