AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q
Ə R A R I
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun
yoxlanılmasına dair
23
aprel 2021-ci il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim),
Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci
maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə
baxdı.
İş
üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının
Elmi-analitik sektorunun müdiri M.Məmmədovun və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi
qanunvericilik sektorunun müdiri E.Əsgərovun, mütəxəssis Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ə.Novruzovun
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və
kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət
edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi)
85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 12-ci maddəsinin I hissəsinə, 17-ci maddəsinin IV və V
hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 71-ci maddəsinin I və II hissələrinə,
149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Sorğuda
göstərilmişdir ki, Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən
on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik
yaşına çatmayanlar hesab olunur. Cinayətin subyekti olan yetkinlik yaşına
çatmayanlara təyin edilə bilən cəza növlərindən biri ictimai işlərdir. Cinayət
Məcəlləsinin 85.3-cü maddəsinin tələbinə görə, ictimai işlər səksən saatdan üç
yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun
bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən
ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki
saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan
çox ola bilməz.
Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi)
35.1-ci maddəsinə görə, məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili
intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən
olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən
istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi
yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona
xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat
verməlidirlər.
Sorğu
onunla əsaslandırılmışdır ki, Konstitusiyanın 17-ci maddəsinin IV və V hissələrinə,
26-cı maddəsinin II hissəsinə müvafiq olaraq, uşaqları onların həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək
qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Dövlət hər kəsin
hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Cinayət Məcəlləsinin
85.3-cü maddəsində isə on beş yaşınadək şəxslərin təhsilindən və əsas işindən
asudə vaxtlarında bacardıqları işlərin icrasına cəlb edilməsi nəzərdə
tutulmuşdur.
Sorğuverənin
qənaətinə görə, ictimai işlər cəzasının işləməsi qadağan olunan 15 yaşınadək şəxslərə
münasibətdə tətbiqi onların azadlıq hüququnun məhdudlaşdırılmasına, sağlamlığının
qorunması hüququnun, eləcə də bu kateqoriya şəxslərin əmək fəaliyyətinə cəlb
edilməsinin qadağan olunması ilə bağlı Konstitusiya normalarının pozulmasına səbəb
ola bilər. Halbuki, Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrində
göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə
bərabər münasibətə) əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Sorğuda
həmçinin qeyd olunur ki, Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən,
yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin
edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş
miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
İslah
işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. İslah işləri növündə cəzaya
məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə
qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə
müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər (Cəzaların İcrası
Məcəlləsinin 40 və 41.1-ci maddələri).
Sorğuverən
hesab edir ki, 14 yaşından 15 yaşınadək olan yetkinlik yaşına çatmayanların işləməsi
və onlara ictimai işlər və əsas iş yeri üzrə çəkilən islah işləri növündə cəzaların
tətbiqini nəzərdə tutan Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələri hüquqa və
haqq-ədalət meyarlarına cavab verməməklə Konstitusiyanın 17-ci maddəsinin V
hissəsi, eləcə də digər qeyd olunan normaların tələbləri ilə ziddiyyət təşkil
edir.
Konstitusiya
Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab
edir.
Konstitusiyanın
17-ci maddəsinin IV və V hissələrində göstərilmişdir ki, uşaqları onların həyatına,
sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək
qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
“Uşaq
hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 1-ci maddəsinə uyğun
olaraq, uşaqların hüquq və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və
tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Konstitusiyaya
uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Dövlət
orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini
üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan
Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə
zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər
gətirməməlidir (“Uşaq hüquqları haqqında” Qanunun 4 və 5-ci maddələri).
Uşaqların
yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək
hüququ vardır. Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri
Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan
Respublikasının Əmək Məcəlləsi (bundan sonra – Əmək Məcəlləsi) işçilərlə işəgötürənlər
arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti
orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq
münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 46-cı maddəsinin 4-cü hissəsinə
görə, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15
yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə
müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq
inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə
əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən
(qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı
razılığı alınmalıdır. Həmçinin Əmək Məcəlləsinin 249-cu maddəsində göstərilmişdir
ki, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusunda
qaldırılan məsələlər vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əhəmiyyət
kəsb edərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmişdir.
Belə ki, qeyd olunan məsələlərə aydınlıq gətirilməsi, həmçinin cinayət törətmiş
yetkinlik yaşına çatmayan şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, “risk
altında” olan uşaqlara dair alternativ cəza növlərinin tətbiqinin təkmilləşdirilməsinə
xidmət etmiş olar.
Bu
baxımdan Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün
həll edilməsi üçün cinayət qanunvericiliyinə müvafiq olaraq cəza institutunun
mahiyyəti və məqsədinin açıqlanmasını, eləcə də yetkinlik yaşına çatmayanlar
barəsində cinayət məsuliyyətinin və cəzanın xüsusiyyətlərinin nəzərdən keçirilməsini
zəruri hesab edir.
Cinayətkarlığa
qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların
hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin
ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin
və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi
olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən
kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.
Cinayət
Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi
xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq
olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər
yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də
başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi
ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin
hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə
təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə
məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir (Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 12 yanvar
tarixli Qərarı).
Cinayət
törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün qanunla
müəyyən olunmuş yaş həddinə çatma və anlaqlılıq zəruri şərt hesab olunur.
Cinayət
törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On
dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az
ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, oğurluğa, soyğunçuluğa,
quldurluğa və s. əməllərə görə cinayət məsuliyyətinə cəlb edilir. İctimai təhlükəli
əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllədə nəzərdə tutulmuş
yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi
qaydası müvafiq qanunla müəyyən edilir (Cinayət Məcəlləsinin 20-ci maddəsi).
Göründüyü
kimi, Cinayət Məcəlləsində, bir qayda olaraq, şəxsin cinayət məsuliyyətinə cəlb
edilməsi və cəzalandırılması üçün cinayət törədərkən on altı yaşına çatması tələb
olunur. Bir sıra hallarda isə qanunverici törədilən cinayətin xarakterini, qəsdən
törədilməsini, belə əməllərin kriminal xarakterini dərk etmək qabiliyyətinə
malik olmanı və digər halları nəzərə alaraq ayrı-ayrı cinayətlərə görə cinayət
məsuliyyətinə cəlb etmək üçün zəruri yaş həddini on dörd yaş hesab edir.
Cinayət
Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam
olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar
hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin
edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
Qanunverici
14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna
aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin
az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik
yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini
zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin
digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır.
Qanunverici
cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində
cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu
kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə
tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə
yanaşmışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri
hesab edir ki, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət
siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması,
uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə
təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial
mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və
layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin
prioritet istiqamətlərini təşkil edir.
Bu
baxımdan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də “Uşaq hüquqları
haqqında” Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri
nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində
məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya
instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək
icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma
qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin,
habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol
verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr
tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli
və imkan daxilində aşağı həddə təyin edilməlidir.
Cinayət
Məcəlləsinin 85-ci maddəsi yetkinlik yaşına çatmayanlar barəsində tətbiq edilən
cəza növlərini məhdudlaşdıraraq cəmi 5 cəza
növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən
müddətə azadlıqdan məhrum etmə) müəyyən etmiş və hər bir cəza üçün qısaldılmış
müddət və ya azaldılmış məbləğlər nəzərdə tutmuşdur.
Qeyd
olunmalıdır ki, yetkinlik yaşına çatmayanlara təyin edilə biləcək cəza növləri
müəyyən edilərkən onların əqli və iradəvi xüsusiyyətlərinin, cinayətin törədilməsi
hallarının, eləcə də cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən
inteqrasiyasına yardım etmiş olmasının nəzərə alınması tələbi beynəlxalq hüquq
normalarından da irəli gəlir.
Belə
ki, bu kateqoriya şəxslərin törətdiyi cinayətə görə tətbiq edilən cəza növləri
və tərbiyəvi xarakterli məcburi tədbirlər Birləşmiş Millətlər Təşkilatının Baş
Məclisinin 29 noyabr 1985-ci il tarixli “Yetkinlik yaşına çatmayanlar barəsində
ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”
(Pekin Qaydaları) və “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyası
ilə müəyyən edilir. Göstərilən beynəlxalq aktlarda məhz yetkinlik yaşına
çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının xüsusiyyətlərini müəyyən
edən, onların hüquq və azadlıqlarına təminat verən bir sıra əsas prinsiplər və
qaydalar əks etdirilmişdir.
“Uşaq
hüquqları haqqında” Konvensiyanın 40-cı maddəsinə müvafiq olaraq, iştirakçı
dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən
və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar
ki, belə rəftar uşaqda ləyaqət və mənlik hislərinin inkişafına kömək edir,
uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir
və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol
oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır.
Beynəlxalq
hüquq normalarına uyğun olaraq formalaşmış yeni yanaşmaya görə yetkinlik yaşına
çatmayan şəxs cinayəti işləmiş kimi deyil, cinayəti törədəcək şəraitə düşürülmüş
şəxs kimi qiymətləndirilir. Bu yanaşma uşağı bir cinayətkar olaraq görmür və
cinayətə yönəldildiyini qəbul etməklə, onu da cinayətin müəyyən mənada qurbanı
kimi qəbul edir. Lakin bu vəziyyət cinayət törətmiş uşağın cəzasız qalacağı mənasına
gəlməməli, tətbiq ediləcək sanksiya uşağın vəziyyətinə və törətdiyi əmələ uyğun
və mütənasib olmalıdır.
Sorğuda
qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri
hesab edir ki, yetkinlik yaşına çatmayanlara təyin edilən digər cəza növləri
kimi ictimai işlər cəzası da tətbiq edilərkən bu cəzanın onların psixoloji vəziyyətinə,
cəmiyyətdəki inkişafına, yenidən tərbiyə edilməsinə təsiri və həmin şəxslərin ləyaqət
və mənlik hislərini zədələməməsi kimi amillər diqqətlə nəzərdən keçirilməli və
bu sahədə mövcud qanunvericilik aktlarının tələblərinə əməl edilməlidir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq
edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə
inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri
və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü bəndində
barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb
ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin
xüsusiyyətləri göstərilmişdir. Bu bəndə görə, barəsində ictimai işlər tətbiq
edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin
keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas
işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli,
onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır. Yetkinlik
yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi
yerlər müəyyənləşdirilərkən onların təhsili və ya əsas işi, cinsi mənsubiyyəti,
yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri, həyatı qavrama
baxışları nəzərə alınır. İctimai işlərin növləri və belə işlərin həyata keçiriləcəyi
yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin
belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin
aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.
Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarı
ilə təsdiq edilmiş “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası
Qaydaları”na əsasən, ictimai işlərin icrası şəxsin yaşadığı ərazinin yerli icra
hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir. İctimai
işlər növündə cəzanın və inzibati tənbehin məqsədlərinə barəsində ictimai işlər
tətbiq edilmiş şəxsin ictimai faydalı əməkdə iştirakı vasitəsilə nail olunur. İctimai
işləri şəxsin yaşadığı yerin icra məmuru icra edir.
Beləliklə,
barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin növünün
və icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi, həmin şəxslərin ictimai işlərə göndərilməsi,
belə işlərin təşkili və nəzarət tədbirləri qüvvədə olan cinayət, cəzaların
icrası qanunvericiliyi normalarına və müvafiq “Qaydalara” uyğun olaraq həyata
keçirilir. Yetkinlik yaşına çatmayan şəxslərin qanunvericilik normalarına və
beynəlxalq hüquqi aktlara zidd olaraq məcburi əmək fəaliyyətinin icrasına yönəldilməsi
onların psixoloji və mənəvi inkişafına, o cümlədən cəmiyyətdə formalaşmasına mənfi
təsir göstərə bilər.
Qanunverici
14 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan şəxsin ictimai işlərə cəlb edilməsini
mümkün hesab etməklə onlara münasibətdə digər cəza növlərinə alternativ olaraq
ictimai işləri daha yüngül cəza növü kimi nəzərdə tutmuşdur. Xüsusilə
vurğulanmalıdır ki, ictimai işlər növündə cəza öz təbiətinə görə islah işləri
növündə cəzadan fərqli olaraq əmək hüquq münasibətlərinin əlamətlərini tam şəkildə
daşımayaraq cəzaların icrası münasibətlərinin dairəsinə daxildir.
Əmək
hüquq münasibəti isə əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları
ilə tənzimlənən ictimai münasibətdir. Onun bir tərəfi – işçi müəssisədaxili
intizam qaydalarına tabe olmaqla əmək müqaviləsi üzrə şərtləndirilmiş əmək
funksiyasını şəxsən yerinə yetirməyi öhdəsinə götürür, digər tərəfi – işəgötürən
isə işçiyə iş təqdim etməyə, sağlam və təhlükəsiz əmək şəraitini təmin etməyə və
onun əməyini ödəməyə borcludur.
Əmək
Məcəlləsinin 3-cü maddəsinə görə, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək
müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan
fiziki şəxsdir. Əmək müqaviləsi (kontraktı)
işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas
şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək
müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən
heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (Əmək Məcəlləsinin 42-ci
maddəsi).
Beləliklə,
əmək münasibətləri muzdla, ödənişlə, işçinin mövcud əmək kollektivinə daxil
edilməsi zərurəti (mövcud olduğu halda), eləcə də işin şəxsi icrası zərurəti ilə
xarakterizə olunan sosial münasibətlərdir. Məhz bu münasibətlər əmək hüququ
predmetinin əsasını təşkil edir.
Məhkumların
ictimai işlərə cəlb edilməsi halında isə əmək münasibətlərinin vacib əlamətləri
mövcud olmur. Belə ki, cəza-icra münasibətləri əsasında məhkumlar tərəfindən müəyyən
işin yerinə yetirilməsi zamanı yaranan əmək münasibətlərinin əmək qanunvericiliyinin
predmetinə aid edilməsinə imkan verməyən zəruri ünsürü qarşılıqlı razılaşmanın –
əmək müqaviləsinin mövcud olmamasıdır.
Cəza-icra
münasibətləri əsasında yaranan əmək münasibətlərindən fərqli olaraq, əmək
müqaviləsi üzrə yaranmış əmək münasibətləri könüllü əməyi ehtiva edir və bu
müqavilə əsasında işçinin Əmək Məcəlləsinin 9-cu maddəsində qeyd olunan sərbəst
surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri
seçərək əmək müqaviləsi bağlamaq, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və
ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək, qanunvericiliklə müəyyən
edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və bir çox digər əsas
hüquqları mövcuddur.
Konstitusiya
Məhkəməsinin Plenumu cəza-icra münasibətlərinin subyektiv tərkibini, vaxt
intervalını, əhatə etdiyi dövr və münasibətlərin xarakterini əsas götürərək vurğulayır
ki, məhkəmə tərəfindən ittiham hökmü çıxarıldıqda dövlət və məhkum arasında
yaranan əmək münasibətləri cəza-icra münasibətlərinə aid olduğundan,
Konstitusiyanın 17-ci maddəsinin V hissəsi ilə yetkinlik yaşına çatmayanlara
ictimai işlər cəzasının tətbiq edilməsini nəzərdə tutan qanunvericilik
normaları arasında ziddiyyət yaranmır. Belə ki, 15 yaşına çatmamış uşaqların işə
götürülməsinin qadağan olunmasını nəzərdə tutan normalar əmək hüququ baxımından
bütün əlamətləri mövcud olan əmək münasibətlərini ehtiva edir.
Sorğuda
qaldırılan digər məsələ yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərindən
biri olan islah işləri cəzasının 15 yaşınadək şəxslərə tətbiq edilməsinin
qanunvericiliyə zidd olması ilə bağlıdır. Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə
əsasən, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə
təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən
edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.
Cəzaların
İcrası Məcəlləsinin 40 və 41-ci maddələrinə müvafiq olaraq, islah işləri növündə cəza məhkumun
əsas iş yeri üzrə çəkilir. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum
edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə
və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla
keçirilə bilərlər.
Qeyd
olunmalıdır ki, Cinayət və Cəzaların İcrası Məcəllələrinin islah işləri ilə əlaqədar
normaları əmək qanunvericiliyinə göndəriş edərək, bu cəza növünün tətbiqi üçün
məhkumun iş yerinin olmasını zəruri hesab edir.
Əmək
Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsinə əsasən, iş yeri – işçinin haqqı ödənilməklə
vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri)
yerinə yetirdiyi yerdir.
Bu
baxımdan qüvvədə olan qanunvericiliyə uyğun olaraq, 15 yaşınadək şəxslərin əmək
münasibətlərinə girməsinə yol verilmədiyindən, islah işləri növündə cəza yalnız
15 yaşı tamam olan və ya daha çox yaşı olan yetkinlik yaşına çatmayanlar barəsində
tətbiq edilə bilər.
Eyni
zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik
yaşına çatmayanlar tərəfindən törədilən cinayət işlərinə baxılarkən
qanunvericiliyin tələblərinə uyğun olaraq onları cinayət məsuliyyətinə cəlb etmədən
və ya cəzadan azad etməklə tərbiyəvi
xarakterli məcburi tədbirlər tətbiq edərək islah olunmalarının mümkünlüyü məsələsi
hər bir halda araşdırılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə
uyğun olaraq, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən
və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq
etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən
azad edilə bilər. Həmçinin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət
etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan müvafiq tərbiyəvi
xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər (Cinayət
Məcəlləsinin 89.1-ci maddəsi).
Qeyd
olunan alternativ tədbirlərin tətbiq edilməsində məqsəd cinayət əməli törətmiş
yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu
cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün
inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına
çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının
alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə
alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi
qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas
məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə
hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən
çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının
alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və
qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi
ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət,
inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini
vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi
üçün müvafiq tədbirlərdən istifadə edir.
Bu
yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi
və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət
tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir.
Beləliklə,
Konstitusiya Məhkəməsinin Plenumu 15 yaşınadək şəxslərin əmək fəaliyyətinə cəlb
olunmasının qadağan edilməsi ilə bağlı sorğuda qaldırılan məsələyə münasibətdə
göstərilənləri nəzərə alaraq aşağıdakı nəticələrə gəlir:
-
Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələri Konstitusiyanın 17-ci maddəsinin
V hissəsi ilə ziddiyyət təşkil etmir;
-
məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş
15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin edilməsi məsələsini həll edərkən,
ilk növbədə, onların Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət
məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələri Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil
etmir.
3.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev