AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R
I
R.Məmmədovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki
Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli Qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair
31 yanvar 2022-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay
Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında R.Məmmədovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.İsmayılovun
məruzəsini, ərizəçinin şikayətini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“NİKOYL” İnvestisiya
Kommersiya Bankı (bundan sonra – “NİKOYL” İKB) iddia ərizəsi ilə məhkəməyə
müraciət edərək cavabdehlər R.Bayramov, R.Hüseynov və R.Məmmədovdan müştərək
qaydada 16 556 ABŞ dolları əsas borc, 4 029 ABŞ dolları faiz borc və gecikdirməyə görə 4 967 ABŞ dolları
olmaqla, cəmi 25 552 ABŞ dolları
məbləğində borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Bakı şəhəri Xətai Rayon
Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin
edilmiş, cavabdehlərdən birgə qaydada 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi
üzrə 16 556 ABŞ dolları əsas borc, 2 233,32 ABŞ dolları faiz borcu, 200
ABŞ dolları dəbbə pulu, cəmi 18 989,32 ABŞ dollarının tutularaq “NİKOYL”
İKB-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
Bakı Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə R.Məmmədov tərəfindən verilmiş
apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin
qətnaməsi R.Məmmədova münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının
(bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 24 sentyabr 2020-ci il
tarixli qərarı ilə R.Məmmədovun
kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
R.Məmmədov Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 24 sentyabr
2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
(bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Şikayətdə qeyd olunmuşdur
ki, “NİKOYL” İKB ilə R.Bayramov arasında 19 dekabr 2014-cü il tarixində kredit müqaviləsi
bağlanmışdır. Eyni zamanda “NİKOYL” İKB ilə R.Məmmədov və R.Hüseynov arasında
19 dekabr 2014-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Kredit
müqaviləsinə əsasən R.Bayramova 18 ay müddətinə, illik 28 faiz dərəcəsi olmaqla
19 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Zaminlik müqaviləsinə əsasən
isə kredit götürmüş şəxs öz öhdəliklərini icra etmədiyi halda R.Məmmədov və R.Hüseynov
məsuliyyəti öz üzərlərinə götürmüşlər.
17 aprel 2015-ci il tarixində
“NİKOYL” İKB ilə R.Bayramov və R.Hüseynov arasında 19
dekabr 2014-cü il tarixli bank hesabı, kredit və zaminlik müqavilələrinə əlavə imzalanmış
və bu barədə R.Məmmədova məlumat verilməmişdir. Həmin əlavəyə əsasən kreditin
qaytarılma müddəti 20 mart 2017-ci il tarixinədək, 9 ay 1 gün müddətinə
uzadılmış, faiz dərəcəsi isə 28 faizdən 26 faizədək endirilmişdir.
Şikayət onunla
əsaslandırılmışdır ki, əlavənin bağlanması nəticəsində kredit məbləğinin
artması işin mübahisəsiz halıdır. Buna görə də R.Məmmədov həm apellyasiya, həm
də kassasiya şikayətlərində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan
sonra – Mülki Məcəllə) 477.0.1-ci maddəsini rəhbər tutaraq və əlavənin
bağlanması nəticəsində məsuliyyətinin artmasına istinad edərək zaminlik öhdəliyinə
xitam verilmiş hesab edilməsini xahiş etmişdir. Lakin həm apellyasiya, həm də
kassasiya instansiyası məhkəməsi borcun hər üç cavabdehdən müştərək qaydada
tutulması haqda birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 60-cı
maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının
inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya Məhkəməsinin
Plenumu hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd
etmişdir (A.Zalovun şikayəti üzrə 2004-cü il 21 may, S.Rəsulovanın şikayəti üzrə 2005-ci il 9 mart
və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin
apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və
372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20
may tarixli Qərarlar).
Bu mənada Konstitusiya
Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsində
yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük
önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları
sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı
qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları
səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur
(E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə
dair” 2012-ci il 28 fevral tarixli Qərarlar).
Nəzərə almaq lazımdır ki,
ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən
biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin
əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu
il 13 dekabr tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi
digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər.
Məhkəmələrə iddia ilə
müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini
və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar
iş üzrə tərəflərin mübahisəsinin
qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini
qanuni çərçivəyə salmaq məqsədini daşıyır.
Mülki dövriyyənin
sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici
tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin
edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən,
öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması,
zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan
digər üsullarla təmin edilə bilər.
Əsas öhdəliyin icrasının
təmin edilməsi üsullarından biri olan zaminlik Mülki Məcəllənin 470-477-ci
maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik
müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz
öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə
götürür.
Zaminlik ilə yalnız pul
məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə
yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri
etməmək öhdəliyi də təmin edilə bilər.
Kreditor və borclu arasında
bağlanan əsas müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik
müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Zaminliyin aksessor xarakteri
ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra
edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə
əlavə kimi çıxış edir.
Konstitusiya Məhkəməsinin
Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinə xitam verilməsinin
şərtlərinə və əsaslarına dair hüquqi mövqeyini formalaşdırmışdır. “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci
maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və
10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11
və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il
31 may tarixli Qərarda qeyd edilmişdir ki, zaminliyə xitam verilməsi halları
Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin
477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə,
habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu
dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz
nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
Zaminin məsuliyyətinin
artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran
dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə
öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə
tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin
xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş
öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün
başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.
Zaminliyə xitam verilməsi
üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və
belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər
əlverişsiz nəticələrə səbəb olması vacibdir.
Həmçinin “Banklar haqqında”
Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli
şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarda
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, zaminin məsuliyyətinin
artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara:
- kreditin ümumi
məbləğinin artırılması;
- kreditin faizinin
artırılması;
- kreditin
valyutasının dəyişdirilməsi;
- kreditin qaytarılma
müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.
Qeyd olunmalıdır ki, hər
hansı məhkəmə aktının Konstitusiyaya və ya qanunlara uyğun
olub-olmamasına, insan hüquq və azadlıqlarını pozub-pozmamasına
dair mübahisənin hüquqi hallarının Konstitusiya Məhkəməsi tərəfindən
düzgün qiymətləndirilməsi üçün müvafiq işin faktiki hallarının nəzərə alınması
və onlara istinad olunması istisna olunmamalıdır (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-IIQD
saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu
bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun
yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).
Hazırkı mülki iş üzrə
apellyasiya instansiyası məhkəməsi R.Məmmədovun apellyasiya şikayətini təmin etməyərək
belə qənaətə gəlmişdir ki, “NİKOYL” İKB ilə R.Hüseynov və R.Məmmədov arasında 19
dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən həmin tarixli kredit
müqaviləsi təminat altına alındığından, sonradan kredit müqaviləsinə əlavənin
olması zamin olaraq R.Məmmədovu 19 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi
üzrə bank qarşısında götürdüyü öhdəliklərin icrasından azad edə bilməz. Belə
ki, bank tərəfindən tələb olunan borc məbləği müqaviləyə əlavə olunmamışdan
əvvəlki dövr üçün, yəni 29 oktyabr 2015-ci il tarixinədək hesablanmış borcdur.
İddia ərizəsi isə müqavilə müddəti başa çatmamış 18 noyabr 2015-ci il tarixində
verilmişdir.
Lakin R.Məmmədov tərəfindən
onun zaminlik müqaviləsi üzrə öhdəliyinin artmasına səbəb olmuş kredit
müqaviləsinə əlavənin 17 aprel 2015-ci il tarixində imzanlaması barədə təqdim
edilmiş dəlil, habelə bank tərəfindən tələb olunan borc məbləğinin müqaviləyə
dəyişiklik edildikdən sonrakı 6 aydan artıq müddəti əhatə etməsi apellyasiya
instansiyası məhkəməsində nəzərə alınmamış və bu səbəbdən də zaminliyə xitam
verilməsi hallarına dair Mülki Məcəllənin 477.0.1-ci maddəsi tətbiq
edilməmişdir.
Kassasiya instansiyası
məhkəməsi də öz növbəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyinə
istinad edərək, iddiaçı sözügedən
kredit və zaminlik müqavilələri çərçivəsində bağlanmış 17 aprel 2015-ci il
tarixli əlavə müqavilə üzrə cavabdehlərdən hər hansı kredit borcunu tələb
etmədiyindən və ümumiyyətlə həmin əlavə müqavilə üzrə yaranmış borc məbləği hazırkı işə baxılmanın
predmeti olmadığından kassasiya şikayətinin bu dəlilini əsaslı hesab
etməmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə
qeyd etmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli,
tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv,
qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra hüquq normalarına müvafiq olaraq
qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və
əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına
alır (N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul,
A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral, F.Şirinovun şikayəti üzrə
2016-cı il 16 noyabr, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17
sentyabr tarixli Qərarlar).
Kassasiya
instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qüvvədə olan mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Кassasiya
instansiyası məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin
qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq
üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi
və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin
pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının
ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya
düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt
əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin
və ya nəticələnə bilsin (Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual
Məcəllə) 416, 417.1.3, 418.1 və 418.3-cü maddələri).
Lakin Ali Məhkəmənin Mülki Kollegiyası
24 sentyabr 2020-ci il tarixli qərarı ilə Mülki Prosessual Məcəllənin göstərilən
normalarının tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət
yetirməmiş, həmin məhkəmənin 20 aprel 2016-cı il tarixli qətnaməsini dəyişdirilmədən
saxlamışdır ki, nəticədə R.Məmmədovun Konstitusiyanın 60-cı maddəsində təsbit
olunmuş hüququ pozulmuşdur.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “NİKOYL” İKB-nin R.Məmmədov
və digərlərinə qarşı borcun tutulması tələbinə dair mülki iş
üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli
qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1
və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilməli,
müvafiq məhkəmə aktı icra edilməməli və işə
bu Qərarda əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “NİKOYL” İnvestisiya
Kommersiya Bankının R.Məmmədov və digərlərinə qarşı borcun tutulması tələbinə
dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmayan
hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılsın.
2. Qərar dərc olunduğu
gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna
bilməz.
Sədr Fərhad Abdullayev