AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli
şəkildə şərh edilməsinə dair
22 dekabr 2021-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Hərbi Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və
156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Hərbi
Məhkəməsinin hakimi K.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının sektor müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası
Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi
A.Osmanovanın, Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Qasımovun, Bakı Hərbi Məhkəməsinin
sədri H.Həsənovun mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Gəncə
Hərbi Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 34-1
və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələrinə münasibətdə
şərh edilməsini xahiş etmişdir.
Müraciətdə
qeyd olunmuşdur ki, 12 iyul 2021-ci il tarixində N saylı hərbi hissənin sabiq müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçusu E.Nağıyev barəsində Şəmkir hərbi prokuroru
tərəfindən İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta
haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması
üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Belə ki, E.Nağıyev 22 aprel
2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə
tutulmuş əməli törətmişdir.
İnzibati Xətalar Məcəlləsinin
612.1-ci maddəsində müəyyən olunmuşdur ki, tabelik münasibətlərində olmayan hərbi
qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni
bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq
etməsinə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Həmin Məcəllənin
156.2-ci maddəsinə görə, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin
610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər
şəxslər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə
altında saxlanılır.
Müraciətdən göründüyü
kimi, E.Nağıyev hərbi hissə komandirinin əmri ilə hərbi xidmət müddətini başa
vurduğuna görə 3 iyul 2021-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin
siyahısından, ərzaq və əşya təminatından çıxarılmaqla qeydiyyata durmaq üçün Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Ağdam rayon şöbəsinə göndərilmişdir.
Müraciətedən Azərbaycan Respublikasının 1997-ci il 3
oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin (bundan sonra – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə) 20-ci maddəsinə
istinad edərək qeyd etmişdir ki, bilavasitə hərbi hissədən buraxılan hərbi
qulluqçular üçün hərbi xidmətin sonu onların hərbi xidmətdən buraxılması ilə əlaqədar
hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından
çıxarıldığı gün hesab edilir.
Bununla əlaqədar Gəncə Hərbi
Məhkəməsi hesab edir ki, E.Nağıyev ordu sıralarından tərxis olunduğu və müvafiq
olaraq hərbi qulluqçu statusunu itirdiyinə görə, inzibati həbs tənbeh tədbiri tətbiq
olunacağı təqdirdə onun hauptvaxtda və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi yerlərdə mühafizə altında saxlanılması qeyri-müəyyəndir.
Müraciətdə qaldırılan digər
məsələ isə İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş xətalara
(610-618-ci maddələr) görə inzibati həbs tətbiq olunacağı halda həbsin həmin Məcəllənin
34-1-ci maddəsinə müvafiq olaraq cərimə ilə əvəz edilməsinin mümkünlüyü ilə
bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə görə, bu Məcəllənin
Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə
tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq
edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən
mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə
iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq
edir.
Göstərilənlərə əsasən Gəncə
Hərbi Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması, inzibati xətalar
qanunvericiliyinin eyni qaydada tətbiqinin təmin edilməsi, eləcə də hüquqi müəyyənlik
prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə yuxarıda qeyd olunan məsələlərə
aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
İnzibati Xətalar Məcəlləsi Azərbaycan
Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn
normalarına və prinsiplərinə əsaslanır.
İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə
əsasən, İnzibati
xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və
azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji
salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,
ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını
qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını
almaqdan ibarətdir.
Yalnız bu Məcəllə ilə nəzərdə
tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta
tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi)
törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İnzibati Xətalar Məcəlləsinin 3-cü
maddəsi).
İnzibati Xətalar Məcəlləsinin 4-cü
maddəsinə görə, bu
Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi,
qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik
və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
İnzibati Xətalar Məcəlləsinin 6.1
və 31.1-ci maddələrinin tələblərinə görə, inzibati xətaya görə inzibati tənbeh
bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.
Qeyd edilməlidir ki, İnzibati Xətalar
Məcəlləsinin 41-ci fəsli Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli
Fərmanının 2-ci bəndinə uyğun olaraq cəza siyasətinin humanistləşdirilməsi və
cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi ilə
hazırlanaraq Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanunu ilə Məcəlləyə
əlavə edilmişdir. Bu fəsildə müəyyən edilən hərbi xidmət əleyhinə olan inzibati
xətalar hərbi qulluqçular tərəfindən törədilən cinayət məsuliyyətinə səbəb
olmayan əməllərdir.
Hərbi qulluqçu inzibati,
əmək, vergi və sair sahəvi hüquq normaları ilə yanaşı hərbi-hüquq normalarını
da pozmaqla inzibati məsuliyyətin müstəsna subyekti olaraq konkret əməli, yəni
inzibati hüquq pozuntusunu törətmiş olur. Hərbi qulluqçunun törətmiş olduğu inzibati
hüquq pozuntusunun digər şəxslərin inzibati xətasından fərqi ondan ibarətdir
ki, birinci həm inzibati hüquq münasibətlərinə, həm də hərbi hüquq
münasibətlərinə zərər vurmuş olur. Onun ictimai təhlükəliliyi də məhz bunda
ifadə olunur.
Hərbi qulluqçunun
hərbi xidmət əleyhinə olan inzibati xətalara görə məsuliyyəti üç əlaməti ilə
fərqlənir:
·
xüsusi subyekt
tərkibinə görə (müvafiq icra hakimiyyəti
orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi
qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi qulluqçu
hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və toplanışa
çağırılmış hərbi vəzifəlilər);
·
inzibati
məsuliyyətə cəlb etmənin əsaslarına
görə (yalnız İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində göstərilən
hüquq pozuntularına görə);
·
hərbi qulluqçulara münasibətdə
ayrı-ayrı inzibati tənbeh növlərinin tətbiq edilməsi imkanının
məhdudlaşdırılması ilə (İnzibati Xətalar Məcəlləsinin 28.4.6 və 30.2-ci
maddələri).
Hərbi
qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsi əsasları aşağıdakılardır:
·
inzibati
məsuliyyəti müəyyən edən maddi-hüquqi əsaslar;
·
hərbi
qulluqçular tərəfindən inzibati xətanın törədilməsinə səbəb olan faktiki
əsaslar;
·
hərbi
qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsinin qaydasını tənzimləyən prosessual-hüquqi
əsaslar.
Qeyd edilməlidir ki, hərbi
qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və
mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən
inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə
məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının
təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların
hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra –
“Hərbi qulluqçuların statusu haqqında” Qanun)
30-cu maddəsində hərbi qulluqçuların hüquq pozuntuları törətmək üstündə
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə
məsuliyyət daşıdıqları qeyd olunmuşdur. Hərbi rütbəsindən və xidmət
vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.
İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular
inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş
qaydada inzibati məsuliyyət daşıyırlar.
Hərbi qulluqçuların inzibati məsuliyyətini müəyyən
edən İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə görə, intizam
nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular
inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla
inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin
bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla
digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz.
İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin Qeyd
hissəsinin 1-ci bəndinə müvafiq olaraq,
bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra
hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən
artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin
kursantları başa düşülür.
İnzibati Xətalar Məcəlləsinin
43.4-cü maddəsinə uyğun olaraq, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi
vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır.
İnzibati Xətalar Məcəlləsinin 43.1
və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi
qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati
məsuliyyət daşıyırlar.
İnzibati Xətalar Məcəlləsinin
inzibati həbs tənbeh tədbirinin təsbit olunduğu 30.2-ci maddəsinə əsasən, hamilə
qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd
yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər,
birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış
qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində
nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə
hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.
Bu maddədə inzibati həbs növündə tənbeh
tətbiq edilməsinə yol verilməyən şəxslərin dairəsi və hərbi qulluqçulara
münasibətdə inzibati həbs tədbirinin tətbiq edilməsinin qadağan olunduğu hallar
təsbit olunmuşdur. Maddənin məzmunundan göründüyü kimi, qanunverici hərbi
qulluqçular barəsində yalnız hərbi xidmət əleyhinə olan inzibati xətaların
(İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş xətaların) törədilməsinə
görə inzibati həbsin tətbiq edilməsini nəzərdə tutmuşdur.
İnzibati Xətalar
Məcəlləsinin 156.2-ci
maddəsinə müvafiq olaraq, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin
610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər
şəxslər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə
mühafizə altında saxlanılır.
Müraciətdən göründüyü kimi,
mübahisəli məsələ hərbi qulluqçu tərəfindən İnzibati Xətalar Məcəlləsinin
612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın xidmət zamanı törədildiyi,
lakin sonradan xidmətdən tərxis olunaraq hərbi qulluqçu statusunu itirdiyi təqdirdə,
həmin şəxsə inzibati həbs tətbiq olunduğu halda, onun hauptvaxtda və ya müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında
saxlanılması ilə bağlıdır.
Bununla əlaqədar nəzərə
alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində təsbit
edilmiş inzibati xətalar həmin Məcəllənin “Hərbi xidmət əleyhinə olan inzibati
xətalar” adlı 41-ci fəslinə aiddir. Həmin fəsildə nəzərdə tutulan inzibati xətaların
subyekti isə xüsusi subyekt, yəni hərbi qulluqçulardır.
“Hərbi qulluqçuların statusu
haqqında” Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə
xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə
daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin
siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və
ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
Azərbaycan Respublikasının 1994-cü
il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin “Hauptvaxt
haqqında” 4 saylı əlavəsində hauptvaxt hərbi qulluqçuların həbsdə saxlanılması
üçün nəzərdə tutulmuş xüsusi yer kimi müəyyən olunmuşdur.
Odur ki, qanunverici İnzibati Xətalar
Məcəlləsinin 156.2-ci maddəsində həmin Məcəllənin 610-618-ci maddələrində göstərilən
xətaların subyektinin hərbi qulluqçu olmasını nəzərə alaraq məhz hərbi qulluqçu statusuna malik şəxslərin hauptvaxtda, digər şəxslərin
isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında
saxlanılmasını nəzərdə tutmuşdur.
Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin
41-ci fəslində (610-618-ci maddələr) nəzərdə tutulmuş xətaları törətmiş, lakin
hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxslərin
hauptvaxtda saxlanılması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin
41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən
tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda
saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə
uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
yerlərdə mühafizə altında saxlanılmalıdır.
Müraciətdə qaldırılan digər məsələ
ilə bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən,
bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada
nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq
edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən
mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə
iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq
edir.
İnzibati Xətalar Məcəlləsinin
28.4-cü maddəsində ictimai işlərin hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi
qadağan olunmuşdur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən isə hərbi
qulluqçular barəsində hərbi xidmət əleyhinə olmayan digər inzibati xətaların
törədilməsinə görə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilə bilməz. Bu
səbəbdən qanunverici göstərilən hallarda hərbi qulluqçulara münasibətdə ictimai
işlər və inzibati həbs əvəzinə cərimə növündə tənbeh tətbiq edilməsini mümkün
hesab etmişdir. Bu zaman həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 34-1-ci
maddəsinə müvafiq olaraq hakim ictimai işlər və ya inzibati həbs əvəzinə iki
yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq
edir.
Göründüyü kimi, qanunverici
İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin
28.4 və 30.2-ci maddələrində göstərilən tənbeh növlərinin inzibati cərimə ilə əvəz
olunmasını yalnız həmin tənbeh növlərinin tətbiqinin mümkün olmamasından asılı
etmişdir.
Odur ki, hərbi
qulluqçu tərəfindən hərbi xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati
həbs əvəzinə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq
edilərək inzibati cərimə təyin oluna bilməz. Yəni hərbi qulluqçu tərəfindən hərbi
xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə qanunverici birbaşa inzibati
həbs tənbeh növünü nəzərdə tutduğu halda həmin xətalara görə inzibati həbs
növündə tənbehin cərimə ilə əvəz edilməsi mümkün hesab edilə bilməz.
O da göstərilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində
inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmuşdur.
Həmin Məcəllənin 32-ci maddəsində inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti
yüngülləşdirən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa
halların da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə
alınmasının mümkünlüyü öz əksini tapmışdır.
İnzibati xətaya görə məsuliyyəti
yüngülləşdirən hallar ədalətlilik prinsipindən irəli gələrək qanunvericilikdə nəzərdə
tutulmuşdur. Bu prinsip inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbehin
ədalətli olmasını, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi
hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun
olmasını nəzərdə tutur.
Nəzərə alınmalıdır ki, hərbi
qulluqçular Vətən qarşısında borclarını yerinə yetirən şəxslər olaraq Azərbaycan
Respublikasının ərazi bütövlüyünün qorunmasında, Vətən uğrunda gedən döyüşlərdə,
habelə dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna
xidmətlərə malik ola bilərlər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu
vurğulamağı vacib hesab edir ki, hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş
şəxslər barəsində məhkəmələr tərəfindən tənbeh tətbiq olunarkən onların
yuxarıda qeyd olunan xüsusi xidmətləri, bununla əlaqədar Azərbaycan
Respublikasının dövlət təltifləri ilə təltif olunmaları, habelə şəxsiyyətini
xarakterizə edən müsbət hallar İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə
müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati xətaları
törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan
Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin
təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən
müsbət hallar İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq
yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən
tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda
saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun
olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə
mühafizə altında saxlanılmalıdır.
2. Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin mənasına uyğun olaraq, hakim hərbi xidmət
əleyhinə olan inzibati xətaların törədilməsinə görə şəxs barəsində bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati həbs əvəzinə cərimə
növündə tənbeh tətbiq edə bilməz.
3. Məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati
xətaları törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan
Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin
təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən
müsbət hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci
maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.
4.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir.
5. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev