AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
S.Eyvazovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
10 iyun 2022-ci
il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında S.Eyvazovun şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun
2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya
işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
S.Eyvazov xüsusi icraat qaydasında
ərizə ilə məhkəməyə müraciət edərək, 14 mart 1977-ci ildən 1990-cı ilin
iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və
Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində dülgər, sonradan betonçu
işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul
edilməsini xahiş etmişdir.
Siyəzən Rayon Məhkəməsinin 1 aprel
2019-cu il tarixli qətnaməsi ilə S.Eyvazovun ərizəsi təmin edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyasının 3 dekabr 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin (bundan sonra –
Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi) apellyasiya
şikayəti təmin edilmiş və S.Eyvazovun hüquqi əhəmiyyəti olan
faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmamışdır.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali
Məhkəmənin Mülki Kollegiyası) 24 iyun 2020-ci il tarixli qərarı
ilə ərizəçinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
S.Eyvazov Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə
müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra –
Konstitusiya) və qanunlarına uyğun olmayan hesab olunması barədə qərar
qəbul edilməsini xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır
ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417
və 418-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçinin
Konstitusiyanın 60 və 71-ci maddələrində təsbit edilmiş hüquq və
azadlıqların inzibati və məhkəmə təminatı, insan və vətəndaş hüquq və
azadlıqlarının təminatı hüquqları pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu
şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 26-cı maddəsinə və
60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul
və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər
kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
verilir.
Məhkəmələrdə müraciətlərə
(ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual
Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit
edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə
məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan
Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi
aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
Həmin Məcəllənin 4.1-ci maddəsinə
uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və
azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla
müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna
malikdirlər.
Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh
edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki,
mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında
yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir.
Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən
hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq
edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə
baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır.
Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki
işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü
şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi
icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur.
Xüsusi icraat qaydasında baxılan
işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir.
Belə ki, məhkəmə fiziki və hüquqi
şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam
verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən
edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər
faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır
(Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri).
Qeyd olunmalıdır ki, hüquqi
əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar
və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə
rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş
haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi
faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün
olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir.
Hüquqi əhəmiyyəti olan faktlar o
halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar
hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak
hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi
həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud
itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin
şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə
bilər.
Prosessual qanunvericilikdə təsbit
edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini
tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu
qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:
- həmin faktın qanuna əsasən hüquqi
nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi);
- həmin faktları təsdiq edən lazımi
sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin
bərpasının mümkün olmaması (308-ci
maddə);
- hüquq haqqında mübahisənin
olmaması (306.4-cü maddə).
Sadalanan şərtlərdən hər hansı
birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir.
Hüquqi əhəmiyyəti olan faktları
təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların
müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə
mövcud olmamasını nəzərdə tutur.
Mülki Prosessual Məcəllənin 310.1-ci
maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən
edilməsi haqqında ərizədə həmin faktın
müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli
və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş
sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında
sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi,
faktın qeydiyyatının mövcud olmaması və s).
Qeyd edilməlidir ki, xüsusi icraat
işlərinə mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş
xüsusiyyətlər nəzərə alınmaqla, məhkəmələr tərəfindən iddia icraatı qaydasında
baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi).
Belə ki, hakim hazırlıq mərhələsində
hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid
olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun
mümkünlüyünü aydınlaşdırmalı, həmin ərizənin nə məqsəd üçün
verilməsini yoxlamalı, hüquqmüəyyənedici sənədlərin alına bilməməsini və ya
onların bərpasının mümkün olmamasını, eyni zamanda hüquqi əhəmiyyəti olan faktı
təsdiq edən sübutların təqdim edilməsini ərizəçiyə təklif etməlidir.
Bu kateqoriyadan olan işlərə baxılarkən
məhkəmələr tərəfindən maraqlı şəxslərin dairəsinin müəyyən edilərək onların işə
cəlb edilməsi xüsusilə vacibdir.
O da qeyd olunmalıdır ki, xüsusi
icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin
olduğu müəyyən edilərsə (digər şəxsin (şəxslərin) həmin predmetə dair
hüquqlarının olması və s.), hakim ərizənin baxılmamış saxlanılması haqqında
qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək
hüququnu izah edir (Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü
maddələri).
Mülki işin məhkəmələr tərəfindən
müəyyən edilmiş hallarından görünür ki, “28 May” kolxozunun inzibati binasında
baş vermiş yanğın zamanı S.Eyvazova məxsus əmək kitabçası məhv olmuşdur.
Yanğının baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən rayon Yanğından Mühafizə Hissəsi
tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli arayışla təsdiq olunur.
S.Eyvazovun iş stajının müəyyən
edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciəti isə müsbət həll olunmamışdır.
Belə ki, Siyəzən rayon dövlət arxivinin 20 fevral 2019-cu il tarixli arayışında
göstərilmişdir ki, S.Eyvazovun işlədiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı
Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexi
tərəfindən dövlət arxivinə sənədlərin təhvil verilməməsi səbəbindən iş stajı
barədə ona məlumat təqdim edilməsi mümkün olmamışdır.
Odur ki, S.Eyvazov əmək fəaliyyətini
təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud olmadığına görə, 14 mart
1977-ci ildən 1990-cı ilin iyul ayına kimi qeyd olunan sexdə işləməsi
barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə
müraciət etmişdir.
Siyəzən Rayon Məhkəməsinin 1 aprel
2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.
Həmin qətnamədən Dövlət
Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən verilmiş apellyasiya
şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktın
müəyyən edilməsinə baxmayaraq, S.Eyvazov qanunvericiliklə pensiya təyin
edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajını əldə etməmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin
Mülki Kollegiyası isə faktın müəyyən olunmasına dair ərizənin təmin edilməməsi
barədə qərar qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,
S.Eyvazov hüquqi əhəmiyyətli faktların başqa qaydada təsdiq edilməsinin
mümkünsüzlüyü barədə tutarlı sübutları məhkəməyə təqdim etməmişdir.
Bununla əlaqədar qeyd edilməlidir
ki, birinci instansiya məhkəməsi şahid ifadələri və ərizəçinin təqdim
etdiyi sənədlərə hüquqi qiymət verərək, Siyəzən rayon dövlət arxivinin 20
fevral 2019-cu il tarixli arayışını hüquqi əhəmiyyəti olan faktın başqa qaydada
təsdiq edilməsinin mümkün olmamasını təsdiqləyən sübut kimi qəbul
etmişdir. Bundan fərqli olaraq apellyasiya instansiyası məhkəməsi həmin
sübutları qəbul etməmiş və mülki prosessual qanunvericiliyin tələblərinə zidd
olaraq həmin sübutları qəbul etməməsinin səbəbini
əsaslandırmamışdır.
Göstərilənlərlə əlaqədar
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab
edir ki, mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən
edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr
tərəfindən iddia icraatı qaydasında baxılır.
Hüquqi faktın müəyyən edilməsi ilə
əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin
müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların
hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə
aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu
baxımından xüsusilə vacibdir.
Belə ki, Mülki Prosessual
Məcəllənin 80-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin
gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar
işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
Yəni, məhkəmə ərizəçinin tələbini
təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə
müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunub-olunmaması nəticəsinə
gəlməlidir.
Mülki prosessual
qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz,
hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq
normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün
qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və
əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq
olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri).
Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və
əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə
qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual
qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə
hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır.
Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri
ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya
rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük
verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət
kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya
Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı).
Hazırkı iş üzrə apellyasiya
instansiyası məhkəməsi isə maraqlı şəxsin tələbin predmetindən
kənara çıxan şikayəti əsasında işə baxaraq bütün halları
aydınlaşdırmadan, ərizəçinin təqdim etdiyi sübutlara hüquqi qiymət
vermədən, hüquqi əhəmiyyəti olan faktların başqa qaydada təsdiq
edilməsinin mümkünsüzlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi
barədə nəticəyə gəlmişdir.
Halbuki, Konstitusiya
Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmə
tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv
tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz,
hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq
qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və
əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (A.Şoşanovun
şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il
16 noyabr tarixli Qərarlar).
Ali Məhkəmənin Mülki Kollegiyası
isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə
razılaşmış, onu da göstərmişdir ki, hüquqi əhəmiyyəti olan faktın
təsdiq edilməsi S.Eyvazovun pensiya təyin edilməsi üçün tələb olunan 25 illik
sosial sığorta stajına malik olması üçün kifayət etmir.
Bununla bağlı Konstitusiya
Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir
ki, xüsusi icraat qaydasında ərizəçinin hər hansı müəssisə, idarə və ya
təşkilatda işləyib-işləməməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilərkən,
eyni zamanda ərizəçinin pensiya hüququna malik olub-olmaması məsələsinə hüquqi
qiymət verilməsi istisna edilir. Belə ki, ərizəçinin hər hansı
müəssisədə işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair məhkəmə
qətnaməsi onun pensiya hüququnun əldə edilməsi üçün kifayət edən əmək (sosial)
stajının olub-olmaması məsələsinin həll edilməsini ehtiva etmir. Belə yanaşma
xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən Mülki
Prosessual Məcəllənin müvafiq normalarından irəli gəlir.
Beləliklə, hüquqi əhəmiyyəti olan
faktın müəyyən edilməsi üzrə aparılan məhkəmə araşdırılması zamanı həmin faktın
təsdiq edildiyi təqdirdə belə, ərizəçinin əmək pensiyasını əldə etməsi üçün hər
hansı hüquqi əsasın yaranmaması barədə kassasiya instansiyası məhkəməsinin
gəldiyi nəticə faktiki olaraq xüsusi icraat qaydasında baxılan işin predmetini
dəyişmiş və bununla da mülki prosesin təməl prinsipi olan dispozitivlik
prinsipi ilə uzlaşmayan prosessual pozuntuya yol verilmişdir.
Mülki Prosessual Məcəllənin 372.7-ci
maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına
riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.1-ci maddəsinə müvafiq olaraq,
prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki,
bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə
səbəb olsun.
Kassasiya instansiyası məhkəməsinin
əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini
müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu
məhkəmə işə şikayət həddində baxır və kassasiya şikayətində irəli
sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1 və
418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və
ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi
üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası
məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud
qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Göründüyü kimi, Ali Məhkəmənin Mülki
Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq
normalarının pozulmasına, ərizəçinin təqdim etdiyi sübutların heç bir əsas
göstərilmədən qəbul edilməməsinə lazımi diqqət yetirməmiş,
hətta qərarın əsaslandırıcı hissəsində maraqlı şəxsin dəlillərinə istinad
edərək xüsusi icraat qaydasında baxılan işin predmetini
dəyişmiş, bununla da dispozitivlik prinsipi ilə uzlaşmayan prosessual pozuntuya
yol vermişdir.
Beləliklə, Ali Məhkəmənin Mülki
Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 dekabr
2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual
Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan qərar
qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit
edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.
Yuxarıda göstərilənləri nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.Eyvazovun 14 mart
1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Kommunal Təsərrüfatı Nazirliyinin
İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi
barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə
Ali Məhkəmənin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı
Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1 və
418.3-cü maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra
edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər
tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. S.Eyvazovun 14 mart 1977-ci
ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı
Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində
işləməsi barədə hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci
il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı
maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1
və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra
edilməsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən
qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının
rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev