AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R
A R I
“Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin
şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Kommersiya Kollegiyasının
9 sentyabr 2021-ci il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
11 oktyabr 2022-ci
il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında “Lider Monolit” Məhdud Məsuliyyətli
Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya
Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin
şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Vüqar-A” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan
sonra – “Vüqar-A” MMC) “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan
sonra – “Lider Monolit” MMC) qarşı iddia
tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 273 988
manat əsas borc, 37 585,4 manat dəymiş zərər, 13 699 manat əldən çıxmış
faydanın “Lider Monolit” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə
çıxarılmasını xahiş etmişdir.
Sonradan iddia tələbinin dəqiqləşdirilməsi və
həcminin artırılması barədə ərizə verərək görülmüş işlərə görə 252 500 manat
əsas borc, 30 510 manat faiz məbləği, 91 531 manat əldən çıxmış fayda, hüquqi
xidmətlərə görə ödəniləcək 37 454 manat vəsait və 30 manat dövlət rüsumunun
“Lider Monolit” MMC-dən tutularaq ona ödənilməsini xahiş etmişdir.
Iddia tələbi onunla əsaslandırılmışdır ki,
“Lider Monolit” MMC ilə “Vüqar-A” MMC arasında Şəmkir rayonunun Şəhidlər
Xiyabanı, Zabitlər Parkı və digər ictimai yerlərində təmir-bərpa işlərinin
təşkili ilə əlaqədar müxtəlif tarixlərdə subpodrat müqavilələri imzalanmışdır.
“Vüqar-A” MMC-nin mövqeyinə əsasən, müqavilə üzrə razılaşdırılmış işlər onun
tərəfindən yerinə yetirilmiş, lakin sifarişçi görülən işlərin dəyərini tam
ödəməkdən yayınmışdır.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15
may 2017-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin iddia tələbi təmin
edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi
Kollegiyasının 21 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin
apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (bundan sonra – Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) “Vüqar-A” MMC-nin kassasiya
şikayətinə əlavə olunmuş yeni sübutu əsas götürərək (Şəmkir Rayon İcra
Hakimiyyəti başçısının Aparatının 2018-ci il 17 yanvar tarixli məktubu) işə
mahiyyəti üzrə baxmış və nəticədə 10 iyul 2018-ci il tarixli qərar qəbul edərək
apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yenidən baxılması
üçün həmin məhkəməyə göndərmişdir.
İşə yenidən baxan Bakı
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il
tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi
ləğv edilmiş, “Lider Monolit” MMC-dən 252 500 manat əsas borc, 30 510 manat
faiz məbləği və hüquqi xidmətlərə görə 1 000 manat məbləğin tutularaq “Vüqar-A”
MMC-yə ödənilməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsi qeyd olunan
məktubu əsas götürərək belə nəticəyə gəlmişdir ki, subpodrat müqaviləsi üzrə
iddiaçı tərəf öz öhdəliklərini tam icra etmiş, cavabdeh isə müqavilədən irəli
gələn öhdəliyini yerinə yetirməmişdir.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 27
fevral 2019-cu il tarixli qərarı ilə “Lider Monolit” MMC-nin kassasiya şikayəti
təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun 17 fevral 2020-ci il tarixli qərarı ilə “Lider Monolit” MMC-nin
konstitusiya şikayəti əsasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının
27 fevral 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual
Məcəllə) 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş, işə bu
qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və
müddətdə yenidən baxılması qərara alınmışdır.
Bundan sonra Ali Məhkəmənin Plenumunun 18
sentyabr 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin İnzibati-İqtisadi
Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı, bununla bağlı Bakı
Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il
tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya
Məhkəməsinə göndərilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin
Kommersiya Kollegiyasının 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə “Vüqar-A” MMC-nin
apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinin 15 may 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni
qətnamə qəbul edilmiş, iddia qismən təmin olunaraq “Vüqar-A” MMC-nin xeyrinə
196 108,2 manat əsas borc, 23 696,3 manat illik 5 % ilə faiz məbləği olmaqla,
cəmi 219 834,5 manat pul tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9
sentyabr 2021-ci il tarixli qərarı ilə “Lider Monolit” MMC-nin kassasiya
şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
Ərizəçi Konstitusiya Məhkəməsinə yenidən
müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası
məhkəməsi tərəfindən Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 63.4, 66.1 və 66.2-ci
maddələrinin tələblərinə zidd olaraq Konstitusiya Məhkəməsi Plenumunun
Qərarının məcburi qüvvəsinin nəzərə alınmaması nəticəsində Ali Məhkəmənin
Kommersiya Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarı ilə
onun Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və
azadlıqların inzibati və məhkəmə təminatı hüququ və 127-ci maddəsinin II və VII
hissələrində təsbit edilmiş ədalət mühakiməsinin həyata keçirilməsinin əsas
prinsipləri pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə
bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə
görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında”
Qanunun 66.1-ci maddəsində də öz əksini tapmışdır.
Həmin Qanunun 63.4 və 66.2-ci maddələrinə
əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz
icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya
Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli Qərarında kassasiya
instansiyasında işə baxmanın hədləri ilə bağlı mövcud prosessual qanunvericiliyə
və əvvəlki Qərarlardakı hüquqi mövqelərə istinad edilərək bir daha
vurğulanmışdır ki, mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki
Prosessual Məcəllənin 416-cı maddəsi).
Yəni kassasiya məhkəməsi sübut və faktlara
yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək,
apellyasiya instansiyası məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün
olub-olmamasını yoxlamır. İşə yalnız məhkəmə tərəfindən qanunun tələblərinə
riayət olunub-olunmaması hədlərində baxılmalıdır, çünki həmin məhkəmənin
fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil,
qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə
prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar
qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq
normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (“Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə
dair” 2012-ci il 28 fevral tarixli Qərar).
Burada xüsusilə qeyd olunmalıdır ki,
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi konstitusiya şərhini ehtiva
etməklə, ümumi və məcburi xarakterli, maddi və prosessual istiqamətli olmaqla,
qanunverici və hüquq tətbiqedicilər üçün məcburidir və məhkəmə qərarlarının
əsasını təşkil edir. Həmin mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və
birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
aktların, o cümlədən insan hüquq və azadlıqlarının üstünlüyü nəzərə alınmaqla
formalaşır. Konstitusiya Məhkəməsinin qərarlarında hüquqi dövlətin
mahiyyətindən irəli gələn, xüsusilə də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik,
mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapır.
Lakin Konstitusiya Məhkəməsi Plenumunun 17
fevral 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə zidd olaraq,
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 23 aprel 2021-ci il
tarixli qətnaməsində təkrarən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının
Aparatının 2018-ci il 5 oktyabr tarixli məktubunu rəhbər tutaraq “Vüqar-A”
MMC-nin iddiasını qismən təmin etmişdir.
Apellyasiya instansiyası məhkəməsi təkrarən
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Aparatının 2018-ci il 5 oktyabr
tarixli məktubuna istinad edərkən bu sübutun birinci instansiya
məhkəməsində təqdim edilməməsinin səbəblərini də aydınlaşdırmamışdır.
Göstərilənlərlə yanaşı o da qeyd olunmalıdır ki,
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Şəmkir Rayon İcra
Hakimiyyətinə ünvanladığı 12 mart 2021-ci il tarixli məktubunda həmin qurum
tərəfindən məhkəməyə göndərilən 17 yanvar və 5 oktyabr 2018-ci il
tarixli məktublarda 2014-cü ildə “Vüqar-A” MMC tərəfindən yerinə yetirilməsi
iddia edilən təmir-bərpa işlərinin görülməsi üçün mübahisə tərəflərindən hər
hansı birinə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən sifarişin verilib-verilməməsi,
həmçinin maliyyə vəsaitinin ayrılmasının müxtəlif sponsorlar və Şəmkir
sahibkarları tərəfindən həyata keçirilməsi ilə bağlı bir-birinə
uyğun gəlməyən məlumatların əks olunduğu göstərilmişdir. Bununla
bağlı Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyinin açıqlanması xahiş
edilmişdir.
Buna baxmayaraq apellyasiya instansiyası
məhkəməsi Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini gözləmədən həmin
yerli icra hakimiyyəti orqanının 17 yanvar və 5 oktyabr 2018-ci il tarixli
məktublarına istinad etməklə iddia edilən işlərin “Vüqar-A” MMC tərəfindən
yerinə yetirildiyi qənaətinə gəlmişdir.
Həmçinin, apellyasiya instansiyası məhkəməsi
tərəfindən mübahisəli müqavilələrin əslinin məhkəməyə təqdim edilməməsi,
müqavilələri səlahiyyətli şəxslərin imzalamaması və s. ilə bağlı cavabdeh
“Lider Monolit” MMC tərəfindən irəli sürülmüş dəlillərə hər hansı hüquqi qiymət
verilməmişdir.
Halbuki Konstitusiya Məhkəməsinin Plenumu
dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş
qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq
gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli
həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların
konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır
(N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə
2019-cu il 14 fevral tarixli Qərarlar).
Kassasiya instansiyası məhkəməsinin əsas
təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən
Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası
məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş
dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin
tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün
tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə
təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin
qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü
maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər
ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya
nəticələnə bilsin.
Ali Məhkəmənin Kommersiya Kollegiyası 9 sentyabr
2021-ci il tarixli qərarında isə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyasının 2021-ci il 23 aprel tarixli qətnaməsini “Lider Monolit” MMC-nin
kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlayarkən hesab etmişdir ki,
cavabdehin kassasiya şikayətinin tərəflər arasında subpodrat münasibətlərinin
mövcud olmasının qanunla müəyyən edilmiş sübutlarla təsdiq edilməməsi barədə
dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış
qiymət verilmişdir.
Kassasiya instansiyası məhkəməsinin bu qənaəti
ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2020-ci il tarixli
Qərarında əks olunan hüquqi mövqeyini nəzərə alaraq bir daha qeyd edir ki,
kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə işə baxması
Konstitusiya Məhkəməsinin qərarlarının təhrifinə (təftişinə,
genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına)
səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl
gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun
olaraq həyata keçirilməlidir. Bu zaman məhkəmələr öz qərarlarını
yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş
hüquqi çərçivələrdə qəbul etməlidir.
Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya
Məhkəməsi tərəfindən məhkəmə aktları Konstitusiyaya və ya qanunlara uyğun
olmayan hesab edildikdə və bu aktlarla hüquq və azadlıqların pozulduğu
müəyyənləşdirildikdə sonrakı məhkəmə baxışı məhz yol verilmiş qanun
pozuntularının aradan qaldırılmasına və pozulmuş hüquqların bərpasına
yönəlməlidir. Eyni zamanda, konstitusiya işinin əsasını təşkil edən məsələ üzrə
digər tərəfin hüquq və azadlıqlarının müdafiəsi, işin tam araşdırılmamış
hallarının aydınlaşdırılması, məhkəməyə müraciət (məhkəmə müyəssərliyi)
hüququnun pozulduğu halların xüsusiyyətləri nəzərə alınmalıdır (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il
tarixli, 688-II QD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu
bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına
dair 2005-ci il 25 yanvar tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu onu da
vurğulamağı vacib hesab edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm
elementlərindən biri də məhkəmələr tərəfindən işə ağlabatan müddətdə
baxılmasıdır. Məhkəmə icraatının işin mürəkkəbliyi nəzərə alınaraq ağlabatan
müddətdə aparılması qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses
iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi
məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırmasının müddəti həddən artıq
olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir (Konstitusiya Məhkəməsi
Plenumunun N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə 2018-ci il 11
dekabr tarixli və “Seymur” İstehsalat Kommersiya Birliyinin şikayəti üzrə
2021-ci il 5 aprel tarixli Qərarları).
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin Kommersiya
Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarı Konstitusiyanın
60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun 63.4 və 66-cı maddələrinə, Mülki Prosessual
Məcəllənin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab
edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda və
Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il tarixli
Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Vüqar-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin
“Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi
tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya
Kollegiyasının 9 sentyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 63.4 və
66-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab
edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2020-ci il
tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin,
habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad
Abdullayev