Qərarlar

10.06.22 S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

10 iyun 2022-ci il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

S.Eyvazov xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində dülgər, sonradan betonçu işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Siyəzən Rayon Məhkəməsinin 1 aprel 2019-cu il tarixli qətnaməsi ilə S.Eyvazovun ərizəsi təmin edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 dekabr 2019-cu il tarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinin (bundan sonra – Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi) apellyasiya şikayəti təmin edilmiş və S.Eyvazovun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmamışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 24 iyun 2020-ci il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

S.Eyvazov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60 və 71-ci maddələrində təsbit edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 26-cı maddəsinə və 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmələrdə müraciətlərə (ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

Həmin Məcəllənin 4.1-ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur.

Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir.

Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddələri).

Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir.

Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər.

Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:

- həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi);

- həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə);

- hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə).

Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir.

Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur.

Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). 

Qeyd edilməlidir ki, xüsusi icraat işlərinə mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsi).

Belə ki, hakim hazırlıq mərhələsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mümkünlüyünü aydınlaşdırmalı, həmin ərizənin  nə məqsəd üçün verilməsini yoxlamalı, hüquqmüəyyənedici sənədlərin alına bilməməsini və ya onların bərpasının mümkün olmamasını, eyni zamanda hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sübutların təqdim edilməsini ərizəçiyə təklif etməlidir.

Bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən maraqlı şəxslərin dairəsinin müəyyən edilərək onların işə cəlb edilməsi xüsusilə vacibdir.

O da qeyd olunmalıdır ki, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə (digər şəxsin (şəxslərin) həmin predmetə dair hüquqlarının olması və s.), hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir (Mülki Prosessual Məcəllənin 259.0.10 və 306.4-cü maddələri).

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “28 May” kolxozunun inzibati binasında baş vermiş yanğın zamanı S.Eyvazova məxsus əmək kitabçası məhv olmuşdur. Yanğının baş verməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən rayon Yanğından Mühafizə Hissəsi tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli arayışla təsdiq olunur.

S.Eyvazovun iş stajının müəyyən edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciəti isə müsbət həll olunmamışdır. Belə ki, Siyəzən rayon dövlət arxivinin 20 fevral 2019-cu il tarixli arayışında göstərilmişdir ki, S.Eyvazovun işlədiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexi tərəfindən dövlət arxivinə sənədlərin təhvil verilməməsi səbəbindən iş stajı barədə ona məlumat təqdim edilməsi mümkün olmamışdır.

Odur ki, S.Eyvazov əmək fəaliyyətini təsdiq edən hüquqmüəyyənedici sənəd mövcud olmadığına görə, 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi qeyd olunan sexdə işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir.

Siyəzən Rayon Məhkəməsinin 1 aprel 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.

Həmin qətnamədən Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə baxmayaraq, S.Eyvazov qanunvericiliklə pensiya təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajını əldə etməmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə faktın müəyyən olunmasına dair ərizənin təmin edilməməsi barədə qərar qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, S.Eyvazov hüquqi əhəmiyyətli faktların başqa qaydada təsdiq edilməsinin mümkünsüzlüyü barədə tutarlı sübutları məhkəməyə təqdim etməmişdir.

Bununla əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi şahid ifadələri və ərizəçinin təqdim etdiyi sənədlərə hüquqi qiymət verərək, Siyəzən rayon dövlət arxivinin 20 fevral 2019-cu il tarixli arayışını hüquqi əhəmiyyəti olan faktın başqa qaydada təsdiq edilməsinin mümkün olmamasını təsdiqləyən sübut kimi qəbul etmişdir. Bundan fərqli olaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutları qəbul etməmiş və mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq həmin sübutları qəbul etməməsinin səbəbini əsaslandırmamışdır.  

Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, xüsusi icraat işlərinə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılır.

Hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir.

Belə ki, Mülki Prosessual Məcəllənin 80-cı maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

Yəni, məhkəmə ərizəçinin tələbini təsdiqləyən faktlar və hallara, yazılı və maddi sübutlara, şahid ifadələrinə müvafiq hüquqi qiymət verərək ərizənin təmin olunub-olunmaması nəticəsinə gəlməlidir.

Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü  maddələri).

Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin  prinsiplərinə və  qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı).

Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi isə maraqlı şəxsin tələbin predmetindən kənara çıxan şikayəti əsasında işə baxaraq bütün halları aydınlaşdırmadan, ərizəçinin təqdim etdiyi sübutlara hüquqi qiymət vermədən, hüquqi əhəmiyyəti olan faktların başqa qaydada təsdiq edilməsinin mümkünsüzlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir.

Halbuki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlar).

Ali Məhkəmənin Mülki Kollegiyası isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, onu da  göstərmişdir ki, hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi S.Eyvazovun pensiya təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik olması üçün kifayət etmir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, xüsusi icraat qaydasında ərizəçinin hər hansı müəssisə, idarə və ya təşkilatda işləyib-işləməməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilərkən, eyni zamanda ərizəçinin pensiya hüququna malik olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi istisna edilir. Belə ki, ərizəçinin hər hansı müəssisədə işləməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair məhkəmə qətnaməsi onun pensiya hüququnun əldə edilməsi üçün kifayət edən əmək (sosial) stajının olub-olmaması məsələsinin həll edilməsini ehtiva etmir. Belə yanaşma xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən Mülki Prosessual Məcəllənin müvafiq normalarından irəli gəlir.

Beləliklə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üzrə aparılan məhkəmə araşdırılması zamanı həmin faktın təsdiq edildiyi təqdirdə belə, ərizəçinin əmək pensiyasını əldə etməsi üçün hər hansı hüquqi əsasın yaranmaması barədə kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə faktiki olaraq xüsusi icraat qaydasında baxılan işin predmetini dəyişmiş və bununla da mülki prosesin təməl prinsipi olan dispozitivlik prinsipi ilə uzlaşmayan prosessual pozuntuya yol verilmişdir.

Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.1-ci maddəsinə müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu,  düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu məhkəmə  işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına, ərizəçinin təqdim etdiyi sübutların heç bir əsas göstərilmədən qəbul edilməməsinə lazımi diqqət yetirməmiş, hətta qərarın əsaslandırıcı hissəsində maraqlı şəxsin dəlillərinə istinad edərək xüsusi icraat qaydasında baxılan işin predmetini dəyişmiş, bununla da dispozitivlik prinsipi ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir.

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 dekabr 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan qərar qəbul etmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, S.Eyvazovun 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  S.Eyvazovun 14 mart 1977-ci ildən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə İdarəsinin Siyəzən istehsalat sexində işləməsi barədə hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

 Sədr                                                                                          Fərhad Abdullayev