AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə
R A R I
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci
maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə
dair
31 oktyabr 2022-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının
25-ci maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun, Azərbaycan Respublikası
Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik
şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan
Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri
idarəsinin rəisi A.Osmanovanın mülahizələrini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Gəncə Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin I hissəsi
baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət
Məcəlləsi) 177 və 178-ci maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 318 və 391.8-1-ci
maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdən görünür ki, Gəncə
şəhər Nizami Rayon Məhkəməsinin 24
yanvar 2022-ci il tarixli hökmü ilə E.Babayev Cinayət Məcəlləsinin 178.2.2,
180.2.2 və 180.2.4-cü maddələri ilə məhkum edilmişdir. Belə ki, o, 2 mart 2019-cu
il tarixində S.Həsənovanı pulunu bankomatdan çıxarmaqda kömək edəcəyi adı ilə
aldatmış, sonuncunun plastik kartını bankomata saldıqdan sonra kartın şifrəsinin
düzgün olmadığını bildirməklə kartda olan 512 manat pulu çıxardaraq ələ
keçirmişdir.
11 mart 2019-cu il
tarixində E.Babayev Z.Hüseynova bankomatdan pul çıxararkən onu pulun
çıxarılmasında köməklik göstərəcəyi adı ilə aldatmış, bankomatın işləmədiyini
bildirib, Z.Hüseynovaya məxsus kartda olan 543 manat pulu bankomatdan çıxardaraq
ələ keçirmişdir.
Bundan sonra 5 iyul 2019-cu
il tarixində S.Məmmədova özünə məxsus plastik kartdan pul çıxardarkən E.Babayev
sonuncunun qarşısına keçib bankomatda pul olmadığını bildirərək qolundan tutub
itələməklə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmiş, pul bankomatdan
çıxdıqdan sonra isə həmin məbləği S.Məmmədovanın gözü qarşısında götürərək
qaçmaqla soyğunçuluq etmişdir.
E.Babayev Gəncə şəhər Nizami
Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək cəzasının
yüngülləşdirilməsini xahiş etmişdir.
Gəncə Apellyasiya Məhkəməsi
tərəfindən işə baxılarkən hazırkı vəziyyətdə şəxsin əməlinin Cinayət Məcəlləsinin
177.2.3-1-ci maddəsi yaxud həmin Məcəllənin 178-ci maddəsi ilə tövsif edilməsinə
dair təcrübədə müxtəlif yanaşmalar olduğu müəyyən edilmişdir.
Müraciətedənin qənaətinə
görə, hazırda mövcud olan istintaq və məhkəmə təcrübəsinə əsasən istinad edilən
cinayət işinin birinci və ikinci epizodlarında əks edilmiş cinayət əməlləri
bəzi hallarda oğurluq kimi, bəzi hallarda isə dələduzluq kimi tövsif edilir ki,
bu da Konstitusiyanın 25-ci maddəsinin I hissəsinin pozulması ilə nəticələnir.
Həmçinin müraciətdə
göstərilmişdir ki, hər iki maddənin sanksiyasındakı cəzaların (azadlığın
məhdudlaşdırılması və azadlıqdan məhrum etmə) növləri və hədlərinin eyni
olmasına baxmayaraq, dələduzluq cinayət əməlinin sanksiyasında əlavə olaraq cərimə
cəzasının nəzərdə tutulması Cinayət Məcəlləsinin tələbləri baxımından
dələduzluq cinayətinin oğurluqdan daha yüngül cinayət hesab edildiyini
göstərir.
Müraciətedən hesab edir ki,
qanunverici Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsində apellyasiya
instansiyası məhkəməsində təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin
178.2.2-ci maddəsindən, həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrinə
tövsif edilməsi, yəni daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi ilə
bağlı müvafiq prosessual hərəkətlərin edilməsinə dair məhdudlaşdırıcı norma
müəyyən etmişdir.
Göstərilənlərə əsasən Gəncə
Apellyasiya Məhkəməsi hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin və bununla da
hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə, bərabərlik hüququ
baxımından Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin, eləcə də
Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin şərh edilməsinin
zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar mülkiyyət əleyhinə
olan cinayətlərin bir növü kimi oğurluq və dələduzluq cinayətlərinin tərkibinin,
tövsifedici əlamətlərinin, o cümlədən cinayət-prosessual qanunvericiliyinin məhkəmə
baxışının hədləri ilə bağlı normalarının nəzərdən keçirilməsini vacib hesab
edir.
Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən
edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin
cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri
olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən
şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin
məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən
kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı
qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və
humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh
edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı).
Bu mənada cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin
böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir
ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə
bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol
oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən
cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə
edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ
əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və
oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair”
2018-ci il 23 aprel tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, talama cinayətlərinin
növləri kimi oğurluq və dələduzluq əməllərinin tərkib əlamətlərinin müəyyən
edilməsi həmin əməllərə cinayət-hüquqi qiymətin verilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş
cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin)
törədilməsi cinayət məsuliyyəti yaradır.
Qeyd edilməlidir ki, qanunverici oğurluğu özgənin əmlakını gizli
olaraq talama kimi müəyyən etmişdir. Belə ki, talama özgənin əmlakını
tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və
başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə
keçirmədə ifadə olunur. Götürmənin gizliliyi dedikdə, cinayətin zərərçəkmişdən
və digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq zamanı təqsirkar
şəxs zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına
keçirir. Beləliklə, oğurluğu talamanın başqa formalarından fərqləndirən əlamət
məhz həmin əməlin gizli üsulla törədilməsidir.
Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış
edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə
olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə
törədilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci
il 9 iyun tarixli Qərarı).
Cinayət Məcəlləsi ilə oğurluq əməlinin müəyyən edilmiş tövsifedici əlamətlərindən
biri də həmin əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya
texnologiyalarından istifadə edilməklə törədilməsidir (Cinayət Məcəlləsinin
177.2.3-1-ci maddəsi).
Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir:
- oğurluğun elektron məlumat
daşıyıcılarından istifadə edilməklə törədilməsi;
- oğurluğun informasiya
texnologiyalarından istifadə edilməklə törədilməsi.
Konstitusiya Məhkəməsi Plenumunun bununla əlaqədar əvvəlki Qərarlarında
da qeyd etdiyi kimi, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi
və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə
məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin
aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə
oğurluqdan fərqlənir.
Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif
qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin
kodundan) istifadə etməklə törədilməsini nəzərdə tutur (“Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”
2015-ci il 22 iyun tarixli Qərar).
Həmin Məcəllənin 178-ci maddəsi
isə dələduzluq
cinayətini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ
keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi müəyyən etmişdir. Dələduzluq
cinayətinin də obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv
cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir.
Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən
biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən
fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir
və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin
təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq
etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin
sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə
edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs
etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə
çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi
güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların
verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ
keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin
predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı
üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur.
Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ
keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik
edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı
münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin
əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə
üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı
hallarda yaranmış olur.
Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən
talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 10
iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və
istifadəsi Qaydaları”nın 2.1.1-ci bəndinə əsasən, ödəniş kartı nağdsız ödənişlərin
aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir.
Beləliklə, ödəniş kartı yalnız ödəniş aləti kimi çıxış
etdiyindən, ödəniş
kartlarından istifadə edilməklə törədilən oğurluq və dələduzluq cinayətlərində
talamanın predmeti ödəniş kartı deyil, ödəniş kartı vasitəsilə bank hesabından
məxaric edilən pul vəsaitidir.
Oğurluq cinayəti törədilərkən zərərçəkmiş bilavasitə talamanın
predmeti olan əmlakın (məsələn, hesabdakı pul vəsaitinin) onun mülkiyyətindən yaxud
sahibliyindən çıxdığını bilmir və ya təqsirkar həmin əmlakı zərərçəkmişdən xəbərsiz,
gizli şəkildə ələ keçirdiyini güman edir. Dələduzluq cinayətində isə zərərçəkmiş
bilavasitə talamanın predmeti olan əmlakı və ya əmlak hüququnu təqsirkarın
sahibliyinə və ya sərəncamına verdiyini dərk edir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, başqasına
məxsus ödəniş kartlarından istifadə edilməklə vəsaitin ələ keçirilməsinin oğurluq
və ya dələduzluq kimi tövsif edilməli olmasını müəyyənləşdirmək üçün aldatmaya
yönəlmiş hərəkətlərin hansı məqsədlə həyata keçirilməsinin aydınlaşdırılması mühüm
əhəmiyyət kəsb edir.
Belə ki, əvvəldə də qeyd olunduğu kimi, dələduzluq cinayəti törədilən
zaman təqsirkarın aldatmada ifadə olunan hərəkətləri bilavasitə zərərçəkmiş şəxsi
yanıltmağa yönəlir ki, nəticədə sonuncu öz əmlakını könüllü olaraq təqsirkar şəxsə
təqdim edir.
Oğurluq cinayətlərində isə aldatma bilavasitə başqasının əmlakını ələ
keçirmək deyil, yalnız cinayətin törədilməsinə şərait yaratmaq, əməlin törədilməsini
asanlaşdırmaq məqsədi güdür, əmlak isə sahibin iradəsinə zidd olaraq gizlin şəkildə
ələ keçirilir.
Başqasına məxsus kartdan istifadə etməklə vəsaitin ələ keçirilməsi
halında təqsirkarın zərərçəkmişi bankomatdan pul çəkməyə yardım etməsi adı ilə
aldatması ödəniş kartını ələ keçirmək, oğurluğa şərait yaratmaq məqsədi güdür. Pulu
məxaric etmək üçün zəruri olan şifrənin yanlış olduğunu və ya bankomatın
çalışmadığını bildirməklə zərərçəkmişin aldadılması isə özgəsinə məxsus pulu ələ
keçirmənin gizliliyini təmin etmək məqsədi daşıyır.
Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan üsullardan istifadə etməklə
törədilən cinayətlərdə təqsirkar ödəniş kartını heç də həmişə aldatma yolu ilə
zərərçəkmişdən almır, bəzən həmin ödəniş kartı zərərçəkmişin öz xahişi ilə,
yardım etməsi üçün təqsirkara verilir. Təqsirkar isə əldə etdiyi bu imkandan
istifadə etməklə pul vəsaitini zərərçəkmiş şəxsdən xəbərsiz, gizli şəkildə ələ
keçirir.
Qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, şəxsin ödəniş
kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə
talamaq niyyəti ilə pul vəsaitini ələ keçirməyə şərait yaratmaq üçün həyata
keçirildiyi hallarda, əməl dələduzluq deyil, oğurluq kimi tövsif edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan digər məsələ ilə
bağlı aşağıdakıları qeyd edir.
Cinayət-Prosessual Məcəlləsinin 318.1 və
318.2-ci maddələrinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək
sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə
yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən
ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən
şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə
ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna
malikdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha
ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət
ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət
işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına
xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə
baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı
zamanı tәqsirlәndirilәn şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin
mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında
məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.
Göründüyü kimi, cinayət-prosessual
qanunvericiliyi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində
daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün xüsusi prosedur
qaydası nəzərdə tutaraq, məhkəmənin öz təşəbbüsü
ilə deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun
qanuni nümayəndəsinin) vəsatəti olduğu təqdirdə, daha ağır ittihamın irəli
sürülməsi məsələsinə baxılması məqsədilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurora qaytarılmasını təsbit etmişdir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 7
iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərarı).
Qanunvericinin bu mövqeyi məhkəmənin
ittiham funksiyasını yerinə yetirməməsi, çəkişmə prinsipinə uyğun olaraq proses
boyu məhz ittiham və müdafiə tərəfləri arasında obyektiv və qərəzsiz arbitr
rolunda çıxış etməli olması ilə bağlıdır. Cinayət məsuliyyətinə cəlb etmənin
qanuni qaydasının və təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədinə
də xidmət edir.
Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki
qərarlarında da əks olunmuş hüquqi mövqeyə görə, cinayət işinin həlli üzrə məhkəmənin
və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər
biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın
irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli
şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən
həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin
hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin
icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz
üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud
onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır
(“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1,
314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı
cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 2008-ci il
15 fevral tarixli Qərar).
Cinayət-prosessual qanunvericiliyində
müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin I
hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətlərinin
mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının
Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq
olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri
başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə
iddia qaldırır, məhkəmə qərarlarından protest verir.
Cinayət-Prosessual Məcəlləsinin
391.8-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci
instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla
müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan
Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin
Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda
apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və
cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya
məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.
Konstitusiya Məhkəməsinin Plenumu bununla
bağlı qeyd edir ki, qanunverici tərəfindən apellyasiya
icraatı zamanı təqsirləndirilən şəxsə daha ağır cinayət üzrə ittihamın irəli
sürülməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə
protestlə çıxış etmək səlahiyyətinin yalnız Azərbaycan Respublikasının Baş
Prokuroru və ya Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan
Muxtar Respublikasının prokuroruna verilməsi
müvafiq dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla əlaqədar
mövqeyin yalnız yuxarı prokuror tərəfindən dəyişdirilə bilməsi ilə bağlıdır.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə
gəlir:
-
təqsirkarın ödəniş kartını əldə etməyə
yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə
pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Cinayət
Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə
uyğun olaraq oğurluq kimi tövsif edilməlidir;
- Cinayət-Prosessual
Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən
şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən
edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul
edə bilməz.
Cinayət-Prosessual Məcəlləsinin
391.8-1-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki
ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair
müvafiq protest olduğu təqdirdə, işin birinci instansiya məhkəməsinə
qaytarılması haqqında qərar qəbul edə bilər.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Təqsirkarın
ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə
talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi
hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq
deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif
edilməlidir.
2. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə
baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin
mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın
ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz.
Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.8-1-ci maddəsinin tələbinə əsasən,
apellyasiya instansiyası məhkəməsi əvvəlki ittihamla müqayisədə daha ağır cinayət
üzrə ittihamın irəli sürülməsinə dair müvafiq protest olduğu təqdirdə, işin
birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edə bilər.
3.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci
maddəsinin I hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət - Prosessual
Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi üzrə 31 oktyabr 2022-ci il tarixli Qərara
dair hakim İsa Nəcəfovun
Xüsusi rəyi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və
178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin
I hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi üzrə 31 oktyabr 2022-ci il tarixli Qərarına hörmətlə
yanaşaraq, bildirirəm ki, Qərarın nəticəvi hissəsi ilə qismən razı deyiləm.
Ona görə də, qərar üzrə xüsusi rəyimi
bildirməyi zəruri hesab edirəm.
Təqsirləndirilən şəxs bankomatdan pulunu götürmək
istəyən zərərçəkmişin bankomat əməliyyatlarını bilmədiyini gördükdə, ona özünü
xeyirxah şəxs kimi qələmə verərək, öz yardımını ona təklif etmişdir. Niyyəti isə
zərərçəkmişin hesabında olan pulu götürmək olmuşdur. Zərərçəkmiş təqsirkarın
yardımının xeyirxaqlığına səmimiyyət ilə yanaşaraq kredit kartını ona vermiş,
sonra isə kodunu bildirmişdir.
Təqsirkar öz hərərkətlərində zahirən xeyirxah
olsa da, niyyət və məqsədində məkirli olmuşdur. Aldatmaq yolu ilə zərərçəkmişin
puluna sahib olmaq istəmişdir.
Oğurluq cinayətlərində cinayətkarın hər bir hərəkəti,
cinayətin törədilməsinin başlanğıc anından sonadək gizli şəkildə olur. (Cinayət
Məcəlləsinin 177.1-ci maddəsi).
Yəni oğurluq cinayətinin obyektiv tərəfi dələduzluq
cinayətinin obyektin tərəfindən bu xüsusiyyətinə görə fərqlənir.
Məhz buna görə də. cinayətkar tərəfindən cinayətin
predmetinin – pulun – vicdanlıcasına yanılan zərərçəkmişə “– bankomatda pul
yoxdur” deyib, aldadaraq onun gözündən yayındırılmış şəkildə götürülməsi
oğurluq kimi qiymətləndirilə bilməz.
Deməli, müraciətdə qeyd edilən hallarda, cinayətkarın
əməli də dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi) kimi tövsüf edilməlidir.
Hakim: İsa Nəcəfov