Qərarlar

23.07.21 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

   Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair

 

 

23 iyul 2021-ci il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və  33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi R.Eyvazovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ş.Yusifov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 32 və 36-cı maddələrinə münasibətdə həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Z.Xanlayev N.Xanlayevaya qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 27 may 2001-ci ildən rəsmi nikahdadırlar, üç övladları vardır. İddiaçı nikah dövründə “AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin Zaqatala filialından 3 iyul 2019-cu il tarixli kredit müqaviləsi əsasında ona məxsus mənzili ipoteka qoyaraq 30 000 manat kredit götürmüşdür. Z.Xanlayev hesab etmişdir ki, həmin kreditin, habelə birgə nikah dövründə əldə etdikləri pulun yarısı N.Xanlayevadan alınıb ona verilməlidir.

Balakən Rayon Məhkəməsi işə baxarkən ər-arvaddan birinin nikah dövründə kredit müəssisələrindən aldığı kreditin ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edib-etməməsi, tərəflər arasında ümumi əmlak bölgüsünün predmeti olub-olmaması ilə bağlı həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində ziddiyyətlərin olduğu qənaətinə gəlmişdir.

Müraciətdə qeyd olunur ki, bəzi hüquqi yanaşmalara görə ər-arvadın nikahı dövründə ərin və ya arvadın kredit müəssisələrindən aldığı kreditlər ailənin ümumi tələbatına yönəldilmişdirsə, həmin kredit Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir və ümumi borc olaraq ər-arvad arasında əmlakın bölgüsü halında hər birinin əmlakdakı payına uyğun bölünməlidir. Ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən Ailə Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq ümumi borcların bölünməsi məsələsi də həll olunmalıdır.

Digər hüquqi yanaşmaya görə, ər və ya arvadın nikah dövründə kredit müəssisələrindən aldığı kredit onların ümumi birgə mülkiyyətinə daxil deyildir. Belə ki, bu kredit  müvafiq  faiz  və  cərimələr də daxil  olmaqla müəyyən  müddətlərdə  həmin  kredit müəssisəsinə qaytarılmalıdır. Ona görə də alınmış kredit məbləği əldə edilmiş hər hansı əmlak qazancı, gəlir və ya gəlir hesabına əldə edilən daşınar və daşınmaz  əmlak  deyil, ödənilməli olan borcdur və ər-arvadın ümumi birgə mülkiyyətinə aid edilə bilməz.

Müraciətedənin qənaətinə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına əsasən, ər-arvadın ümumi mülkiyyətinə ər-arvadın nikah dövründə əldə etdiyi gəlirlər, qazanc, pensiya və müavinət, paylar, əmanətlər, ümumi gəlirlər hesabına əldə edilən daşınar və daşınmaz əmlak, yəni faktiki qazanılmış gəlirlər və əmlaklar daxildir. Həmin maddədə ər-arvadın ümumi birgə mülkiyyətinə bankdan alınan kreditin daxil olduğu müəyyən edilməmişdir. Bankdan alınan kredit ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olmadığından, həmin borc ər-arvadın bir-birinə qarşı ümumi əmlakın bölünməsi   tələbi  üzrə  ümumi  əmlak  kimi  bölünə  bilməz. Odur  ki,  Ailə  Məcəlləsinin 37.3-cü maddəsi ərin və ya arvadın bir-birinə qarşı ümumi əmlakın bölgüsü  iddiası üzrə  deyil,  məhz üçüncü şəxslərin, o cümlədən kredit müəssisəsinin verilən kreditlə bağlı ər-arvada qarşı iddiası əsasında ər-arvadın ümumi borclarının bölünməsini nəzərdə tutur.

Konstitusiya Məhkəməsinin Plenumu müraciət ilə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiyanın 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir.

Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)  213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır.

Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.

Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.

Göründüyü kimi,  nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi).

Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, nikah dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi birgə əmlakına daxil  olub-olmaması məsələsi ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına  aydınlıq gətirilməlidir.

Əm­lak anlayışı bir əş­ya­nı və ya maddi dəyəri olan konk­ret bir subyektiv hü­qu­qu de­yil, bir şəx­sə mənsub mad­di də­yəri olan bü­tün subyektiv hü­quq­la­rı­n və öh­də­lik­lə­ri­n  cə­mi­ni ifa­də edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən  maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur.

Beləliklə,  şəx­sə (hü­qu­qi və ya fi­zi­ki şəxsə) mən­sub mad­di də­yərə malik olan bü­tün haq­lar (hü­quq­lar) əm­la­kın ak­tiv qis­mi­ni, iq­ti­sa­di ma­hiy­yət kəsb edən öh­də­lik­lər isə onun (əm­la­kın) pas­siv qis­mi­ni təş­kil edir.

Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir.

Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış  borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.

Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş  öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən  Rusiya  Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir.

Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

 Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

 Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.

Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.

Göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur.

Qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölgüsü ilə bağlı mülki hüquq subyektlərinin iradə azadlığına hər hansı məcburi məhdudiyyət qoyulmamışdır. Ailə Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, ər-arvadın ümumi əmlakı istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra onlardan birinin tələbi əsasında bölünə bilər.

Həmçinin kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə  əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı  kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur.  Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.

Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak  hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür.

Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar).

Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə yuxarıda qeyd edilmiş Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar.

Həmçinin qeyd olunmalıdır ki, ər-arvad arasında əmlak mübahisələrinin qarşısının alınması üçün məqsədəmüvafiq vasitə nikah müqaviləsidir ki, onun vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının hüquqi rejimini qarşılıqlı razılaşma əsasında müəyyən edirlər. Nikah müqaviləsinin anlayışı Ailə Məcəlləsinin 38.1-ci maddəsində verilmişdir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, müqavilə azadlığı baxımından nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımasa da, gələcəkdə ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına tövsiyə olunur.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır;

- Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının  bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər;

- Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır;

- ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına tövsiyə olunsun.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI:

 

1.  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.

2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.

Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər.

3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

4. Ər-arvad arasında yarana biləcək əmlak mübahisələrinin qarşısının alınması üçün nikaha ərizə verən şəxslərə nikah müqaviləsinin bağlanılmasının təklif edilməsi müvafiq icra hakimiyyəti orqanına tövsiyə olunsun.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                          Fərhad Abdullayev