Decisions

17.01.22 “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair QƏRARDAD

AZƏRBAYCAN RESPUBLİKASI

 

KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ

 

Q Ə R A R D A D I

 

 

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair

 

 

17 yanvar 2022-ci il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası hakimlər Humay Əfəndiyeva, Ceyhun Qaracayev, Rafael Qvaladze (sədrlik edən və məruzəçi-hakim) və  İsa Nəcəfovdan ibarət tərkibdə,

F.Əhmədovun katibliyi ilə,

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası  Qanununun 7.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq,                      

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, 10 sentyabr 2018-ci il tarixində “Mazarina Trade Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Pasha Bank” Açıq Səhmdar Cəmiyyətində olan hesabından “Heyran S” Məhdud Məsuliyyətli Cəmiyyətinin “AGBank” Açıq Səhmdar Cəmiyyətində olan hesabına 64 300 manat məbləğində vəsait səhvən köçürülmüşdür. “Mazarina Trade Company” MMC “Heyran S” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əsassız varlanma nəticəsində əldə edilmiş 64 300 manat pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

Qətnamə üzrə icra vərəqəsi Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, “Heyran S” MMC icra vərəqəsini könüllü icra etmədiyindən və hesablaşma hesabı üzərində həbs olduğundan həmin şöbə tərəfindən “AGBank” ASC-yə inkasso sərəncamı göndərilmişdir. Lakin inkasso sərəncamı “AGBank” ASC tərəfindən heç bir səbəb olmadan icra edilməmişdir. Bu səbəbdən həmin şöbənin protokolu əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 iyul 2019-cu il tarixli qərarı ilə bank Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4 000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsi “AGBank” ASC-yə yenidən inkasso sərəncamı göndərmiş və bank 3 sentyabr 2019-cu il tarixində icra sənədini icra etmişdir.

Bundan sonra, iddiaçı “Mazarina Trade Company” MMC ləğv prosesində olan cavabdeh “AGBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya ödənilməli olan məbləği 9 ay ərzində əsassız olaraq özündə saxlaması səbəbindən 3 sentyabr 2019-cu il tarixinə olan bank uçot dərəcəsi üzrə faizlərə görə 5 304,75 manat, cəlb edilmiş kreditin faizinə görə ödənilmiş 7 073 manat, hüquq xidmətləri üçün ödənilmiş 11 520 manat, satışların azalması ilə bağlı əldən çıxmış faydaya görə 10 000 manat olmaqla, cəmi 33 897,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı Kommersiya Məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə deliktin birbaşa “AGBank” ASC-nin təqsiri üzündən baş verməməsi əsası ilə iddia rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

Qərardad onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 may 2020-ci il tarixli qərarı ilə cavabdeh “AGBank” ASC müflis elan olunmuşdur. “Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən isə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür.

Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına əsasən, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 18 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərkən onun iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddialar ilə bağlı hüquqi mövqeyini nəzərdən qaçırmışdır. Halbuki, iddiaçı ilə bank arasında yaranmış mübahisənin əsasını qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməməsi təşkil etmişdir.

İşin hallarından göründüyü kimi, hazırkı mübahisə üzrə məhkəmə aidiyyəti baxımından “Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsinin təfsiri ilə bağlı məhkəmə instansiyaları arasında fikir ayrılığı meydana gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə iflas proseduru çərçivəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirsə də, kassasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmayaraq, iddianın mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olması qənaətinə gəlmişdir.

Müraciətedən bununla bağlı qeyd edir ki, hər iki məhkəmə iş üzrə nəticəyə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 13 iyun 2017-ci il tarixli Qərarına istinad etsələr də, məhkəmə instansiyaları arasında yaranmış fikir ayrılığı həm “Banklar haqqında” Qanunun 72.1.3-cü maddəsinin təfsiri ilə, həm də Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında verilən şərhin təcrübədə tətbiqi ilə bağlıdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarın təcrübədə fərqli tətbiq edilməsini nəzərə alaraq, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan qaldırılması məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsip və prosedurlar üzrə məhkəmələr təmin edirlər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini və onların qanuni üsulla həll edilməsini gözləyir.

Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Məhz buna nail olmaq üçün məhkəmələr bəzi hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada icraatı dayandıraraq insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı tətbiq ediləcək hüquq normasına aydınlıq gətirilməsi məqsədi ilə onların rəsmi şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edirlər. Son nəticədə Konstitusiya Məhkəməsinin həmin müraciət əsasında qəbul etdiyi qərar və orada əksini tapan hüquqi mövqelər məhkəmənin icraatında olan mübahisənin qanuna uyğun və ədalətli həll edilməsinə köməklik edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, eləcə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Qeyd olunmalıdır ki, “Banklar haqqında” Qanunun müraciətdə şərh edilməsi xahiş edilən 72.1.3-cü maddəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2017-ci il 13 iyun tarixli Qərarı ilə aydınlıq gətirilmişdir.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, təcrübədə müflis elan olunmuş banklarla bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar:

1) müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;

2) müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.

“Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ləğvetmə prosesində olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblərin (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürüldüyü təqdirdə onların mahiyyəti baxımından “Banklar haqqında” Qanun ilə tənzimlənən tələblərə aid olub-olmaması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, bu cür tələblərə (ləğvedicinin müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olmaqla və qanunvericiliklə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirmək və müvafiq vəzifələri daşımaq sərhədlərində) Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin müddəaları çərçivəsində yanaşılması düzgün olmazdı.

İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.

Bank fəaliyyəti - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirilməsi üzrə fəaliyyətdir.

Bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti isə bankın fiziki və hüquqi şəxslərin müxtəlif mülki-hüquqi əsaslar (bank fəaliyyəti ilə əlaqədar olmayan) üzrə tələblərinin icrasına yönəlmiş fəaliyyəti nəzərdə tutur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, hazırkı müraciətdə  “Mazarina Trade Company” MMC-nin ləğv prosesində olan cavabdeh “AGBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiası müflis elan olunmuş bankın bank fəaliyyəti ilə deyil, hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı münasibətlərə aiddir.

Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında  qeyd olunmuşdur ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllədə nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Palatası aşağıdakı nəticəyə gəlir:

- Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə alınmaqla inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti həll edilərkən iddiaların müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyətinə və ya hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətə aid olub-olmaması aydınlaşdırılmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilib baxılmasına zərurət yoxdur.       

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1, 33, 37.0.6, 60, 62.1 və 68-ci maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası

 

 

Q Ə R A R A   A L D I:

 

 

1.  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti həll edilərkən iddiaların müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyətinə və ya hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətə aid olub-olmaması aydınlaşdırılmalıdır.

2.   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunmasından imtina edilsin.

3.  Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

4.  Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

 

  

Sədrlik edən                                                                                   Rafael Qvaladze