Qərarlar

21.12.21 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1  və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

21 dekabr 2021-ci il                                                                               Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini S.Musayevanın mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru A.Mirzəyevanın  rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə  göstərilmişdir ki, “Etalon İnşaat” Mənzil-Tikinti Kooperativi (bundan sonra – “Etalon İnşaat” MTK) 1 may 2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 

İ.Mehti 2019-cu ildə həmin MTK-da üzvlüyünə xitam verilməsi üçün Kooperativin nizamnaməsinə uyğun olaraq növbədənkənar ümumi yığıncağın çağırılması təşəbbüsü ilə çıxış edərək digər üzvlərə - təsisçilərə rəsmi bildiriş göndərmişdir. Lakin yetərsay təmin olunmadığından ümumi yığıncağın keçirilməsi və onun MTK-nın üzvlüyündən könüllü çıxmaq istəyi baş tutmamışdır.

 İ.Mehti MTK-nın digər üzvlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Etalon İnşaat” MTK-nın üzvlüyündən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

Birinci instansiya məhkəməsi tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İ.Mehtinin hansı formada (məhkəmə qaydasında və ya ümumi yığıncağın qərarına əsasən) Mənzil-Tikinti Kooperativinin üzvlüyündən çıxarılmasından asılı olmayaraq, qanunvericiliyin tələbləri baxımından onlar tərəfindən həmin qərarın icrası mümkün deyildir. Belə ki, kooperativlərin fəaliyyət göstərməsi üçün ən azı beş üzvün olması tələb olunduğundan, beş üzvü olan kooperativdən hər hansı üzvün çıxması və ya çıxarılması qüvvədə olan Mülki və Mənzil Məcəllələrinin  tələbləri baxımından yolverilməzdir.

Bakı Apellyasiya Məhkəməsi işə baxarkən belə qənaətə gəlmişdir ki, Mənzil Məcəlləsinin 110.3-cü maddəsindən fərqli olaraq, Mülki Məcəllənin kooperativlərlə bağlı münasibətləri tənzimləyən 109, 109-1, 109-2, 109-3, 109-4 və 112.1-ci maddələrində kooperativ üzvünün kooperativdən çıxmasını hər hansı qaydada məhdudlaşdıran və ya onu kooperativ üzvlərinin sayı (o cümlədən də zəruri təsis sayı) ilə şərtləndirən norma mövcud deyildir. Belə ki, Mənzil Məcəlləsinin 110.3-cü maddəsinə əsasən, qalan üzvlərin sayının beşdən az olmaması şərti ilə pay haqqını tam ödəmiş və ona ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş mənzil-tikinti kooperativi üzvünün müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla mənzil-tikinti kooperativindən çıxmaq hüququ vardır. Bu isə onu ifadə edir ki, iki  Məcəllə arasında eyni məsələnin hüquqi tənzimlənməsində fərqlər mövcuddur.

Bakı Apellyasiya Məhkəməsi, həmçinin hesab edir ki, Mülki Məcəllənin kooperativin yaradılmasını tənzimləyən 109-1.1-ci, eləcə də Mənzil Məcəlləsinin mənzil-tikinti kooperativlərinə üzvlük ilə bağlı məsələləri müəyyən edən 110.1-ci maddələrində kooperativlərin yaradılması (təsis olunması) üçün ən azı beş şəxsin iştirakının məcburiliyi, habelə Mənzil Məcəlləsinin 110.3-cü maddəsində kooperativ üzvlüyündən çıxmanın ən azı beş üzvün qalması ilə şərtləndirilməsi anlaşılan deyildir.

Göstərilənləri nəzərə alaraq, müraciətedən vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Mülki Məcəllənin 109-1.1-ci maddəsinin Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsi üçün  Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün təşkilati-hüquqi forma olaraq kooperativlərin mahiyyətinin,  digər hüquqi şəxslərdən fərqləndirən cəhətlərinin, eləcə də kooperativə üzvlüyə qəbul, üzvlükdən çıxarılma, habelə çıxma ilə bağlı münasibətləri tənzimləyən  qanunvericilik normalarının açıqlanması zəruridir.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin həyata keçirilməsinin əsaslarını təsbit edən 58-ci maddəsinin I, II və III hissələrinə və 59-cu maddəsinin I hissəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.

Göründüyü kimi, konstitusiya hüququ olan birləşmək hüququ könüllülük prinsipinə söykəndiyindən, özündə həm də hər hansı birlikdən könüllü çıxmaq hüququnu ehtiva edir.

Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir.

Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur.

Bununla bağlı Mənzil Məcəlləsinin 109.4 və 109.5-ci maddələrində qeyd edilir ki, mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Mülki Məcəllənin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (Mənzil Məcəlləsinin 110.5-ci maddəsi).

Kooperativin üzvlüyünə daxilolma şərtləri (yaş həddi və müəyyən vəzifələrin yerinə yetirilməsi) Mülki Məcəllənin 109-2.1-ci maddəsində göstərilmişdir.  Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər.

Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir (Mülki Məcəllənin 109-3-cü maddəsi).

Qeyd edilməlidir ki, kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı əsasında mümkündür. Belə ki, Mülki Məcəllənin kooperativdə idarəetmə qaydalarını tənzimləyən 111-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin maddədə ümumi yığıncağın müstəsna səlahiyyətləri də müəyyən edilmişdir ki, bunlardan biri də kooperativ üzvlərini qəbul etmək və çıxarmaqdır.

Mülki Məcəllənin 112.2-ci maddəsinə uyğun olaraq, kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır.

Nəzərə alınmalıdır ki, kooperativ üzvlüyündən çıxarmadan fərqli olaraq üzvlükdən çıxma kooperativ üzvünün azad iradə ifadəsi kimi müəyyən edilmişdir. Bu, ilk növbədə,  ictimai münasibətlərin, o cümlədən mülki  münasibətlərin tənzimlənməsində təməl qayda və prinsipləri müəyyən edən Konstitusiyadan irəli gəlir.

Həmçinin Mülki Məcəllənin  kooperativ üzvlərinin hüquq və vəzifələrini müəyyən edən 109-4-cü maddəsi ilə kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq əsas hüquqlardan biri kimi təsbit edilmişdir.

Həmin Məcəllənin 112.1-ci maddəsinə görə də kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır.

Qeyd olunan qanunvericilik normalarından görünür ki, kooperativ üzvlüyündən çıxma hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olduğundan, qanunvericilikdə onun üzvlərinin də kooperativdən azad şəkildə çıxa biləcəyi nəzərdə tutulmuşdur.

Nəticə etibarı ilə, Mülki Məcəllənin 5.3 və 560-cı maddələrinə uyğun olaraq, sui-istifadə olunmaması şərtilə, kooperativ üzvləri kooperativdən azad şəkildə çıxmaq hüququna malikdirlər.

Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir.

Kooperativdə üzvlüyə könüllü qaydada xitam verilməsinin digər əsası - payın və ya onun bir hissəsinin kooperativin digər üzvünə verilməsi Mülki Məcəllənin  112.3-cü maddəsi ilə müəyyən edilmişdir. 

Göründüyü kimi, payın və digər ödənişlərin təqdim edildiyi andan hüquqi baxımdan şəxsin kooperativ üzvlüyündən çıxması halı baş vermiş olur.

Beləliklə, yuxarıda istinad edilən mülki qanunvericiliyin müddəaları ilə kooperativin üzvlüyünə xitam verilməsinin səbəblərindən asılı olmayaraq, belə xitamın verilməsi kooperativin idarəetmə orqanlarının (idarə heyəti və s.) deyil, kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı).

Kooperativ üzvü isə kooperativdən çıxmaq niyyətini təsisçilərə deyil, kooperativ üzvlərinin ümumi yığıncağına bildirməlidir. Ümumi yığıncağın diskresion səlahiyyəti olaraq “kooperativ üzvlərini qəbul etmək və çıxarmaq” səlahiyyəti həm kooperativ üzvünün ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə  çıxarılmasını, həm də kooperativ üzvünün könüllü iradəsi olduğu təqdirdə onun  çıxarılmasını ehtiva edir.

Müraciətedənin qənaətinə görə, təcrübədə kooperativ üzvünün kooperativdən könüllü şəkildə çıxmaq hüququnun realizəsinə maneə yaradan və qeyri-müəyyənliyə səbəb olan məsələ  Mülki Məcəllənin kooperativin yaradılmasını tənzimləyən 109-1.1-ci maddəsi ilə kooperativlərin yaradılması (təsis olunması) üçün ən azı beş şəxsin iştirakının məcburiliyi, Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinə əsasən isə artıq yaradılmış mənzil-tikinti kooperativinin sonradan üzvlərinin sayının beşdən az olmasının yolverilməzliyi ilə bağlı qaydalardır.

Bununla bağlı qeyd edilməlidir ki, kooperativin yaradılması və fəaliyyət göstərməsi üçün üzvlərin sayının beşdən az olmaması tələbi onunla izah olunur ki, kooperativ üzvlüyə əsaslanan və üzvlərin ehtiyaclarının qarşılanması məqsədini daşıyan təşkilati-hüquqi formadır. Bu səbəbdən qanunverici ən azından müəyyən sayda şəxslərin birliyinin kooperativ kimi tanınmasını mümkün hesab etmişdir. Yəni ən azından beş sayda şəxsin tələbatlarının təmin edilməsi üçün toplaşması mütləqdir ki, kooperativ olaraq  tanınsınlar və fəaliyyət göstərə bilsinlər.

Mənzil-tikinti kooperativləri hüquqi şəxs olaraq üzvlərin yaşayış sahəsinə olan ehtiyaclarını təmin etməyi hədəf aldıqları üçün, Mənzil Məcəlləsinin 110.1-ci maddəsində mənzil-tikinti kooperativinin üzvlərinin maksimal sayı da müəyyən edilmişdir. Bu maddəyə əsasən, mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. Məqsədi məhz üzvlərin yaşayış sahəsinə olan ehtiyacı təmin etmək olduğundandır ki, Mənzil Məcəlləsində bu məqsədə nail olunduğu halda kooperativin mövcudluğuna son qoyulması  istiqamətində müvafiq tədbirlərin görülməsi zərurəti də təsbit edilmişdir (Mənzil Məcəlləsinin 109.5-ci maddəsi).

Həmin səbəbdən mənzil-tikinti kooperativi üzvlərinin sayının beşdən az olması və bunun daimi xarakter alması özlüyündə hüquqi şəxs olaraq mənzil-tikinti kooperativi üçün qanunvericiliyə zidd vəziyyətin yaranmasını ifadə edir. Belə halın mövcudluğu Mülki Məcəllənin 59.2.3-cü maddəsinə uyğun olaraq kooperativin ləğvinin bir səbəbini təşkil edir. Qeyd edilən maddəyə əsasən, qanunvericiliyin davamlı şəkildə pozulması hüquqi şəxsin ləğvi səbəblərindən biri kimi çıxış edir. Lakin bu qayda (hüquqdan sui-istifadə halı istisna olmaqla) kooperativ üzvünün könüllü şəkildə  kooperativdən çıxmaq hüququnun məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz.

Beləliklə, Mülki Məcəllənin 109-1.1-ci maddəsinin, habelə Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinin əlaqəli şəkildə təhlili bu nəticəyə gəlməyə əsas verir ki, qeyd edilən maddələrdə nəzərdə tutulmuş qaydalar heç bir halda mənzil-tikinti kooperativinin üzvünün kooperativdən çıxmaq hüququnu məhdudlaşdıran şərt kimi  təfsir edilə bilməz.  Əks yanaşma Konstitusiyanın 58-ci maddəsinin III hissəsində və  Mülki Məcəllənin 6-cı maddəsində təsbit olunan prinsiplərə zidd olardı.

Belə ki, Konstitusiyanın 58-ci maddəsinin III hissəsində əks olunmuş könüllülük (heç kəsin hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməməsi) və Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipləri mülki dövriyyənin  və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının təmin edilməsinə, sərbəst seçim etmək imkanının əsassız məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət edir.

Qeyd edildiyi kimi, Mülki Məcəllənin 109-1.1-ci, Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır”, “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz”, “qalan üzvlərin sayının beşdən az olmaması şərti ilə kooperativ üzvünün kooperativdən çıxmaq hüququ var” müddəaları kooperativin yaradılması və fəaliyyət göstərməsinin təmin edilməsinə yönələn ümumi tələbləri (göstərişləri) ifadə edir. Bu səbəbdən beşdən az üzvü olan birlik kooperativ formasında yaradıla bilməz. Üzvlüyə xitam verilmə zamanı kooperativ üzvlərinin sayı beşdən az qaldığı halda isə kooperativ ləğv edilməli və ya yenidən təşkil edilməlidir.

Bununla belə,  kooperativ üzvünün kooperativdən çıxma barədə ərizəsinə  kooperativdə ağlabatan müddətdə baxılmadığı təqdirdə o, məhkəməyə müraciət edə bilər. Bu halda cavabdeh qismində digər kooperativ üzvləri deyil, birbaşa hüquqi şəxs olaraq kooperativin özü göstərilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, kooperativin yaradılması zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşsa, o cümlədən mənzil-tikinti kooperativi halında binanın inşası başa çatmışsa, həmin kooperativ mövcud və təsdiq olunmuş balans və maliyyə vəziyyətinə görə hər bir üzvə düşən pay müəyyən edilib verilərək ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 58-ci maddəsinə, Mülki Məcəllənin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir;

- Mülki Məcəllənin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz;

- Mülki Məcəllənin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir;

- kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4.1.1 və 112.1-ci maddələrinə uyğun olaraq, hər kəs könüllülük prinsipi əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququna malikdir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi formasına görə kooperativin yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya fəaliyyətini davam etdirə bilməz.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini kooperativə qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Bu səlahiyyət kooperativ üzvünün könüllü qaydada kooperativdən çıxarılmasını da ehtiva edir.

4. Kooperativin yaradılması zamanı qarşıya qoyulan məqsədə nail olunduqda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                       Fərhad Abdullayev