AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin
37.3-cü maddəsinin şərh edilməsinə dair
23
iyul 2021-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2
və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin
37.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini,
maraqlı subyektlərin nümayəndələri Balakən Rayon Məhkəməsinin hakimi
Z.Tahirovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial
qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Bakı
Apellyasiya Məhkəməsinin hakimi R.Eyvazovun mülahizələrini, ekspertlər Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti,
hüquq üzrə fəlsəfə doktoru Ş.Yusifov və Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
S.Süleymanlının rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Balakən
Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan
Respublikası Ailə Məcəlləsinin (bundan sonra –
Ailə Məcəlləsi) 32 və 36-cı maddələrinə münasibətdə həmin Məcəllənin 37.3-cü
maddəsinin şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Z.Xanlayev
N.Xanlayevaya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək
nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının
cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır
ki, tərəflər 27 may 2001-ci ildən rəsmi nikahdadırlar, üç övladları vardır.
İddiaçı nikah dövründə “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Zaqatala filialından
3 iyul 2019-cu il tarixli kredit müqaviləsi əsasında ona məxsus mənzili ipoteka
qoyaraq 30 000 manat kredit götürmüşdür. Z.Xanlayev hesab etmişdir ki, həmin
kreditin, habelə birgə nikah dövründə əldə etdikləri pulun yarısı
N.Xanlayevadan alınıb ona verilməlidir.
Balakən Rayon Məhkəməsi
işə baxarkən ər-arvaddan birinin nikah dövründə
kredit müəssisələrindən aldığı kreditin ər-arvadın ümumi birgə mülkiyyətini təşkil
edib-etməməsi, tərəflər arasında ümumi əmlak bölgüsünün predmeti olub-olmaması
ilə bağlı həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində ziddiyyətlərin
olduğu qənaətinə gəlmişdir.
Müraciətdə qeyd olunur ki, bəzi hüquqi
yanaşmalara görə ər-arvadın nikahı dövründə ərin və ya arvadın kredit müəssisələrindən
aldığı kreditlər ailənin ümumi tələbatına yönəldilmişdirsə, həmin kredit Ailə Məcəlləsinin
32-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir və ümumi
borc olaraq ər-arvad arasında əmlakın bölgüsü halında hər birinin əmlakdakı
payına uyğun bölünməlidir. Ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında
iddiasına baxılarkən Ailə Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq ümumi
borcların bölünməsi məsələsi də həll olunmalıdır.
Digər hüquqi yanaşmaya görə, ər və ya arvadın
nikah dövründə kredit müəssisələrindən aldığı kredit onların ümumi birgə
mülkiyyətinə daxil deyildir. Belə ki, bu kredit
müvafiq faiz və cərimələr
də daxil olmaqla müəyyən müddətlərdə
həmin kredit müəssisəsinə
qaytarılmalıdır. Ona görə də alınmış kredit məbləği əldə edilmiş hər hansı əmlak
qazancı, gəlir və ya gəlir hesabına əldə edilən daşınar və daşınmaz əmlak
deyil, ödənilməli olan borcdur və ər-arvadın ümumi birgə mülkiyyətinə
aid edilə bilməz.
Müraciətedənin qənaətinə görə, Ailə Məcəlləsinin
32-ci maddəsinin mənasına əsasən, ər-arvadın ümumi mülkiyyətinə ər-arvadın
nikah dövründə əldə etdiyi gəlirlər, qazanc, pensiya və müavinət, paylar, əmanətlər,
ümumi gəlirlər hesabına əldə edilən daşınar və daşınmaz əmlak, yəni faktiki
qazanılmış gəlirlər və əmlaklar daxildir. Həmin maddədə ər-arvadın ümumi birgə
mülkiyyətinə bankdan alınan kreditin daxil olduğu müəyyən edilməmişdir. Bankdan
alınan kredit ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olmadığından, həmin
borc ər-arvadın bir-birinə qarşı ümumi əmlakın bölünməsi tələbi
üzrə ümumi əmlak
kimi bölünə bilməz. Odur
ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsi ərin və ya
arvadın bir-birinə qarşı ümumi əmlakın bölgüsü
iddiası üzrə deyil, məhz üçüncü şəxslərin, o cümlədən kredit müəssisəsinin
verilən kreditlə bağlı ər-arvada qarşı iddiası əsasında ər-arvadın ümumi
borclarının bölünməsini nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin Plenumu müraciət ilə bağlı aşağıdakıları qeyd
edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13
və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin
mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə
əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını
nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla
müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən
məhrum edilə bilməz.
Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində
bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir.
Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu
fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda
ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 213-cü
maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara
ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda
mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya
belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir.
Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır.
Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki
Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən
edilmişdir.
Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə
qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada
ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə
etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.
Göründüyü kimi, nikah dövründə
ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş
hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz
əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini
təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni
rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi).
Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq
və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları
pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri,
ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar,
qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş
paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın
qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin
adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən
qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın
onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə
Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri).
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, nikah
dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi
birgə əmlakına daxil olub-olmaması məsələsi
ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına aydınlıq gətirilməlidir.
Əmlak
anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ
deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və
öhdəliklərin cəmini ifadə edir.
Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir.
Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin
özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi,
yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı
ilə bağlı
müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin
6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd
olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi
bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər
bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi
varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və
öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq
Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı
ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur.
Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub
maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini,
iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini
təşkil edir.
Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci
il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı
yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət
üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir.
Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət
əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları
(aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci
maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi
prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı
olmayaraq ailə
ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi
əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün
vəzifələr yaradır.
Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və
ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa
nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin
mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü
maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir.
Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak,
habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər
əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca
mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna
olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın
ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa,
ona məxsusdur.
Qeyd olunan
qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin
Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd
etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın
ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın
ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri
çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması
əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir.
Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli
öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və
s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın
şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter
daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur
ki, nikah dövründə yaranmış borc işin
hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi
birgə öhdəliyi hesab edilir.
Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin
ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra
dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan
Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən
ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün
sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi
əmlakına daxil edilir.
Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə
əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ
onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı
üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir
ki, o, digərinin razılığı ilə hərəkət edir.
Ər-arvaddan biri digərinin razılığı
olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin
iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya
bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən
mübahisələndirilə bilər.
Ər-arvaddan birinin daşınmaz əmlak
üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya)
qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında
təsdiq edilmiş razılığı lazımdır.
Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz
əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə
etibarsız hesab edilir.
Göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki
qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun
olaraq həyata keçirməlidirlər. Ər-arvaddan hər hansı biri daşınar əşyalara
münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu
əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına
hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı
sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq
arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında
mülki hüquqi məsuliyyətinə səbəb olur.
Qanunvericilikdə
ər-arvadın ümumi əmlakının bölgüsü ilə bağlı mülki hüquq subyektlərinin iradə
azadlığına hər hansı məcburi məhdudiyyət qoyulmamışdır. Ailə Məcəlləsinin 36-cı
maddəsinə uyğun olaraq, ər-arvadın ümumi əmlakı istər nikah
dövründə, istərsə də nikah pozulduqdan sonra onlardan birinin tələbi əsasında
bölünə bilər.
Həmçinin kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin
payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd
olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli
olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası
üçün ərin (arvadın) şəxsi əmlakı kifayət
etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına
yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı
və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun
kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin
payın ayrılmasını tələb edə bilər.
Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah
dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri
bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi
əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi
dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin
bölünməsi hallarını da əhatə edir.
Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə
başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının
bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab
edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların
mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən
ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti
ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə
mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak
bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın
bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər
olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi
öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə
müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi
halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad
arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik
olmamaqla kreditor qarşısında
onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra
edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi
istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə
borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət
paylarına uyğun olaraq bölünür.
Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin
şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə
əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına
və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya
yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin
öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu
məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə
ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin
öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət
daşıyırlar.
Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə
borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə
məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin
anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə
şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən
şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək
hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna
və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı
hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi
öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər
çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad
etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında
bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə
iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu
yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad
edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII
hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi
baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar).
Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor
qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri
üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya
üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə
ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin
ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə
institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı,
həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə
əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi
olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan
ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi
hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə
Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə
xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər
birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya
daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının,
habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması
məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli,
ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam
verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri
üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli
hallarını araşdırmalıdır.
Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin
şikayəti üzrə yuxarıda qeyd edilmiş Qərarında da ifadə
edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mirasa daxil olan əmlakın
ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə
mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən
çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün
vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini
daşıyırlar.
Həmçinin qeyd olunmalıdır ki, ər-arvad arasında əmlak mübahisələrinin
qarşısının alınması üçün məqsədəmüvafiq vasitə nikah müqaviləsidir ki, onun
vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının hüquqi rejimini qarşılıqlı
razılaşma əsasında müəyyən edirlər. Nikah müqaviləsinin anlayışı Ailə
Məcəlləsinin 38.1-ci maddəsində verilmişdir. Nikah müqaviləsi nikaha daxil olan
şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda
ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, müqavilə azadlığı
baxımından nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımasa da, gələcəkdə ər-arvad arasında yarana biləcək əmlak
mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah
müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına
tövsiyə olunur.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Mülki Məcəllənin
225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq,
nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə
üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına
daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır;
- Ailə Məcəlləsinin 36-cı maddəsində
nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının
bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik
olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva
edir.
Şəxsi xarakterli
öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor
ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın
bölünməsi tələbi barədə ərizə verə bilər;
-
Ailə Məcəlləsinin
37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü
haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər
birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında
ər-arvadın birgə borclu olması halını aradan qaldırmır;
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin
32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya
arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər
ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı
maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların
mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə
yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin
(arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında
müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə
verə bilər.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü
maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında
iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin
mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında
ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.
4. Ər-arvad arasında yarana biləcək əmlak
mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah
müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına
tövsiyə olunsun.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev