Decisions

28.09.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair

 

 

28 sentyabr 2022-ci il                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Ş.Məmmədov və B.Məmişovun  mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, G.Cəfərov Sabirabad Rayon Məhkəməsinin 9 fevral 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3000  manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 29, 232.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə qəti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmişdir. G.Cəfərov azadlıqdan məhrum etmə cəzasını 16 iyun 2016-cı il tarixində çəkib qurtarmış, cəriməni isə 12 fevral 2019-cu il tarixində dövlət büdcəsinə tam ödəmişdir.

Bundan sonra G.Cəfərov 9 oktyabr 2020-ci il tarixində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü ilə G.Cəfərov Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

Dövlət ittihamçısı həmin hökmdən apellyasiya protesti verərək G.Cəfərov qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən hazırkı hökm üzrə 9 oktyabr 2020-ci il tarixində qəsdən az ağır cinayət törətdiyindən, onun əməlində cinayətlərin residivi olduğunu nəzərə alaraq G.Cəfərova cinayətlərin residivinə görə cəza təyin edilməsini xahiş etmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarına əsasən apellyasiya protesti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

Dövlət ittihamçısı tərəfindən verilmiş eyni məzmunlu kassasiya protesti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət Kollegiyası) 5 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

Ali Məhkəmənin Cinayət Kollegiyası “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 22 dekabr tarixli Qərarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, məhkum qeyd edilən hökm üzrə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 3000 manat cərimə cəzasını 12 fevral 2019-cu il tarixində tam icra etdiyinə görə onun məhkumluğunun ödənilməsi müddətinin axımı 12 fevral 2019-cu il tarixindən başlanmış və məhkumluğu ödənilmədiyi dövrdə yenidən az ağır cinayət əməli törətmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası  məhkəməsi Cinayət Məcəlləsinin  61.1.1-ci maddəsi ilə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almayaraq maddi hüquq normalarını pozmaqla qərar qəbul etmişdir.

Müraciətdə göstərilir ki, məhkum əvvəlki hökmlə iki əsas cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına və cərimə cəzasına məhkum edilmiş, hər iki cəzanı çəkib qurtarmışdır.       Məhkuma əvvəlki hökmlə təyin edilmiş hər iki cəza əsas cəza olduğundan və Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrində yalnız əsas və əlavə cəzaya münasibətdə məhkumluğun ödənilməsi müddətləri tənzimləndiyindən, iki əsas cəzaya münasibətdə isə Cinayət Məcəlləsində konkret norma olmadığından, bu məsələ məhkəmə təcrübəsində müxtəlif yanaşmalara səbəb olur.

Müraciətdə həmçinin qeyd olunur ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 22 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilmə anından başlayır.

Lakin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarı qəbul edilərkən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi Məcəlləyə daxil edilməmişdi və cinayətin təsnifatından və cəzanın növündən asılı olmayaraq bütün qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlar cinayətin residivi müəyyən edilərkən nəzərə alınırdı.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası müraciətdə göstərilən cinayət işi üzrə mövcud hüquqi məsələyə məhkəmələrin və ittiham tərəfinin müxtəlif yanaşmalarının olmasını əsas gətirməklə, cinayətin residivi və məhkumluq institutlarının hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından yenidən şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

Residiv cinayət üçün xarakterik olan əlamətlər aşağıdakılardır:

- residiv şəxsin iki və ya daha artıq müstəqil cinayət törətməsi ilə yaranır;

- residiv yaradan cinayətlərin əsasında konkret cinayətlər durur;

- residiv yaradan cinayətlər müxtəlif vaxtlarda törədilir;

- təkrar törədilən cinayətlərdən fərqli olaraq, residiv qəsdən törədilən əvvəlki cinayətə görə məhkumluğun olmasını və yenidən qəsdən cinayət törədilməsini tələb edir.

Şəxsin əməlində residivin mövcud olması üçün onun əvvəllər qəsdən cinayət törətməyə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması və onun yenidən qəsdən cinayət törətməsi tələb olunur.

Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə müvafiq olaraq, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.

Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.

Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

Məhkumluq institutunun mahiyyəti ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur.       Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir.

Qüvvədə olan qanunvericilik məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya götürülməsi (Cinayət Məcəlləsinin 83.3 və 83.5-ci maddələri).

Məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Bu halda şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur.

Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətin xarakterinə uyğun olaraq differensasiyası aparılmışdır.

Cinayət Məcəlləsinin 83.3-cü maddəsinin tələbinə görə aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur:

- böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;

- az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə;

- ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;

- xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə.

Həmin maddədə həmçinin şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş və azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünə məhkum edilmiş şəxslər barəsində məhkumluğun ödənilməsinin fərqli müddətləri müəyyən edilmişdir.

Göstərilənlərlə yanaşı, şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər (Cinayət Məcəllənin 83.5-ci maddəsi).

Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə müvafiq olaraq, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

Beləliklə, Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədildiyi andan yaranır.

Müraciətdə qeyd olunmuş şəxsin cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir hökmlə iki əsas cəzaya məhkum edildiyi halda, məhkumluğun ödənilməsi müddətlərinin cinayət qanunvericiliyi ilə tənzimlənməməsinə dair məsələyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərinin və Cinayət Məcəlləsinin müvafiq normalarının nəzərdən keçirilməsini vacib hesab edir.

Belə ki, Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə  görə,  məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.

Eyni yanaşma Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2010-cu il 22 dekabr tarixli Qərarında da sərgilənmiş və göstərilmişdir ki, Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.

Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarlarındakı bu  mövqeyi ondan irəli gəlir ki,  cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəza vahid məhkumluğun yaranması ilə nəticələndiyindən, məhkumluğun ödənilməsi müddətinin axımının başlanğıcı da bir anla əlaqələndirilməlidir.

Göründüyü kimi, Cinayət Məcəlləsinin qeyd olunan normaları ilə əsas və əlavə cəzalarla bağlı məhkumluğun ödənilməsi müddətinin başlanğıcına dair məsələnin tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında əks olunmuş hüquqi mövqelər cinayətlərin və ya hökmlərin məcmusu üzrə yalnız əsas və əlavə cəzalara məhkum olunma ilə əlaqədar deyil, təyin olunmuş cəzaların hər biri əsas cəza olduğu hallara da aiddir.

Müraciətin edilməsinə səbəb olan hal isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2017-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 18.4-cü maddəsində təsbit edilmiş residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halların dairəsinin genişləndirilərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların əlavə edilməsi olmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz.

Şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir.

Qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən,  cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz.

Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə,  residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir.

Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar.

Buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur;

- Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

  

1.  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə  azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                             Fərhad Abdullayev