Qərarlar

11.02.22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

11 fevral 2022-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Balakən Rayon Məhkəməsinin müraciəti əsasında  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi R.Həsənovun, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru R.Orucovun və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Texnikabank” ASC) Zaqatala Regional filialı ilə Q.Arkişiyev arasında bağlanmış 14 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 11 000 manat məbləğində kredit verilmişdir.

Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq X.Arkişiyevaya məxsus Balakən şəhəri Qafqaz küçəsi ev 10 ünvanında yerləşən fərdi yaşayış evi 14 may 2013-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir.

 Q.Arkişiyev tərəfindən kredit müqaviləsi üzrə borcun banka qaytarılması təmin edilməmişdir.

Bu səbəbdən kreditor “Texnikabank” ASC-nin Ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu Q.Arkişiyevə, X.Arkişiyevaya və digərlərinə qarşı 15,998,84 manat kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Q.Arkişiyev və X.Arkişiyeva isə Mülki Məcəllənin 375.2-ci maddəsinə istinadən Balakən Rayon Məhkəməsinə müraciət edib “Texnikabank” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun onlara qarşı qaldırdığı iddia üzrə iddia müddətinin keçdiyini bildirərək iddianın təmin olunmaması, ipoteka predmeti olan X.Arkişiyevaya məxsus fərdi yaşayış evinin girovdan (ipotekadan) azad olunması barədə qətnamə qəbul ediliməsini xahiş etmişlər.

Balakən Rayon Məhkəməsi tərəfindən işə baxılarkən əsas öhdəlik üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddia rədd edilərkən əsas öhdəliyin təminatı olaraq yaranmış ipotekaya xitam verilib-verilməməsi məsələsi ilə bağlı məhkəmə təcrübəsində qeyri-müəyyənliyin və ikili yanaşmanın olduğu müəyyən edilmişdir. Mövcud yanaşmalardan birinə görə, Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək iddia müddətinin keçməsi ilə bağlı iddia rədd edilərkən, tələb tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməməli və ipotekaya xitam verilməlidir. Bu mövqe tərəfdarlarının qənaətinə görə, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün bağlandığından, əsas öhdəlik üzrə tələb iddia müddətinin keçməsi səbəbindən təmin edilmədikdə ipotekaya dair tələb də təmin edilə bilməz. Odur ki, ipotekaya xitam verilməli və ipoteka predmeti yüklülükdən azad edilməlidir.

Digər yanaşmaya görə, ipoteka öhdəliyi əsas öhdəliklə bağlı əlavə öhdəlik sayılır. Yalnız borc öhdəliyinin aradan qalxması halında əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. Borc müqaviləsi üzrə iddia müddətinin keçməsi isə həmin müqavilə üzrə yaranmış öhdəliyi aradan qaldırmır. Vahid məhkəmə təcrübəsi məhz “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin tələbləri baxımından formalaşdırılmalıdır.

Belə ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir:

-  ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;

- əsas öhdəliyə xitam verildikdə;

- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;

- ipoteka predmeti məhv olduqda;

- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Göründüyü kimi, qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir.

Göstərilənlərə əsasən müraciətedən iddia müddətinin keçməsi ilə əlaqədar ipotekaya xitam verilib-verilməməsi məsələsi ilə bağlı məhkəmə təcrübəsində ikili yanaşmalara son qoyulması, mülki məhkəmə icraatının səmərəliliyinin təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətin əsasını təşkil edən məsələ iddia müddətinin keçməsi ilə əlaqədar əsas öhdəlik üzrə tələb rədd edildiyi halda, əsas öhdəliyin təmini vasitəsi olaraq bağlanmış ipoteka müqaviləsinə xitam verilib-verilməməsi ilə bağlı olduğundan, ilk növbədə, iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirilməlidir.

Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi  Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.        

Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır.

Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).

İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).

Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. 

Əsas öhdəlik üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi qaydada yerinə yetirilməsi ilə bağlı məhkəmədə irəli sürülmüş tələbin təmin edilməsinin qeyri-mümkünlüyü halında, əsas öhdəliyin təminatı vasitəsi olan girov və ya ipotekanın hüquqi müqəddəratı ilə bağlı müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün bu institutların da mahiyyətinə nəzər yetirilməlidir.

Girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur.

Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.  Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (Mülki Məcəllənin 269.1-269.4-cü maddələri).

Mülki Məcəllənin 295-ci maddəsinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir.

İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir.

“İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.

Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz.

Lakin o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır.

Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir.

Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.               

Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin II hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.  

Müraciətdə qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir sıra ölkələrin təcrübəsini araşdırmış və müəyyən etmişdir ki, bəzi ölkələrin qanunvericiliyində ipoteka üzrə tələbə iddia müddətinin şamil edilmədiyini nəzərdə tutan xüsusi norma nəzərdə tutulmuşdur (Türkiyə Respublikası, İsveçrə Konfederasiyası və s.).

Mülki dövriyyənin davamlılığının, qanunvericiliyin müəyyənliyinin təmin edilməsi və əşya hüququna malik olan subyektlərin hüquqlarının təminatı məqsədi ilə gələcəkdə belə tənzimetmənin ölkəmizdə də qanunverici tərəfindən tətbiqi nəzərə alına bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir;

- Mülki Məcəllənin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir.

2.  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.  Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                          Fərhad Abdullayev