AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair
11 fevral 2022-ci
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və
Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Balakən Rayon Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı
subyektlərin nümayəndələri Balakən Rayon Məhkəməsinin hakimi
Z.Tahirov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi
qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Bakı
Apellyasiya Məhkəməsinin hakimi R.Həsənovun, Azərbaycan Respublikası Mərkəzi
Bankının baş direktoru R.Orucovun və Azərbaycan Banklar Assosiasiyasının
prezidenti Z.Nuriyevin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Balakən Rayon Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –
Mülki Məcəllə) 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
(bundan sonra – “İpoteka haqqında” Qanun) 48.1.2-ci maddələrinin əlaqəli şəkildə
şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, “Texnikabank” Açıq
Səhmdar Cəmiyyətinin (bundan sonra – “Texnikabank” ASC) Zaqatala Regional
filialı ilə Q.Arkişiyev arasında bağlanmış 14 may 2013-cü il tarixli kredit
müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 11 000
manat məbləğində kredit verilmişdir.
Həmin kredit müqaviləsi üzrə öhdəliklərin
icrasının təminatı olaraq X.Arkişiyevaya məxsus Balakən şəhəri Qafqaz küçəsi
ev 10 ünvanında yerləşən fərdi yaşayış evi 14 may 2013-cü il
tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.
Q.Arkişiyev tərəfindən kredit müqaviləsi
üzrə borcun banka qaytarılması təmin edilməmişdir.
Bu səbəbdən kreditor “Texnikabank” ASC-nin
Ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu Q.Arkişiyevə,
X.Arkişiyevaya və digərlərinə qarşı 15,998,84 manat kredit borcunun
qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə
dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Q.Arkişiyev və X.Arkişiyeva isə Mülki
Məcəllənin 375.2-ci maddəsinə istinadən Balakən Rayon Məhkəməsinə müraciət
edib “Texnikabank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması
Fondunun onlara qarşı qaldırdığı iddia üzrə iddia müddətinin keçdiyini
bildirərək iddianın təmin olunmaması, ipoteka predmeti olan X.Arkişiyevaya məxsus
fərdi yaşayış evinin girovdan (ipotekadan) azad olunması barədə qətnamə qəbul
ediliməsini xahiş etmişlər.
Balakən Rayon Məhkəməsi tərəfindən işə baxılarkən
əsas öhdəlik üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddia rədd edilərkən əsas
öhdəliyin təminatı olaraq yaranmış ipotekaya xitam verilib-verilməməsi məsələsi
ilə bağlı məhkəmə təcrübəsində qeyri-müəyyənliyin və ikili yanaşmanın olduğu müəyyən
edilmişdir. Mövcud yanaşmalardan birinə görə, Mülki Məcəllənin
375.2-ci maddəsi tətbiq edilərək iddia müddətinin keçməsi ilə bağlı iddia rədd
edilərkən, tələb tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin
edilməməli və ipotekaya xitam verilməlidir. Bu mövqe tərəfdarlarının qənaətinə
görə, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün
bağlandığından, əsas öhdəlik üzrə tələb iddia müddətinin keçməsi səbəbindən təmin
edilmədikdə ipotekaya dair tələb də təmin edilə bilməz. Odur ki, ipotekaya
xitam verilməli və ipoteka predmeti yüklülükdən azad edilməlidir.
Digər yanaşmaya görə, ipoteka öhdəliyi əsas öhdəliklə
bağlı əlavə öhdəlik sayılır. Yalnız borc öhdəliyinin aradan qalxması halında əşya
ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. Borc müqaviləsi
üzrə iddia müddətinin keçməsi isə həmin müqavilə üzrə yaranmış öhdəliyi aradan
qaldırmır. Vahid məhkəmə təcrübəsi məhz “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin
tələbləri baxımından formalaşdırılmalıdır.
Belə ki, “İpoteka haqqında” Qanunun 48.1-ci
maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir:
- ipoteka saxlayan və ipoteka qoyan
bu barədə razılığa gəldikdə;
- əsas öhdəliyə xitam verildikdə;
- tutmanın yönəldilməsi nəticəsində ipoteka
predmeti satıldıqda;
- ipoteka predmeti məhv olduqda;
- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Göründüyü kimi, qanunverici borc müqaviləsi üzrə
iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir.
Göstərilənlərə əsasən müraciətedən iddia müddətinin
keçməsi ilə əlaqədar ipotekaya xitam verilib-verilməməsi məsələsi ilə bağlı məhkəmə
təcrübəsində ikili yanaşmalara son qoyulması, mülki məhkəmə icraatının səmərəliliyinin
təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə
Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, müraciətin əsasını təşkil edən məsələ iddia müddətinin keçməsi ilə əlaqədar
əsas öhdəlik üzrə tələb rədd edildiyi halda, əsas öhdəliyin təmini vasitəsi
olaraq bağlanmış ipoteka müqaviləsinə xitam verilib-verilməməsi ilə bağlı
olduğundan, ilk növbədə, iddia müddəti institutunun mahiyyətinə,
qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya
aydınlıq gətirilməlidir.
Mülki Məcəllənin 372-ci maddəsinə əsasən,
başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi
tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə
hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
Göründüyü kimi, iddia müddəti institutu tələb
haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının
məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi)
imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur.
Konstitusiya Məhkəməsi Plenumunun
formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin,
hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını
intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni
maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi
daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin
olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və
saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin
qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin
ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini
əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını
vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci
il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və
384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
İddia müddətinin məqsədi ilə bağlı İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu
il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan
iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri
vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra
qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən
azad edir.
Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin
aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə
kreditorun tələb hüququnu aradan qaldırmır.
Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin
iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr
yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən
hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər
göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə
borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci
maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər
hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə
tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır.
Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul
edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı
çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq
edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan
imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və
375.2-ci maddələri).
İddia müddətinin keçməsi özlüyündə öhdəliyin
xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu
və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra
etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini
geri tələb edə bilməz.
Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi
Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında
formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və
iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən
yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb
etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən
asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə
iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi
ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia
müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən
iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə
iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik
olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını
araşdırmalıdır.
İddia müddətinin keçməsi tələb hüququnun özünün
deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata
keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi
Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).
Beləliklə, iddia müddəti hüquqi təyinat və
mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan
qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş
mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının
pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər
daxilində təminat verir.
Əsas öhdəlik üzrə iddia müddətinin keçməsi səbəbindən
onun məcburi qaydada yerinə yetirilməsi ilə bağlı məhkəmədə irəli sürülmüş tələbin
təmin edilməsinin qeyri-mümkünlüyü halında, əsas öhdəliyin təminatı vasitəsi
olan girov və ya ipotekanın hüquqi müqəddəratı ilə bağlı müraciətdə qaldırılan
məsələyə aydınlıq gətirilməsi üçün bu institutların da mahiyyətinə nəzər
yetirilməlidir.
Girov və ipoteka institutunun əsas təyinatı
ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə
kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü
edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən
üstünlük hüququna malik olur.
Mülki Məcəllənin 269-cu maddəsində girov və
ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov və ipoteka
hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni
zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin
icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından
ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan
başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş
hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara,
habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır
(Mülki Məcəllənin 269.1-269.4-cü maddələri).
Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov
saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya
borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə
və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin
icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət
qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka
hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında”
Qanunla tənzimlənir.
İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka
müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək
məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət
hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka
saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü
edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat
almaq hüququ əldə edir.
“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə
müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin
icrasını təmin etmək məqsədilə bağlanır.
Həmin Qanunun 48-ci maddəsində ipotekanın
xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı
müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin
xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka
haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi
olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz.
Lakin o da nəzərə alınmalıdır ki, ipoteka
(girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat
altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır.
Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor
ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına
pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka
(girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ
olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri)
bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi
tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan,
ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır.
Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas
tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama,
zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb
üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün
olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi
istisna edilmişdir.
Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil
deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə
qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi
tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka
üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş
olur.
Bununla yanaşı o da göstərilməlidir ki, girov
(ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ
olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə
dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları
tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ -
mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik,
girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan
istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin
irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya
hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul
edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası
Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin
II hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb
üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə
bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam
edir.
Müraciətdə qaldırılan məsələ ilə bağlı
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra ölkələrin təcrübəsini araşdırmış və
müəyyən etmişdir ki, bəzi ölkələrin qanunvericiliyində ipoteka üzrə tələbə
iddia müddətinin şamil edilmədiyini nəzərdə tutan xüsusi norma nəzərdə
tutulmuşdur (Türkiyə Respublikası, İsveçrə Konfederasiyası və s.).
Mülki dövriyyənin davamlılığının,
qanunvericiliyin müəyyənliyinin təmin edilməsi və əşya hüququna malik olan
subyektlərin hüquqlarının təminatı məqsədi ilə gələcəkdə belə tənzimetmənin ölkəmizdə
də qanunverici tərəfindən tətbiqi nəzərə alına bilər.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin 376-cı maddəsinə əsasən,
həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə
iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş
hesab edilir;
- Mülki Məcəllənin 269-cu maddəsinə uyğun
olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ
olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və
ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi
nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də
iddia müddəti keçmiş hesab edilir.
2. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka
hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb
üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin
yüklülükdən azad olmasına səbəb olmur.
3. Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
4. Qərar Azərbaycan Respublikasının
rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev