Decisions

08.12.21. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair

 

 

8 dekabr 2021-ci il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin  həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri T.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının sektor müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi O.İsayevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi Q.Babayevin mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ: 

 

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, T.Əliyeva Şəmkir Rayon Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən edilmişdir.

Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə T.Əliyeva Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində olan hökmün icrası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən təxirə salınmışdır.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə T.Əliyeva Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə T.Əliyeva əvvəllər iki dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, onun əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edilmişdir.

Bundan sonra T.Əliyeva Şəmkir Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə, həmin Məcəllənin 325-ci maddəsi ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə T.Əliyevaya təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsi yenə də T.Əliyevanın əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin etmişdir.

Müraciətedənin qənaətinə görə, əgər şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Cinayət Məcəlləsinin 70-ci və ya 79-cu maddələrinin tətbiqi nəticəsində həmin cəzanı real olaraq çəkməmişdirsə, üçüncü dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq əvvəllər təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədiyindən onun əməlində cinayətlərin təhlükəli residivi (və ümumiyyətlə cinayətlərin residivi) olmayacaqdır.

Müraciətdə o da qeyd edilmişdir ki, T.Əliyeva barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmündən görünür ki, həmin məhkəmə məhkumun ibtidai istintaq və məhkəmə baxışı dövründə həbsdə və ev dustaqlığında olduğu 5 ay 1 gün müddəti hökmlərin məcmusu üzrə qəti cəzadan çıxmaq əvəzinə, səhvən özünün baxdığı iş üzrə təyin etdiyi cəzadan çıxmaqla cinayət qanununun tətbiqində səhvə yol vermişdir.

Bu səbəbdən, Şəmkir Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü məhkum barəsində sonuncu hökm olaraq həm cinayətlərin məcmusu, həm də hökmlərin məcmusu üzrə cəza təyin etmə qaydalarına uyğun çıxarıldığından, həmin hökm çıxarılarkən Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrində nəzərdə tutulmuş qəti cəzanın təyin edilməsi qaydaları gözlənilməli, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmündə yol verilmiş səhv Şəmkir Rayon Məhkəməsi tərəfindən aradan qaldırılmalı idi.

Müraciətedən hesab edir ki, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələri tətbiq edilərkən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş cəza çəkmə müddətlərinin hesablanmasına münasibət bildirilməsi və yol verilmiş yanlışlığın qəbul edilən qərarda (hökmdə) düzəldilməsi məhkəmənin səlahiyyətləri daxilindədir.

Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının qorunması, habelə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edərək, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş və ya həmin Məcəllənin 79-cu maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxslərin yenidən qəsdən cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları halda, Cinayət Məcəlləsinin 18-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivinin yaranıb-yaranmaması, habelə Cinayət Məcəlləsinin 66.5 və 67.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və yaxud hökmlərin məcmusu qaydasında cəza təyin edilərkən cəzanın təyin edilməsi ilə bağlı əvvəlki hökmdə yol verilmiş səhvi şəxsin törətdiyi yeni cinayət üzrə işə baxan məhkəmənin düzəltmək səlahiyyətinin olub-olmaması məsələlərinə aydınlıq gətirilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərlə əlaqədar, ilk növbədə, cinayət qanunvericiliyinin şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması institutlarının mahiyyətinin, habelə məhkumluq və cinayətlərin residivi anlayışlarının hüquqi məzmununun bir daha nəzərdən keçirilməsini zəruri hesab edir.

Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur.

Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir.

Cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə salınmasını məqsədəmüvafiq hesab edir.

O da qeyd olunmalıdır ki, sınaq müddətində məhkumun məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi, cəzanın çəkilməsinin təxirə salındığı dövrdə isə uşaqdan imtina etməsi və ya uşağı tərbiyə etməkdən boyun qaçırması tətbiq edilmiş tədbirlərin ləğv edilməsi üçün əsasdır.

Məhkumluğun anlayışı Cinayət Məcəlləsinin 83.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən  cinayət qanunvericiliyi  ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

Şəxsin əməlində residivin mövcud olması üçün onun əvvəllər qəsdən cinayət törətməyə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması və yenidən qəsdən cinayət törətməsi tələb olunur.

Cinayət Məcəlləsinin 18-ci maddəsində törədilən cinayətlərin ağırlıq dərəcəsindən və məhkumluğun sayından asılı olaraq residivin sadə, təhlükəli və xüsusilə təhlükəli növləri fərqləndirilmişdir.

Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Qərarda o da qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi  yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 18-ci maddəsində müəyyən olunmuşdur ki, residivin yaranmasını şərtləndirən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkum edilməsidir. Qanunverici cinayətlərin residivinin yaranmasını qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən təyin edilmiş cəzanın real çəkilməsi ilə şərtləndirməmişdir.

Cinayət Məcəlləsinin 18.4-cü maddəsində residivin müəyyən olunması zamanı nəzərə alınmayan hallar təsbit edilmişdir. Həmin maddəyə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 

Azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edildiyi və ya təxirə salındığı hallarda həmin şəxslərin cəzanı real olaraq çəkməməsi səbəbindən statuslarında yaranmış qeyri-müəyyənliklə bağlı müraciətedənin mövqeyinə dair qeyd olunmalıdır ki, onlar törətdikləri əmələ görə təyin edilmiş cəzanı real olaraq çəkməsələr də, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər hesab olunurlar. Belə ki, hər iki halda barələrində, ilk növbədə, ittihamedici hökm çıxarılmaqla təqsirləndirilən şəxslər cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cəzaya məhkum edilir və hökmün qanuni qüvvəyə minməsi ilə  məhkum edilmiş şəxs statusunu əldə edirlər. Lakin məhkəmə onların azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasını mümkün hesab etdiyindən və ya himayəsində olan azyaşlı uşağın mənafeyi baxımından  barələrində şərti məhkum etmə və ya cəzanın çəkilməsinin təxirə salınması barədə qərar qəbul edir. Odur ki, bu institutların azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü kimi qiymətləndirilməsi həmin institutların mahiyyətinə və məqsədinə uyğun gəlmir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 2021-ci il 30 aprel tarixli Qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarına dəyişiklik edərək qeyd etmişdir ki, residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.    

Bir daha vurğulanmalıdır ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Sınaq müddəti və ya cəzanın çəkilməsinin təxirə salındığı dövr üçün qanunvericiliyin əsas tələbi məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, habelə yeni hüquq pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır.

Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda, cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə məhkumluq ödənilmiş hesab olunur. 

Beləliklə, qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələri ilə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya  azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır.

   Müraciətdə qaldırılan digər məsələ ilə bağlı qeyd edilməlidir ki, məhkəmə baxışının hədlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

Qeyd olunan maddənin məzmunundan çıxış edərək göstərilməlidir ki, təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ittihama baxan məhkəmə, məhkəməyə verilmiş məhz həmin ittiham çərçivəsində məsələləri həll etməli, o cümlədən məhkəmə qarşısında irəli sürülmüş ittiham üzrə şəxsin təqsirli bilinməsi, cəzalandırılmasını istisna edən halların olmaması nəticəsinə gəldikdə, məhkəmə qarşısında irəli sürülmüş məhz konkret ittiham çərçivəsindən kənara çıxmayaraq və ona uyğun olaraq təqsirləndirilən şəxsə cəzanın verilməsi məsələsini həll etməli, ondan əvvəl başqa məhkəmə tərəfindən baxılmış ittihamla əlaqədar məsələlərə, o cümlədən həmin ittiham üzrə cəzanın təyin edilməsi məsələsinə müdaxilə etməməlidir. Belə ki, bu məsələlər cinayət-prosessual qanunvericiliyinin normalarına əsasən digər  məhkəmənin baxılma predmetini təşkil etmişdir ki, həmin işə baxılmasının nəticəsində də müvafiq hökm çıxarılmışdır.

Cinayət-prosessual qanunvericiliyi məhkəmə tərəfindən hökmdə buraxılmış hər hansı bir səhvin düzəldilməsi səlahiyyətini həmin şəxs barəsində yeni cinayət işi üzrə ittihama baxan və Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələrinə uyğun olaraq  cəzanın təyin edilməsi məsələsini həll edən məhkəməyə deyil, hökmün apellyasiya və kassasiya qaydasında mübahisləndirilməsi üzrə prosedurları müəyyən etməklə müvafiq apellyasiya və kassasiya instansiyası məhkəmələrinə aid etmişdir.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir.

Cinayət-Prosessual Məcəlləsinin XLVII fəslinin normaları birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minməmiş hökm və qərarlardan apellyasiya qaydasında şikayət və protestlərin verilməsi, həmin hökm və qərarlara yenidən baxılması məsələlərini tənzimləməklə, birinci instansiya məhkəmələrinin hökm və qərarlarını ləğv etmək, onlarda dəyişikliklər etmək səlahiyyətini müvafiq (məhz həmin hökm və qərarlardan verilmiş şikayət və ya protest üzrə işə baxan) apellyasiya instansiyası məhkəməsinə aid etmişdir.

Bundan əlavə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 12 may tarixli Qərarına əsasən, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o cümlədən hökmə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda məhkəməyəqədər və ya birinci məhkəmə araşdırması zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymətin verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır.

Cinayət-Prosessual Məcəlləsinin XLVIII fəslinin normaları isə apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan (qanuni qüvvəyə minmiş aktlardan) verilmiş kassasiya şikayəti və kassasiya protestinə kassasiya qaydasında yenidən baxılması, həmin hökm və qərarların ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri kassasiya instansiyası məhkəməsinə aid etmişdir.

Cinayət Məcəlləsinin 66.5-ci maddəsində təsbit edilmiş qaydaya görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə isə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

Cinayət Məcəlləsinin 66.5 və 67.1-ci maddələrinin məzmunundan da görünür ki, şəxsin törətdiyi yeni cinayət üzrə işə baxan məhkəmənin səlahiyyəti əvvəlki hökmdə dəyişikliklərin edilməsini nəzərdə tutmur və ondan əvvəlki hökmlə təyin olunmuş cəzadan çıxış etməyi tələb edir.

Beləliklə, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir.

Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi xüsusilə vacib hesab edir ki, hökmdə və ya məhkəmənin digər yekun qərarında hüququn tətbiqi ilə bağlı olmayan, hökmün mahiyyətinə təsir göstərməyən müəyyən səhvlərin, anlaşılmazlıqların və şübhəli məqamların olması mümkündür. Bu kimi hallarda yol verilmiş səhvlərin və anlaşılmazlıqların həll edilməsi məsələsi Cinayət-Prosessual Məcəlləsinin 518-ci maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 

- hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq müəyyən etmək; 

- hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünü müəyyən etmək;

- hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək;

- öz hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq.

Qeyd olunduğu kimi, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən yeni cinayət işi üzrə ittihama baxan məhkəmə həmin təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əvvəlki məhkəmə hökmü ilə bağlıdır. Belə ki, hökmlərin məcmusu üzrə cəza təyin edilməsi qaydasına görə, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Əvvəlki hökmdə yol verilmiş səhvlərin isə yeni hökm çıxarılan zaman da aradan qaldırılmaması məhkumun vəziyyətinin ağırlaşdırılmasına, daha artıq müddətə cəzalandırılmasına səbəb ola bilər. Odur ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə maraqlı şəxslərə əvvəlki hökmdə  hüququn tətbiqi ilə bağlı olmayan və hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə müvafiq məhkəməyə müraciət etməyi izah etməkdə haqlıdır. Bu halda maraqlı şəxslərin ərizəsi və ya məhkəmənin öz təşəbbüsü ilə hökmdə yol verilmiş səhv və anlaşılmazlıqların aradan qaldırılması məqsədilə müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən  azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya  azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır;

- Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVII və XLVIII Fəsillərinin normalarının tələblərinə müvafiq olaraq, məhkəmə Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil;

- Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edilərkən əvvəlki hökmdə hüququn tətbiqi ilə bağlı olmayan və hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə maraqlı şəxslərin ərizəsi və ya məhkəmənin öz təşəbbüsü ilə müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır.

2.   Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVII və XLVIII Fəsillərinin normalarının tələblərinə müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil.

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edilərkən əvvəlki hökmdə hüququn tətbiqi ilə bağlı olmayan və hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə maraqlı şəxslərin ərizəsi və ya məhkəmənin öz təşəbbüsü ilə müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır.

4.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5.  Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                          Fərhad Abdullayev