Decisions

18.07.22 Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

18 iyul 2022-ci il                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)  ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Ş.Məmmədli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə (bundan sonra – Fondun İsmayıllı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hakimlərə hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15 faizi miqdarına verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şəki İnzibati Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Fondun İsmayıllı rayon şöbəsinin üzərinə iddiaçının pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı Ş.Məmmədlinin pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək  iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Ş.Məmmədli və Fondun İsmayıllı rayon şöbəsi ayrı-ayrılıqda kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəmənin İnzibati Kollegiyası) müraciət etmişdirlər.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə Ş.Məmmədlinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilən hissədə, yəni iddiaçı Ş.Məmmədlinin pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayəti isə təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində, yəni vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmişdir.

Ş.Məmmədli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Ərizəçi hesab edir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da onun Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit olunmuş sosial təminat, inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu Ş.Məmmədlinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının cavabdehin kassasiya şikayətinin təmin edilməsi hissəsinin Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 127-ci maddəsinin I və II hissələrinə əsasən, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra  – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 100-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.

Hakimlərin sosial təminat hüquqlarının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanuna və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) dəyişikliklər edilmişdir. Belə ki, 2019-cu il 12 iyul tarixli  Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin birinci hissəsində hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi müəyyən edilmiş və həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir.

“Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən əlavə ilə bu tarixədək vəzifədə olmuş hakimlərin və sonradan hakim sıralarına daxil olan şəxslərin  (və ya həmin dövrdə çalışmış) sosial müdafiəsində təminatlar fərqli qaydada müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib bilir ki, hakimlər üçün fərqli sosial təminatları əks etdirən “Məhkəmələr və hakimlər haqqında” Qanunun  106-cı maddəsinin birinci hissəsinə edilmiş əlavə hakimlərin əmək pensiyasına əlavələr hesablanarkən və ya təyin edilmiş pensiyalar yenidən hesablanarkən Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin səhv təfsir edilərək sabiq hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi istisna edilir.

Nəzərə alınmalıdır ki, hakimlərin sosial təminatının gücləndirilməsinə yönələn bu müddəa 2019-cu il sentyabrın 1-dək çalışmış hakimlərin həmin təminatının həcminin azaldılması kimi qiymətləndirilə bilməz. Belə ki, pensiya təyin edilərkən yalnız hakimin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının tərkibinə daxil olmuş artımlar nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında bununla bağlı qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

Beləliklə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun  106-cı maddəsinin birinci hissəsinə əlavə olunmuş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsini nəzərdə tutan müddəa 2019-cu il 1 sentyabr tarixinədək vəzifədə olan və bu əlavəni almamış hakimlərə şamil edilə bilməz. Bu müddəa pensiya hüququ olan hakimin məhz vaxtilə müvafiq vəzifədə aldığı vəzifə maaşının tərkibinə daxil olmuş və verilmiş əlavə haqq və ya pul təminatını nəzərdə tutur.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, Plenumun  2020-ci il 15 may tarixli Qərarında əks olunmuş hüquqi mövqe qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sabiq hakimə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan pul təminatının aid edilməsi onun bu əlavələrə malik olan şəxs kimi hüquqlarını, bununla da onun hüquq və vəzifələrinin məcmusunu müəyyən edən müvafiq “hüquqi vəziyyətini” təsdiqləmiş olur.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində həmin pul təminatının artırılması hakimlərin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq hər hansı dəyişiklikliyə məruz qalmır. Bu baxımdan, həmin şəxslərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının təqdim edilməsi hakimə əvvəllər malik olmadığı hüquqların verilməsi kimi qiymətləndirilə bilməz.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Fondun İsmayıllı rayon şöbəsinin 30 yanvar 2009-cu il tarixli qərarı ilə Ş.Məmmədliyə 1 dekabr 2008-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə uyğun olaraq sabiq hakim kimi əlilliyə görə pensiya təyin olunmuşdur.

Pensiya təyin olunarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 15 yanvar 2009-cu il tarixli əmək haqqı arayışına uyğun olaraq 1 yanvar 1995-ci il tarixindən 31 dekabr 1999-cu il tarixinədək hakim işlədiyi dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla, bu illər ərzində mükafat məbləğləri orta aylıq əmək haqqının tərkibinə daxil edilmişdir.

İddianı qismən təmin edən Şəki İnzibati Məhkəməsi 13 may 2020-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki,“...mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyasının məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib surətdə yenidən hesablanmalıdır”.

Sadalananlara və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, Ş.Məmmədlinin iddia tələbinin ödənilməli olan məbləğin birdəfəlik hesaba keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə dair birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası birinci instansiya məhkəməsinin Ş.Məmmədlinin pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, yəni hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi ilə əlaqədar mövqeyinə dair hesab etmişdir ki, qərar həmin hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

Ş.Məmmədlinin vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması hissəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən apellyasiya instansiyası məhkəməsi mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı və İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli qətnaməsi ilə əsaslandırmışdır.

Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarının nəticəvi hissəsinə görə, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

Məhz adıçəkilən qanuni qüvvəyə minmiş qətnaməni əsas tutaraq  apellyasiya instansiyası məhkəməsi Ş.Məmmədliyə birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan pul təminatının verilməsinin mümkünlüyü qənaətinə gəlmişdir.

Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə münasibətdə Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faiz nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, həmin hissədə Ş.Məmmədlinin iddiası təmin olunmamalıdır.

Kassasiya instansiyası məhkəməsinin bu hissədə olan mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə görə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində də öz əksini tapmışdır.

Həmin Qanunun 63.4 və 66.2-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını  qanuni qüvvəyə  minmiş  məhkəmə  qərarının  həqiqiliyi  prezumpsiyası təşkil edir. Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.

Lakin kassasiya instansiyası məhkəməsi iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan  Qərarını tətbiq edərkən Ş.Məmmədlinin vəzifə maaşının 15 faizi miqdarında pul təminatının verilməsini müəyyən edən İsmayıllı Rayon Məhkəməsinin 2014-cü il 18 noyabr tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasını nəzərə almamışdır.

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona da cəlb etməyi vacib bilir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin birinci və üçüncü hissələrinə 2019-cu il 12 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş əlavələr 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Belə olan halda, Ş.Məmmədli pensiyasının yenidən hesablanmasına dair iddia tələbini 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə deyil, məhz  qeyd olunan əlavələrin qüvvəyə mindiyi andan, yəni 2019-cu il sentyabrın 1-dən hesablanmasını tələb etməkdə haqlı olardı.

İnzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən əsas xüsusiyyətlərdən biri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

Həmin Məcəllənin 54.1-ci maddəsinə görə, məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

Bununla yanaşı, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir (“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 6 yanvar tarixli Qərarı).

Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, İnzibati Prosessual Məcəllənin 91 və 96.10-cu maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 38-ci maddəsinin I və III hissələrində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  Ş.Məmmədlinin Fondun İsmayıllı rayon şöbəsinə qarşı pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15 faizi  miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı cavabdehin kassasiya şikayətinin təmin edilməsi hissəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96.10-cu maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı həmin hissədə icra edilməməli və işə həmin hissədə  bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI:

 

1. Ş.Məmmədlinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı cavabdehin kassasiya şikayətinin təmin edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.10-cu maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı həmin hissədə icra edilməsin və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

Sədr                                                                              Fərhad Abdullayev

 









Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2022-ci il tarixli Qərarından hakim K.Şəfiyevin



XÜSUSİ  RƏYİ

 

Konstitusiya Məhkəməsinin Plenumun Qərarına hörmətlə yanaşaraq aşağıdakı mövqeyimi bildirirəm. 

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, DSMF-nun İsmayıllı rayon şöbənin 30 yanvar 2009-cu il tarixli 2321 nömrəli qərarı ilə Ş.Məmmədliyə 1 dekabr 2008-ci il tarixindən «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4-cı maddəsinə uyğun olaraq sabiq hakim kimi əlilliyə görə pensiya təyin olunmuşdur.

«Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununa əlavə və dəyişiklər edilməsi barədə» 8 oktyabr 2010 il tarixli qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimkərinə vəzifə maaşının 15 faizi miqdarında əlavə olunmuş aylıq pul təminatını müəyyən edilmişdir.

İsmayılı rayon məhkəməsinin 18 noyabr 2014-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəmələrinin hakimkərinə vəzifə maaşının 15 faizi miqdarında əlavə olunmuş aylıq pul təminatının Ş.Məmmədliyə şamil edilməsi qət edilmişdir.

«Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununa dəyişiklər edilməsi barədə» 12 iyul 2019-cu il tarixli qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimkərinə vəzifə maaşının 25 faizi miqdarında əlavə olunmuş aylıq pul təminatını müəyyən edilmişdir.

Ş.Məmmədli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə (bundan sonra - Fondun İsmayıllı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən 1 may 2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu zaman hakimlərə hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək vəzifə maaşının 15 faizi miqdarına verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində, yəni vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmişdir.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə görə,“Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz (“Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli Qərarı).

Beləliklə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun  106-cı maddəsinin birinci hissəsinə əlavə olunmuş və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsini nəzərdə tutan müddəa 2019-cu il 1 senyabr tarixədək vəzifədə olan və bu əlavəni almamış hakimlərə şamil edilə bilməz. Bu müddəa pensiya hüququ olan hakimin məhz vaxtilə müvafiq vəzifədə aldığı vəzifə maaşının tərkibinə daxil olmuş və verilmiş əlavə haqq və ya pul təminatını nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2022-ci il tarixli qərarında qeyd edilir ki, (“Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Bu o deməkdir ki, hakimlərə  vəzifə maaşının 15 faizi miqdarında əlavə olunmuş aylıq pul təminatının Ş.Məmmədliyə şamil edilməsi barədə İsmayılı rayon məhkəməsinin 18 noyabr 2014-ci il tarixli qətnaməsi  öz qüvvəsini saxlayır. Həmin məhkəmə qərarı ilə müəyyən edilmiş pensiya Ş.Məmmədli tərəfindən alınması davam edilir. Yəni “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli Qərarı Ş.Məmmədlinin aldığı pensiyaya hec bir mənfi təsir göstərmir.                                     

Lakin bu hec də o demək deyil ki sonrakı artımlar (vəzifə maaşı miqdarında əlavə olunmuş aylıq pul təminatının 15 faizinin 25 faizi ilə əvəz edilməsi) Ş.Məmmədliyə şamil edilməlidir. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə “Əmək pensiyaları haqqında” Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” ifadəsi pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş vəzifə maaşında və ödənilmiş əlavələrdə sonradan baş verən artımları nəzərdə tutur.

Əks yanaşma “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli Qərarında əks olunmuş hüquqi mövqeylərə kifayət qədər uyğun görünmür.

 

 

Hakim                                                                                Kamran Şəfiyev