AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R
A R I
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
18-ci maddəsinin həmin Məcəllənin 70 və
79-cu maddələri baxımından şərh edilməsinə
dair
8 dekabr 2021-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi
konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin
18-ci maddəsinin həmin Məcəllənin 70 və
79-cu maddələri baxımından şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələri Gəncə
Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının
sədri T.Muxtarovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
sektor müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi
O.İsayevin və Bakı Apellyasiya Məhkəməsinin hakimi Q.Babayevin mülahizələrini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan
sonra – Cinayət Məcəlləsi) 18-ci maddəsinin həmin Məcəllənin 70 və
79-cu maddələri baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, T.Əliyeva Şəmkir Rayon
Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin
177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 1 il
sınaq müddəti müəyyən edilmişdir.
Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2018-ci il
tarixli hökmü ilə T.Əliyeva Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri
ilə təqsirli bilinərək 3 il
6 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində olan
hökmün icrası Cinayət Məcəlləsinin
79.1-ci maddəsinə əsasən təxirə salınmışdır.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel
2019-cu il tarixli hökmü ilə T.Əliyeva Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3,
29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə T.Əliyeva əvvəllər iki dəfə qəsdən cinayət törətməyə görə
azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, onun əməlində cinayətlərin
təhlükəli residivinin olması müəyyən edilmişdir.
Bundan sonra T.Əliyeva Şəmkir Rayon Məhkəməsinin
29 yanvar 2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü
maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə, həmin Məcəllənin 325-ci
maddəsi ilə təqsirli bilinərək 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 3 il 9 ay müddətinə
azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.5-ci
maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il
tarixli hökmü ilə T.Əliyevaya təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum
etmə cəzası yeni hökm üzrə təyin edilmiş 3 il 9 ay müddətinə azadlıqdan məhrum
etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 il 6 ay müddətinə
azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsi yenə də T.Əliyevanın
əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq ona Cinayət Məcəlləsinin
65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin etmişdir.
Müraciətedənin qənaətinə görə, əgər şəxs əvvəllər
iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Cinayət Məcəlləsinin 70-ci və ya 79-cu maddələrinin tətbiqi
nəticəsində həmin cəzanı real olaraq çəkməmişdirsə, üçüncü dəfə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilməsinə baxmayaraq əvvəllər təyin edilmiş azadlıqdan məhrum
etmə cəzasını real olaraq çəkmədiyindən onun əməlində cinayətlərin təhlükəli
residivi (və ümumiyyətlə cinayətlərin residivi) olmayacaqdır.
Müraciətdə o da qeyd edilmişdir ki, T.Əliyeva
barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli
hökmündən görünür ki, həmin məhkəmə məhkumun ibtidai istintaq və məhkəmə baxışı
dövründə həbsdə və ev dustaqlığında olduğu 5 ay 1 gün müddəti hökmlərin məcmusu
üzrə qəti cəzadan çıxmaq əvəzinə, səhvən özünün baxdığı iş üzrə təyin etdiyi cəzadan
çıxmaqla cinayət qanununun tətbiqində səhvə yol vermişdir.
Bu səbəbdən, Şəmkir Rayon Məhkəməsinin 29
yanvar 2020-ci il tarixli hökmü məhkum barəsində sonuncu hökm olaraq həm cinayətlərin
məcmusu, həm də hökmlərin məcmusu üzrə cəza təyin etmə qaydalarına uyğun
çıxarıldığından, həmin hökm çıxarılarkən Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrində nəzərdə
tutulmuş qəti cəzanın təyin edilməsi qaydaları gözlənilməli, yəni Bakı şəhəri Xəzər
Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmündə yol verilmiş səhv Şəmkir
Rayon Məhkəməsi tərəfindən aradan qaldırılmalı idi.
Müraciətedən
hesab edir ki, Cinayət
Məcəlləsinin 66.5 və 67-ci maddələri
tətbiq edilərkən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş cəza çəkmə
müddətlərinin hesablanmasına münasibət bildirilməsi və yol verilmiş yanlışlığın
qəbul edilən qərarda (hökmdə) düzəldilməsi məhkəmənin səlahiyyətləri daxilindədir.
Gəncə Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin
hüquq və azadlıqlarının qorunması, habelə məhkəmə təcrübəsinin vahidliyinin təmin
edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edərək, Cinayət Məcəlləsinin
70-ci maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq
edilmiş və ya həmin Məcəllənin 79-cu maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının
çəkilməsi təxirə salınmış şəxslərin yenidən qəsdən cinayət törətdiklərinə görə
azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqları halda, Cinayət Məcəlləsinin
18-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivinin yaranıb-yaranmaması, habelə
Cinayət Məcəlləsinin 66.5 və 67.1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və
yaxud hökmlərin məcmusu qaydasında cəza təyin edilərkən cəzanın təyin edilməsi
ilə bağlı əvvəlki hökmdə yol verilmiş səhvi şəxsin törətdiyi yeni cinayət üzrə
işə baxan məhkəmənin düzəltmək səlahiyyətinin olub-olmaması məsələlərinə
aydınlıq gətirilməsini xahiş etmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərlə əlaqədar, ilk növbədə,
cinayət qanunvericiliyinin şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə
salınması institutlarının mahiyyətinin, habelə məhkumluq və cinayətlərin residivi
anlayışlarının hüquqi məzmununun bir daha nəzərdən keçirilməsini zəruri hesab
edir.
Cinayət qanunvericiliyində məhkumun təyin
edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi
şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci
maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam
xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə
növündə cəza təyin edən məhkəmə, məhkumun
cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti
olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin
edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun
şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir.
Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum
etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr
qoyur.
Şərti məhkum etmə institutunun xarakterik cəhəti
ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə
hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma,
intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum
etmə) müəyyən olunmuş xüsusi formada,
şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin
realizə edilməsinin güzəştli forması kimi çıxış edir.
Cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı
qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə uyğun olaraq, şəxsiyyət
əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə
azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum
edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan
qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən
kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Bu zaman məhkəmə qadının fizioloji vəziyyətini və ya qadının (kişinin) uşağının
azyaşlı olmasını nəzərə alaraq təyin edilmiş cəzanın icrasının təxirə
salınmasını məqsədəmüvafiq hesab edir.
O da qeyd olunmalıdır ki, sınaq müddətində məhkumun məhkəmə tərəfindən üzərinə
qoyulmuş vəzifələri yerinə yetirməməsi, cəzanın çəkilməsinin təxirə salındığı dövrdə
isə uşaqdan imtina etməsi və ya uşağı tərbiyə etməkdən boyun qaçırması tətbiq edilmiş tədbirlərin
ləğv edilməsi üçün əsasdır.
Məhkumluğun
anlayışı Cinayət Məcəlləsinin 83.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin
maddəyə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham
hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi
günə qədər məhkum olunmuş hesab edilir.
Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü
maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan
Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında
qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin
edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət
törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi
nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan
ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında
cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni
cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək
ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi
münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli
daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.
Cinayət
Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər
məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin
residivini yaradır.
Şəxsin
əməlində residivin mövcud olması üçün onun əvvəllər qəsdən cinayət törətməyə
görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş
məhkumluğunun olması və yenidən qəsdən cinayət törətməsi tələb olunur.
Cinayət
Məcəlləsinin 18-ci maddəsində törədilən cinayətlərin ağırlıq dərəcəsindən və
məhkumluğun sayından asılı olaraq residivin sadə, təhlükəli və xüsusilə
təhlükəli növləri fərqləndirilmişdir.
Cinayətlərin
residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt
cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi
və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi
həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə
cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu
da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə
adekvat qiymətin verilməsini zəruri edir.
Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və
83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli
Qərarında belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin
“məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq
barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya
götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Qərarda o da qeyd
olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi
əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail
olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət
etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə
tutmuşdur.
“Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh
edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə,
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət
tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci
maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə
alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq
edilməklə cəza təyin olunmalıdır.
Konstitusiya
Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum
olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə
təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və
cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş
şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq
gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq
edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət
məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur.
Qeyd edilməlidir
ki, Cinayət Məcəlləsinin 18-ci maddəsində müəyyən olunmuşdur ki, residivin
yaranmasını şərtləndirən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkum
edilməsidir. Qanunverici cinayətlərin residivinin yaranmasını qəsdən cinayət
törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən təyin edilmiş cəzanın
real çəkilməsi ilə şərtləndirməmişdir.
Cinayət
Məcəlləsinin 18.4-cü maddəsində residivin müəyyən olunması zamanı nəzərə
alınmayan hallar təsbit edilmişdir. Həmin maddəyə görə, böyük ictimai təhlükə
törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş
cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş
və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza
təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı
nəzərə alınmır.
Azadlıqdan
məhrum etmə cəzasının şərti tətbiq edildiyi və ya təxirə salındığı hallarda
həmin şəxslərin cəzanı real olaraq çəkməməsi səbəbindən statuslarında yaranmış qeyri-müəyyənliklə
bağlı müraciətedənin mövqeyinə dair qeyd olunmalıdır ki, onlar törətdikləri
əmələ görə təyin edilmiş cəzanı real olaraq çəkməsələr də, azadlıqdan məhrum
etmə cəzasına məhkum olunmuş şəxslər hesab olunurlar. Belə ki, hər iki halda barələrində,
ilk növbədə, ittihamedici hökm çıxarılmaqla təqsirləndirilən şəxslər cinayət
qanunvericiliyi ilə müəyyən edilmiş cəzaya məhkum edilir və hökmün qanuni
qüvvəyə minməsi ilə məhkum edilmiş şəxs
statusunu əldə edirlər. Lakin məhkəmə onların azadlıqdan məhrum etmə cəzasını
real olaraq çəkmədən də islah olunmasını mümkün hesab etdiyindən və ya
himayəsində olan azyaşlı uşağın mənafeyi baxımından barələrində şərti məhkum etmə və ya cəzanın
çəkilməsinin təxirə salınması barədə qərar qəbul edir. Odur ki, bu
institutların azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü kimi qiymətləndirilməsi
həmin institutların mahiyyətinə və məqsədinə uyğun gəlmir.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu 2021-ci il 30 aprel tarixli Qərarı ilə “Məhkəmələr
tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25
iyun tarixli Qərarına dəyişiklik edərək qeyd etmişdir ki, residivin müəyyən
edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin
18.4-cü maddəsində əvvəllər həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti
məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız
Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə
(məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum
edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni,
şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük
ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum
etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam
xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə)
residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.
Bir
daha vurğulanmalıdır ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə
salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda
və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm
prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq
çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi
təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit
etmişdir. Sınaq müddəti və ya cəzanın çəkilməsinin təxirə salındığı dövr üçün
qanunvericiliyin əsas tələbi məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri
yerinə yetirməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, habelə yeni hüquq
pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır.
Cinayət
Məcəlləsinin 83.3-cü maddəsinə görə, şərti məhkum edilmiş şəxslər
barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda
isə həmçinin əlavə cəza icra olunub qurtardıqda, cəzanın çəkilməsi təxirə
salınmış şəxslər barəsində bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş
qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə məhkumluq
ödənilmiş hesab olunur.
Beləliklə,
qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına
məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin
cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu
şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və
çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla
müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən
qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir.
Qeyd
olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 18.4-cü
maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə
müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələri ilə azadlıqdan məhrum etmə
cəzasına şərti məhkum edilmiş və ya
azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən
qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır.
Müraciətdə qaldırılan digər məsələ ilə bağlı
qeyd edilməlidir ki, məhkəmə baxışının hədlərini müəyyən edən Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual
Məcəlləsi) 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək
sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız
təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham
daxilində baxılır.
Qeyd olunan maddənin məzmunundan çıxış edərək
göstərilməlidir ki, təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ittihama
baxan məhkəmə, məhkəməyə verilmiş məhz həmin ittiham çərçivəsində məsələləri həll
etməli, o cümlədən məhkəmə qarşısında irəli sürülmüş ittiham üzrə şəxsin təqsirli
bilinməsi, cəzalandırılmasını istisna edən halların olmaması nəticəsinə gəldikdə,
məhkəmə qarşısında irəli sürülmüş məhz konkret ittiham çərçivəsindən kənara
çıxmayaraq və ona uyğun olaraq təqsirləndirilən şəxsə cəzanın verilməsi məsələsini
həll etməli, ondan əvvəl başqa məhkəmə tərəfindən baxılmış ittihamla əlaqədar məsələlərə,
o cümlədən həmin ittiham üzrə cəzanın təyin edilməsi məsələsinə müdaxilə etməməlidir.
Belə ki, bu məsələlər cinayət-prosessual qanunvericiliyinin normalarına əsasən digər
məhkəmənin baxılma predmetini təşkil etmişdir ki, həmin işə baxılmasının
nəticəsində də müvafiq hökm çıxarılmışdır.
Cinayət-prosessual qanunvericiliyi məhkəmə tərəfindən
hökmdə buraxılmış hər hansı bir səhvin düzəldilməsi səlahiyyətini həmin şəxs
barəsində yeni cinayət işi üzrə ittihama baxan və Cinayət Məcəlləsinin 66.5 və
ya 67.1-ci maddələrinə uyğun olaraq cəzanın
təyin edilməsi məsələsini həll edən məhkəməyə deyil, hökmün apellyasiya və
kassasiya qaydasında mübahisləndirilməsi üzrə prosedurları müəyyən etməklə
müvafiq apellyasiya və kassasiya instansiyası məhkəmələrinə aid etmişdir.
Belə ki, Cinayət-Prosessual Məcəlləsinin
64.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə
minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri
bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan
Respublikasının ərazisində şərtsiz icra edilməlidir.
Cinayət-Prosessual Məcəlləsinin XLVII fəslinin
normaları birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə
minməmiş hökm və qərarlardan apellyasiya qaydasında şikayət və protestlərin
verilməsi, həmin hökm və qərarlara yenidən baxılması məsələlərini tənzimləməklə,
birinci instansiya məhkəmələrinin hökm və qərarlarını ləğv etmək, onlarda dəyişikliklər
etmək səlahiyyətini müvafiq (məhz həmin hökm və qərarlardan verilmiş şikayət və
ya protest üzrə işə baxan) apellyasiya instansiyası məhkəməsinə aid etmişdir.
Bundan əlavə qeyd edilməlidir ki, “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh
edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 12 may tarixli Qərarına
əsasən, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o
cümlədən hökmə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin
düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda məhkəməyəqədər və
ya birinci məhkəmə araşdırması zamanı işin hallarının hərtərəfli və tam
araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymətin
verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə
təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan
qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi
tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni
hökm qəbul etsin. Bununla da qəsdən və ya yanlışlıq üzündən edilmiş
pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin
ağır nəticələrinin qarşısı vaxtında alınır.
Cinayət-Prosessual Məcəlləsinin XLVIII fəslinin
normaları isə apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və
qərarlardan (qanuni qüvvəyə minmiş aktlardan) verilmiş kassasiya şikayəti və kassasiya
protestinə kassasiya qaydasında yenidən baxılması, həmin hökm və qərarların ləğv
edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri kassasiya instansiyası məhkəməsinə
aid etmişdir.
Cinayət Məcəlləsinin 66.5-ci maddəsində təsbit
edilmiş qaydaya görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun
birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli
olduğu müəyyən olunarsa, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin
edilir. Bu halda birinci hökmə əsasən çəkilən
cəza qəti cəza müddətinə hesablanır.
Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə isə
hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin
edilmiş cəzaya əvvəlki hökm üzrə təyin
edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
Cinayət Məcəlləsinin 66.5 və 67.1-ci maddələrinin
məzmunundan da görünür ki, şəxsin törətdiyi yeni cinayət üzrə işə baxan məhkəmənin
səlahiyyəti əvvəlki hökmdə dəyişikliklərin edilməsini nəzərdə tutmur və ondan əvvəlki
hökmlə təyin olunmuş cəzadan çıxış etməyi tələb edir.
Beləliklə, yeni cinayət işi üzrə
ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin
şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik
deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə
alınmaqla qəti cəza təyin edilməlidir.
Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etməyi xüsusilə vacib hesab edir ki, hökmdə və ya məhkəmənin digər yekun qərarında
hüququn tətbiqi ilə bağlı olmayan, hökmün mahiyyətinə təsir göstərməyən müəyyən
səhvlərin, anlaşılmazlıqların və şübhəli məqamların olması mümkündür. Bu kimi
hallarda yol verilmiş səhvlərin və anlaşılmazlıqların həll edilməsi məsələsi
Cinayət-Prosessual Məcəlləsinin 518-ci maddəsi ilə müəyyən edilmişdir. Qeyd
edilən maddəyə əsasən, hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası
zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində
cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı
və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya
orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna
malikdir:
- hökmlə müəyyən edilmədiyi halda cəzanın həddini,
hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini dəqiq
müəyyən etmək;
- hökmlə müəyyən edilmədiyi halda azadlıqdan məhrum
etmə növündə cəzanın çəkilməli olduğu cəzaçəkmə və ya tərbiyə müəssisəsinin
növünü müəyyən etmək;
- hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla
həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya
maddi sübutların taleyi haqqında məsələləri həll etmək;
- öz hökmünün və ya digər yekun qərarının başqa
anlaşılmazlıqlarını aradan qaldırmaq.
Qeyd olunduğu kimi, hökmlərin məcmusu üzrə cəza
təyin edilərkən yeni cinayət işi üzrə ittihama baxan məhkəmə həmin təqsirləndirilən
şəxs barəsində qəbul edilmiş əvvəlki məhkəmə hökmü ilə bağlıdır. Belə ki, hökmlərin
məcmusu üzrə cəza təyin edilməsi qaydasına görə, məhkəmə yeni hökm üzrə təyin
edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini
tamamilə və ya qismən birləşdirir. Əvvəlki hökmdə yol verilmiş səhvlərin isə
yeni hökm çıxarılan zaman da aradan qaldırılmaması məhkumun vəziyyətinin
ağırlaşdırılmasına, daha artıq müddətə cəzalandırılmasına səbəb ola bilər. Odur
ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə maraqlı şəxslərə əvvəlki hökmdə
hüququn tətbiqi ilə bağlı olmayan və
hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan
qaldırılması məqsədi ilə müvafiq məhkəməyə müraciət etməyi izah etməkdə
haqlıdır. Bu halda maraqlı şəxslərin ərizəsi və ya məhkəmənin öz təşəbbüsü ilə
hökmdə yol verilmiş səhv və anlaşılmazlıqların aradan qaldırılması məqsədilə
müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır.
Göstərilənlərə
əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsinin 18.4-cü
maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə
müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum
edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının
çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin
residivini yaradır;
- Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin,
habelə həmin Məcəllənin XLVII və XLVIII Fəsillərinin normalarının tələblərinə
müvafiq olaraq, məhkəmə Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza
təyin edərkən digər məhkəmənin hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə
malik deyil;
- Cinayət Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri
ilə cəza təyin edilərkən əvvəlki hökmdə hüququn tətbiqi ilə bağlı olmayan və
hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və anlaşılmazlıqların aradan
qaldırılması məqsədi ilə maraqlı şəxslərin ərizəsi və ya məhkəmənin öz təşəbbüsü
ilə müvafiq məhkəmə qarşısında məsələ qaldırılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar
istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin
70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum
edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin
yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 318-ci maddəsinin, habelə həmin Məcəllənin XLVII və XLVIII Fəsillərinin
normalarının tələblərinə müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edərkən digər məhkəmənin
hökmünə hər hansı dəyişiklik etmək səlahiyyətinə malik deyil.
3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
66.5 və ya 67.1-ci maddələri ilə cəza təyin edilərkən əvvəlki hökmdə hüququn tətbiqi
ilə bağlı olmayan və hökmün mahiyyətinə təsir göstərməyən səhvlərin və
anlaşılmazlıqların aradan qaldırılması məqsədi ilə maraqlı şəxslərin ərizəsi və
ya məhkəmənin öz təşəbbüsü ilə müvafiq məhkəmə qarşısında məsələ
qaldırılmalıdır.
4. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
5. Qərar
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev