AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və
65.2-ci maddələri baxımından şərh edilməsinə dair
28 sentyabr 2022-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti
üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci
maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya
Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri
H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının sədri E.Rəhimovun, Azərbaycan Respublikası Baş
Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi
A.Osmanovanın və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri
Ş.Məmmədov və B.Məmişovun mülahizələrini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Gəncə Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 18.4.4 və 83.3.2-ci
maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh
edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, G.Cəfərov
Sabirabad Rayon Məhkəməsinin 9 fevral 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin
177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə
cəzasına, Cinayət Məcəlləsinin 29, 232.1-ci maddələri ilə təqsirli bilinərək
həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 1 il müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə
əsasən cəzaları tam toplamaq yolu ilə qəti olaraq 1 il müddətinə azadlıqdan
məhrum etmə və 3000 manat cərimə cəzalarına məhkum edilmişdir. G.Cəfərov
azadlıqdan məhrum etmə cəzasını 16 iyun 2016-cı il tarixində çəkib qurtarmış,
cəriməni isə 12 fevral 2019-cu il tarixində dövlət büdcəsinə tam ödəmişdir.
Bundan sonra G.Cəfərov 9 oktyabr
2020-ci il tarixində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş
cinayət əməlini törətmişdir.
Goranboy Rayon Məhkəməsinin 17
fevral 2021-ci il tarixli hökmü ilə G.Cəfərov Cinayət Məcəlləsinin 234.1-ci
maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il
6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
Dövlət ittihamçısı həmin hökmdən
apellyasiya protesti verərək G.Cəfərov qəsdən az ağır cinayət törətməyə görə
əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən
hazırkı hökm üzrə 9 oktyabr 2020-ci il tarixində qəsdən az ağır cinayət
törətdiyindən, onun əməlində cinayətlərin residivi olduğunu nəzərə alaraq
G.Cəfərova cinayətlərin residivinə görə cəza təyin edilməsini xahiş etmişdir.
Gəncə Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 24 iyun 2021-ci il tarixli qərarına əsasən apellyasiya
protesti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 17 fevral 2021-ci il
tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
Dövlət ittihamçısı tərəfindən
verilmiş eyni məzmunlu kassasiya protesti əsasında Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət
Kollegiyası) 5 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası
məhkəməsinin qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına
göndərilmişdir.
Ali Məhkəmənin Cinayət Kollegiyası
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh
edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 22 dekabr tarixli
Qərarını rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, məhkum qeyd edilən hökm
üzrə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş
3000 manat cərimə cəzasını 12 fevral 2019-cu il tarixində tam icra etdiyinə
görə onun məhkumluğunun ödənilməsi müddətinin axımı 12 fevral 2019-cu il
tarixindən başlanmış və məhkumluğu ödənilmədiyi dövrdə yenidən az ağır cinayət
əməli törətmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab etmişdir
ki, apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin
61.1.1-ci maddəsi ilə cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi
nəzərə almayaraq maddi hüquq normalarını pozmaqla qərar qəbul etmişdir.
Müraciətdə göstərilir ki, məhkum
əvvəlki hökmlə iki əsas cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına və cərimə
cəzasına məhkum edilmiş, hər iki cəzanı çəkib
qurtarmışdır. Məhkuma əvvəlki hökmlə təyin
edilmiş hər iki cəza əsas cəza olduğundan və Cinayət Məcəlləsinin 83.4 və
83.4-1-ci maddələrində yalnız əsas və əlavə cəzaya münasibətdə məhkumluğun
ödənilməsi müddətləri tənzimləndiyindən, iki əsas cəzaya münasibətdə isə
Cinayət Məcəlləsində konkret norma olmadığından, bu məsələ məhkəmə təcrübəsində
müxtəlif yanaşmalara səbəb olur.
Müraciətdə həmçinin qeyd olunur ki,
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh
edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 22 dekabr tarixli
Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Cinayət Məcəlləsinin 68.2-ci
maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin
axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın
çəkilib qurtarması və ya cəzadan azad edilmə anından başlayır.
Lakin Konstitusiya Məhkəməsinin qeyd
edilən Qərarı qəbul edilərkən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi Məcəlləyə
daxil edilməmişdi və cinayətin təsnifatından və cəzanın növündən asılı
olmayaraq bütün qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlar cinayətin
residivi müəyyən edilərkən nəzərə alınırdı.
Gəncə Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyası müraciətdə göstərilən cinayət işi üzrə mövcud hüquqi
məsələyə məhkəmələrin və ittiham tərəfinin müxtəlif yanaşmalarının olmasını
əsas gətirməklə, cinayətin residivi və məhkumluq institutlarının hüquqi
müəyyənlik prinsipinin tələbləri baxımından yenidən şərh edilməsi üçün
Konstitusiya Məhkəməsinə müraciət edilməsinin zəruri olduğu qənaətinə
gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu
müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Cinayət Məcəlləsinin 18.1-ci
maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs
tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
Residiv cinayət üçün xarakterik olan
əlamətlər aşağıdakılardır:
- residiv şəxsin iki və ya daha
artıq müstəqil cinayət törətməsi ilə yaranır;
- residiv yaradan cinayətlərin
əsasında konkret cinayətlər durur;
- residiv yaradan cinayətlər müxtəlif
vaxtlarda törədilir;
- təkrar törədilən cinayətlərdən
fərqli olaraq, residiv qəsdən törədilən əvvəlki cinayətə görə məhkumluğun
olmasını və yenidən qəsdən cinayət törədilməsini tələb edir.
Şəxsin əməlində residivin mövcud
olması üçün onun əvvəllər qəsdən cinayət törətməyə görə qanunla müəyyən edilmiş
qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması və onun yenidən
qəsdən cinayət törətməsi tələb olunur.
Cinayət Məcəlləsinin 18.4-cü
maddəsinə müvafiq olaraq, residivin müəyyən edilməsi zamanı böyük
ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik
yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü
maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar,
azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə
məhkumluqlar nəzərə alınmır.
Cinayətlərin residivinə görə Cinayət
Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi
nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi
dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə
cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin
maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin
şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat
qiymətin verilməsini zəruri edir.
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh
edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki,
şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın
islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına,
təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən,
qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.
Cinayət Məcəlləsinin 83.1-ci
maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin
ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya
ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı
və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
Məhkumluq institutunun mahiyyəti
ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli
məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi
onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin
əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan
şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit
kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl
qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini
göstərir.
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına
dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum
olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq
şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə
müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə
edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında
cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni
cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək
ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi
münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli
daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.
Məhkumluq cinayət
törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin
ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə
müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş
müddətlər çərçivəsində davam edir.
Qüvvədə olan qanunvericilik
məhkumluğun xitamının iki qaydasını nəzərdə tutur: məhkumluğun ödənilməsi və ya
götürülməsi (Cinayət Məcəlləsinin 83.3 və 83.5-ci maddələri).
Məhkumluğun ödənilməsi şəxsin
törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi
nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi
deməkdir. Bu halda şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə
qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur.
Qüvvədə olan cinayət
qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və
törədilmiş cinayətin xarakterinə uyğun olaraq differensasiyası aparılmışdır.
Cinayət Məcəlləsinin 83.3-cü
maddəsinin tələbinə görə aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur:
- böyük ictimai təhlükə törətməyən
cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər
barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
- az ağır cinayət törətməyə görə
azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib
qurtardıqları gündən iki il keçdikdə;
- ağır cinayət törətməyə görə
azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib
qurtardıqları gündən altı il keçdikdə;
- xüsusilə ağır cinayət törətməyə
görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən
səkkiz il keçdikdə.
Həmin maddədə həmçinin şərti məhkum
edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, ittiham hökmü qanunla müəyyən
edilmiş müddətdə icra edilməmiş və azadlıqdan məhrum etməyə nisbətən daha
yüngül cəza növünə məhkum edilmiş şəxslər barəsində məhkumluğun ödənilməsinin
fərqli müddətləri müəyyən edilmişdir.
Göstərilənlərlə yanaşı, şəxs
cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut
edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun
üzərindən götürə bilər (Cinayət Məcəllənin 83.5-ci maddəsi).
Cinayət Məcəlləsinin 83.6-cı
maddəsinə müvafiq olaraq, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla
bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
Beləliklə, Cinayət Məcəlləsinin 18
və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə
minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya
götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin
törədildiyi andan yaranır.
Müraciətdə qeyd olunmuş şəxsin
cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir hökmlə iki əsas cəzaya məhkum
edildiyi halda, məhkumluğun ödənilməsi müddətlərinin cinayət qanunvericiliyi
ilə tənzimlənməməsinə dair məsələyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu
əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərinin və Cinayət
Məcəlləsinin müvafiq normalarının nəzərdən keçirilməsini vacib hesab edir.
Belə ki, Cinayət Məcəlləsinin 83.4
və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən
edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın
çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun
ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan
hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını
çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha
yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu
hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı
gündən hesablanır.
Konstitusiya Məhkəməsinin Plenumu
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına
dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət
Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya
hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı
cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması
və ya cəzadan azad edilməsi anından başlayır.
Eyni yanaşma Konstitusiya Məhkəməsi
Plenumunun yuxarıda qeyd olunan 2010-cu il 22 dekabr tarixli Qərarında da
sərgilənmiş və göstərilmişdir ki, Cinayət Məcəlləsinin 68.2-ci maddəsində
nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı
cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib
qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.
Konstitusiya Məhkəməsi Plenumunun
göstərilən qərarlarındakı bu mövqeyi ondan irəli gəlir ki,
cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəza vahid
məhkumluğun yaranması ilə nəticələndiyindən, məhkumluğun ödənilməsi müddətinin
axımının başlanğıcı da bir anla əlaqələndirilməlidir.
Göründüyü kimi, Cinayət Məcəlləsinin
qeyd olunan normaları ilə əsas və əlavə cəzalarla bağlı məhkumluğun ödənilməsi
müddətinin başlanğıcına dair məsələnin tənzimlənməsinə baxmayaraq, Konstitusiya
Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında əks olunmuş hüquqi mövqelər cinayətlərin
və ya hökmlərin məcmusu üzrə yalnız əsas və əlavə cəzalara məhkum olunma ilə
əlaqədar deyil, təyin olunmuş cəzaların hər biri əsas cəza olduğu hallara da
aiddir.
Müraciətin edilməsinə səbəb olan hal
isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi
barədə” 2017-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə
Cinayət Məcəlləsinin 18.4-cü maddəsində təsbit edilmiş residivin müəyyən
edilməsi zamanı nəzərə alınmayan halların dairəsinin genişləndirilərək
azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə
məhkumluqların əlavə edilməsi olmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu
əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin
83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir
hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin
əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum
edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq
olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya
cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına,
hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan
birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən
hesablanmasına yol verilə bilməz.
Şəxs təyin olunmuş cəzalardan birini
çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib
elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə
bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun
ödənilməsi müddətinin axımının başlanması istisna edilir.
Qəti cəzanın tərkibinə daxil olan
cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının
mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki,
Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı
olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən
edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş
qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb
olmayan məhkumluq kimi qiymətləndirilə bilməz.
Bu halda cinayətlərin residivi bütün
cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz
azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən
məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə
müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin
üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması
və qəsdən yeni cinayətin törədilməsi çıxış edir.
Əks yanaşma, vahid hökmlə təyin
olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq
yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm
məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola
bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar.
Buna görə Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış
olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin
18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu
üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun
ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan
azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi
dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli
və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi
qiymətləndirilməməlidir.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsinin 18.4.4-cü
maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış
olduğu məhkumluğu nəzərdə tutur;
- Cinayət Məcəlləsinin 18.4 və
83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu
üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs
məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət
törətdikdə, onun əməli cinayətin residivini yaradır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum
etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur.
2. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa
görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə
ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya
götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin
residivini yaradır.
3. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin,
habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
5. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr
Fərhad Abdullayev