AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Ş.Məmmədlinin şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral
2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
18 iyul 2022-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Ş.Məmmədli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun İsmayıllı rayon şöbəsinə (bundan sonra – Fondun İsmayıllı rayon
şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən 1
may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hakimlərə hər
ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək,
vəzifə maaşının 15 faizi miqdarına verilmiş pul təminatının 25 faizdən nəzərə
alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq yarandığı gündən)
birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə
qərar qəbul edilməsini xahiş etmişdir.
Şəki İnzibati Məhkəməsinin 13 may
2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Fondun İsmayıllı
rayon şöbəsinin üzərinə iddiaçının pensiyasının yenidən 1 may 2018-ci il
tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər
əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə
maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə
alınmaqla hesablanması öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin
edilməməsi qərara alınmışdır.
Şəki Apellyasiya Məhkəməsinin
İnzibati Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin
apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı
Ş.Məmmədlinin pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan
hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən
məbləğin maaşa əlavə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar
qəbul edilərək iddia təmin edilməmiş, qərar
qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Ş.Məmmədli və Fondun İsmayıllı rayon
şöbəsi ayrı-ayrılıqda kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali
Məhkəməsinin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəmənin
İnzibati Kollegiyası) müraciət etmişdirlər.
Ali Məhkəmənin İnzibati
Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə Ş.Məmmədlinin kassasiya
şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd
edilən hissədə, yəni iddiaçı Ş.Məmmədlinin pensiyasının yenidən 1 may 2018-ci
il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə maaşı qədər
əlavə olaraq verilən məbləğin maaşa əlavə edilməsi hissəsində dəyişdirilmədən
saxlanılmışdır. Cavabdehin kassasiya şikayəti isə təmin edilərək apellyasiya
instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində, yəni vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul
təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin
üzərinə qoyulması hissəsində ləğv edilmişdir.
Ş.Məmmədli Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 24
fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
(bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab olunması
barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Ərizəçi hesab edir
ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri iş üzrə maddi və
prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da onun
Konstitusiyanın 38 və 60-cı maddələrində təsbit olunmuş sosial təminat,
inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.
Konstitusiya
Məhkəməsinin Plenumu Ş.Məmmədlinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati
Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının cavabdehin kassasiya
şikayətinin təmin edilməsi hissəsinin Konstitusiyaya və qanunlara uyğunluğunun
yoxlanılması məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın
127-ci maddəsinin I və II hissələrinə əsasən, hakimlər müstəqildir, yalnız
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və
səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə,
tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
“Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Məhkəmələr və hakimlər haqqında” Qanun) 100-cü maddəsinin ikinci hissəsinə
uyğun olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə
siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin
olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və
səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə
hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda
nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı
şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin
yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə
həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar
verilir.
Hakimlərin sosial
təminat hüquqlarının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən
“Məhkəmələr və hakimlər haqqında” Qanuna və “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikası Qanununa (bundan sonra – “Əmək pensiyaları haqqında”
Qanun) dəyişikliklər edilmişdir. Belə ki, 2019-cu
il 12 iyul tarixli Azərbaycan Respublikasının Qanunu
ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin
birinci hissəsində hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına
əlavənin ödənilməsi müəyyən edilmiş və həmin Qanun 2019-cu il sentyabrın
1-dən qüvvəyə minmişdir.
“Məhkəmələr və
hakimlər haqqında” Qanuna edilən əlavə ilə bu tarixədək vəzifədə olmuş
hakimlərin və sonradan hakim sıralarına daxil olan şəxslərin (və ya həmin
dövrdə çalışmış) sosial müdafiəsində təminatlar fərqli qaydada müəyyən
edilmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu bununla bağlı bir daha qeyd etməyi vacib bilir ki,
hakimlər üçün fərqli sosial təminatları əks etdirən “Məhkəmələr və hakimlər
haqqında” Qanunun 106-cı maddəsinin birinci hissəsinə edilmiş əlavə hakimlərin
əmək pensiyasına əlavələr hesablanarkən və ya təyin edilmiş pensiyalar yenidən
hesablanarkən Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin səhv təfsir
edilərək sabiq hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına
əlavənin ödənilməsi istisna edilir.
Nəzərə alınmalıdır
ki, hakimlərin sosial təminatının gücləndirilməsinə yönələn bu müddəa 2019-cu
il sentyabrın 1-dək çalışmış hakimlərin həmin təminatının həcminin azaldılması
kimi qiymətləndirilə bilməz. Belə ki, pensiya təyin edilərkən yalnız hakimin vaxtilə
müvafiq vəzifədə aldığı əmək haqqının tərkibinə daxil olmuş artımlar nəzərə
alınmalıdır.
Konstitusiya
Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası
Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair”
2020-ci il 15 may tarixli Qərarında bununla bağlı qeyd etmişdir ki, “Əmək
pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar”
müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək
haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və
verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan şəxsə pensiya təyin
edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi,
işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial
sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
Beləliklə,
“Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin birinci
hissəsinə əlavə olunmuş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin
ödənilməsini nəzərdə tutan müddəa 2019-cu il 1 sentyabr tarixinədək vəzifədə
olan və bu əlavəni almamış hakimlərə şamil edilə bilməz. Bu müddəa pensiya
hüququ olan hakimin məhz vaxtilə müvafiq vəzifədə aldığı vəzifə maaşının
tərkibinə daxil olmuş və verilmiş əlavə haqq və ya pul təminatını nəzərdə
tutur.
Göstərilənlərlə
yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki,
Plenumun 2020-ci il 15 may tarixli Qərarında əks olunmuş hüquqi
mövqe qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə
şamil olunmur. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə sabiq hakimə
vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan pul
təminatının aid edilməsi onun bu əlavələrə malik olan şəxs kimi
hüquqlarını, bununla da onun hüquq və vəzifələrinin məcmusunu müəyyən
edən müvafiq “hüquqi vəziyyətini” təsdiqləmiş olur.
“Məhkəmələr və
hakimlər haqqında” Qanunun 106-cı maddəsində həmin pul təminatının artırılması
hakimlərin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının mahiyyətinə və həcminə
təsir etmir, həmin hüquq hər hansı dəyişiklikliyə məruz qalmır. Bu baxımdan,
həmin şəxslərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan
aylıq pul təminatının təqdim edilməsi hakimə əvvəllər malik olmadığı
hüquqların verilməsi kimi qiymətləndirilə bilməz.
İşin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Fondun İsmayıllı rayon
şöbəsinin 30 yanvar 2009-cu il tarixli qərarı ilə Ş.Məmmədliyə 1 dekabr 2008-ci
il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə uyğun
olaraq sabiq hakim kimi əlilliyə görə pensiya təyin olunmuşdur.
Pensiya təyin
olunarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 15
yanvar 2009-cu il tarixli əmək haqqı arayışına uyğun olaraq 1 yanvar 1995-ci il
tarixindən 31 dekabr 1999-cu il tarixinədək hakim işlədiyi dövrün orta aylıq
əmək haqqı nəzərə alınmaqla, bu illər ərzində mükafat məbləğləri orta aylıq
əmək haqqının tərkibinə daxil edilmişdir.
İddianı qismən
təmin edən Şəki İnzibati Məhkəməsi 13 may 2020-ci il tarixli qərarını onunla
əsaslandırmışdır ki,“...mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan
hakimin ona təyin olunmuş pensiyasının məbləği hakimlik statusuna malik olan
şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib surətdə yenidən
hesablanmalıdır”.
Sadalananlara və
“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, Ş.Məmmədlinin
iddia tələbinin ödənilməli olan məbləğin birdəfəlik hesaba keçirilməsi
vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsinə dair birinci instansiya
məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının pensiyasının yenidən 1 may
2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər ay vəzifə
maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək, vəzifə maaşının
15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla
hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin
edilməməlidir.
Şəki Apellyasiya
Məhkəməsinin İnzibati Kollegiyası birinci instansiya məhkəməsinin Ş.Məmmədlinin
pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə,
yəni hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə
edilməsi ilə əlaqədar mövqeyinə dair hesab etmişdir ki, qərar həmin hissədə
ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
Apellyasiya
instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "Əmək
pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü
maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya
təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya
qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb
olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
Ş.Məmmədlinin
vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə
alınmaqla hesablanması hissəsində birinci instansiya məhkəməsinin qərarını
qüvvədə saxlayarkən apellyasiya instansiyası məhkəməsi mövqeyini Konstitusiya
Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və
20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı və
İsmayıllı Rayon Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli qətnaməsi ilə
əsaslandırmışdır.
Belə ki,
Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarının nəticəvi hissəsinə görə, bu
Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil
olunmur.
Məhz adıçəkilən
qanuni qüvvəyə minmiş qətnaməni əsas tutaraq apellyasiya instansiyası
məhkəməsi Ş.Məmmədliyə birinci instansiya məhkəmələrinin hakimlərinə
vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan pul təminatının verilməsinin mümkünlüyü qənaətinə gəlmişdir.
Bundan sonra Şəki
Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli
qərarından cavabdehin verdiyi kassasiya şikayətinə münasibətdə Ali Məhkəmənin
İnzibati Kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin
hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25
faiz nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması
hissəsində apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, həmin
hissədə Ş.Məmmədlinin iddiası təmin olunmamalıdır.
Kassasiya
instansiyası məhkəməsinin bu hissədə olan mövqeyi ilə əlaqədar Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın
130-cu maddəsinin IX hissəsinə görə, Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
Eyni müddəa
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci
maddəsində də öz əksini tapmışdır.
Həmin Qanunun 63.4
və 66.2-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə
mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Konstitusiya
Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı
formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun
məntiqi əsasını qanuni qüvvəyə minmiş
məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.
Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini
nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2,
1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında
hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə
həll olunmuş mübahisələrə şamil olunmur.
Lakin kassasiya
instansiyası məhkəməsi iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan
Qərarını tətbiq edərkən Ş.Məmmədlinin vəzifə maaşının 15 faizi
miqdarında pul təminatının verilməsini müəyyən edən İsmayıllı Rayon
Məhkəməsinin 2014-cü il 18 noyabr tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin
mövcud olmasını nəzərə almamışdır.
Göstərilənlərlə
yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona da cəlb
etməyi vacib bilir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı
maddəsinin birinci və üçüncü hissələrinə 2019-cu il 12 iyul tarixli Azərbaycan
Respublikasının Qanunu ilə edilmiş əlavələr 2019-cu il sentyabrın 1-dən qüvvəyə
minmişdir. Belə olan halda, Ş.Məmmədli pensiyasının yenidən hesablanmasına dair
iddia tələbini 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə deyil,
məhz qeyd olunan əlavələrin qüvvəyə mindiyi andan, yəni 2019-cu il
sentyabrın 1-dən hesablanmasını tələb etməkdə haqlı olardı.
İnzibati məhkəmə
icraatını mülki məhkəmə icraatından fərqləndirən əsas xüsusiyyətlərdən biri
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan
sonra – İnzibati Prosessual Məcəllə) 13-cü maddəsində nəzərdə tutulan
məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən, məhkəmə qaldırılan
iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan
iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri
ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də
işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət
kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə
borcludur.
Həmin Məcəllənin
54.1-ci maddəsinə görə, məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab
etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini
dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.
Bununla yanaşı,
hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması
ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu
vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə
əməl etməlidir (“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə
Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 6 yanvar tarixli Qərarı).
Beləliklə, Ali
Məhkəmənin İnzibati Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən
prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, İnzibati
Prosessual Məcəllənin 91 və 96.10-cu maddələrinin tələblərinə cavab verməyən
qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 38-ci
maddəsinin I və III hissələrində və 60-cı maddəsinin I hissəsində təsbit
olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ş.Məmmədlinin Fondun İsmayıllı rayon şöbəsinə qarşı
pensiyasının yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə,
bu zaman hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə
edilərək, vəzifə maaşının 15 faizi
miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə alınmaqla hesablanması
öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Ali
Məhkəmənin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı
cavabdehin kassasiya şikayətinin təmin edilməsi hissəsində Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96.10-cu
maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı həmin hissədə
icra edilməməli və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi
mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Ş.Məmmədlinin
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı pensiyasının
yenidən 1 may 2018-ci il tarixinə kimi olan hesablama qaydası ilə, bu zaman hər
ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək,
vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə
alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair
iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24
fevral 2021-ci il tarixli qərarı cavabdehin kassasiya şikayətinin təmin
edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin
I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və
96.10-cu maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı həmin
hissədə icra edilməsin və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi
mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc
olunduğu gündən qüvvəyə minir.
3. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
4. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr
Fərhad Abdullayev
Ş.Məmmədlinin
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının
24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul
2022-ci il tarixli Qərarından hakim K.Şəfiyevin
XÜSUSİ RƏYİ
Konstitusiya
Məhkəməsinin Plenumun Qərarına hörmətlə yanaşaraq aşağıdakı mövqeyimi
bildirirəm.
İşin məhkəmələr
tərəfindən müəyyən edilmiş hallarından görünür ki, DSMF-nun İsmayıllı rayon
şöbənin 30 yanvar 2009-cu il tarixli 2321 nömrəli qərarı ilə Ş.Məmmədliyə 1
dekabr 2008-ci il tarixindən «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4-cı
maddəsinə uyğun olaraq sabiq hakim kimi əlilliyə görə pensiya təyin olunmuşdur.
«Məhkəmələr və
hakimlər haqqında Azərbaycan Respublikası qanununa əlavə və dəyişiklər edilməsi
barədə» 8 oktyabr 2010 il tarixli qanuna əsasən birinci instansiya
məhkəmələrinin hakimkərinə vəzifə maaşının 15 faizi miqdarında əlavə olunmuş
aylıq pul təminatını müəyyən edilmişdir.
İsmayılı rayon
məhkəməsinin 18 noyabr 2014-ci il tarixli qətnaməsi ilə birinci instansiya
məhkəmələrinin hakimkərinə vəzifə maaşının 15 faizi miqdarında əlavə olunmuş
aylıq pul təminatının Ş.Məmmədliyə şamil edilməsi qət edilmişdir.
«Məhkəmələr və
hakimlər haqqında Azərbaycan Respublikası qanununa dəyişiklər edilməsi
barədə» 12 iyul 2019-cu il tarixli qanuna əsasən birinci instansiya
məhkəmələrinin hakimkərinə vəzifə maaşının 25 faizi miqdarında əlavə olunmuş
aylıq pul təminatını müəyyən edilmişdir.
Ş.Məmmədli
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə (bundan sonra - Fondun
İsmayıllı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
pensiyanın yenidən 1 may 2018-ci il tarixə kimi olan hesablama qaydası ilə, bu
zaman hakimlərə hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa
əlavə edilərək vəzifə maaşının 15 faizi miqdarına verilmiş pul təminatının 25
faizdən nəzərə alınmaqla hesablanması və ona ödənilməli olan məbləğin (hüquq
yarandığı gündən) birdəfəlik hesabına keçirilməsi vəzifəsinin cavabdehin
üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir.
Ali Məhkəmənin
İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya
instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində, yəni
vəzifə maaşının 15 faizi miqdarında verilmiş pul təminatının 25 faizdən nəzərə
alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv
edilmişdir.
Konstitusiya Məhkəməsinin
formalaşdırdığı hüquqi mövqeyinə görə,“Əmək pensiyaları haqqında” Qanunun 20-ci
maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin
vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət
məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə
tutur. Bu baxımdan şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra
yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə
almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən
artımlar nəzərə alına bilməz (“Əmək pensiyaları haqqında’’ Azərbaycan
Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh
edilməsinə dair” Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il
15 may tarixli Qərarı).
Beləliklə, «Məhkəmələr və hakimlər
haqqında» Qanunun 106-cı maddəsinin birinci hissəsinə əlavə olunmuş və
bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsini nəzərdə
tutan müddəa 2019-cu il 1 senyabr tarixədək vəzifədə olan və bu əlavəni almamış
hakimlərə şamil edilə bilməz. Bu müddəa pensiya hüququ olan hakimin məhz
vaxtilə müvafiq vəzifədə aldığı vəzifə maaşının tərkibinə daxil olmuş və
verilmiş əlavə haqq və ya pul təminatını nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun 6 iyun 2022-ci il tarixli qərarında qeyd edilir
ki, (“Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1,
1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Respublikası
Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli Qərar qanuni
qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Bu
o deməkdir ki, hakimlərə vəzifə maaşının 15 faizi miqdarında əlavə
olunmuş aylıq pul təminatının Ş.Məmmədliyə şamil edilməsi barədə İsmayılı rayon
məhkəməsinin 18 noyabr 2014-ci il tarixli qətnaməsi öz qüvvəsini
saxlayır. Həmin məhkəmə qərarı ilə müəyyən edilmiş pensiya Ş.Məmmədli
tərəfindən alınması davam edilir. Yəni “Əmək pensiyaları haqqında’’ Azərbaycan
Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh
edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli
Qərarı Ş.Məmmədlinin aldığı pensiyaya hec bir mənfi təsir göstərmir.
Lakin bu hec də o demək deyil ki
sonrakı artımlar (vəzifə maaşı miqdarında əlavə olunmuş aylıq pul təminatının
15 faizinin 25 faizi ilə əvəz edilməsi) Ş.Məmmədliyə şamil edilməlidir. “Əmək
pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və
20.14-cü maddələrinin şərh edilməsinə dair” Respublikası Konstitusiya
Məhkəməsinin Plenumunun 2020-ci il 15 may tarixli Qərarında formalaşdırılmış
hüquqi mövqeyə görə “Əmək pensiyaları haqqında” Qanununun 20-ci maddəsində
göstərilən “sonrakı artımlar” ifadəsi pensiya hüququ olan şəxsin vaxtilə
müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin
tərkibinə daxil olmuş vəzifə maaşında və ödənilmiş əlavələrdə sonradan baş
verən artımları nəzərdə tutur.
Əks yanaşma “Əmək pensiyaları
haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü
maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci
il 15 may tarixli Qərarında əks olunmuş hüquqi mövqeylərə kifayət qədər uyğun
görünmür.
Hakim Kamran Şəfiyev