AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
109-1.1-ci maddəsinin
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
110.1 və 110.3-cü maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair
21 dekabr 2021-ci il
Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və
Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya
Məhkəməsinin hakimi İ.Şirinovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının şöbə müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının sədri S.Hacıyevin, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini S.Musayevanın mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının,
Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə
doktoru A.Mirzəyevanın rəylərini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 109-1.1-ci maddəsinin Azərbaycan
Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 110.1
və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini
xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki, “Etalon
İnşaat” Mənzil-Tikinti Kooperativi (bundan sonra – “Etalon
İnşaat” MTK) 1 may 2006-cı il tarixində Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi
tərəfindən dövlət qeydiyyatına alınmışdır.
İ.Mehti 2019-cu ildə həmin MTK-da üzvlüyünə xitam verilməsi üçün Kooperativin
nizamnaməsinə uyğun olaraq növbədənkənar ümumi yığıncağın çağırılması təşəbbüsü
ilə çıxış edərək digər üzvlərə - təsisçilərə rəsmi bildiriş göndərmişdir. Lakin
yetərsay təmin olunmadığından ümumi yığıncağın keçirilməsi və
onun MTK-nın üzvlüyündən könüllü çıxmaq istəyi baş tutmamışdır.
İ.Mehti MTK-nın digər üzvlərinə qarşı
iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Etalon İnşaat” MTK-nın üzvlüyündən
çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin
25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
Birinci instansiya məhkəməsi
tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi həmin
qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.
Apellyasiya şikayəti
onunla əsaslandırılmışdır ki, İ.Mehtinin hansı formada (məhkəmə qaydasında və
ya ümumi yığıncağın qərarına əsasən) Mənzil-Tikinti Kooperativinin üzvlüyündən
çıxarılmasından asılı olmayaraq, qanunvericiliyin tələbləri baxımından onlar tərəfindən
həmin qərarın icrası mümkün deyildir. Belə ki, kooperativlərin fəaliyyət göstərməsi
üçün ən azı beş üzvün olması tələb olunduğundan, beş üzvü olan kooperativdən hər
hansı üzvün çıxması və ya çıxarılması qüvvədə olan Mülki və Mənzil Məcəllələrinin
tələbləri baxımından yolverilməzdir.
Bakı Apellyasiya Məhkəməsi
işə baxarkən belə qənaətə gəlmişdir ki, Mənzil Məcəlləsinin 110.3-cü maddəsindən fərqli
olaraq, Mülki Məcəllənin kooperativlərlə bağlı münasibətləri tənzimləyən 109,
109-1, 109-2, 109-3, 109-4 və 112.1-ci maddələrində kooperativ üzvünün
kooperativdən çıxmasını hər hansı qaydada məhdudlaşdıran və ya onu kooperativ
üzvlərinin sayı (o cümlədən də zəruri təsis sayı) ilə şərtləndirən norma mövcud
deyildir. Belə ki, Mənzil Məcəlləsinin 110.3-cü maddəsinə əsasən, qalan
üzvlərin sayının beşdən az olmaması şərti ilə pay haqqını tam ödəmiş və ona
ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş mənzil-tikinti
kooperativi üzvünün müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla mənzil-tikinti
kooperativindən çıxmaq hüququ vardır. Bu isə onu ifadə edir ki, iki Məcəllə
arasında eyni məsələnin hüquqi tənzimlənməsində fərqlər mövcuddur.
Bakı Apellyasiya Məhkəməsi,
həmçinin hesab edir ki, Mülki Məcəllənin kooperativin yaradılmasını tənzimləyən
109-1.1-ci, eləcə də Mənzil Məcəlləsinin mənzil-tikinti kooperativlərinə üzvlük
ilə bağlı məsələləri müəyyən edən 110.1-ci maddələrində kooperativlərin
yaradılması (təsis olunması) üçün ən azı beş şəxsin iştirakının məcburiliyi,
habelə Mənzil Məcəlləsinin 110.3-cü maddəsində kooperativ üzvlüyündən çıxmanın ən
azı beş üzvün qalması ilə şərtləndirilməsi anlaşılan deyildir.
Göstərilənləri nəzərə
alaraq, müraciətedən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə
Mülki Məcəllənin 109-1.1-ci maddəsinin Mənzil Məcəlləsinin 110.1 və
110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə
müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün
təşkilati-hüquqi forma olaraq kooperativlərin mahiyyətinin, digər hüquqi şəxslərdən fərqləndirən cəhətlərinin,
eləcə də kooperativə üzvlüyə qəbul, üzvlükdən çıxarılma, habelə çıxma ilə bağlı
münasibətləri tənzimləyən qanunvericilik
normalarının açıqlanması zəruridir.
Qeyd edilməlidir ki, Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) hüquqi şəxsin
yaradılmasının və fəaliyyətinin həyata keçirilməsinin əsaslarını təsbit edən
58-ci maddəsinin I, II və III hissələrinə və 59-cu maddəsinin I hissəsinə əsasən,
hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o
cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və
ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə
təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə
qalmağa məcbur edilə bilməz. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından
sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul
ola bilər.
Göründüyü kimi,
konstitusiya hüququ olan birləşmək hüququ könüllülük prinsipinə söykəndiyindən,
özündə həm də hər hansı birlikdən könüllü çıxmaq hüququnu ehtiva edir.
Mülki Məcəllənin
109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə
fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub
iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay
haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu
anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma
olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır.
Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və
ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin
etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə
yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir.
Kooperativlərin ən
geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin
109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə
olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi
yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən
dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin
141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya)
hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri
hesab edilir.
Məhz üzvlərin konkret
ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə
yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli
olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu
halda kooperativin fəaliyyətinə son qoyulur.
Bununla bağlı Mənzil
Məcəlləsinin 109.4 və 109.5-ci maddələrində qeyd edilir ki, mənzil-tikinti
kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin
binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam
bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan
müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması
tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin
ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə
və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin
üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla
müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin
müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
Mənzil-tikinti
kooperativinə üzvlüklə bağlı digər məsələlər Mülki Məcəllənin kooperativlər
haqqında müvafiq müddəaları ilə tənzimlənir (Mənzil Məcəlləsinin 110.5-ci maddəsi).
Kooperativin üzvlüyünə
daxilolma şərtləri (yaş həddi və müəyyən vəzifələrin yerinə yetirilməsi) Mülki
Məcəllənin 109-2.1-ci maddəsində göstərilmişdir. Kooperativin nizamnaməsini qəbul edən və
nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay
haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər
kooperativin üzvü ola bilərlər.
Kooperativin üzvlüyünə
qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə
ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir (Mülki Məcəllənin 109-3-cü maddəsi).
Qeyd edilməlidir ki,
kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi
yığıncağının müvafiq qərarı əsasında mümkündür. Belə ki, Mülki Məcəllənin
kooperativdə idarəetmə qaydalarını tənzimləyən 111-ci maddəsinə əsasən,
kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin
maddədə ümumi yığıncağın müstəsna səlahiyyətləri də müəyyən edilmişdir ki,
bunlardan biri də kooperativ üzvlərini qəbul etmək və çıxarmaqdır.
Mülki Məcəllənin
112.2-ci maddəsinə uyğun olaraq, kooperativin üzvü kooperativin nizamnaməsi ilə
ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə,
habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi
yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış
kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və
kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ
vardır.
Nəzərə alınmalıdır
ki, kooperativ üzvlüyündən çıxarmadan fərqli olaraq üzvlükdən çıxma kooperativ
üzvünün azad iradə ifadəsi kimi müəyyən edilmişdir. Bu, ilk növbədə, ictimai münasibətlərin, o cümlədən mülki münasibətlərin tənzimlənməsində təməl qayda və
prinsipləri müəyyən edən Konstitusiyadan irəli gəlir.
Həmçinin Mülki Məcəllənin kooperativ üzvlərinin hüquq və vəzifələrini
müəyyən edən 109-4-cü maddəsi ilə kooperativə daxil olmaq və könüllü qaydada
kooperativdən çıxmaq əsas hüquqlardan biri kimi təsbit edilmişdir.
Həmin Məcəllənin
112.1-ci maddəsinə görə də kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı
vardır.
Qeyd olunan
qanunvericilik normalarından görünür ki, kooperativ üzvlüyündən çıxma hər hansı
şərtlə məhdudlaşdırılmamışdır. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin
birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olduğundan,
qanunvericilikdə onun üzvlərinin də kooperativdən azad şəkildə çıxa biləcəyi nəzərdə
tutulmuşdur.
Nəticə etibarı ilə,
Mülki Məcəllənin 5.3 və 560-cı maddələrinə uyğun olaraq, sui-istifadə
olunmaması şərtilə, kooperativ üzvləri kooperativdən azad şəkildə çıxmaq
hüququna malikdirlər.
Bu halda ona payının
dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin
nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan
üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər
kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili
qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata
keçirilir.
Kooperativdə üzvlüyə
könüllü qaydada xitam verilməsinin digər əsası - payın və ya onun bir hissəsinin
kooperativin digər üzvünə verilməsi Mülki Məcəllənin 112.3-cü maddəsi ilə müəyyən edilmişdir.
Göründüyü kimi, payın
və digər ödənişlərin təqdim edildiyi andan hüquqi baxımdan şəxsin kooperativ
üzvlüyündən çıxması halı baş vermiş olur.
Beləliklə, yuxarıda
istinad edilən mülki qanunvericiliyin müddəaları ilə kooperativin üzvlüyünə
xitam verilməsinin səbəblərindən asılı olmayaraq, belə xitamın verilməsi
kooperativin idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, kooperativ üzvlərinin
ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir (Konstitusiya Məhkəməsi
Plenumunun
N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı).
Kooperativ üzvü isə
kooperativdən çıxmaq niyyətini təsisçilərə deyil, kooperativ üzvlərinin ümumi
yığıncağına bildirməlidir. Ümumi yığıncağın diskresion səlahiyyəti olaraq
“kooperativ üzvlərini qəbul etmək və çıxarmaq” səlahiyyəti həm kooperativ
üzvünün ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə çıxarılmasını, həm də kooperativ üzvünün
könüllü iradəsi olduğu təqdirdə onun çıxarılmasını
ehtiva edir.
Müraciətedənin qənaətinə
görə, təcrübədə kooperativ üzvünün kooperativdən könüllü şəkildə çıxmaq
hüququnun realizəsinə maneə yaradan və qeyri-müəyyənliyə səbəb olan məsələ Mülki Məcəllənin kooperativin yaradılmasını tənzimləyən
109-1.1-ci maddəsi ilə kooperativlərin yaradılması (təsis olunması) üçün ən azı
beş şəxsin iştirakının məcburiliyi, Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinə
əsasən isə artıq yaradılmış mənzil-tikinti kooperativinin sonradan üzvlərinin
sayının beşdən az olmasının yolverilməzliyi ilə bağlı qaydalardır.
Bununla bağlı qeyd
edilməlidir ki, kooperativin yaradılması və fəaliyyət göstərməsi üçün üzvlərin
sayının beşdən az olmaması tələbi onunla izah olunur ki, kooperativ üzvlüyə əsaslanan
və üzvlərin ehtiyaclarının qarşılanması məqsədini daşıyan təşkilati-hüquqi formadır.
Bu səbəbdən qanunverici ən azından müəyyən sayda şəxslərin birliyinin
kooperativ kimi tanınmasını mümkün hesab etmişdir. Yəni ən azından beş sayda şəxsin
tələbatlarının təmin edilməsi üçün toplaşması mütləqdir ki, kooperativ
olaraq tanınsınlar və fəaliyyət göstərə
bilsinlər.
Mənzil-tikinti
kooperativləri hüquqi şəxs olaraq üzvlərin yaşayış sahəsinə olan ehtiyaclarını
təmin etməyi hədəf aldıqları üçün, Mənzil Məcəlləsinin 110.1-ci maddəsində mənzil-tikinti
kooperativinin üzvlərinin maksimal sayı da müəyyən edilmişdir. Bu maddəyə əsasən,
mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin
inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda
qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. Məqsədi məhz üzvlərin
yaşayış sahəsinə olan ehtiyacı təmin etmək olduğundandır ki, Mənzil Məcəlləsində
bu məqsədə nail olunduğu halda kooperativin mövcudluğuna son qoyulması istiqamətində müvafiq tədbirlərin görülməsi zərurəti
də təsbit edilmişdir (Mənzil Məcəlləsinin 109.5-ci maddəsi).
Həmin səbəbdən mənzil-tikinti
kooperativi üzvlərinin sayının beşdən az olması və bunun daimi xarakter alması
özlüyündə hüquqi şəxs olaraq mənzil-tikinti kooperativi üçün qanunvericiliyə
zidd vəziyyətin yaranmasını ifadə edir. Belə halın mövcudluğu Mülki Məcəllənin
59.2.3-cü maddəsinə uyğun olaraq kooperativin ləğvinin bir səbəbini təşkil
edir. Qeyd edilən maddəyə əsasən, qanunvericiliyin davamlı şəkildə pozulması
hüquqi şəxsin ləğvi səbəblərindən biri kimi çıxış edir. Lakin bu qayda
(hüquqdan sui-istifadə halı istisna olmaqla) kooperativ üzvünün könüllü şəkildə kooperativdən çıxmaq hüququnun məhdudlaşdırılması
əsası kimi çıxış edə bilməz.
Beləliklə, Mülki Məcəllənin
109-1.1-ci maddəsinin, habelə Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinin
əlaqəli şəkildə təhlili bu nəticəyə gəlməyə əsas verir ki, qeyd edilən maddələrdə
nəzərdə tutulmuş qaydalar heç bir halda mənzil-tikinti kooperativinin üzvünün
kooperativdən çıxmaq hüququnu məhdudlaşdıran şərt kimi təfsir edilə bilməz. Əks yanaşma Konstitusiyanın 58-ci maddəsinin
III hissəsində və Mülki Məcəllənin 6-cı
maddəsində təsbit olunan prinsiplərə zidd olardı.
Belə ki,
Konstitusiyanın 58-ci maddəsinin III hissəsində əks olunmuş könüllülük (heç kəsin
hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməməsi)
və Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə
sərbəstliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması
prinsipləri mülki dövriyyənin və mülki
hüquq münasibətləri iştirakçılarının maraqlarının təmin edilməsinə, sərbəst
seçim etmək imkanının əsassız məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət
edir.
Qeyd edildiyi kimi, Mülki
Məcəllənin 109-1.1-ci, Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinin "kooperativ
beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır”, “mənzil-tikinti
kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz”, “qalan üzvlərin sayının
beşdən az olmaması şərti ilə kooperativ üzvünün kooperativdən çıxmaq hüququ var”
müddəaları kooperativin yaradılması və fəaliyyət göstərməsinin təmin edilməsinə
yönələn ümumi tələbləri (göstərişləri) ifadə edir. Bu səbəbdən beşdən az üzvü
olan birlik kooperativ formasında yaradıla bilməz. Üzvlüyə xitam verilmə zamanı
kooperativ üzvlərinin sayı beşdən az qaldığı halda isə kooperativ ləğv edilməli
və ya yenidən təşkil edilməlidir.
Bununla belə, kooperativ üzvünün kooperativdən çıxma barədə
ərizəsinə kooperativdə ağlabatan müddətdə
baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində
digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü
göstərilməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu bir daha vurğulayır ki, kooperativin yaradılması zamanı qarşıya
qoyulmuş məqsədə nail olunmuşsa, o cümlədən mənzil-tikinti kooperativi halında
binanın inşası başa çatmışsa, həmin kooperativ mövcud və təsdiq olunmuş balans
və maliyyə vəziyyətinə görə hər bir üzvə düşən pay müəyyən edilib verilərək ləğv
edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə
qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında
qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
Qeyd olunanlara əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın
58-ci maddəsinə, Mülki Məcəllənin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun
olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə
nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq
hüququna malikdir;
- Mülki Məcəllənin
109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya)
hüquqi şəxslər tərəfindən yaradılır” və Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin
“mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları
təşkilati-hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə
yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti
kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz;
- Mülki Məcəllənin
111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək
və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da
ehtiva edir;
- kooperativin
yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Mənzil Məcəlləsinin
109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada
ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar
qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə
uyğun olaraq zəruri tədbirlər görülməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin
109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında,
qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və
kooperativdən çıxmaq hüququna malikdir.
2. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin "kooperativ beşdən
az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Azərbaycan
Respublikası Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti
kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi
formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn
ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi
formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz.
3. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ
üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi
yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün
könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir.
4. Kooperativin
yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan
Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə,
kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin
müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
5. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
6. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
7. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev