AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə
əlaqəli şəkildə şərh edilməsinə dair
14 dekabr 2022-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev
(sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov,
Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı
prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin
4.3‒4.6, 55.2, 152.1.6 və
152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya
işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini,
maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi N.Cəfərov
və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati
və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının
Rəyasət Heyətinin, Mediasiya Şurası İdarə Heyətinin üzvü Ə.Nəbiyevin mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və
informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru E.Əliyevin
və həmin fakültənin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti,
hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəylərini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan
sonra – Mülki Prosessual Məcəllə) 155-ci maddəsinin həmin Məcəllənin 4.3–4.6,
55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki, mövcud məhkəmə
təcrübəsinə görə məhkəməyə qədər nizamlama barədə qaydalar (pretenziya,
mediasiya prosesində iştirak və s.)
qarşılıqlı iddia ərizəsinə də şamil olunur. Mülki Prosessual Məcəllənin
4.3‒4.6-cı maddələrində müəyyən edilmiş qaydalara (məhkəməyə qədər nizamlama
qaydaları) əməl olunmadıqda, məhkəmələr qarşılıqlı
iddia ərizəsini həmin Məcəllənin 152.1.6 və 152.1.6-1-ci maddələrinin göstərişlərinə
istinad etməklə geri qaytarırlar.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə
baxılarkən bu qaydaların tətbiqi ilə bağlı məhkəmə təcrübəsində fikir
ayrılığının olduğu müəyyən edilmişdir. Bəzi məhkəmələrin mövqeyinə görə, mülki
prosessual qanunvericilikdə qarşılıqlı iddiaya münasibətdə istisna müəyyən edən
norma olmadığından, həmin qaydalar bu qəbildən olan ərizələr üçün də keçərlidir.
Digər yanaşmaya görə, məhkəməyə
qədər nizamlamanın məqsədi tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və
zəhmətinə qənaət etməkdən, yalnız tərəflərin razılığa gəlmədiyi təqdirdə
məhkəmədə həmin mübahisələr üzrə işə baxılmasından ibarətdir. Qarşılıqlı iddiaya
münasibətdə isə məhkəmənin icraatında artıq ilk iddia üzrə iş olduğundan bu məqsəd
əhəmiyyətini itirir.
Göstərilənlərlə
yanaşı, qarşılıqlı iddia üzrə məhkəməyə qədər nizamlama barədə qaydalara əməl
edildiyi halda, cavabdeh həmin müdafiə vasitəsindən məhrum edilmiş olur. Belə
ki, ilkin mediasiya sessiyasına sərf edilən müddətdə ilk iddianın mahiyyəti üzrə
baxılması yekunlaşır və ya qarşılıqlı iddianın verilməsi üçün Mülki Prosessual
Məcəllənin 154.1-ci maddəsində müəyyən edilmiş müddət bitir. Bu səbəbdən
“qarşılıqlı iddia vermək hüququ” ilə “məhkəməyə qədər nizamlama vəzifəsi”
toqquşduqda, mübahisələrin bir icraat daxilində tam həlli üçün hüquqa üstünlük
verilməlidir.
Müraciətdə o da qeyd edilir ki, Mülki
Prosessual Məcəllənin 55.2-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil
tələblər irəli sürən üçüncü şəxslər bu Məcəllənin 4.3–4.6-cı maddələrində müəyyən
edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün
hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Bu normanın
analogiya üzrə cavabdehin də qarşılıqlı iddia ərizəsinə tətbiq edilməsi istisna
edilmir.
Sadalananlara əsasən Bakı Apellyasiya Məhkəməsi
qarşılıqlı iddia üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında”
Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Mediasiya haqqında” Qanun)
ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakın tələb
olunub-olunmaması ilə əlaqədar məsələyə aydınlıq gətirilməsi, bununla da vahid
məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan qanunvericilik
normalarının eyni qaydada tətbiq edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə
müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə
bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.
Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
prinsip və normalarına, habelə Azərbaycan Respublikasının Konstitusiyasına
(bundan sonra – Konstitusiya) müvafiq
olaraq hər kəsin ayrılmaz hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə
pozulmuş hüquqların səmərəli bərpasına, məhkəmələr vasitəsilə qanuni mənafelərin
qorunmasına təminat verilir.
Konstitusiyada insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit
edilmiş, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat
verilmişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin I hissələri).
Mülki Prosessual Məcəllənin 2-ci maddəsində
mülki məhkəmə icraatının vəzifələri kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan,
qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin
məhkəmədə təsdiq olunması göstərilmişdir.
Konstitusiyanın 127-ci, habelə Mülki
Prosessual Məcəllənin 9.1-ci maddələrinə uyğun olaraq, məhkəmə icraatı tərəflərin
hüquq bərabərliyinə, çəkişmə prinsipinə əsasən həyata keçirilir.
İnsan hüquqları haqqında Ümumi Bəyannamənin
7, 8 və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyasının 6-cı maddəsinin məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə
məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu iddiaçı ilə yanaşı cavabdehin də bərabər
hüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanlarının
olması anlamına gəlir.
Oxşar müddəa Mülki Prosessual Məcəllədə də
nəzərdə tutulmuşdur. Məcəllənin 50.5-ci
maddəsinə görə, tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər
prosessual vəzifələr daşıyırlar.
Mülki prosessual qanunvericilikdə cavabdeh
üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də Məcəllənin 155-ci
maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya
qarşılıqlı iddia vermək hüququdur.
Qeyd edilməlidir ki, qarşılıqlı iddia tələblərin
məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən
şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan,
qanunvericilikdə belə iddiaların qanunla müəyyən edilmiş xüsusi aidiyyət növündən
asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən
edilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılması zərurəti
Mülki Prosessual Məcəllənin 156-cı maddəsində təsbit edilmiş şərtlərdən də irəli
gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh
edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı).
Mülki Prosessual Məcəllənin 155 və 156-cı
maddələri qarşılıqlı iddianın verilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi
şərtlərini tənzimləyir.
Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci
maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
Belə ki, həmin
maddəyə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra
20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə
əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə
olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
Mülki
Prosessual Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində
nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı
qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin
dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim
edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra
bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı
iddianın verilməsinə yol verilmir.
Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin
ümumi qaydaları əsasında həyata keçirilir (Mülki Prosessual Məcəllənin 155.3-cü
maddəsi).
Həmin
Məcəllənin 156.1-ci maddəsində hakim tərəfindən qarşılıqlı iddianın aşağıdakı
hallarda qəbul edilməsi müəyyən
edilmişdir:
- qarşılıqlı tələb ilk tələbin qarşılıqlı
ödənilməsinə yönəlmişsə;
- qarşılıqlı
iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan
qaldırırsa;
Qanunverici həmçinin Məcəllənin 154.1-ci
maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı
zamanı qarşılıqlı iddianın verilməsi üçün əsasların mövcud olduğu təqdirdə,
cavabdehə qarşılıqlı iddianın verilməsi hüququnu tanımışdır. Şərt kimi isə onun
verilməsi üçün əsasların həmin dövrdə əmələ gəlməsi və ya qanunla müəyyən edilmiş müddətdə
qarşılıqlı iddianın təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə
mümkün olmadığının əsaslandırılması müəyyən edilmişdir.
Mülki Prosessual Məcəllənin 156.1.1 və
156.1.2-ci maddələrindəki hallardan fərqli olaraq, həmin Məcəllənin 156.1.3-cü
maddəsində göstərilən, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin
olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə
nəticələndiyi hallarda (məsələn, qarşılıqlı
iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi
hal) qarşılıqlı iddianın yalnız Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş
müddətdə verilməsi imperativ qaydada göstərilmişdir.
Qarşılıqlı iddianın ilkin iddia ilə bir
icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin
iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş
prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur.
Bu prinsip məhkəmə proseslərinin
uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala
gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir.
Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə
prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır
(Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9
iyul tarixli Qərarı).
Qarşılıqlı
iddianın ümumi qaydalar əsasında verilməsi tələbi ilə əlaqədar qeyd olunmalıdır
ki, qarşılıqlı iddia ərizəsinin verildiyi zaman ilkin iddia ilə bağlı Mülki
Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6 və 152.1.6-1-ci maddələrində
müəyyən edilmiş şərtlərə (pretenziya, mediasiya prosesində iştirak və s.) riayət edilməsinin tələb olunması məhkəməyə qədər
nizamlama institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir.
Belə ki, “Mediasiya haqqında” Qanunun
preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri
kimi təsbit edilmişdir.
Mediasiyanın məqsəd və prinsiplərini müəyyən
edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında
münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini
təmin etmək məqsədini daşıyır. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi
və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə
müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata
keçirilir.
Həmin Qanunun 3.2 və 28.1-ci maddələrinə əsasən,
kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn
mübahisələr üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı məhz məhkəməyə
müraciət etməmişdən əvvəl tələb olunur.
Həmçinin Mülki Prosessual Məcəllənin
4.3-cü maddəsinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri
üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud
bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya
riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.
Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə
müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə,
müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt)
olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə
verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən
irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya
haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında
iştirak tələb olunur (Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələri).
Göründüyü kimi, qanunverici mediasiyanın
iki – müqavilə və qanun ilə müəyyən
olunmuş mediasiya növlərini fərqləndirir.
“Mediasiya haqqında” Qanunun 5.3-cü maddəsinə
müvafiq olaraq, mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və
prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq
və ya azaltmaq, bu Qanunun 28 və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla
mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına
malikdirlər.
Qanunun 7.2-ci maddəsinə əsasən, mediator
mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı
bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim
etmək üçün bərabər imkanlar yaratmalıdır.
Beləliklə, mediasiya tərəflər arasında
yaranan mübahisənin məhkəməyə müraciət etmədən daha qısa müddətdə və az məsrəflə,
qarşılıqlı razılıq əsasında həll edilməsi məqsədini daşımaqla, məhkəmələrin iş
yükünü azaldaraq onların daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur.
Odur ki, tərəflər ilkin iddia ərizəsini məhkəməyə
verməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisənin
mediasiya yolu ilə həll edilməsinə cəhd göstərdiklərindən və heç bir nəticə əldə
etməyərək ədalət mühakiməsi vasitəsi ilə münasibətlərinin tənzimlənməsi üsulunu
seçdiklərindən, yenidən ilkin iddia ilə bağlı olan qarşılıqlı iddia üzrə də
mediasiya tələbi formal xarakter daşımaqla, mediasıya institutunun hüquqi təyinatı
və məqsədi ilə ziddiyyət təşkil edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi,
mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həlli yolu olmaqla tərəflər
arasında münaqişə səviyyəsinin azaldılması, məsələlərin tərəflərin öz iradə və
istəklərinə uyğun, qarşılıqlı kompromis əsasında həll edilməsi məqsədini
daşıyır. Bu səbəbdən, ilk iddia üzrə mediasiya prosesinin keçirilməsi və
barışığın əldə edilməməsi qarşılıqlı iddia üzrə yenidən mediasiyanın keçirilməsi
zərurətini aradan qaldırır.
Tərəflər mediasiya prosesi çərçivəsində
ilkin sessiyadan sonrakı mediasiya sessiyasında iştirak etmək istəmədikdə və ya
sessiyalar davam etdirilsə də, barışıq əldə edilmədikdə, müvafiq olaraq “ilkin
mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı
arayış və ya “mediasiya prosesinə xitam verilməsi barədə” protokol tərəflərə təqdim
olunur. Yalnız bundan sonra tərəflər yaranmış mübahisənin həlli, hüquq və
azadlıqlarının qorunması üçün məhkəmədə iddia qaldırır. Qarşılıqlı iddianın
öz-özlüyündə müstəqil mövcud olmaması, yəni onun verilməsi üçün mütləq qaydada
ilkin iddianın olması və ilkin iddianın verilməsi zamanı Mülki Prosessual Məcəllənin
149.2.4, 149.2.4-1, 152.1.6, 152.1.6-1-ci maddələrinin tələblərinə əməl
olunması qarşılıqlı iddianın verilməsi zamanı həmin tələblərə əməl edilməsini
lüzumsuz edir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə
uyğun olaraq, cavabdehdən məhkəməyə qarşılıqlı iddia verməzdən əvvəl həmin Məcəllənin
4.3–4.6-cı maddələrinə müvafiq olaraq məhkəməyə qədər nizamlama qaydalarına
riayət olunmasının tələb edilməsi qarşılıqlı iddianın hüquqi təbiətinə (müstəqil
tələb olmayan qarşılıqlı iddianın ilkin iddia ilə birgə baxılması) zidd olmaqla
yanaşı, prosessual qənaət prinsipinə, həmçinin mediasiya institutunun hüquqi təyinat
və məqsədinə uyğun gəlmir.
Əlavə olaraq o da
qeyd edilməlidir ki, “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinə görə, mediasiya prosesinin
ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi
nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30
gün müddətinə qədər uzadıla bilər.
Bu baxımdan
qarşılıqlı iddia üzrə Mülki Prosessual Məcəllənin 4.3–4.6-cı maddələrinin tələblərinə
əməl olunması şərti həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə
tutulmuş müddətin ötürülməsinə gətirib çıxarmaqla prosessual müdafiə vasitəsi
olan qarşılıqlı iddia institutundan istifadə imkanını mümkünsüz edə bilər.
Bununla yanaşı Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib bilir ki, mülki prosessual qanunvericilik işin
faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna
üstünlük verir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən,
məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan
istifadə etməlidir.
Hakim bütün hallarda prosesin çəkişmə
prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə
əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
Məhkəmə qərarını özünün qulluq mövqeyinə
görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin
9.3-cü maddəsi).
Lakin qanunverici məhkəmənin prosessual fəallıq
prinsipindən tam imtina etməmişdir. Belə ki, məhkəmənin fəallığı çəkişmə
prinsipindən kənara çıxmadığı halda, zəruri hesab edilir. Mülki Prosessual
Məcəllənin 14.3-1 və 52.4-cü maddələrinin mənasına görə, məhkəmə
prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq, öz təşəbbüsü
ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya
vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır.
Bu zaman “Mediasiya haqqında” Qanun ilə müəyyən
edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda məhkəmə
iş üzrə icraatı dayandırmalıdır. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə
həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri
barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq
etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə
icraata xitam verir. Mübahisə mediasiya vasitəsilə həll edilmədikdə məhkəmə
bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə
baxılmasını davam etdirir (Mülki Prosessual Məcəllənin 254.1.7, 191.2-1 və 191.4-cü maddələri).
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə
gəlir:
- Konstitusiyanın
60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin
edilməsi məqsədi ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun
olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən
həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin
ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər
nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65–67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi
məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə
uyğun olaraq
ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən
həmin Məcəllənin 4.3–4.6-cı
maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən
irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya
və mediasiya) riayət edilməsi tələb olunmur.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev