Постановления

22.12.21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

  

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

  

22 dekabr 2021-ci il                                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Hərbi Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Hərbi Məhkəməsinin hakimi K.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın, Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Qasımovun, Bakı Hərbi Məhkəməsinin sədri H.Həsənovun mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Gəncə Hərbi Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələrinə münasibətdə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, 12 iyul 2021-ci il tarixində N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu E.Nağıyev barəsində Şəmkir hərbi prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilmişdir. Belə ki, E.Nağıyev 22 aprel 2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir.

İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində müəyyən olunmuşdur ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsinə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Həmin Məcəllənin 156.2-ci maddəsinə görə, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər şəxslər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılır.

Müraciətdən göründüyü kimi, E.Nağıyev hərbi hissə komandirinin əmri ilə hərbi xidmət müddətini başa vurduğuna görə 3 iyul 2021-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından çıxarılmaqla qeydiyyata durmaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə göndərilmişdir.

Müraciətedən Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin  (bundan sonra – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə) 20-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün hərbi xidmətin sonu onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir.

Bununla əlaqədar Gəncə Hərbi Məhkəməsi hesab edir ki, E.Nağıyev ordu sıralarından tərxis olunduğu və müvafiq olaraq hərbi qulluqçu statusunu itirdiyinə görə, inzibati həbs tənbeh tədbiri tətbiq olunacağı təqdirdə onun hauptvaxtda və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılması qeyri-müəyyəndir.

Müraciətdə qaldırılan digər məsələ isə İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş xətalara (610-618-ci maddələr) görə inzibati həbs tətbiq olunacağı halda həbsin həmin Məcəllənin 34-1-ci maddəsinə müvafiq olaraq cərimə ilə əvəz edilməsinin mümkünlüyü ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir.

Göstərilənlərə əsasən Gəncə Hərbi Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması, inzibati xətalar qanunvericiliyinin eyni qaydada tətbiqinin təmin edilməsi, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə yuxarıda qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

İnzibati Xətalar Məcəlləsi  Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 

İnzibati Xətalar Məcəlləsinin 6.1 və 31.1-ci maddələrinin tələblərinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 41-ci fəsli Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının 2-ci bəndinə uyğun olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi ilə hazırlanaraq Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanunu ilə Məcəlləyə əlavə edilmişdir. Bu fəsildə müəyyən edilən hərbi xidmət əleyhinə olan inzibati xətalar hərbi qulluqçular tərəfindən törədilən cinayət məsuliyyətinə səbəb olmayan əməllərdir.

Hərbi qulluqçu inzibati, əmək, vergi və sair sahəvi hüquq normaları ilə yanaşı hərbi-hüquq normalarını da pozmaqla inzibati məsuliyyətin müstəsna subyekti olaraq konkret əməli, yəni inzibati hüquq pozuntusunu törətmiş olur. Hərbi qulluqçunun törətmiş olduğu inzibati hüquq pozuntusunun digər şəxslərin inzibati xətasından fərqi ondan ibarətdir ki, birinci həm inzibati hüquq münasibətlərinə, həm də hərbi hüquq münasibətlərinə zərər vurmuş olur. Onun ictimai təhlükəliliyi də məhz bunda ifadə olunur.

Hərbi qulluqçunun hərbi xidmət əleyhinə olan inzibati xətalara görə məsuliyyəti üç əlaməti ilə fərqlənir:

·          xüsusi subyekt tərkibinə görə (müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və toplanışa çağırılmış hərbi vəzifəlilər);

·          inzibati məsuliyyətə cəlb etmənin əsaslarına görə (yalnız İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində göstərilən hüquq pozuntularına görə);

·          hərbi qulluqçulara münasibətdə ayrı-ayrı inzibati tənbeh növlərinin tətbiq edilməsi imkanının məhdudlaşdırılması ilə (İnzibati Xətalar Məcəlləsinin 28.4.6 və 30.2-ci maddələri).

Hərbi qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsi əsasları aşağıdakılardır:

·          inzibati məsuliyyəti müəyyən edən maddi-hüquqi əsaslar;

·          hərbi qulluqçular tərəfindən inzibati xətanın törədilməsinə səbəb olan faktiki əsaslar;

·          hərbi qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsinin qaydasını tənzimləyən prosessual-hüquqi əsaslar.

Qeyd edilməlidir ki, hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur.

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi qulluqçuların statusu haqqında” Qanun)  30-cu maddəsində hərbi qulluqçuların hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıdıqları qeyd olunmuşdur. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.

Hərbi qulluqçuların inzibati məsuliyyətini müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə görə, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz.

İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə müvafiq olaraq, bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür.

İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə uyğun olaraq, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır.

İnzibati Xətalar Məcəlləsinin 43.1 və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinin inzibati həbs tənbeh tədbirinin təsbit olunduğu 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.

Bu maddədə inzibati həbs növündə tənbeh tətbiq edilməsinə yol verilməyən şəxslərin dairəsi və hərbi qulluqçulara münasibətdə inzibati həbs tədbirinin tətbiq edilməsinin qadağan olunduğu hallar təsbit olunmuşdur. Maddənin məzmunundan göründüyü kimi, qanunverici hərbi qulluqçular barəsində yalnız hərbi xidmət əleyhinə olan inzibati xətaların (İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş xətaların) törədilməsinə görə inzibati həbsin tətbiq edilməsini nəzərdə tutmuşdur.

İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə müvafiq olaraq, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər şəxslər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılır.

Müraciətdən göründüyü kimi, mübahisəli məsələ hərbi qulluqçu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın xidmət zamanı törədildiyi, lakin sonradan xidmətdən tərxis olunaraq hərbi qulluqçu statusunu itirdiyi təqdirdə, həmin şəxsə inzibati həbs tətbiq olunduğu halda, onun hauptvaxtda və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılması ilə bağlıdır.

Bununla əlaqədar nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində təsbit edilmiş inzibati xətalar həmin Məcəllənin “Hərbi xidmət əleyhinə olan inzibati xətalar” adlı 41-ci fəslinə aiddir. Həmin fəsildə nəzərdə tutulan inzibati xətaların subyekti isə xüsusi subyekt, yəni hərbi qulluqçulardır.

“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin “Hauptvaxt haqqında” 4 saylı əlavəsində hauptvaxt hərbi qulluqçuların həbsdə saxlanılması üçün nəzərdə tutulmuş xüsusi yer kimi müəyyən olunmuşdur.

Odur ki, qanunverici İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsində həmin Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaların subyektinin hərbi qulluqçu olmasını nəzərə alaraq məhz hərbi qulluqçu statusuna malik şəxslərin hauptvaxtda, digər şəxslərin isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmasını nəzərdə tutmuşdur.  

 Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində (610-618-ci maddələr) nəzərdə tutulmuş xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxslərin hauptvaxtda saxlanılması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır.

Müraciətdə qaldırılan digər məsələ ilə bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir.

İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsində ictimai işlərin hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qadağan olunmuşdur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən isə hərbi qulluqçular barəsində hərbi xidmət əleyhinə olmayan digər inzibati xətaların törədilməsinə görə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilə bilməz. Bu səbəbdən qanunverici göstərilən hallarda hərbi qulluqçulara münasibətdə ictimai işlər və inzibati həbs əvəzinə cərimə növündə tənbeh tətbiq edilməsini mümkün hesab etmişdir. Bu zaman həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə müvafiq olaraq hakim ictimai işlər və ya inzibati həbs əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir.

Göründüyü kimi, qanunverici İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 28.4 və 30.2-ci maddələrində göstərilən tənbeh növlərinin inzibati cərimə ilə əvəz olunmasını yalnız həmin tənbeh növlərinin tətbiqinin mümkün olmamasından asılı etmişdir.

Odur ki, hərbi qulluqçu tərəfindən hərbi xidmət əleyhinə olan inzibati xətaların  törədilməsinə görə müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs əvəzinə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq edilərək inzibati cərimə təyin oluna bilməz. Yəni hərbi qulluqçu tərəfindən hərbi xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə qanunverici birbaşa inzibati həbs tənbeh növünü nəzərdə tutduğu halda həmin xətalara görə inzibati həbs növündə tənbehin cərimə ilə əvəz edilməsi mümkün hesab edilə bilməz.   

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin mənasına əsasən, hakim hərbi xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati həbs əvəzinə cərimə növündə tənbeh tətbiq edə bilməz.

O da göstərilməlidir ki,  İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmuşdur. Həmin Məcəllənin 32-ci maddəsində inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa halların da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmasının mümkünlüyü öz əksini tapmışdır.

İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar ədalətlilik prinsipindən irəli gələrək qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu prinsip inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbehin ədalətli olmasını, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını nəzərdə tutur.

Nəzərə alınmalıdır ki, hərbi qulluqçular Vətən qarşısında borclarını yerinə yetirən şəxslər olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, Vətən uğrunda gedən döyüşlərdə, habelə dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətlərə malik ola bilərlər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində məhkəmələr tərəfindən tənbeh tətbiq olunarkən onların yuxarıda qeyd olunan xüsusi xidmətləri, bununla əlaqədar Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif olunmaları, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır;

- İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin mənasına uyğun olaraq, hakim hərbi xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati həbs əvəzinə cərimə növündə tənbeh tətbiq edə bilməz;

- məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinin mənasına uyğun olaraq, hakim hərbi xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati həbs əvəzinə cərimə növündə tənbeh tətbiq edə bilməz.

3. Məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində tənbeh tətbiq olunarkən onların Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır.

4.   Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                        Fərhad Abdullayev