AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ
Q Ə R A R D A D I
“Banklar haqqında” Azərbaycan
Respublikası Qanununun 72.1.3-cü maddəsinin şərh edilməsi barədə Bakı
Apellyasiya Məhkəməsinin müraciətinə dair
17 yanvar
2022-ci
il
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Palatası hakimlər Humay Əfəndiyeva, Ceyhun Qaracayev, Rafael
Qvaladze (sədrlik edən və məruzəçi-hakim) və İsa Nəcəfovdan ibarət
tərkibdə,
F.Əhmədovun katibliyi ilə,
“Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bakı
Apellyasiya Məhkəməsinin müraciətinə
baxaraq,
M Ü Ə Y Y Ə
N E T D İ:
Bakı Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək “Banklar
haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin inzibati və
mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti
baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd olunmuşdur ki, 10
sentyabr 2018-ci il tarixində “Mazarina Trade Company” Məhdud Məsuliyyətli
Cəmiyyətinin “Pasha Bank” Açıq Səhmdar Cəmiyyətində olan hesabından “Heyran S”
Məhdud Məsuliyyətli Cəmiyyətinin “AGBank” Açıq Səhmdar Cəmiyyətində olan
hesabına 64 300 manat məbləğində vəsait səhvən köçürülmüşdür. “Mazarina Trade
Company” MMC “Heyran S” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əsassız varlanma nəticəsində əldə
edilmiş 64 300 manat pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul
edilməsini xahiş etmişdir.
2 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin
edilmişdir.
Qətnamə üzrə icra vərəqəsi Bakı
şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsinə göndərilmiş, “Heyran S” MMC
icra vərəqəsini könüllü icra etmədiyindən və hesablaşma hesabı üzərində həbs
olduğundan həmin şöbə tərəfindən “AGBank” ASC-yə inkasso sərəncamı göndərilmişdir.
Lakin inkasso sərəncamı “AGBank” ASC tərəfindən heç bir səbəb olmadan icra
edilməmişdir. Bu səbəbdən həmin şöbənin protokolu əsasında Bakı şəhəri
Nərimanov Rayon Məhkəməsinin 1 iyul 2019-cu il tarixli qərarı ilə bank
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.3-cü maddəsi ilə
nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 4 000
manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, qərar
Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bundan sonra Bakı
şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsi “AGBank” ASC-yə yenidən inkasso
sərəncamı göndərmiş və bank 3 sentyabr 2019-cu il tarixində icra sənədini icra
etmişdir.
Bundan sonra, iddiaçı “Mazarina
Trade Company” MMC ləğv prosesində olan cavabdeh “AGBank” ASC-nin ləğvedicisi
Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı Kommersiya
Məhkəməsinə müraciət edərək, iddiaçıya ödənilməli olan məbləği 9 ay ərzində
əsassız olaraq özündə saxlaması səbəbindən 3 sentyabr 2019-cu il tarixinə olan
bank uçot dərəcəsi üzrə faizlərə görə 5 304,75 manat, cəlb edilmiş kreditin
faizinə görə ödənilmiş 7 073 manat, hüquq xidmətləri üçün ödənilmiş 11 520
manat, satışların azalması ilə bağlı əldən çıxmış faydaya görə 10 000 manat olmaqla,
cəmi 33 897,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi
barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Bakı Kommersiya Məhkəməsinin 1
oktyabr 2020-ci il tarixli qətnaməsi ilə deliktin birbaşa “AGBank” ASC-nin
təqsiri üzündən baş verməməsi əsası ilə iddia rədd edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Kommersiya Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının
apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 1
oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam
verilmişdir.
Qərardad onunla əsaslandırılmışdır
ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 may 2020-ci il
tarixli qərarı ilə cavabdeh “AGBank” ASC müflis elan olunmuşdur. “Banklar
haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən isə bankın müflis elan
olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı
prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə
icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə
tutulan iflas proseduru çərçivəsində irəli sürülür.
Konstitusiya Məhkəməsi Plenumunun
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü
maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2,
153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan
Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh
edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarına əsasən, “Banklar haqqında”
Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına
dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə
bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü
maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu
Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə
tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual
Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Kommersiya Kollegiyasının 18 avqust 2021-ci il tarixli qərarı ilə
iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin
Kommersiya Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək,
iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Kassasiya instansiyası məhkəməsinin
qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya
Məhkəməsi Plenumunun Qərarına istinad edərkən onun iflas prosesində olan bankın
hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn iddialar ilə bağlı hüquqi
mövqeyini nəzərdən qaçırmışdır. Halbuki, iddiaçı ilə bank arasında yaranmış
mübahisənin əsasını qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməməsi
təşkil etmişdir.
İşin hallarından göründüyü kimi,
hazırkı mübahisə üzrə məhkəmə aidiyyəti baxımından “Banklar haqqında” Qanunun
72.1.3-cü maddəsinin təfsiri ilə bağlı məhkəmə instansiyaları arasında fikir
ayrılığı meydana gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə
iflas proseduru çərçivəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı
olduğunu bildirsə də, kassasiya instansiyası məhkəməsi bu mövqe ilə
razılaşmayaraq, iddianın mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olması
qənaətinə gəlmişdir.
Müraciətedən bununla bağlı qeyd edir
ki, hər iki məhkəmə iş üzrə nəticəyə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun
yuxarıda qeyd olunan 13 iyun 2017-ci il tarixli Qərarına istinad etsələr də,
məhkəmə instansiyaları arasında yaranmış fikir ayrılığı həm “Banklar haqqında”
Qanunun 72.1.3-cü maddəsinin təfsiri ilə, həm də Konstitusiya Məhkəməsi
Plenumunun həmin Qərarında verilən şərhin
təcrübədə tətbiqi ilə bağlıdır.
Bununla əlaqədar Konstitusiya
Məhkəməsinin Plenumu göstərilən Qərarın təcrübədə fərqli tətbiq edilməsini
nəzərə alaraq, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn
mübahisələrin məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığının aradan
qaldırılması məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
İnsan hüquq və azadlıqlarının
konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu
qanunvericiliklə müəyyən edilmiş prinsip və prosedurlar üzrə məhkəmələr təmin
edirlər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi
aydınlıq gətirilməsini və onların qanuni üsulla həll edilməsini gözləyir.
Məhkəmənin qəbul etdiyi qərar iş
üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və
nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini
daşıyır. Məhz buna nail olmaq üçün məhkəmələr bəzi hallarda qanunvericiliklə
müəyyən edilmiş qaydada icraatı dayandıraraq insan hüquq və azadlıqlarının
həyata keçirilməsi məsələləri ilə bağlı tətbiq ediləcək hüquq normasına
aydınlıq gətirilməsi məqsədi ilə onların rəsmi şərh edilməsi üçün Konstitusiya
Məhkəməsinə müraciət edirlər. Son nəticədə Konstitusiya Məhkəməsinin həmin
müraciət əsasında qəbul etdiyi qərar və orada əksini tapan hüquqi mövqelər
məhkəmənin icraatında olan mübahisənin qanuna uyğun və ədalətli həll edilməsinə
köməklik edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinə
görə, Konstitusiya Məhkəməsinin Qərarı Azərbaycan Respublikası ərazisində
məcburi qüvvəyə malikdir, qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır,
eləcə də Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Qeyd olunmalıdır ki, “Banklar
haqqında” Qanunun müraciətdə şərh edilməsi xahiş edilən 72.1.3-cü
maddəsinə Konstitusiya Məhkəməsi Plenumunun
yuxarıda qeyd olunan 2017-ci il 13 iyun tarixli Qərarı ilə aydınlıq
gətirilmişdir.
Həmin Qərarda Konstitusiya
Məhkəməsinin Plenumu göstərmişdir ki, təcrübədə müflis elan olunmuş banklarla
bağlı məhkəmə işləri müxtəlif xarakterli olmaqla, iddianın predmeti, hüquqi
əsasları, mülki dövriyyədə yaranmış müxtəlif münasibətlərdən irəli gəlməsi və
mübahisənin hüquqi təbiətinə görə fərqlənirlər. Bunu nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə
müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas
qrupa bölmək olar:
1) müflis elan olunmuş bankın
bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2) müflis elan olunmuş bankın hüquqi
şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.
“Banklar haqqında” Qanunun 76-82 və
87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə
alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin
məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin
xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə
bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin
261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş
hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə
müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair
məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual
Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina
olunmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun
Qərarında ləğvetmə prosesində olan banklara qarşı qiymətləndirilən iddialar ilə
yanaşı, digər tələblərin (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya
qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürüldüyü təqdirdə
onların mahiyyəti baxımından “Banklar haqqında” Qanun ilə tənzimlənən tələblərə
aid olub-olmaması ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, bu cür tələblərə
(ləğvedicinin müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək
səlahiyyətinə malik olmaqla və qanunvericiliklə hüquqi şəxsin səlahiyyətli
orqanının malik olduğu hüquqları həyata keçirmək və müvafiq vəzifələri daşımaq
sərhədlərində) Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin müddəaları
çərçivəsində yanaşılması düzgün olmazdı.
İflas prosesində olan bankın hüquqi
şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli
sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi
Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından,
həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu
kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan
olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri,
həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil.
Bank fəaliyyəti - fiziki və hüquqi
şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz
adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə
köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirilməsi üzrə
fəaliyyətdir.
Bankın hüquqi şəxs kimi hüquq
qabiliyyətindən irəli gələn fəaliyyəti isə bankın fiziki və hüquqi şəxslərin
müxtəlif mülki-hüquqi əsaslar (bank fəaliyyəti ilə əlaqədar olmayan) üzrə
tələblərinin icrasına yönəlmiş fəaliyyəti nəzərdə tutur.
Yuxarıda göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, hazırkı müraciətdə
“Mazarina Trade Company” MMC-nin ləğv prosesində olan cavabdeh “AGBank”
ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiası müflis
elan olunmuş bankın bank fəaliyyəti ilə deyil, hüquqi şəxs kimi hüquq
qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı münasibətlərə aiddir.
Mülki Prosessual Məcəllənin 420-ci
maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh
edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh
edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd olunmuşdur
ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya
instansiyası məhkəməsinin göstərişləri bu Məcəllədə nəzərdə tutulmuş qanuni
hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə
uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi
üçün məcburidir.
Qeyd olunanları nəzərə alaraq
Konstitusiya Məhkəməsinin Palatası aşağıdakı nəticəyə gəlir:
- Konstitusiya Məhkəməsi Plenumunun
2017-ci il 13 iyun tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelər nəzərə
alınmaqla inzibati və mülki hüquq münasibətlərindən
irəli gələn mübahisələrin məhkəmə aidiyyəti həll edilərkən iddiaların müflis
elan olunmuş bankın bilavasitə bank fəaliyyətinə və ya hüquqi şəxs kimi hüquq
qabiliyyətindən irəli gələn fəaliyyətə aid olub-olmaması aydınlaşdırılmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya
Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına
qəbul edilib baxılmasına zərurət
yoxdur.
“Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 7.1, 33, 37.0.6, 60, 62.1 və 68-ci
maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Palatası
Q Ə R A R
A A L D I:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq,
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinin
inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə
aidiyyəti həll edilərkən iddiaların müflis elan olunmuş bankın bilavasitə bank
fəaliyyətinə və ya hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn
fəaliyyətə aid olub-olmaması aydınlaşdırılmalıdır.
2. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Palatasının bu Qərardadının
təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya
Məhkəməsinin müraciətinin Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul
olunmasından imtina edilsin.
3. Qərardadın surəti
7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
Sədrlik edən
Rafael
Qvaladze