Qərarlar

25.02.21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42 və 58-ci maddələrinin tələbləri baxımından həmin Məcəllənin 46.3-cü maddəsinin ikinci cümləsinin şərh edilməsinə dair QƏRARDAD

Azərbaycan Respublikası adından

AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ

QƏRARDADI

Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə dair

25 fevral 2021-ci il                                                                         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Humay Əfəndiyeva (sədrlik edən və məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze və İsa Nəcəfovdan ibarət tərkibdə,

F.Əhmədovun katibliyi ilə,

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq,

MÜƏYYƏN ETDİ:

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42 və 58-ci maddələrinin tələbləri baxımından həmin Məcəllənin 46.3-cü maddəsinin ikinci cümləsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən göründüyü kimi, Goranboy Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə I.Tağıyev Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək ona 3000 manat miqdarında cərimə cəzası təyin edilmişdir.

Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün əsas cəza ilə yanaşı, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə əsaslandırmış və təqsirləndirilən şəxsə əsas cəza kimi təyin edilmiş cərimə cəzasını mübahisələndirməmişdir.

Müraciətdə qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 2011 -ci il 14 noyabr tarixli Qərarında cərimə və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzalarının tətbiqi ilə bağlı məsələlər konkret olaraq tənzimlənmiş və bu Qərardan sonra vahid məhkəmə təcrübəsi formalaşmışdır.

Lakin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 46.3-cü maddəsinin ikinci cümləsində “Bu cəza növünün” sözlərindən sonra “cərimə və” sözləri əlavə edilmiş və yeni redaksiyaya əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

Müraciətedənin qənaətinə görə, sözügedən dəyişiklikdən sonra Cinayət Məcəlləsinin 42 və 58-ci maddələri, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında əks olunmuş hüquqi mövqe ilə Cinayət Məcəlləsinin 46.3-cü maddəsinin dispozisiyası arasında ziddiyyətlər yaranmış və bu hal məhkəmə təcrübəsində qanunun tətbiqi ilə bağlı anlaşılmazlıq və qeyri-müəyyənliyə səbəb olmaqla hüquqi müəyyənlik prinsipinin tələblərini pozur.

Vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə müraciətdə aşağıdakı məsələlərə aydınlıq gətirilməsi xahiş edilir:

-   Cinayət Məcəlləsinin 46.3-cü maddəsinin ikinci cümləsinin “Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda” müddəası baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının cərimə cəzasına əlavə cəza kimi təyin edilməsinin mümkünlüyü;

-   Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının cərimə cəzasına əlavə cəza kimi təyin edilməsinin həmin Məcəllənin 42 və 58-ci maddələrinin tələblərinə uyğunluğu;

-   Cinayət Məcəlləsinin 46.3-cü maddəsinin yeni redaksiyasının Konstitusiya Məhkəməsinin Plenumunun 2011-ci il 14 noyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelərini dəyişdirməyi və ya hər hansı formada bu mövqelərə təsiri.

Konstitusiya Məhkəməsinin Palatası müraciətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə görə Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Konstitusiyanı və qanunları şərh edir.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə əsasən isə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərh edilməsi ilə bağlı qəbul edilmiş qərarlarında ifadə olunan hüquqi mövqelərin hüquqtətbiqedən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə və hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

Konstitusiya Məhkəməsi Plenumunun müvafiq məsələlərə dair hüquqi mövqeləri bir qayda olaraq Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapmışdır.

Konstitusiya Məhkəməsi Plenumunun qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir (“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərar).

Lakin burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi aktı qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta dəyişikliklərin və əlavələrin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, vətəndaşların şikayətləri əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya mühakiməsi orqanıdır.

Bundan əlavə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə görə, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənlik və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin şərhi qanunverici tərəfindən normaya verilən məna ilə uzlaşmalı, belə şərh yalnız normada ifadə edilənləri aydınlaşdırmağa və dəqiqləşdirməyə xidmət etməlidir. Şərh qüvvədə olan normalara əlavə və dəyişiklik etmir və edə bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Bu qərarlar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. (“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1 və 63.4-cü maddələri). Bununla belə, Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsini həyata keçirərkən öz hüquqi mövqelərini dəyişdirə bilər. Belə dəyişdirmə məhkəmə səhvi ilə deyil, hüquqi tənzimləmə sisteminin dəyişməsi ilə əlaqədar olur. Belə ki, hüquq normaları Konstitusiya Məhkəməsi tərəfindən müəyyən hüquq sistemində qiymətləndirilir, əvvəllər mövcud olan normaların qüvvədən düşməsi, dəyişməsi və ya yeni normaların yaranması belə dəyişiklikləri zəruri edir. Müraciətdə qaldırılan məsələ ilə bağlı qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin məhz 2011-ci ildə qüvvədə olan 46.3-cü maddəsinin müddəaları baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın cərimə cəzasına əlavə olaraq tətbiq edilməsinin mümkünlüyü ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 14 noyabr tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 42 və 46.3-cü maddələrinin tələbləri baxımından bu cəza növü cərimə cəzasına əlavə cəza kimi təyin edilə bilməz.

Burada xüsusilə vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 46.3-cü maddəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın cərimə cəzasına əlavə olaraq tətbiq edilməsini mümkün edən müddəa Cinayət Məcəlləsinə 2017-ci il 20 oktyabr tarixli Qanunu ilə əlavə edilmişdir.

Qanunverici cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndi). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir (Konstitusiyanın 25-ci maddəsi və 149-cu maddəsinin I və III hissələri).

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə əlavə cəzanın təyin edilib edilməməsi məhkəmənin səlahiyyətindədir.

Cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub- olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Əlavə cəza növünün təyin edilməməsinin motivlərinin hökmdə göstərilməsi cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmamışdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Gəncə Apeilyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələnin Cinayət və Cinayət-Prosessual Məcəllələrində nəzərdə tutulmuş qaydada həll edilməsi mümkün olduğundan, müraciətin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına ehtiyac duyulmur.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 32, 60, 62.1 və 68.1-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası

QƏRARA ALDI:

1.    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Gəncə Apeilyasiya Məhkəməsinin müraciətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilsin.

2.    Qərardadın surəti 7 gün müddətində Gəncə Apeilyasiya Məhkəməsinə göndərilsin.

3.    Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

 

Sədrlik edən                                     Humay Əfəndiyeva