Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının
Q ə r a r d a d ı
Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair
17 fevral 2016-cı
il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər İsa Nəcəfov (sədrlik
edən), Rafael Qvaladze, Ceyhun Qaracayev və Südabə Həsənovadan
(məruzəçi-hakim) ibarət tərkibdə,
F.Əhmədovun katibliyi ilə
“Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai
rayon məhkəməsinin 18 yanvar 2016-ci il tarixli müraciətinə baxaraq
MÜƏYYƏN ETDİ :
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 130-cu maddəsinin VI
hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 33-cü maddəsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsi
icraatında olan Məmmədova Diana Şirinbala qızının “işə bərpa və məcburi
buraxılmış iş müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə
baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək
məcəlləsi) 79-cu maddəsi ilə Əmək Məcəlləsinin 70 ”ç” və 72-ci
maddələrinin arasında olan ziddiyyətə aydınlıq gətirilməsi üçün qeyd edilən
normaların şərh edilməsini xahiş etmişdir.
Müraciətdən və müraciətə əlavə
edilmiş sənədlərdən görünür ki, Diana Məmmədova “Fircroft Engineering Services
LTD” şirkətində 2004-cü ildən başlayaraq inzibati köməkçi vəzifəsində qüsursuz
işləmiş, 19 oktyabr 2015-ci ildə işlədiyi ofisdə digər işçi Emiliya Hüseynova
ilə aralarında məişət zəminində baş vermiş xırda insident zamanı sonuncunu
vuraraq xəsarət yetirmiş, hər ikisi Xətai rayon polis idarəsinə müraciət etmiş,
aparılan təhqiqatın gedişi zamanı tərəflərin barışması əsası ilə 12 noyabr
2015-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar
qəbul edilsə də, şirkətin rəhbərliyi 20 oktyabr 2015-ci il tarixdən
D.Məmmədovanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir.
D.Məmmədova hazırkı iddia ərizəsi
ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edib
onun 2 yaş 3 aylıq qızını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsinin
pozulmasının qanunsuz olduğundan işə bərpa edilib, məcburi buraxılmış iş
günləri üçün əmək haqqının ödənilməsini xahiş etmişdir.
İşə baxılarkən cavabdeh təşkilatın
nümayəndəsi iddiaya qarşı etiraz edərək Əmək Məcəlləsinin 79-cu maddəsi ilə
72-ci maddəsi arasında ziddiyyət olması mülahizəsini irəli sürmüş, məhkəmə bu
ziddiyyətin xüsusi konstitusiya icraatı qaydasında aradan qaldırılması üçün
göstərilən normaların şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Palatası
müraciəti, ona əlavə edilmiş sənədləri araşdırıb Əmək Məcəlləsini sistemli
şəkildə təhlil edərək hesab edir ki, müraciət aşağıda göstərilənlərə əsasən
məhkəmənin icraatına qəbul edilə bilməz.
Belə ki, “Əmək müqaviləsinə xitam
verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit
edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək
müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə
ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam
verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv
edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin
ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində verilmişdir.
Əmək Məcəlləsinin 70-ci maddəsi 4
bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək
funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə,
yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini
kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Bu maddə ilə bağlı qeyd
olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun
müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə
buraxır.
Əmək Məcəlləsinin 72-ci maddəsi işçi
tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları
nəzərdə tutur. Bu maddə də 8 bənddən ibarətdir.
Həmin maddənin “ç” bəndinə
görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin
mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və
ya onların bu səbəbdən həlak olması-əmək vəzifələrinin kobud şəkildə pozulması
hesab edilir.
Əmək Məcəlləsinin 79-cu maddəsinə
gəldikdə isə bu maddə Məcəllənin “Əmək müqavilələrinə xitam verilərkən
işçilərin təminatları” adlanan on birinci fəslində yer almışdır.
Məcəllənin bu fəslində işçilərin
digər təminatları ilə yanaşı 79-cu maddəsinin 1-ci hissəsində əmək
müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən
edilmişdir.
Bu normanın tələbinə görə
işəgötürən tərəfindən:
- hamilə,
habelə 3 yaşınadək uşağı olan qadınların;
- yeganə
qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını tək- başına
böyüdən işçilərin;
- əmək
qabiliyyətini müvəqqəti itirən işçilərin;
- işçinin
şəkərli diabetlə xəstə olması səbəbinə görə;
- həmkarlar
ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə
görə;
- məzuniyyətdə,
ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət
ərzində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək
müqaviləsinin ləğv edilməsi qadağan edilir.
Bu qaydadan istisnaya isə yalnız
Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin
ləğv edildiyi hallarda və əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsi ilə
xitam verilən hallarda yol verilir.
On birinci fəslin adından da
göründüyü kimi, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər
işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün
isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə
işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki,
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı həmdə
sosial yönümlü dövlətdir.
Konstitusiyanın 12-ci
maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqlı həyat səviyyəsinin təmin edilməsi
dövlətin ali məqsədidir.
Azərbaycan dövləti xalqın və hər bir
vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layigli həyat
səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-cı maddəsi).
Göstərilənlərə əsasən, hamilə və
öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin
70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər
hansı bir maddəsinə, eləcə də müraciətdə şərhi qoyulan normalara zidd kimi
təvsir edilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və
cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi
baxımından öz təyinatı var.
Konstitusiya Məhkəməsinin Palatası qeyd
edir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın
sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial
təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin
sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin
möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir.
Qeyd olunanlarla bağlı Konstitusiya
Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin
həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit
edilmiş və dövlət tərəfindən təmin edilən sosialyönümlü dəyərləri nəzərə
almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər.
Göstərilənlərə əsasən Palata hesab
edir ki, hazırkı müraciətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunda baxılmasına ehtiyac olmadığına görə onun icraata qəbul edilməsinə də
zərurət yaranmır.
“Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 37.0.2, 60.1, 60.2-ci maddələrini
rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası
QƏRARA ALDI:
1. Qərardadın təsviri-əsaslandırıcı hissəsində
göstərilən əsaslara görə Bakı şəhəri Xətai rayon məhkəməsinin müraciətinin
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
baxılmasına zərurət olmadığından icraata qəbul edilməsindən imtina edilsin.
2. Qərardadın surəti 7 gün müddətində müraciət
edənə göndərilsin.
3. Qəradad “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
Sədrlik
edən İsa
Nəcəfov