Qərarlar

23.04.21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair

 

 

23 aprel 2021-ci il                                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov  və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri E.Əsgərovun, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Ə.Novruzovun mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra  – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin I hissəsinə, 17-ci maddəsinin IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayətin subyekti olan yetkinlik yaşına çatmayanlara təyin edilə bilən cəza növlərindən biri ictimai işlərdir. Cinayət Məcəlləsinin 85.3-cü maddəsinin tələbinə görə, ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi) 35.1-ci maddəsinə görə, məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər.

Sorğu onunla əsaslandırılmışdır ki, Konstitusiyanın 17-ci maddəsinin IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Cinayət Məcəlləsinin 85.3-cü maddəsində isə on beş yaşınadək şəxslərin təhsilindən və əsas işindən asudə vaxtlarında bacardıqları işlərin icrasına cəlb edilməsi nəzərdə tutulmuşdur.

Sorğuverənin qənaətinə görə, ictimai işlər cəzasının işləməsi qadağan olunan 15 yaşınadək şəxslərə münasibətdə tətbiqi onların azadlıq hüququnun məhdudlaşdırılmasına, sağlamlığının qorunması hüququnun, eləcə də bu kateqoriya şəxslərin əmək fəaliyyətinə cəlb edilməsinin qadağan olunması ilə bağlı Konstitusiya normalarının pozulmasına səbəb ola bilər. Halbuki, Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır.

Sorğuda həmçinin qeyd olunur ki, Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.

İslah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər (Cəzaların İcrası Məcəlləsinin 40 və 41.1-ci maddələri).

Sorğuverən hesab edir ki, 14 yaşından 15 yaşınadək olan yetkinlik yaşına çatmayanların işləməsi və onlara ictimai işlər və əsas iş yeri üzrə çəkilən islah işləri növündə cəzaların tətbiqini nəzərdə tutan Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələri hüquqa və haqq-ədalət meyarlarına cavab verməməklə Konstitusiyanın 17-ci maddəsinin V hissəsi, eləcə də digər qeyd olunan normaların tələbləri ilə ziddiyyət təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 17-ci maddəsinin IV və V hissələrində göstərilmişdir ki, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 1-ci maddəsinə uyğun olaraq, uşaqların hüquq və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Konstitusiyaya uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir (“Uşaq hüquqları haqqında” Qanunun 4 və 5-ci maddələri).

Uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Uşaqların əmək hüququnun yaranmasının və həyata keçirilməsinin şərtləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra – Əmək Məcəlləsi) işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 46-cı maddəsinin 4-cü hissəsinə görə, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Həmçinin Əmək Məcəlləsinin 249-cu maddəsində göstərilmişdir ki, yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusunda qaldırılan məsələlər vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əhəmiyyət kəsb edərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə yönəlmişdir. Belə ki, qeyd olunan məsələlərə aydınlıq gətirilməsi, həmçinin cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, “risk altında” olan uşaqlara dair alternativ cəza növlərinin tətbiqinin təkmilləşdirilməsinə xidmət etmiş olar.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi üçün cinayət qanunvericiliyinə müvafiq olaraq cəza institutunun mahiyyəti və məqsədinin açıqlanmasını, eləcə də yetkinlik yaşına çatmayanlar barəsində cinayət məsuliyyətinin və cəzanın xüsusiyyətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir.

Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəli olması onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.

Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olunmasına xidmət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 12 yanvar tarixli Qərarı).

Cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatma və anlaqlılıq zəruri şərt hesab olunur.

Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, oğurluğa, soyğunçuluğa, quldurluğa və s. əməllərə görə cinayət məsuliyyətinə cəlb edilir. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllədə nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir (Cinayət Məcəlləsinin 20-ci maddəsi).

Göründüyü kimi, Cinayət Məcəlləsində, bir qayda olaraq, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün cinayət törədərkən on altı yaşına çatması tələb olunur. Bir sıra hallarda isə qanunverici törədilən cinayətin xarakterini, qəsdən törədilməsini, belə əməllərin kriminal xarakterini dərk etmək qabiliyyətinə malik olmanı və digər halları nəzərə alaraq ayrı-ayrı cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmək üçün zəruri yaş həddini on dörd yaş hesab edir.

Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin  nəzərə alınmasını məcburi sayır.

Qanunverici cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə yanaşmışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Bu baxımdan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də “Uşaq hüquqları haqqında” Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir.

Cinayət Məcəlləsinin 85-ci maddəsi yetkinlik yaşına çatmayanlar barəsində tətbiq edilən cəza növlərini məhdudlaşdıraraq  cəmi 5 cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən etmiş və hər bir cəza üçün qısaldılmış müddət və ya azaldılmış məbləğlər nəzərdə tutmuşdur.

Qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmayanlara təyin edilə biləcək cəza növləri müəyyən edilərkən onların əqli və iradəvi xüsusiyyətlərinin, cinayətin törədilməsi hallarının, eləcə də cəmiyyətdə olan faydalı roluna uyğun olaraq yenidən inteqrasiyasına yardım etmiş olmasının nəzərə alınması tələbi beynəlxalq hüquq normalarından da irəli gəlir.

Belə ki, bu kateqoriya şəxslərin törətdiyi cinayətə görə tətbiq edilən cəza növləri və tərbiyəvi xarakterli məcburi tədbirlər Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli “Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları” (Pekin Qaydaları) və “Uşaq hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixli Konvensiyası ilə müəyyən edilir. Göstərilən beynəlxalq aktlarda məhz yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının xüsusiyyətlərini müəyyən edən, onların hüquq və azadlıqlarına təminat verən bir sıra əsas prinsiplər və qaydalar əks etdirilmişdir.

“Uşaq hüquqları haqqında” Konvensiyanın 40-cı maddəsinə müvafiq olaraq, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onu pozmaqda təqsirləndirilən və ya təqsirli sayılan hər bir uşağın onunla elə bir rəftar hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hislərinin inkişafına kömək edir, uşaqda insan hüquqlarına və başqalarının əsas azadlıqlarına hörmət hissini möhkəmləndirir və bu zaman uşağın yaşını və onun reinteqrasiyasına və cəmiyyətdə faydalı rol oynamasına kömək göstərilməsinin arzu edildiyini nəzərə alır.

Beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşmış yeni yanaşmaya görə yetkinlik yaşına çatmayan şəxs cinayəti işləmiş kimi deyil, cinayəti törədəcək şəraitə düşürülmüş şəxs kimi qiymətləndirilir. Bu yanaşma uşağı bir cinayətkar olaraq görmür və cinayətə yönəldildiyini qəbul etməklə, onu da cinayətin müəyyən mənada qurbanı kimi qəbul edir. Lakin bu vəziyyət cinayət törətmiş uşağın cəzasız qalacağı mənasına gəlməməli, tətbiq ediləcək sanksiya uşağın vəziyyətinə və törətdiyi əmələ uyğun və mütənasib olmalıdır.

Sorğuda qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayanlara təyin edilən digər cəza növləri kimi ictimai işlər cəzası da tətbiq edilərkən bu cəzanın onların psixoloji vəziyyətinə, cəmiyyətdəki inkişafına, yenidən tərbiyə edilməsinə təsiri və həmin şəxslərin ləyaqət və mənlik hislərini zədələməməsi kimi amillər diqqətlə nəzərdən keçirilməli və bu sahədə mövcud qanunvericilik aktlarının tələblərinə əməl edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “İctimai işlər cəzasına məhkum olunmuş və ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın 4-cü bəndində barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətləri göstərilmişdir. Bu bəndə görə, barəsində ictimai işlər tətbiq edilən yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən onların təhsili və ya əsas işi, cinsi mənsubiyyəti, yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri, həyatı qavrama baxışları nəzərə alınır. İctimai işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai işlər növündə cəzanın və inzibati tənbehin icrası Qaydaları”na əsasən, ictimai işlərin icrası şəxsin yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir. İctimai işlər növündə cəzanın və inzibati tənbehin məqsədlərinə barəsində ictimai işlər tətbiq edilmiş şəxsin ictimai faydalı əməkdə iştirakı vasitəsilə nail olunur. İctimai işləri şəxsin yaşadığı yerin icra məmuru icra edir.

Beləliklə, barəsində ictimai işlər tətbiq edilən şəxslərin cəlb ediləcəyi işlərin növünün və icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi, həmin şəxslərin ictimai işlərə göndərilməsi, belə işlərin təşkili və nəzarət tədbirləri qüvvədə olan cinayət, cəzaların icrası qanunvericiliyi normalarına və müvafiq “Qaydalara” uyğun olaraq həyata keçirilir. Yetkinlik yaşına çatmayan şəxslərin qanunvericilik normalarına və beynəlxalq hüquqi aktlara zidd olaraq məcburi əmək fəaliyyətinin icrasına yönəldilməsi onların psixoloji və mənəvi inkişafına, o cümlədən cəmiyyətdə formalaşmasına mənfi təsir göstərə bilər.

Qanunverici 14 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan şəxsin ictimai işlərə cəlb edilməsini mümkün hesab etməklə onlara münasibətdə digər cəza növlərinə alternativ olaraq ictimai işləri daha yüngül cəza növü kimi nəzərdə tutmuşdur. Xüsusilə vurğulanmalıdır ki, ictimai işlər növündə cəza öz təbiətinə görə islah işləri növündə cəzadan fərqli olaraq əmək hüquq münasibətlərinin əlamətlərini tam şəkildə daşımayaraq cəzaların icrası münasibətlərinin dairəsinə daxildir.

Əmək hüquq münasibəti isə əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən ictimai münasibətdir. Onun bir tərəfi – işçi müəssisədaxili intizam qaydalarına tabe olmaqla əmək müqaviləsi üzrə şərtləndirilmiş əmək funksiyasını şəxsən yerinə yetirməyi öhdəsinə götürür, digər tərəfi – işəgötürən isə işçiyə iş təqdim etməyə, sağlam və təhlükəsiz əmək şəraitini təmin etməyə və onun əməyini ödəməyə borcludur.

Əmək Məcəlləsinin 3-cü maddəsinə görə, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək müqaviləsi (kontraktı)  işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (Əmək Məcəlləsinin 42-ci maddəsi).

Beləliklə, əmək münasibətləri muzdla, ödənişlə, işçinin mövcud əmək kollektivinə daxil edilməsi zərurəti (mövcud olduğu halda), eləcə də işin şəxsi icrası zərurəti ilə xarakterizə olunan sosial münasibətlərdir. Məhz bu münasibətlər əmək hüququ predmetinin əsasını təşkil edir.

Məhkumların ictimai işlərə cəlb edilməsi halında isə əmək münasibətlərinin vacib əlamətləri mövcud olmur. Belə ki, cəza-icra münasibətləri əsasında məhkumlar tərəfindən müəyyən işin yerinə yetirilməsi zamanı yaranan əmək münasibətlərinin əmək qanunvericiliyinin predmetinə aid edilməsinə imkan verməyən zəruri ünsürü qarşılıqlı razılaşmanın – əmək müqaviləsinin mövcud olmamasıdır.

Cəza-icra münasibətləri əsasında yaranan əmək münasibətlərindən fərqli olaraq, əmək müqaviləsi üzrə yaranmış əmək münasibətləri könüllü əməyi ehtiva edir və bu müqavilə əsasında işçinin Əmək Məcəlləsinin 9-cu maddəsində qeyd olunan sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq və bir çox digər əsas hüquqları mövcuddur.

Konstitusiya Məhkəməsinin Plenumu cəza-icra münasibətlərinin subyektiv tərkibini, vaxt intervalını, əhatə etdiyi dövr və münasibətlərin xarakterini əsas götürərək vurğulayır ki, məhkəmə tərəfindən ittiham hökmü çıxarıldıqda dövlət və məhkum arasında yaranan əmək münasibətləri cəza-icra münasibətlərinə aid olduğundan, Konstitusiyanın 17-ci maddəsinin V hissəsi ilə yetkinlik yaşına çatmayanlara ictimai işlər cəzasının tətbiq edilməsini nəzərdə tutan qanunvericilik normaları arasında ziddiyyət yaranmır. Belə ki, 15 yaşına çatmamış uşaqların işə götürülməsinin qadağan olunmasını nəzərdə tutan normalar əmək hüququ baxımından bütün əlamətləri mövcud olan əmək münasibətlərini ehtiva edir.

Sorğuda qaldırılan digər məsələ yetkinlik yaşına çatmayanlara təyin edilən cəza növlərindən biri olan islah işləri cəzasının 15 yaşınadək şəxslərə tətbiq edilməsinin qanunvericiliyə zidd olması ilə bağlıdır. Cinayət Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.

Cəzaların İcrası Məcəlləsinin 40 və 41-ci maddələrinə  müvafiq olaraq, islah işləri növündə cəza məhkumun əsas iş yeri üzrə çəkilir. İslah işləri növündə cəzaya məhkum olunmuş şəxslər məhkum edilməzdən əvvəl işlədikləri vəzifədə və ya işdə qalırlar. Bu şəxslər başqa vəzifəyə və ya işə yalnız əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və ümumi əsaslarla keçirilə bilərlər.

Qeyd olunmalıdır ki, Cinayət və Cəzaların İcrası Məcəllələrinin islah işləri ilə əlaqədar normaları əmək qanunvericiliyinə göndəriş edərək, bu cəza növünün tətbiqi üçün məhkumun iş yerinin olmasını zəruri hesab edir.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsinə əsasən, iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir.

Bu baxımdan qüvvədə olan qanunvericiliyə uyğun olaraq, 15 yaşınadək şəxslərin əmək münasibətlərinə girməsinə yol verilmədiyindən, islah işləri növündə cəza yalnız 15 yaşı tamam olan və ya daha çox yaşı olan yetkinlik yaşına çatmayanlar barəsində tətbiq edilə bilər.

Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərinə uyğun olaraq onları cinayət məsuliyyətinə cəlb etmədən və  ya cəzadan azad etməklə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edərək islah olunmalarının mümkünlüyü məsələsi hər bir halda araşdırılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmçinin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş yetkinlik yaşına çatmayan müvafiq tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər (Cinayət Məcəlləsinin 89.1-ci maddəsi).

Qeyd olunan alternativ tədbirlərin tətbiq edilməsində məqsəd cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün  müvafiq tədbirlərdən istifadə edir.

Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu 15 yaşınadək şəxslərin əmək fəaliyyətinə cəlb olunmasının qadağan edilməsi ilə bağlı sorğuda qaldırılan məsələyə münasibətdə göstərilənləri nəzərə alaraq aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələri Konstitusiyanın 17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etmir;

- məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin edilməsi məsələsini həll edərkən, ilk növbədə, onların Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələri Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etmir.

2. Məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin edilməsi məsələsini həll edərkən, ilk növbədə, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                              Fərhad Abdullayev