Decisions

31.01.22 R.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

R.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin

Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

31 yanvar 2022-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında R.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“NİKOYL” İnvestisiya Kommersiya Bankı (bundan sonra –  “NİKOYL” İKB) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər R.Bayramov, R.Hüseynov və R.Məmmədovdan müştərək qaydada 16 556 ABŞ dolları əsas borc, 4 029 ABŞ dolları faiz borc və gecikdirməyə görə 4 967 ABŞ dolları olmaqla, cəmi 25 552 ABŞ dolları məbləğində borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.  

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən birgə qaydada 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 16 556 ABŞ dolları əsas borc, 2 233,32 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları dəbbə pulu, cəmi 18 989,32 ABŞ dollarının tutularaq “NİKOYL” İKB-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli  qətnaməsi ilə R.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi R.Məmmədova münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 24 sentyabr 2020-ci il tarixli qərarı ilə  R.Məmmədovun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

R.Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdə qeyd olunmuşdur ki, “NİKOYL” İKB ilə R.Bayramov arasında 19 dekabr 2014-cü il tarixində kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda “NİKOYL” İKB ilə R.Məmmədov və R.Hüseynov arasında 19 dekabr 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən R.Bayramova 18 ay müddətinə, illik 28 faiz dərəcəsi olmaqla 19 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinə əsasən isə kredit götürmüş şəxs öz öhdəliklərini icra etmədiyi halda R.Məmmədov və R.Hüseynov məsuliyyəti öz üzərlərinə götürmüşlər.

17 aprel 2015-ci il tarixində “NİKOYL” İKB ilə R.Bayramov və R.Hüseynov arasında 19 dekabr 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqavilələrinə əlavə imzalanmış və bu barədə R.Məmmədova məlumat verilməmişdir. Həmin əlavəyə əsasən kreditin qaytarılma müddəti 20 mart 2017-ci il tarixinədək, 9 ay 1 gün müddətinə uzadılmış, faiz dərəcəsi isə 28 faizdən 26 faizədək endirilmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, əlavənin bağlanması nəticəsində kredit məbləğinin artması işin mübahisəsiz halıdır. Buna görə də R.Məmmədov həm apellyasiya, həm də kassasiya şikayətlərində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.1-ci maddəsini rəhbər tutaraq və əlavənin bağlanması nəticəsində məsuliyyətinin artmasına istinad edərək zaminlik öhdəliyinə xitam verilmiş hesab edilməsini xahiş etmişdir. Lakin həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsi borcun hər üç cavabdehdən müştərək qaydada tutulması haqda birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsinin Plenumu hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd etmişdir (A.Zalovun şikayəti üzrə 2004-cü il 21 may,  S.Rəsulovanın şikayəti üzrə 2005-ci il 9 mart və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarlar).

Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar).

Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər.

Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini  və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. 

Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 

Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi də təmin edilə bilər.

Kreditor və borclu arasında bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinə xitam verilməsinin şərtlərinə və əsaslarına dair hüquqi mövqeyini formalaşdırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarda qeyd edilmişdir ki, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.

Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.

Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında”  Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara:

-  kreditin ümumi məbləğinin artırılması;

-  kreditin faizinin artırılması;

-  kreditin valyutasının dəyişdirilməsi;

-  kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.

Qeyd olunmalıdır ki, hər hansı məhkəmə aktının Konstitusiyaya və ya qanunlara uyğun olub-olmamasına,  insan hüquq və azadlıqlarını pozub-pozmamasına dair  mübahisənin hüquqi hallarının Konstitusiya Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməsi üçün müvafiq işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması istisna olunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).

Hazırkı mülki iş üzrə apellyasiya instansiyası məhkəməsi R.Məmmədovun apellyasiya şikayətini təmin etməyərək belə qənaətə gəlmişdir ki, “NİKOYL” İKB ilə R.Hüseynov və R.Məmmədov arasında 19 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən həmin tarixli kredit müqaviləsi təminat altına alındığından, sonradan kredit müqaviləsinə əlavənin olması zamin olaraq R.Məmmədovu 19 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin icrasından azad edə bilməz. Belə ki, bank tərəfindən tələb olunan borc məbləği müqaviləyə əlavə olunmamışdan əvvəlki dövr üçün, yəni 29 oktyabr 2015-ci il tarixinədək hesablanmış borcdur. İddia ərizəsi isə müqavilə müddəti başa çatmamış 18 noyabr 2015-ci il tarixində verilmişdir.

Lakin R.Məmmədov tərəfindən onun zaminlik müqaviləsi üzrə öhdəliyinin artmasına səbəb olmuş kredit müqaviləsinə əlavənin 17 aprel 2015-ci il tarixində imzanlaması barədə təqdim edilmiş dəlil, habelə bank tərəfindən tələb olunan borc məbləğinin müqaviləyə dəyişiklik edildikdən sonrakı 6 aydan artıq müddəti əhatə etməsi apellyasiya instansiyası məhkəməsində nəzərə alınmamış və bu səbəbdən də zaminliyə xitam verilməsi hallarına dair Mülki Məcəllənin 477.0.1-ci maddəsi tətbiq edilməmişdir.

Kassasiya instansiyası məhkəməsi də öz növbəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyinə istinad edərək, iddiaçı sözügedən kredit və zaminlik müqavilələri çərçivəsində bağlanmış 17 aprel 2015-ci il tarixli əlavə müqavilə üzrə cavabdehlərdən hər hansı kredit borcunu tələb etmədiyindən və ümumiyyətlə həmin əlavə müqavilə üzrə yaranmış borc məbləği hazırkı işə baxılmanın predmeti olmadığından kassasiya şikayətinin bu dəlilini əsaslı hesab etməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

Kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qüvvədə olan mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417.1.3, 418.1 və 418.3-cü maddələri).

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası 24 sentyabr 2020-ci il tarixli qərarı ilə Mülki Prosessual Məcəllənin göstərilən normalarının tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 20 aprel 2016-cı il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır ki, nəticədə R.Məmmədovun Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüququ pozulmuşdur. 

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “NİKOYL” İKB-nin R.Məmmədov və digərlərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “NİKOYL” İnvestisiya Kommersiya Bankının R.Məmmədov və digərlərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                       Fərhad Abdullayev