Azərbaycan Respublikası
adından
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ
QƏRARDADI
Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair
25
fevral 2021-ci il
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Palatası hakimlər Humay Əfəndiyeva (sədrlik edən və
məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze və İsa Nəcəfovdan ibarət
tərkibdə,
F.Əhmədovun katibliyi
ilə,
“Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən
Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq,
MÜƏYYƏN ETDİ:
Gəncə Apellyasiya
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42 və 58-ci maddələrinin tələbləri
baxımından həmin Məcəllənin 46.3-cü maddəsinin ikinci cümləsinin şərh edilməsini
xahiş etmişdir.
Müraciətdən göründüyü
kimi, Goranboy Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə
I.Tağıyev Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək ona 3000
manat miqdarında cərimə cəzası təyin edilmişdir.
Birinci instansiya
məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün
əsas cəza ilə yanaşı, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və
maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza təyin
edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya
protestini Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə əsaslandırmış və
təqsirləndirilən şəxsə əsas cəza kimi təyin edilmiş cərimə cəzasını
mübahisələndirməmişdir.
Müraciətdə qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin
şərh edilməsinə dair” 2011 -ci il 14 noyabr tarixli Qərarında cərimə və müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
cəzalarının tətbiqi ilə bağlı məsələlər konkret olaraq tənzimlənmiş və bu
Qərardan sonra vahid məhkəmə təcrübəsi formalaşmışdır.
Lakin “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci
il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət
Məcəlləsinin 46.3-cü maddəsinin ikinci cümləsində “Bu cəza növünün” sözlərindən
sonra “cərimə və” sözləri əlavə edilmiş və yeni redaksiyaya əsasən, müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün
intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə
cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın
çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən
edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara
əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə
cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Müraciətedənin
qənaətinə görə, sözügedən dəyişiklikdən sonra Cinayət Məcəlləsinin 42 və 58-ci
maddələri, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən
Qərarında əks olunmuş hüquqi mövqe ilə Cinayət Məcəlləsinin 46.3-cü maddəsinin dispozisiyası
arasında ziddiyyətlər yaranmış və bu hal məhkəmə təcrübəsində qanunun tətbiqi
ilə bağlı anlaşılmazlıq və qeyri-müəyyənliyə səbəb olmaqla hüquqi müəyyənlik
prinsipinin tələblərini pozur.
Vahid məhkəmə
təcrübəsinin formalaşdırılması məqsədi ilə müraciətdə aşağıdakı məsələlərə
aydınlıq gətirilməsi xahiş edilir:
- Cinayət
Məcəlləsinin 46.3-cü maddəsinin ikinci cümləsinin “Bu cəza növünün cərimə və
digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda” müddəası baxımından
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə cəzasının cərimə cəzasına əlavə cəza kimi təyin edilməsinin mümkünlüyü;
- Cinayət
Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının cərimə cəzasına əlavə
cəza kimi təyin edilməsinin həmin Məcəllənin 42 və 58-ci maddələrinin
tələblərinə uyğunluğu;
- Cinayət
Məcəlləsinin 46.3-cü maddəsinin yeni redaksiyasının Konstitusiya Məhkəməsinin
Plenumunun 2011-ci il 14 noyabr tarixli Qərarında əks olunmuş hüquqi
mövqelərini dəyişdirməyi və ya hər hansı formada bu mövqelərə təsiri.
Konstitusiya
Məhkəməsinin Palatası müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab
edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə görə Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli
Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Konstitusiyanı və
qanunları şərh edir.
Konstitusiyanın 130-cu
maddəsinin VI hissəsinə əsasən isə Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata
keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi
haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Konstitusiya Məhkəməsi
Plenumunun Konstitusiyanın və qanunların şərh edilməsi ilə bağlı qəbul edilmiş
qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən
birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə və hüquqtətbiqetmə
təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.
Konstitusiya Məhkəməsi
Plenumunun müvafiq məsələlərə dair hüquqi mövqeləri bir qayda olaraq
Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və
azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsi
Plenumunun qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq
edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri
öz əksini tapmışdır.
Konstitusiya Məhkəməsi
Plenumunun qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin
qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin
Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır.
Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi
qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız
konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi
hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir
(“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və
dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı
Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin
7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX
hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərar).
Lakin burada nəzərə
alınmalıdır ki, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətin
bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı
hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı qəbul edən, o
cümlədən hər hansı normativ hüquqi akta dəyişikliklərin və əlavələrin edilməsi təşəbbüsünə
malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri,
vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti
orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar
üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya mühakiməsi
orqanıdır.
Bundan əlavə “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci
maddəsinə görə, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənlik və fərqlər,
habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş
normayaratma orqanı və ya Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə uyğun
olaraq Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyində
əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27
dekabr tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin şərhi
qanunverici tərəfindən normaya verilən məna ilə uzlaşmalı, belə şərh yalnız
normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir.
Şərh qüvvədə olan normalara əlavə və dəyişiklik etmir və edə bilməz.
Konstitusiya
Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası
ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra
olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. (“Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 66.1 və 63.4-cü maddələri). Bununla belə,
Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsini həyata keçirərkən öz
hüquqi mövqelərini dəyişdirə bilər. Belə dəyişdirmə məhkəmə səhvi ilə deyil,
hüquqi tənzimləmə sisteminin dəyişməsi ilə əlaqədar olur. Belə ki, hüquq
normaları Konstitusiya Məhkəməsi tərəfindən müəyyən hüquq sistemində
qiymətləndirilir, əvvəllər mövcud olan normaların qüvvədən düşməsi, dəyişməsi
və ya yeni normaların yaranması belə dəyişiklikləri zəruri edir. Müraciətdə
qaldırılan məsələ ilə bağlı qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin məhz
2011-ci ildə qüvvədə olan 46.3-cü maddəsinin müddəaları baxımından müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
növündə cəzanın cərimə cəzasına əlavə olaraq tətbiq edilməsinin mümkünlüyü ilə
bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair”
2011-ci il 14 noyabr tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət
Məcəlləsinin 42 və 46.3-cü maddələrinin tələbləri baxımından bu cəza növü
cərimə cəzasına əlavə cəza kimi təyin edilə bilməz.
Burada xüsusilə
vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 46.3-cü maddəsində müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə
cəzanın cərimə cəzasına əlavə olaraq tətbiq edilməsini mümkün edən müddəa
Cinayət Məcəlləsinə 2017-ci il 20 oktyabr tarixli Qanunu ilə əlavə edilmişdir.
Qanunverici
cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların
törədilməsinə görə məsuliyyətin təyin edilməsi ümumi əsaslarının və
qaydalarının tənzimlənməsində müstəqildir (Konstitusiyanın 94-cü maddəsinin I
hissəsinin 17-ci bəndi). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik
hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və
haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və
Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir
(Konstitusiyanın 25-ci maddəsi və 149-cu maddəsinin I və III hissələri).
Bununla yanaşı
Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair
müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş şəxs
barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri
olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən
baxılmalıdır). Beləliklə əlavə cəzanın təyin edilib edilməməsi məhkəmənin
səlahiyyətindədir.
Cinayət-prosessual
qanunvericiliyinin tələblərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələrinin
sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya
edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri
olub- olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi
haqqında qərarın motivlərini göstərməlidirlər. Əlavə cəza növünün təyin
edilməməsinin motivlərinin hökmdə göstərilməsi cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulmamışdır.
Göstərilənlərə əsasən,
Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Gəncə Apeilyasiya
Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin Cinayət və
Cinayət-Prosessual Məcəllələrində nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün
olduğundan, müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib
baxılmasına ehtiyac duyulmur.
“Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 32, 60, 62.1 və
68.1-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı
hissəsində göstərilən əsaslara görə Gəncə Apeilyasiya Məhkəməsinin müraciətinin
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina
edilsin.
2. Qərardadın surəti 7 gün
müddətində Gəncə Apeilyasiya Məhkəməsinə göndərilsin.
3. Qərardad “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
Sədrlik edən
Humay
Əfəndiyeva