Decisions

17.02.16 Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair QƏRARDAD

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Palatasının

 

 

Q ə r a r d a d ı

 

 

Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair

 

 

17 fevral 2016-cı il                                                         Bakı şəhəri

 

          Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər İsa Nəcəfov (sədrlik edən), Rafael Qvaladze, Ceyhun Qaracayev  və Südabə Həsənovadan (məruzəçi-hakim) ibarət tərkibdə,

            F.Əhmədovun katibliyi ilə

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 yanvar 2016-ci il tarixli müraciətinə baxaraq

 

 

MÜƏYYƏN ETDİ :

 

            Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 130-cu maddəsinin VI hissəsinə və  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası  Qanununun 33-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsi icraatında olan Məmmədova Diana Şirinbala qızının “işə bərpa və məcburi buraxılmış iş müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək məcəlləsi) 79-cu maddəsi ilə Əmək Məcəlləsinin  70 ”ç” və 72-ci maddələrinin arasında olan ziddiyyətə aydınlıq gətirilməsi üçün qeyd edilən normaların şərh edilməsini xahiş etmişdir.

Müraciətdən və müraciətə əlavə edilmiş sənədlərdən görünür ki, Diana Məmmədova “Fircroft Engineering Services LTD” şirkətində 2004-cü ildən başlayaraq inzibati köməkçi vəzifəsində qüsursuz işləmiş, 19 oktyabr 2015-ci ildə işlədiyi ofisdə digər işçi Emiliya Hüseynova ilə aralarında məişət zəminində baş vermiş xırda insident zamanı sonuncunu vuraraq xəsarət yetirmiş, hər ikisi Xətai rayon polis idarəsinə müraciət etmiş, aparılan təhqiqatın gedişi zamanı tərəflərin barışması əsası ilə 12 noyabr 2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, şirkətin rəhbərliyi 20 oktyabr 2015-ci il tarixdən D.Məmmədovanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir.

D.Məmmədova hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edib onun 2 yaş 3 aylıq qızını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsinin pozulmasının qanunsuz olduğundan işə bərpa edilib, məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsini xahiş etmişdir.

İşə baxılarkən cavabdeh təşkilatın nümayəndəsi iddiaya qarşı etiraz edərək Əmək Məcəlləsinin 79-cu maddəsi ilə 72-ci maddəsi arasında ziddiyyət olması mülahizəsini irəli sürmüş, məhkəmə bu ziddiyyətin xüsusi konstitusiya icraatı qaydasında aradan qaldırılması üçün göstərilən normaların şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Palatası müraciəti, ona əlavə edilmiş sənədləri araşdırıb Əmək Məcəlləsini sistemli şəkildə təhlil edərək hesab edir ki, müraciət aşağıda göstərilənlərə əsasən məhkəmənin  icraatına qəbul edilə bilməz.

Belə ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır.  Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir.

Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir.  Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində  sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

 Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır.

Əmək Məcəlləsinin 72-ci maddəsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzərdə tutur. Bu maddə də 8 bənddən ibarətdir.

Həmin  maddənin “ç” bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması-əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 79-cu maddəsinə gəldikdə isə bu maddə Məcəllənin “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” adlanan on birinci fəslində yer almışdır.

Məcəllənin bu fəslində işçilərin digər təminatları ilə yanaşı 79-cu  maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir.

 Bu normanın tələbinə görə işəgötürən tərəfindən:

          - hamilə, habelə 3 yaşınadək uşağı olan qadınların;

          - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını tək- başına böyüdən işçilərin;

          - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

          - işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə;

          - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

        - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir.

Bu qaydadan istisnaya isə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi hallarda və əmək müqaviləsinə Məcəllənin  73-cü maddəsi ilə xitam verilən hallarda yol verilir.

On birinci fəslin adından da göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə,  ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı həmdə sosial yönümlü dövlətdir.

Konstitusiyanın  12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqlı həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layigli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-cı maddəsi).

Göstərilənlərə əsasən, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə, eləcə də müraciətdə şərhi qoyulan normalara zidd kimi təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından  öz təyinatı var.

Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial  müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir.

Qeyd olunanlarla bağlı Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosialyönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər.

Göstərilənlərə əsasən Palata hesab edir ki, hazırkı müraciətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasına ehtiyac olmadığına görə onun icraata qəbul edilməsinə də zərurət yaranmır.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası  Qanununun 37.0.2, 60.1, 60.2-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası

 

 

QƏRARA ALDI:

 

 

1.    Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı şəhəri Xətai rayon məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmasına zərurət olmadığından icraata qəbul edilməsindən imtina edilsin.

2.    Qərardadın surəti 7 gün müddətində müraciət edənə göndərilsin.

3.    Qəradad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

 

 

 

 

   Sədrlik edən                                                                 İsa Nəcəfov