Decisions

31.10.22 Azərbaycan Respublikası CM-nin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci mad. I hissəsi baxımından və Azərbaycan Respublikası CPM-nin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının  25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

31 oktyabr 2022-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177 və 178-ci maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin  24 yanvar 2022-ci il tarixli hökmü ilə E.Babayev Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2 və 180.2.4-cü maddələri ilə məhkum edilmişdir. Belə ki, o, 2 mart 2019-cu il tarixində S.Həsənovanı pulunu bankomatdan çıxarmaqda kömək edəcəyi adı ilə aldatmış, sonuncunun plastik kartını bankomata saldıqdan sonra kartın şifrəsinin düzgün olmadığını bildirməklə kartda olan 512 manat pulu çıxardaraq ələ keçirmişdir.

11 mart 2019-cu il tarixində E.Babayev Z.Hüseynova bankomatdan pul çıxararkən onu pulun çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldatmış, bankomatın işləmədiyini bildirib, Z.Hüseynovaya məxsus kartda olan 543 manat pulu bankomatdan çıxardaraq ələ keçirmişdir.

Bundan sonra 5 iyul 2019-cu il tarixində S.Məmmədova özünə məxsus plastik kartdan pul çıxardarkən E.Babayev sonuncunun qarşısına keçib bankomatda pul olmadığını bildirərək qolundan tutub itələməklə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmiş, pul bankomatdan çıxdıqdan sonra isə həmin məbləği S.Məmmədovanın gözü qarşısında götürərək qaçmaqla soyğunçuluq etmişdir.

E.Babayev Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən hazırkı vəziyyətdə şəxsin əməlinin Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi yaxud həmin Məcəllənin 178-ci maddəsi ilə tövsif edilməsinə dair təcrübədə müxtəlif yanaşmalar olduğu müəyyən edilmişdir.

Müraciətedənin qənaətinə görə, hazırda mövcud olan istintaq və məhkəmə təcrübəsinə əsasən istinad edilən cinayət işinin birinci və ikinci epizodlarında əks edilmiş cinayət əməlləri bəzi hallarda oğurluq kimi, bəzi hallarda isə dələduzluq kimi tövsif edilir ki, bu da Konstitusiyanın 25-ci maddəsinin I hissəsinin pozulması ilə nəticələnir.

Həmçinin müraciətdə göstərilmişdir ki, hər iki maddənin sanksiyasındakı cəzaların (azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə) növləri və hədlərinin eyni olmasına baxmayaraq, dələduzluq cinayət əməlinin sanksiyasında əlavə olaraq cərimə cəzasının nəzərdə tutulması Cinayət Məcəlləsinin tələbləri baxımından dələduzluq cinayətinin oğurluqdan daha yüngül cinayət hesab edildiyini göstərir. 

Müraciətedən hesab edir ki, qanunverici Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsində apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən, həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə tövsif edilməsi, yəni daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsinə dair məhdudlaşdırıcı norma müəyyən etmişdir.

Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsi hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə, bərabərlik hüququ baxımından Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin, eləcə də Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi oğurluq və dələduzluq cinayətlərinin tərkibinin, tövsifedici əlamətlərinin, o cümlədən cinayət-prosessual qanunvericiliyinin məhkəmə baxışının hədləri ilə bağlı normalarının nəzərdən keçirilməsini vacib hesab edir.

Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı).

Bu mənada cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il 23 aprel tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, talama cinayətlərinin növləri kimi oğurluq və dələduzluq əməllərinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əməllərə cinayət-hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

Qeyd edilməlidir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət məhz həmin əməlin gizli üsulla törədilməsidir.

Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 9 iyun tarixli Qərarı).

Cinayət Məcəlləsi ilə oğurluq əməlinin müəyyən edilmiş tövsifedici əlamətlərindən biri də həmin əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsidir (Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi).

Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir:

           - oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi;

           - oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi.

Konstitusiya Məhkəməsi Plenumunun bununla əlaqədar əvvəlki Qərarlarında da qeyd etdiyi kimi, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir.

Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsini nəzərdə tutur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 iyun tarixli Qərar).

Həmin  Məcəllənin 178-ci maddəsi isə dələduzluq cinayətini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən etmişdir. Dələduzluq cinayətinin də obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir.

Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə  təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.

Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur.

Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur.

Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”nın 2.1.1-ci bəndinə əsasən, ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir.

Beləliklə, ödəniş kartı yalnız ödəniş aləti kimi çıxış etdiyindən, ödəniş kartlarından istifadə edilməklə törədilən oğurluq və dələduzluq cinayətlərində talamanın predmeti ödəniş kartı deyil, ödəniş kartı vasitəsilə bank hesabından məxaric edilən pul vəsaitidir.

Oğurluq cinayəti törədilərkən zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakın (məsələn, hesabdakı pul vəsaitinin) onun mülkiyyətindən yaxud sahibliyindən çıxdığını bilmir və ya təqsirkar həmin əmlakı zərərçəkmişdən xəbərsiz, gizli şəkildə ələ keçirdiyini güman edir. Dələduzluq cinayətində isə zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakı və ya əmlak hüququnu təqsirkarın sahibliyinə və ya sərəncamına verdiyini dərk edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, başqasına məxsus ödəniş kartlarından istifadə edilməklə vəsaitin ələ keçirilməsinin oğurluq və ya dələduzluq kimi tövsif edilməli olmasını müəyyənləşdirmək üçün aldatmaya yönəlmiş hərəkətlərin hansı məqsədlə həyata keçirilməsinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Belə ki, əvvəldə də qeyd olunduğu kimi, dələduzluq cinayəti törədilən zaman təqsirkarın aldatmada ifadə olunan hərəkətləri bilavasitə zərərçəkmiş şəxsi yanıltmağa yönəlir ki, nəticədə sonuncu öz əmlakını könüllü olaraq təqsirkar şəxsə təqdim edir.

Oğurluq cinayətlərində isə aldatma bilavasitə başqasının əmlakını ələ keçirmək deyil, yalnız cinayətin törədilməsinə şərait yaratmaq, əməlin törədilməsini asanlaşdırmaq məqsədi güdür, əmlak isə sahibin iradəsinə zidd olaraq gizlin şəkildə ələ keçirilir.

Başqasına məxsus kartdan istifadə etməklə vəsaitin ələ keçirilməsi halında təqsirkarın zərərçəkmişi bankomatdan pul çəkməyə yardım etməsi adı ilə aldatması ödəniş kartını ələ keçirmək, oğurluğa şərait yaratmaq məqsədi güdür. Pulu məxaric etmək üçün zəruri olan şifrənin yanlış olduğunu və ya bankomatın çalışmadığını bildirməklə zərərçəkmişin aldadılması isə özgəsinə məxsus pulu ələ keçirmənin gizliliyini təmin etmək məqsədi daşıyır.

Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan üsullardan istifadə etməklə törədilən cinayətlərdə təqsirkar ödəniş kartını heç də həmişə aldatma yolu ilə zərərçəkmişdən almır, bəzən həmin ödəniş kartı zərərçəkmişin öz xahişi ilə, yardım etməsi üçün təqsirkara verilir. Təqsirkar isə əldə etdiyi bu imkandan istifadə etməklə pul vəsaitini zərərçəkmiş şəxsdən xəbərsiz, gizli şəkildə ələ keçirir.

Qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, şəxsin ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitini ələ keçirməyə şərait yaratmaq üçün həyata keçirildiyi hallarda, əməl dələduzluq deyil, oğurluq kimi tövsif edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan digər məsələ ilə bağlı aşağıdakıları qeyd edir.

Cinayət-Prosessual Məcəlləsinin 318.1 və 318.2-ci maddələrinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı tәqsirlәndirilәn şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.

Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün xüsusi prosedur qaydası nəzərdə tutaraq,  məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti olduğu təqdirdə, daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərarı).

Qanunvericinin bu mövqeyi məhkəmənin ittiham funksiyasını yerinə yetirməməsi, çəkişmə prinsipinə uyğun olaraq proses boyu məhz ittiham və müdafiə tərəfləri arasında obyektiv və qərəzsiz arbitr rolunda çıxış etməli olması ilə bağlıdır. Cinayət məsuliyyətinə cəlb etmənin qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədinə də xidmət edir.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da əks olunmuş hüquqi mövqeyə görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası  Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərar).

Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin I hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətlərinin mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, qanunverici tərəfindən apellyasiya icraatı zamanı təqsirləndirilən şəxsə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə protestlə çıxış etmək səlahiyyətinin yalnız Azərbaycan Respublikasının Baş Prokuroru və ya Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroruna verilməsi  müvafiq dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla əlaqədar mövqeyin yalnız yuxarı prokuror tərəfindən dəyişdirilə bilməsi ilə bağlıdır.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-  təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir;

- Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz.

Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu təqdirdə, işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

1.  Təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu təqdirdə, işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər.

           3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

           4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

           5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                   Fərhad Abdullayev











 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının  25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi üzrə 31 oktyabr 2022-ci il tarixli Qərara dair hakim İsa Nəcəfovun

 

Xüsusi rəyi

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi üzrə 31 oktyabr 2022-ci il tarixli Qərarına hörmətlə yanaşaraq, bildirirəm ki, Qərarın nəticəvi hissəsi ilə qismən razı deyiləm.

         Ona görə də, qərar üzrə xüsusi rəyimi bildirməyi zəruri hesab edirəm.

Təqsirləndirilən şəxs bankomatdan pulunu götürmək istəyən zərərçəkmişin bankomat əməliyyatlarını bilmədiyini gördükdə, ona özünü xeyirxah şəxs kimi qələmə verərək, öz yardımını ona təklif etmişdir. Niyyəti isə zərərçəkmişin hesabında olan pulu götürmək olmuşdur. Zərərçəkmiş təqsirkarın yardımının xeyirxaqlığına səmimiyyət ilə yanaşaraq kredit kartını ona vermiş, sonra isə kodunu bildirmişdir.

Təqsirkar öz hərərkətlərində zahirən xeyirxah olsa da, niyyət və məqsədində məkirli olmuşdur. Aldatmaq yolu ilə zərərçəkmişin puluna sahib olmaq istəmişdir.

Oğurluq cinayətlərində cinayətkarın hər bir hərəkəti, cinayətin törədilməsinin başlanğıc anından sonadək gizli şəkildə olur. (Cinayət Məcəlləsinin 177.1-ci maddəsi).

Yəni oğurluq cinayətinin obyektiv tərəfi dələduzluq cinayətinin obyektin tərəfindən bu xüsusiyyətinə görə fərqlənir.

Məhz buna görə də. cinayətkar tərəfindən cinayətin predmetinin – pulun – vicdanlıcasına yanılan zərərçəkmişə “– bankomatda pul yoxdur” deyib, aldadaraq onun gözündən yayındırılmış şəkildə götürülməsi oğurluq kimi qiymətləndirilə bilməz.

Deməli, müraciətdə qeyd edilən hallarda, cinayətkarın əməli də dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi) kimi tövsüf edilməlidir.

 

Hakim:                                                                                           İsa Nəcəfov