Decisions

11.10.22 “Lider Monolit” MMC-in şikayəti üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının

9 sentyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

11 oktyabr 2022-ci il                                                                          Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan  Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Vüqar-A” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Vüqar-A” MMC) “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “Lider Monolit” MMC) qarşı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 273 988 manat əsas borc, 37 585,4 manat dəymiş zərər, 13 699 manat əldən çıxmış faydanın “Lider Monolit” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Sonradan iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə verərək görülmüş işlərə görə 252 500 manat əsas borc, 30 510 manat faiz məbləği, 91 531 manat əldən çıxmış fayda, hüquqi xidmətlərə görə ödəniləcək 37 454 manat vəsait və 30 manat dövlət rüsumunun “Lider Monolit” MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir.

Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Lider Monolit” MMC ilə “Vüqar-A” MMC arasında Şəmkir rayonunun Şəhidlər Xiyabanı, Zabitlər Parkı və digər ictimai yerlərində təmir-bərpa işlərinin təşkili ilə əlaqədar müxtəlif tarixlərdə subpodrat müqavilələri imzalanmışdır. “Vüqar-A” MMC-nin mövqeyinə əsasən, müqavilə üzrə razılaşdırılmış işlər onun tərəfindən yerinə yetirilmiş, lakin sifarişçi görülən işlərin dəyərini tam ödəməkdən yayınmışdır.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin iddia tələbi təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) “Vüqar-A” MMC-nin kassasiya şikayətinə əlavə olunmuş yeni sübutu əsas götürərək (Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubu) işə mahiyyəti üzrə baxmış və nəticədə 10 iyul 2018-ci il tarixli qərar qəbul edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, “Lider Monolit” MMC-dən 252 500 manat əsas borc, 30 510 manat faiz məbləği və hüquqi xidmətlərə görə 1 000 manat məbləğin tutularaq “Vüqar-A” MMC-yə ödənilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi qeyd olunan məktubu əsas götürərək belə nəticəyə gəlmişdir ki, subpodrat müqaviləsi üzrə iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ilə “Lider Monolit” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli qərarı ilə “Lider Monolit” MMC-nin konstitusiya şikayəti əsasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə  yenidən baxılması qərara alınmışdır.

Bundan sonra Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq “Vüqar-A” MMC-nin xeyrinə 196 108,2 manat əsas borc, 23 696,3 manat illik 5 % ilə faiz məbləği olmaqla, cəmi 219 834,5 manat pul tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarı ilə “Lider Monolit” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçi Konstitusiya Məhkəməsinə yenidən müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərinə zidd olaraq Konstitusiya Məhkəməsi Plenumunun Qərarının məcburi qüvvəsinin nəzərə alınmaması nəticəsində Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 sentyabr  2021-ci il tarixli qərarı ilə onun Konstitusiyanın  60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ və 127-ci maddəsinin II və VII hissələrində təsbit edilmiş ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.1-ci maddəsində də öz əksini tapmışdır.

Həmin Qanunun 63.4 və 66.2-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli Qərarında kassasiya instansiyasında işə baxmanın hədləri ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki Qərarlardakı hüquqi mövqelərə istinad edilərək bir daha vurğulanmışdır ki, mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 416-cı maddəsi).

Yəni kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır. İşə yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması hədlərində baxılmalıdır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərar).

Burada xüsusilə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi konstitusiya şərhini ehtiva etməklə, ümumi və məcburi xarakterli, maddi və prosessual istiqamətli olmaqla, qanunverici və hüquq tətbiqedicilər üçün məcburidir və məhkəmə qərarlarının əsasını təşkil edir. Həmin mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsinin qərarlarında hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapır.

Lakin Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli Qərarındakı  hüquqi mövqeyinə zidd olaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 23 aprel 2021-ci il tarixli qətnaməsində təkrarən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 5 oktyabr tarixli məktubunu rəhbər tutaraq “Vüqar-A” MMC-nin iddiasını qismən təmin etmişdir.

Apellyasiya instansiyası məhkəməsi təkrarən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 5 oktyabr tarixli məktubuna istinad edərkən  bu sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini də aydınlaşdırmamışdır.

Göstərilənlərlə yanaşı o da qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Şəmkir Rayon İcra Hakimiyyətinə ünvanladığı 12 mart 2021-ci il tarixli məktubunda həmin qurum tərəfindən məhkəməyə göndərilən 17 yanvar  və 5 oktyabr 2018-ci il tarixli məktublarda 2014-cü ildə “Vüqar-A” MMC tərəfindən yerinə yetirilməsi iddia edilən təmir-bərpa işlərinin görülməsi üçün mübahisə tərəflərindən hər hansı birinə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən sifarişin verilib-verilməməsi, həmçinin maliyyə vəsaitinin ayrılmasının müxtəlif sponsorlar və Şəmkir sahibkarları tərəfindən həyata keçirilməsi  ilə bağlı bir-birinə uyğun gəlməyən məlumatların əks olunduğu göstərilmişdir. Bununla bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyinin açıqlanması xahiş edilmişdir.

Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini gözləmədən həmin yerli icra hakimiyyəti orqanının 17 yanvar və 5 oktyabr 2018-ci il tarixli məktublarına istinad etməklə iddia edilən işlərin “Vüqar-A” MMC tərəfindən yerinə yetirildiyi qənaətinə gəlmişdir.

Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim edilməməsi, müqavilələri səlahiyyətli şəxslərin imzalamaması və s. ilə bağlı cavabdeh “Lider Monolit” MMC tərəfindən irəli sürülmüş dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir.

Halbuki Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).    

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin Kommersiya Kollegiyası 9 sentyabr 2021-ci il tarixli qərarında isə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 aprel tarixli qətnaməsini “Lider Monolit” MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlayarkən hesab etmişdir ki, cavabdehin kassasiya şikayətinin tərəflər arasında subpodrat münasibətlərinin mövcud olmasının qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməməsi barədə dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.

Kassasiya instansiyası məhkəməsinin bu qənaəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2020-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyini nəzərə alaraq bir daha qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman  məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hüquqi çərçivələrdə qəbul etməlidir.

Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu müəyyənləşdirildikdə sonrakı məhkəmə baxışı məhz yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına yönəlməlidir. Eyni zamanda, konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi) hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun  “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-II QD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair 2005-ci il 25 yanvar tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı vacib hesab edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir (Konstitusiya Məhkəməsi Plenumunun N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11 dekabr tarixli və “Seymur” İstehsalat Kommersiya Birliyinin şikayəti üzrə 2021-ci il 5 aprel tarixli Qərarları).

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 sentyabr  2021-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4 və 66-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda və Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Vüqar-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4 və 66-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın. 

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                       Fərhad Abdullayev